Əgər məndən soruşsaydılar ki, bugünkü ədəbiyyatşünaslıq elmində və ədəbi tənqiddə çatışmayan ən başlıca cəhət nədir, düşünmədən deyərdim: ümumiləşdirmə. Düzdür, ortaya qoyulan ədəbi məhsullar haqqında mütəmadi olaraq qəzet və jurnal səhifələrində müxtəlif səpkili yazılar dərc edilir. Amma təəssüflər olsun ki, həmin yazıların əksəriyyətinin meydana gəlməsində proteksiya və təmənna "işartıları" açıq-aydın hiss olunur. Ona görə də son dövrün ədəbi tənqidi daha çox mədhiyyəyə, tamada sağlığına bənzəyir və beləliklə də bu "münbit" zəmində ədəbi məddahlıq intişar tapır.
Mən bir dəfə demişdim, yenə təkrar etməyə məcburam: böyük ədəbiyyat əsnəməyə başlayanda "böyük tamadalar" meydana gəlir.
Bütün bunlarla yanaşı, tam bədgüman olmağa da dəyməz. Çünki hələ vicdanlı, obyektiv tənqidin və tənqidçilər nəslinin kökü tam kəsilməyib.
Sabir Bəşirov imzası yəqin ki, necə deyərlər, geniş oxucu auditoriyasına o qədər də tanış deyil. Amma onun yazıları ədəbi aləmin nümayəndələrinə yaxşı bəllidir.
Sabir Bəşirov mərkəzdə məskunlaşmayıb. O, Bakıdan yüz kilometrlərlə aralı olan bölgədə, Yardımlı rayonunun Peştəsər kəndində yaşayıb yaradır. Bəlkə elə buna görədir ki, onun ədəbiyyata "kənardan" baxışı daha obyektiv və təmənnasızdır; çünki məbəd uzaqdan daha aydın görünür.
Sabir Bəşirov filosofdur. Yəni fəlsəfə alimidir, fəlsəfə elmi ilə peşəkar şəkildə məşğul olur və bu sahədə bir sıra ciddi tədqiqat işinin müəllifidir. Görünür elə ona görədir ki, bayaq sözümüzün əvvəlində ədəbiyyatşünaslığımızda qıtlığından gileyləndiyimiz bir cəhət, ümumiləşdirməyə meyl, onun yazılarında özünü qabarıq şəkildə biruzə verir.
Sabir Bəşirov pedaqoqdur, müəllimdir. İlin-günün bu qarışıq, mürəkkəb vədəsində ədəbiyyata, ədəbi şəxsiyyətlərə, hətta, ədəbi obrazlara bir örnək kimi yanaşmaq istəyi də yəqin ki, onun özünün və sevib-seçdiyi peşənin təbiətindən irəli gəlir.
Sabir Bəşirov ədəbiyyatımızla, onun problemləri ilə bağlı bir sıra tutarlı tədqiqatlar ortaya qoymuşdur. Filosof-tənqidçinin yazılarında ədəbiyyatımızın son onilliklər ərzindəki fəaliyyəti əsaslı surətdə araşdırılmışdır. Onun "60-cılar nəsrinin etik problemləri" adlı tədqiqat işində, elə əsərin adından göründüyü kimi, maraqlı bir ədəbi mərhələnin mühüm fəlsəfi aspektləri araşdırılır.
Sabir Bəşirovun başlıca xidmətlərindən biri də, onun hansısa bir ədəbi epoxanın "çərçivəsi" daxilində ilişib qalmamasıdır. Biz onun klassik maarifçilərimiz, ədəbi-nəzəri fikir tariximiz, klassik və müasir poeziyamız, nəsrimiz və dramaturgiyamız haqqında yazılarının hər sətrində, hər cümləsində vətəndaş yanğısını, sözə məhəbbətini, ədəbiyyata sədaqətini hiss edirik.
Sabir Bəşirov yəqin ilk tədqiqatçılarımızdandır ki, 80-cilər ədəbi nəsli barədə geniş, ardıcıl, sistemli şəkildə yazmaqla məşğuldur. Onun "Əlabbas: Sözün köhnə kişisi", "Ќəriman Əbdülrəhmanlı: İşıq adam", "Ќizami Cəfərov: Şəxsiyyət və yaradıcılıq fenomeni", "Xanəli Kərimli: Bir ömrün nağılı" adlı tədqiqatları diqqəti çəkir. Bu əsərlər, göründüyü kimi, məhz "80-cilərə", onların ədəbi yaradıcılığına və ədəbi taleyinə həsr olunmuşdur.
Mən bu "səksənincilər" ifadəsini nə üçün belə xüsusi vurğu ilə qeyd etməyimin səbəbini qısaca olaraq aydınlaşdırmaq istərdim. Məsələ burasındadır ki, bəziləri, daha doğrusu, bizim bir çox qocaman, yaşlı yazıçılarımız "səksənincilər" deyəndə səksənirlər. Elə ədəbiyyatşünaslıqla məşğul olan bəzi ahıl "patriarxlarımız" da "səksənincilər" sözünü eşidəndə səksəkəyə düşürlər. Onların əksəriyyətinə elə gəlir ki, son qırx-əlli ildə ədəbiyyatımızda "dişədəyən" bir əsər meydana gəlməyib. Belələri elə düşünür ki, illərdən bəri ədəbiyyat, öz dərsini bilməyən uşaq kimi susaraq ya "yerində sayır", ya da "sinifdə qalıb".
Görünür elə bu səbəbdəndir ki, vəzifəsi birbaşa ədəbiyyatı tədqiq etmək olan əksər təsisat və institutlarımızda bir susqunluq var; son illərin ədəbi nümunələrini araşdıran əsərlər gözə dəymir. Ədəbiyyatşümaslarımız və tənqidçilərimiz mürgü döyür, yazılanları "görmür". Ədəbi orqanların əksəriyyəti deyəsən öz vəzifə borcunu tamamilə yaddan çıxarıb; onların əməkdaşları özlərinin və oxucuların mənəvidən daha çox bioloji tələbatlarının ödənilməsinə can atırlar. Totalitar epoxanın repressiyalarını müstəqillik dövrünün depressiyaları əvəz etməkdədir. Məlum (və naməlum) səbəblər ucbatından "səksənincilər"in yaradıcılığı nəinki dissertasiya mövzularının, heç kurs işlərinin belə, tədqiqat obyektlərinə çevrilmir. Amma son illər ədəbi mühitin və bütöv ədəbi dövrün üstündən xətt çəkmək istəyənlərin nihilist niyyətlərinin əksinə olaraq, ədəbiyyat öz yoluyla getməkdə, inkişaf etməkdədir.
Ədəbiyyata lazımi diqqət və qayğının göstərilmədiyi bir zamanda bizdə istedadla yazılmış əsərlər yox deyildir. Bəzən deyirlər ki, əgər belə əsərlər varsa, konkret ad çəkmək lazımdır. Mən yeri gəlmişkən, indi yadıma düşən bəzi əsərləri və onların müəlliflərinin adını çəkmək istəyirəm. Götürək elə "səksənincilər"i və onların yaradıcılıq nümunələrini. Mənə elə gəlir ki, Ќəriman Əbdülrəhmanlının romanları ədəbiyyatımızda hadisədır. Əkrəm Əylislinin "Yalqız" romanı haqqında dediyi sözlər ("bu əsər vaxtında çap olunsaydı, ədəbi sensasiya doğurardı") Ќ.Əbdülrəhmanlının bütün yaradıcılığına şamil oluna bilər. Əlabbasın "Köhnə kişi", "Qiyamçı", Səfər Alışarlının "Maestro" romanlarını da bu siyahıya əlavə edə bilərəm.
Həmin mərhələdə yazıb-yaradanların siyahısını davam etdirən Sabir Bəşirov yazır: "Aqil Abbas, Rafiq Tağı, Mehriban Vəzir, Afaq Məsud, Saday Budaqlı, Baba Vəziroğlu, Eyvaz Əlləzoğlu, Ramiz Əkbər, Azad Qaradərəli, Aslan Quliyev, Sadıq Elcanlı, Kamil Əfsəroğlu, Əjdər Ol, Çingiz Abdullayev... bunlar 80-cilər ədəbi nəslidir". Burada yalnız "səksənincilər"in adı çəkilir. Halbuki sonrakı mərhələlərdə də çoxlu istedadlı nasirlər meydana gəlmişdir.
Sabir Bəşirov yazır: "Bir qədər sonra Yaşar, Orxan Fikrətoğlu, Fəxri Uğurlu... gözəl hekayələr yazdılar. Bu ənənə bu gün də davam edir. Burada mən Günel Anarqızının və Ќatiq Məmmədlinin adlarını da qeyd etmək istərdim".
Biz Sabir bəyin bu "siyahısına" Elçin Hüseynbəyli, İlqar Fəhmi, Etimad Başkeçid, Yunis Oğuz kimi yazıçıların da adını daxil edə bilərik.
Sabir Bəşirovun dediklərinə əlavə kimi qeyd edə bilərəm ki, ədəbiyyatımızda yeni imzalar görünməkdədir. Mən son vaxtlar Əli Əkbərin "Amneziya", Pərvizin "Yad dildə" romanlarını, habelə Kənan Hacının, Zümrüd Yağmurun, Seymur Baycanın, Şərif Ağayarın, Aqşin Yeniseyin, Günel Mövludun, Kamran Qasımovun, Aysel Əlizadənin, Cavidanın, Pərvinin, Feyziyyənin nəsr və publisistika nümunələrini diqqət və maraqla oxumuşam. Onların bir çoxunda məni təmin etməyən cəhətlər olsa da (açıq-saçıq təsvirlər, kobud idioma və ifadələr, qeyri-etik və qeyri-estetik yanaşmalar), bütövlükdə ədəbiyyata yeni bir ədəbi nəslin gəldiyini görməmək mümkün deyil. Söhbətimizin "qəhrəmanı" Sabir Bəşirovdur və həm də təkcə o deyil. Söhbətimizin digər bir "qəhrəmanı" da Sabirin bütün həyat və fəaliyyətini həsr etdiyi ədəbiyyatdır.
Sabir Bəşirov ədəbiyyatda nəyi görmək istəyir? Onun yazılarında bu sualın birbaşa cavabı olmasa da, ortada olan yaradıcılığına istinadən deyə bilərik: gözəlliyi. Və mənim qənaətimə görə o, təkcə ədəbiyyatda deyil, elə həyatda da gözəllik axtaran bir yaradıcı insandır. "Dünyanı gözəllik xilas edəcək". F.Dostoyevskinin bu hökmü uzun illərdir ki, mübahisə mənbəyinə çevrilib. Bu tezislə bağlı mən dəfələrlə öz fikrimi açıqlamışam.
Təbii, bu gün dahi ədibin dediklərini qəbul etməyənlərin, onu "qəribçiliyə salanların" sayı kifayət qədərdir.
Meşşanlığın, nadanlığın, bir sözlə eybəcərliyin hər addımda gözə girdiyi bir cəmiyyətdə, əlbəttə, "gözəllik" sözü və gözəlliyin özü istehzaya səbəb olmalıdır.
Maddi sərvətlərin mənəvi dəyərləri küncə sixdığı bir mühitdə, bəlkə də "gözəllik" haqqında danışmaq xəstə adamın yaydakı qar sevdasına bənzəyir. Olsun. Mən də elə bir qənaətdəyəm ki, dünyanı yalnız gözəllik xilas edə bilər.
Amma məsələ burasındadır ki, dünyanı xilas edəcək gözəlliyin özünün də indi xilasa ehtiyacı var. O gözəlliyin xilaskarından birinin adı da ədəbiyyatdır.
Bəli, ədəbiyyat gözəlliyi xilas edə bilər.
Ona görə də deyə bilərəm: dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək.
Hər halda ədəbiyyat indiyəcən dünyanı dəyişdirə-dəyişdirə əbədiyyətə doğru intəhasız bir gəlişmə yaşamaqdadır. Yəni belə hesab etmək olar ki, ədəbiyyatın bir adı da əbədiyyətdir.
Hüqonun, Mopassanın əsərləri Fransanı dəyişdi.
Turgenevin, Tolstoyun qəhrəmanları rus həyatını dəyişdi.
Sofi Lorenin yerişi az qala bütün dünya qadınlarının "yerişini" dəyişməyə müvəffəq oldu.
Axundovun, Cabbarlının, Əfəndiyevin pyesləri Azərbaycan mühitini dəyişdi.
Dünya yenə dəyişəcək. Özü də gözəlliyə doğru.
Sabir Bəşirov da, artıq qeyd etdiyimiz kimi, dünyanın gözəlliyini arzulayan, gözəlliyi xilas edəcək ədəbiyyatın və o ədəbiyyatı yaşadacaq əbədiyyətin gücünə sidq ürəklə inanan bir pedaqoq, ədəbiyyatçı və filosofdur.
P.S. Bu günlərdə Sabir Bəşirovun 55 yaşı tamam olur. Dostları bu sadə, müdrik və təmənnasız insanı ürəkdən təbrik edirlər. İki beşin mübarək, Sabir Bəşirov. Mən arabir Sabir Bəşirovla zəngləşəndə deyirəm: "Dağlara salam deyin". İndi üzümü dağlara tutub deyirəm: "Sabir Bəşirova salam deyin".