Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  11:09 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Xəqani Cəfərov : Postsovet məkanı uğrunda yeni mübarizə

  Sayta qoyulub: 13:37 11.10.2011 (277 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabr ayının sonu, oktyabrın ilk günlərində baş verən iki hadisə belə qənaətə gəlməyə imkan verir ki, postsovet respublikaları uğrunda Brüssellə Moskva arasında açıq mübarizə başlayır.
Məlum olduğu kimi, Avropa Birliyinin keçmiş sovet respublikalarından Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Belarusu əhatə edən "Şərq Tərəfdaşlığı" təşəbbüsü ilə bağlı sammiti sentyabrın 29 və 30-da Polşanın paytaxtı Varşavada baş tutdu. Bu sammiti Avropa İttifaqının postsovet respublikalarına yönəlik siyasətində yeni mərhələnin başlanğıcı hesab etmək olar. Sammitin yekunları Avropa qitəsinin siyasi-coğrafi sərhədlərini Qafqaz dağlarının arxasına, Rusiyanın sərhədlərinə kimi uzatdı. Görünür, məhz bu amil Rusiyanın baş naziri və qeyri-rəsmi lideri Vladimir Putini postsovet respublikalarını əhatə etməli olan yeni ittifaq təklifi ilə çıxış etməyə sövq edib.
Rusiyanın nüfuzlu "İzvestiya" qəzetində bu təkliflə bağlı xüsusi məqalə ilə çıxış edən Vladimir Putin yeni ittifaqdan yazıb. Onun fikirləri müxtəlif reaksiyalar doğurub. Bu da tamamilə məntiqlidir.
Bu məqaləni dərc etdirməzdən cəmi bir neçə gün əvvəl yenidən prezidentlik ambissiyasını açıq-aşkar ortaya qoyan, hazırkı dövlət başçısını geri addım atmağa vadar edən Putinin, Rusiya ilə istədiyini edə biləcəyini nəzərə aldıqda, onun yeni ittifaq haqqındakı təklifini adi siyasi bəyannamə kimi kənara qoymaq mümkün deyil.

Putinin təklifi nədir?

Sovet İttifaqının dağılmasını həmişə faciə adlandıran, indi isə "Avrasiya üçün yeni iqteqrasiya layihəsi - bu gün yaradılan gələcək" adlı məqaləsində Vladimir Putin ilk öncə SSRİ-nin dağılmasından sonra bu ittifaqın ərazisində Moskvanın diqtəsi ilə yaradılan birlikləri - Müstəqil Dövlətlər Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Gömrük Birliyi, Avrasiya İqtisadi Birliyi, Rusiya-Belarus İttifaq Dövləti və ən nəhayət, 2012-ci ilin yanvar ayının 1-dən fəaliyyətə başlayacaq Vahid İqtisadi Məkan kimi qurumların mövcudluğunu yeni birlik ideyasına əsas verən başlıca amil kimi göstərir.
Putin məqaləsində MDB-yə xüsusi yer ayırır və onun digər birliklərin yaranmasındakı yüksək rolundan yazır. Bu məqalədəki bir çox ziddiyyətli fikirlər kimi, Putinin MDB haqqındakı fikiri ilə də razılaşmaq çətindir. Həm də onu qeyd etmək lazımdır ki, cəmi 6 il əvvəl Putin özü MDB-ni sivilizasiyalı şəkildə boşanma mexanizmi adlandırmışdı. Görünür, son 6 ildə MDB-nin fəaliyyətində bizim görə bilmədiyimiz uğurlar qeydə alınıb ki, Putin indi bu irsin üstündə yeni birlik yaradır. Ötən 6 ildə MDB-yə üzv olan ölkələrin sırasının seyrəlməsindən, Gürcüstanın nümayişkarənə şəkildə bu qurumu tərk etməsindən isə, deyəsən, Putinin xəbəri yoxdur.
Yeni ittifaq ideyasının Avropa Bilrliyi kimi regional ittifaqlara qarşı olmadığını sübut etməyə çalışan Putin, yeni birliyin də demokratiya və azadlıq kimi ümumi dəyərlər əsasında yaradılacağını bildirir. Ancaq çox maraqlıdır ki, demokratiyadan, insan hüquq və azadlıqlarından cəmi bir dəfə söz açan baş nazir, yeni birlik ideyasının iqtisadi üstünlüklərini önə çəkməyə çalışıb. Bu məqaləni ciddi təhlil edəndə Putinin insanları, xüsusilə də kapital sahiblərini iqtisadi maraqlarla şirnikləndirməyə çalışdığını görmək olar.
Yeni birlikdə dövlətlərüstü qurumların iqtisadiyyat, kənd təsərrüfatı, nəqliyyat və gömrük tariflərinin eyniləşdirilməsinə nəzarət edəcəyini qeyd edən Putin, bu model nəticəsində yaranacaq ittifaqın müasir dünyanın qütblərindən birinə çevriləcəyini xüsusi qeyd edir. Görünür, təkqütblü dünya modelinə qarşı Rusiyanın təkbaşına mübarizə apara bilmədiyini anlayan Putin SSRİ-2-ni yaratmaqla buna nail olmaq istəyir.
Putin yeni yaratmaq istədiyi birliyə üzvülüyün könüllü olacağını, heç kimə bu ittifaqa daxil olmaq üçün təzyiq göstərməyəcəklərini də qeyd edir. Ümumilikdə isə, Putin bu məqaləsində iqtisadi məsələləri qabartmaqla yeni birliyə daxil olacaq dövlətlərin bütün vətəndaşlarının bu prosesdən mənfəət götürəcəyini vurğulamağa çalışıb.

Brüssel siyasi məsələləri önə çəkir

Polşanın paytaxtı Varşavada Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" prosesi çərçivəsində keçirilən iki günlük sammitdə əsasən siyasi məsələlərə önəm verilib. Hələ sammit başlamazdan əvvəl onun hansı ruhda keçəcəyi məlum idi. Belə ki, Belarus prezidenti Aleksandr Lukaşenko sammitə dəvət edilməmişdi. Belarusun xarici işlər nazirinə də ölkəsini sammitdə təmsil etməyə mane oldular. Bundan sonra Belarusu bu ölkənin Polşadakı səfirinin başçılığı ilə yaradılan heyət təmsil etdi. Lakin bu heyətin eşidəcəyi ancaq ölkələrinin ünvanına deyilən tənqidlər oldu. Avropalı liderlər birmənalı şəkildə rəsmi Minskə mesaj yalladılar ki, əməkdaşlıq, yalnız siyasi sistemin liberallaşdırılması, siyasi dustaqların azad edilməsi və azad parlament seçkilərinin keçirilməsindən sonra mümkün ola bilər.
Ukrayna da avropalı siyasətçilərin tənqidlərinə məruz qalıb. Büresseldə və Avropanın digər paytaxtlarında sabiq baş nazir Yuliya Timaşenkonun həbsindən narahatdırlar və Ukraynada məhkəməyə siyasi təzyiq edildiyi qənaətindədirlər. Görünür, Kiyev ilə Brüssel arasında münasibətlərin gələcək inkişafı müəyyən mənada Timaşenko ilə bağlı Ukrayna məhkəməsinin qərarından asılı olacaq. Bəzi müşahidəçilər isə hətta Timaşenkonun azadlıqdan məhrum ediləcəyi təqdirdə Ukrayna ilə Avropa İttifaqı arasında bu ilin dekabrında imzalanması gözlənilən assosativ üzvlüklə bağlı müqavilənin də gündəmdən çıxa biləcəyini qeyd edirlər. Ümumiyyətlə, bu sammit zamanı avropalı liderlərin diqqətinin əsasən Ukraynaya yönəldiyi açıq hiss olunub. Görünür, bu, Avropa İttifaqının Belarusun hələ islahatlara hazır olmaması, Moldovanın isə öhdəliklərinə riayət etməkdə israrlı olması və Kişniyovun müəyyən uğurlar qazanması fonunda Ukraynadakı vəziyyət daha vacib hesab edilib.
O ki qaldı Azərbaycan, Ermənistan və Gürcüstana, bu üç Cənubi Qafqaz respublikası bu sammitdə Avropa ölkəsi statusu qazanıblar. Bununla belə, bu dövlətlərdəki vəziyyətlə bağlı Brüsseldəki məmurların fikirləri fərqlidir. Brüsseldə hesab edirlər ki, Gürcüstan öz üzərinə götürdüyü öhdəliklərin böyük qisminə əməl edib və Avropa dəyərlərinə sadiqlik nümayiş etdirir. Azərbaycan və Ermənistanla isə, Brüssel, deyəsən, sıfırdan başlamaq niyyətindədir. Ancaq avropalı liderlər altı dövlətə birlikdə eyni mesajı veriblər ki, Avropa İttifaqına üzvülük azadlıq, insan haqlarına hörmət, qanunun aliliyi kimi dəyərlərə hörmət müqabilində mümkündür. Brüssel bu dəyərlərlə bağlı münasibətdə artıq güzəştə getməyəcəyini bəyan edib. Bu dəyərlərə hörmət edən ölkə isə Avropa İttifaqına üzv olmaq imkanı qazanmaqla yanaşı, Brüsselin siyasi və iqtisadi yardımından da bəhrələnə biləcək.
Avropalılar bu postsovet ölkələrinin iqtisadi inkişafını təmin edəcək sərmayələr ayırmağa hazırdırlar. Amma bu dövlətlər onlardan gözlənilən siyasi islahatları həyata keçirməlidirlər. Lakin bu məsələdə də bu altı postsovet respublikasını taleyin ümidinə buraxmaq niyyətində olmayan Brüssel, bu ölkələrdə demokratikləşməyə də külli məbləğdə vəsait ayırır. Bununla da Brüssel önə çəkdiyi dəyərləri Qafqaz dağlarının arxasına kimi yaymaqda qərarlı olduğunu nümayiş etdirir.

Azərbaycana seçim etmək problemi yaranıb

Moskva ilə Brüsselin nüfuz savaşının mərkəzinə düşmüş altı postsovet respublikasında yaranmış durumla bağlı fərqli mövqe var. Gürcüstan və Moldova faktiki olaraq, Avropa İttifaqının xeyrinə seçim edib, Ukrayna isə tərəddüd edir. Belarus prezidenti ölkəsinə seçim imkanı vermir və özü isə artıq Moskvanın boyunduruğuna keçməyə hazır görünür. Rusiyanın vassalı olan Ermənistanda isə proseslər yavaş-yavaş dəyişir. Bu ölkənin də sonda Avropa İttifaqının xeyrinə seçim edəcəyi gözlənilir. Ancaq Ermənistanın Putinin yaratmaq istədiyi birliyə qoşulmaq prespektivi də istisna edilə bilməz. Belə demək olar ki, Ermənistan bu altı postsovet ölkəsi arasında yeganə ölkədir ki, seçim imkanı genişdir və hansı seçimi etməsindən asılı olmayaraq, digəri ilə də isti münasibətlər saxlaya biləcək. Azərbaycan isə seçim etməkdə daha çox çətinlik çəkir. Qərbə, yaxud Şərqə üz tutmasından asılı olmayaraq, heç kim ona Qarabağ məsələsində həlledici köməklik vəd etmir. Əksinə, bu seçim onu digər tərəfin açıq təzyiqi ilə üz-üzə qoya bilər. Azərbaycanın qərarsızlığının digər bir səbəbi isə rəsmi Bakının Avropa İttifaqının tələb etdiyi siyasi islahatlara hazır olmamasıdır. Azərbaycan hakimiyyətində hətta bu islahatların qorxulu olmasını düşünənlər də var. Ancaq rəsmi Bakı Putinin liderliyi altında yaradılan yeni ittifaqı da zərərsiz hesab etmir. Hətta bəziləri belə bir seçimin intihara bərabər qərar ola biləcəyini güman edirlər. Bir məsələ də aydındır ki, rəsmi Bakı son 18 ilin ən çətin seçimini etməlidir. Bunu isə həm Brüsseldə, həm də Moskvada gözəl bilirlər. Ona görə də, onların güzəştsiz davranacağı gözlənilir. Belə bir vəziyyətdə bəziləri Türkiyə ilə ittifaqı yeganə çıxış yolu kimi görürlər. Lakin mövcud vəziyyətdə bu yalnız mirajdan başqa bir şey deyil. Türkiyə Qərblə Moskvanın arasındakı nüfuz asavaşında yeri çoxdan bəlli olan bir dövlətdir. Ankara ilə rəsmi Bakı arasında da münasibətlər daha əvvəlki kimi deyil. Buna görə də Avropa ilə Rusiyanın bu nüfuz savaşında Azərbaycan ən çətin durumdadır. Seçim zamanı isə günbə-gün yaxınlaşır.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#Xəqani Cəfərov bölümünün son 20 xəbəri:



#Xəqani Cəfərov bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031