Tətbiqi Tədqiqatlar Fondunun keçirdiyi dəyirmi masada "Təhsil haqqında" yeni qanun layihəsindəki çatışmazlıqlar da müzakirə edildi Bu gün Turizm İnstitutunda Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə Tətbiqi Tədqiqatlar Fondunun "Azərbaycan Resbulikasının ali təhsil sahəsində Boloniya prosesinə qoşulması ilə əlaqədar keçirilən islahatlara dəstək" layihəsi çərçivəsində "Azərbaycanda Boloniya prosesi yeni təhsil qanunda" mövzusunda dəyirmi masa keçirildi.
Turizm İnstitutunun rektoru Cəfər Cəfərov Azərbaycanda təhsili inkişaf etdirmək üçün qanunların təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirdi: "Bildiyiniz kimi, yeni təhsil qanunu üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. İstəyirik ki, qanun bir qədər də təkmilləşsin və təhsil işçiləri bu qanuna söykənərək, daha səmərəli fəaliyyət göstərsinlər".
Tətbiqi Tədqiqatlar Fondunun (TTF) rəhbəri, tarixçi-alim İbrahim Əliyev də yeni təhsil qanununun qəbulunu vacib saydığını dedi: "Yeni qanunun qəbulunu zaman özü diktə edir. Köhnə qanunla yaşamaq və işləmək mümkün deyil. Ona görə də yeni düşünülmüş prinsiplər və yeni ictimai-iqtisadi sistem nəzərə alınmalıdır. Belə olduğu halda, təhsilin nəbzi dövrün nəbzi ilə eyni döyünməlidir. Təhsil qanunu hazırlanarkən müxtəlif ölkələrin təcrübələri öyrənilib və ortaya sənəd qoyulub. Əlbəttə, qanun layihəsində bəzi nöqsanlar da var. Amma bütövlükdə götürəndə yeni qanun zamanın tələblərinə cavab verir. Təhsil qanun qəbul edilərkən ilk növbədə onun konsepsiyası müzakirə edilməlidir. Sonuncu sənəd 2009-2013-cü illəri əhatə edən proqram sənədidir. Bunu oxuyanda konsepsiyanın nəzərə alındığı aydın şəkildə görünür. Lakin çəkinmədən həmin sənəddə çatışmayan bəzi qüsurları da demək lazımdır".
İ.Əliyev qanundakı çatışmazlıqlar haqda da danışdı: "Qanunlar hazırlanarkən mütləq ictimai-iqtisadi mühit nəzərə alınmalıdır. Bundan əlavə, məqsəd açıq şəkilə ortaya qoyulmalıdır ki, biz nəyə nail olmağa çalışırıq. Bu gün dünyada ali təhsilli şəxslərin sayına görə Azərbaycan axrıncı yerlərdən birini tutur. Halbuki müasir dövrdə əhalinin maksimum hissəsinin ali təhsil sahibi olması əsas prioritetlərdən birini təşkil edir. Təhsilin inkişafı, cəmiyyətin özünün inkişafı deməkdir. Mənim əldə etdiyim variant Milli Məclisin saytından götürülüb. Təəssüf ki, bu variantda təhsillə bağlı qoyulan tələblər nəzərə alınmayıb və çoxlu sayda qüsur var. Məsələn, bir maddədə göstərilir ki, elmlər doktoru elm üzrə doktoranturanın ikinci pilləsinə fəlsəfə doktorunun müvafiq dissertasiya işinin müdafiəsindən sonra verilən ən yüksək elmi dərəcədir. Əslində, fəlsəfə doktoru müvafiq dissertasiya hesab oluna bilməz. İkincisi, təhsil müəssisəsinin müxtariyyəti müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid məsələlər istisna olmaqla, bütün fəaliyyət istiqamətləri üzrə təhsil müəssisələrinə verilən müstəqillikdir. Araşdırma apardıqda müxtariyyətin formal olduğu üzə çıxır. Konkret olaraq, təhsilin bir nömrəli vəzifəsi ölkəni kadrlarla təmin etməkdir. Həmçinin terminləri də qarışıq salıblar. Bundan əlavə, təhsil sistemində elmi araşdırmalar məsələsində xeyli boşluqlar var. Dövlət təhsil sistemində müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətləri məsələsində nəzarət mexanizmi düzgün qurulmalıdır. Yəni dövlət bu məsələyə ciddi nəzarət etməlidir. Elmi fəaliyyətlə məşğul olan adam üçün yaş məhdudiyyəti tətbiq olunmamalıdır. Bütün təhsil müəssisələrində pedoqoji işçilərin dərs yükü normasını müəyyən etmək yalnız institutun və ya hər hansı bir məktəbin öz səlahiyyətindədir".
