Anadolu türklərinin məşhur bir kəlamı var: dövlətin malı dənizdi, yeməyən donuzdu. İndi bu məsəl Azərbaycanda daha aktualdı. Əlində az-çox səlahiyyəti olan hər kəs dövlətin malını talamaqla məşğuldur. Kimin əli nəyə çatırsa, az qalır ki, gözünə təpsin.
Futbol üzrə Azərbaycan yığma komandasının İspaniya millisi ilə qarşılaşacağını eşidəndə ovqatım təlx oldu. Zarafat deyil, bir ətək xərc çəkib, ispanları Bakıya gətirmək lazımdır. Hələ bunun qalmağı, yeyib-içməyi, cib xərcliyi də var. Neftin ucuzlaşdığı bir vaxtda yenə əməlli-başlı xərcə düşəcəyik. Görünür, narahatlığım əbəs deyilmiş. Aradan üç gün keçməmiş xəbər yayıldı ki, Rövnəq Abdullayev ispanları Bakıya gətirmək üçün bir milyon dollar rüşvət verib. Allah bilir, neçə quyunun qazancı da belə getdi.
Bu mövzuda oxuduğum axırıncı xəbər isə lap ağlamalıdır. İspanlarla görüşdən əvvəl təlim-məşq prosesi üçün Türkiyəyə gedən futbolçularımız sözün həqiqi mənasında kef çəkirlər. Gündə bir-iki saat top qovan idmançılarımız dünyanın ən məşhur otellərindən olan "Hilton"da qalırlar. Bu oteldə bir gün qalmağın xərci azərbaycanlı akademikin bir aylıq məvacibindən çoxdur.
Tələbə vaxtı Kazım Yaşar Kopraman adlı qocaman bir müəllimim vadı. Türkiyənin adlı-sanlı alimlərindən olan Kazım müəllim tez-tez deyirdi: "Türkiyədə pul qazanmaq üçün ya topçu, ya da popçu olmalısan". İndi Azərbaycanda da eyni vəziyyət hökm sürür. Ölkə jurnalistlərinin 80 faizi kirayədə yaşadığı, yataqxanalarda "çürüdüyü" halda, bizim ayağıəyri futbolçularımız 100 min dollarlıq maşınlarda gəzirlər.
Mən, idmana qayğı göstərilməsinin əleyhinə deyiləm. Amma gərək, idmançı ona çəkilən xərci yelə verməsin. Bizim yığma komandamız isə hələ bir dəfə Azərbaycan xalqının üzünü güldürməyib. Milli komandanın formasını geyinən futbolçuların çoxu topu düz vura bilmir. Əslində, digər idman növlərində də vəziyyət ürəkaçan deyil. Hərtərəfli qayğı ilə əhatə olunmuş idmançı Avropa turnirlərində bircə medal qazanandan sonra Bakıya qayıdıb, zavallı insanların başında qoz sındırır. Bu gün ölkə həbsxanalarında oğru, quldur, əyyaşlarla yanaşı, reketlik etdiyi üçün tutulan neçə-neçə tanınmış idmançı da cəza çəkir.
Azərbaycanda bir neçə atçılıq təsərrüfatı fəaliyyət göstərir. Vətənpərvərlik damarımız tutanda məşhur Qarabağ atları ilə fəxr edirik. Amma Pekin Yay Olimpidasında ölkəmizi təmsil etmək üçün atı avropalılardan alırıq. Həm də bu at üçün nə az, nə çox, düz 3 milyon dollar sayırıq. Sonra da həmin at bütün dünyanın gözü qarşısında kəlləmayalaq olub, bizi biabır edir. Amma heç kim Rövnəq Abdullayevin yaxasından yapışıb, 3 milyon dolların haqq-hesabını çəkmir.
Azərbaycan xalqı həmişə sənətə, sənətkara qayğı ilə yanaşıb. Bizim ölkədə nəinki sənətkar, "palatka" müğənniləri, manıslar da bəy-xan kimi yaşayırlar. Binəva insanlar boğazlarından kəsib, onları övladlarının toylarına gətirir, özləri ağırlıqda qonorar verirlər. Azərbaycanda dövlətdən ev, təqaüd, orden-medal almayan sənət adamı qalmayıb. Amma "Eurovision"da bizi milli mənsubiyyəti bəlli olmayan Araş təmsil edir. Siz Allah, gözlərindən cini xatırladan bu oğlanın ifa etdiyi mahnının Azərbaycan mədəniyyətinə nə dəxli var?
İndi bildinizmi, neftin xeyrini ən çox kim görür? Gəlin, bir yerdə sadalayaq: at, Araş və ayağıəyri futbolçular...