Ötən əsrin ortalarından başlayaraq Şərqi Avropada və Sovetlər Birliyinə daxil olan bəzi respublikalarda kommunist totalitarizminə qarşı yaranan disident hərəkatı 80-ci illərin əvvəllərindən kütləvi xalq hərəkatlarına çevrilməyə başladı.
Kommunist diktaturasına qarşı baş qaldırmış kütləvi hərəkatların hər birinin güclü liderləri olub. Bu liderlər əsasən keçmiş disidentlər idi. Onların arasında Polşada Nobel mükafatçısı Lex Valensa, Serbiyada yazıçı Vuk Draşkoviç, Litvada Vitautas Landsberqs, Gürcüstanda Zviad Qamsaxurdiya kimi harizmatik liderlər də var idi.
Polşada "Həmrəylik" Həmkarlar Hərəkatının lideri Lex Valensa məhz general Yaruzelskinin kommunist diktaturasına qarşı apardığı mübarizəyə görə Nobel mükafatına layiq görülmüşdü. Ancaq həmin dövrdə yalnız bir lideri - Vatslav Haveli ölkəsində "Millətin vicdanı" adlandırdılar.
Antikommunist fəaliyyətinə görə ömrünün beş ilini həbsxana divarları arasında keçirən Havel, əvvəlcə Çexislovakiya Respublikasının, sonra isə Slovakiya ilə federasiyaya dinc yolla son qoymuş Çexiya Respublikasının prezidenti oldu. Ancaq, hətta bu zaman da dövlət maraqları onu inandığı dəyərlərdən - demokratiya və insan azadlıqlarının müdafiəçisi olmaqdan çəkindirmədi.
Slovakiyanın federasiyadan dinc yolla ayrılmasında, bu prosesin millətlərarası münaqişəyə səbəb olmamasında Havelin böyük xidmətləri var. Havel prezident olduğu dövrdə totalitar və avtoritar rejimlərin hökm sürdüyü Çin, Şimali Koreya, Suriya, Özbəkistan və digər ölkələrdəki disidentləri müdafiə etməkdən də çəkinməyib. Baxmayaraq ki, Avropanın böyük dövlətlərinin, Almaniya, Fransa və Böyük Britaniyanın liderləri bir qayda olaraq, dövlət maraqlarına istinad edərək, diktatorlarla münasibətlərini korlamamaq üçün disidentlərlə görüşdən imtina edirdilər. Vatslav Havel isə xalqlarının hüquqları uğrunda mübarizə aparan disidentləri dəfələrlə öz evində qonaq edib və bunu özünə böyük şərəf sayıb.
Rusiyada da zaman-zaman bəzi görkəmli ictimai xadimləri, görkəmli elm və ədəbiyyat adamlarını "Millətin vicdanı" adlandırıblar. Ruslar hesab edirlər ki, XIX əsrin sonu, XX əsrin əvvələrində rus millətinin vicdanı qraf Lev Nikolayeviç Tolostoy olub.
Rusların fikrincə, ötən əsrin ortalarında "Millətin vicdanı" tituluna böyük yazıçı Mixail Şoloxov, daha sonralar isə Vasili Şukşin layiq ola bilərdi. Ancaq onların heç birini sağlıqlarında "Millətin vicdanı" adlandırmayıblar. Bu, həmin insanların yaşadıqları dövrdə belə titulun olmaması ilə bağlıdır. Onlardan fərqli olaraq Aleksandr Saljentsin, Andrey Saxarov və Dmitri Lixaçevi sağıqlarında "Millətin vicdanı" adlandırıblar. Onlar öləndə də mətbuatda ilk olaraq bu titulla anılıblar.
Bu gün Rusiyada belə hesab edirlər ki, "Millətin vicdanı" titulunu daşımağa layiq böyük ədib yoxdur. Görünür, bu, Rusiyada elm, ədəbiyyat və incəsənətdə uğur qazanan şəxslərin Putin avtoritarizmi qarşısında susmaları və korrupsiyaçı rejimin yanında yer almaları ilə bağlıdır. Hətta "Millətin vicdanı" titulunu kimin daşıya biləcəyi ilə bağlı internetdə aparılan sosial sorğular da rusların heç kimi belə bir ada layiq görmədiklərini göstərdi. Çünki sorğuda iştirak edənlərin əksəriyyəti belə bir titulu daşımağa layiq şəxsin olmadığını bildiriblər.
Avropada və Rusiyada mövcud olan bu titulun qeyri-rəsmi olmasına baxmayaraq, çox yüksək ad hesab edilir. Həm Avropada, həm də Rusiyada elm, ədəbiyyat və incəsənət sahəsində yüksək nailiyyətlər qazanmaqla yanaşı, həmişə haqq-ədaləti müdafiə etmiş şəxsləri "Millətin vicdanı" adlandırıblar.
Andrey Saxarov ən yüksək elmi nailiyyətlər qazanmasına baxmayaraq, Sovet İttifaqının Əfqanistana hərbi təcavüzünü pisləməkdən çəkinməmişdi. Halbuki, bunu etməsəydi, kimsə bunu ona eyib tutmayacaqdı. Bəs, bunu etməyə onu nə vadar edirdi? Bu suala cavabı da Çex xalqının "Millətin vicdanı" adlandırdığı Vatslav Havelin bütün dünyada məşhur olan "Qüdrətsizlərin Qüdrəti" əsərində tapmaq olar.
Havel yazırdı: "Adam ona görə disident olmur ki, bir gün yuxudan ayılıb özünə nadir karyera seçməyə qərar verir. İnsanı bu burulğana onun şəxsi cavabdehlik hissi və xarici faktorların mürəkkəb qarışığı yuvarlayır". Azərbaycanda kimsənin nə zamansa "Millətin vicdanı" adlandırılması ənənəsi olmasa da, böyük ədiblərimiz Hüseyn Cavidin və Üzeyir Hacıbəyovun, eləcə də böyük alim Xudu Məmmədovun yaşadıqları dövrdə "Millətin vicdanı" kimi titula layiq olduqlarına şübhə yoxdur.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Dövlət Neft Akademiyası ilə yanaşı İranın Təbriz, Almaniyanın Siegen, ABŞ-ın Corciya, Şimali Kiprin Yaxın Şərq universitetlərinin professoru Rafiq Əliyevi də tərəddüd etmədən "Millətin vicdanı" adlandırmaq olar.
Azərbaycanla yanaşı Rusiya, Almaniya, Böyük Britaniya, ABŞ və Sinqapurda dərc edilmiş, dünyanın ən nüfuzlu ali məktəblərində dərs vəsaiti kimi tədris olunan elmi kitabların müəllifi, başqa bir dünya şöhrətli soydaşı Lütfi Zadə ilə birlikdə dünya elminin ən yeni səhifələrini yazan Rafiq Əliyev fenomeni Azərbaycan xalqının intellektual potensialının göstəricisi olduğu kimi, onun ziyalı mövqeyi də mənsub olduğu xalqın mədəniyyətinin və mənəviyyatının göstəricisidir. Dünyanın ən nüfuzlu elm mərkəzlərinin və universitetlərinin qapıları üzünə daimi açıq olan, həm də bir sıra ali məktəblərin təkidlə özünün professor heyəti arasında görmək istədiyi Rafiq Əliyevə Azərbaycanın ali məktəblərində kafedra müdirliyi də çox görülür. Həm də bu, həmin ali məktəblərdir ki, adları dünyanın min nüfuzlu ali məktəbinin siyahısına belə düşə bilmir və yəqin ki, bu gedişlə yaxın illərdə də düşməyəcək.
Olimpiya idman yarışlarında Qızıl medal alana müxtəlif təşkilatların xətti ilə milyon manatdan artıq mükafat verilir, idmançıların yetişdirilməsi üçün yeni idman obyektlərinin tikintisinə yüz milyonlarla manatlıq sərmayə qoyulur. Xaricdən çox baha qiymətə idmançılar transfer olunur və milliləşdirilir. Onlara fantastik imkanlar və şərait yaradılır. Ancaq informatika və idarəetmə, süni intellekt, qeyri-səlis məntiq kimi elm sahələrində dünyanın ən nüfuzlu alimlərindən biri sayılan, "İnperfekt (tam olmayan) informasiya şəraitində yeni qərar qəbul etmə nəzəriyyəsi" işinə görə Nobel mükafatına namizəd hesab olunan bir elm dühasının sonuncu iş yeri də qapadılır. Bütün bunlara baxmayaraq, Rafiq Əliyevin məmləkətini tərk etməməsi, xaricdə yaşayıb-işləmək təkliflərindən dəfələrlə imtina etməsi və bütün təzyiqlərə baxmayaraq, ölkəsinə xeyir vermək haqqında düşünməsi onun böyük alim olmaqla yanaşı, həm də böyük vətənpərvərliyini göstərir.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda kiminsə "Millətin vicdanı" adılandırılması ənənəsi yoxdur. Əgər belə bir ənənə olsaydı, yəqin ki, bu yazıya da ehtiyac olmazdı. Belə bir ənənənin olmamasının nəticəsidir ki, bir çoxları Rafiq Əliyevin simasında yeni müxalifət lideri görmək istəyir. Baxmayaraq ki, Rafiq müəllim dəfələrlə özünün və təmsil olunduğu Ziyalılar Formunun siyasi iddiası olmadığını bəyan edib.
Rafiq Əliyev və onunla bərabər Ziyalılar Forumunda təmsil olunanlar cəmiyyətin ağrıyan, xəstə yerini göstərmək, ölkənin problemlərdən çıxış yolunu müzakirə etmək istəyirlər. Bu, ziyalı missiyasıdır. Problemlərin həllini həyata keçirmək isə siyasətçilərin işidir.
Doğrudur, bəzən tarixin elə mərhələsi olur ki, bir şəxs hər iki missiyanı öz üzərinə götürmək, həm ziyalı, həm də siyasətçi olmaq məcburiyyətində qalır. Məhz belə şəraitdə siyasətdə Havel nümunəsi yaranır. Havel isə dövlət başçısı da oldu, ancaq Çex xalqının ona verdiyi ən yüksək adı - "Millətin vicdanı" titulunu itirmədi.