Ötən həftə İmişlidən qayıdanda Sabirabadda yolun kənarında 11 ədəd yemişi bizə 2 manata satdılar. Sürücümüz bir az inadkarlıq edib, yemişləri tərəziyə qoyanda, məlum oldu ki, bu şirin bostan məhsulunun hər kiloqramı üçün cəmi 5 qəpik ödəmişik.
Biz həmin gün kənd zəhmətkeşlərindən pomidorun bir kiloqramını 10, kartofun və soğanın kiloqramını isə 20 qəpiyə aldıq. Göyərti, bibər, badımcan isə su qiymətinə idi. Maşının arxasını bostan məhsulları ilə doldurmağımıza baxmayaraq, cəmi 13 manat ödəmişdik. Günün altında dayanmaqdan rəngi qaralmış arıq, çəlimsiz satıcı həmin pulu ovcunun içində elə sıxmışdı ki, sanki biz ona dünyanın ən bahalı daş-qaşını hədiyyə etmişdik. Bu zavallı qadın məni televiziya ekranlarından tanıdığı üçün xeyli söhbət etdik. Dedi ki, 3 uşaq anasıdır. Yeni tədris ilinin başlanmasına cəmi bir neçə gün qalmasına baxmayaraq, imkansızlıq üzündən hələ də övladlarına məktəbli paltarı ala bilməyib. Ovcunun içində gizlətdiyi pulu bizə göstərib, belə dedi: "Sabah mağazaya gedib, Sərvər üçün ayaqqabı alacağam". Onu da dedi ki, əgər məktəb açılana kimi alveri yaxşı getsə, ikinci oğlu Sərdara və qızı Rəvanəyə də ayaqqabı ala biləcək. Belə başa düşdüm ki, müsahibim oğlanları üçün şalvar və köynək, qızına isə təzə don almaq üçün bostandakı bütün məhsulları satıb qurtarmalıdır. Sabirabaddan Bakıya gələnə kimi, bu ailənin qayğısı məni bir saniyə də tərk etmədi...
Jurnalist marağı güc gəldiyi üçün ertəsi gün Bakının mərkəzində fəaliyyət göstərən "Nəcimi" bazarına getdim. Bazarda yemişin bir kiloqramı 50 qəpiyə satılırdı. Pomidorun kiloqramı 60, kartof 80 qəpik idi. Satıcıları söhbətə tutdum. Məlum oldu ki, piştaxta arxasına keçənə kimi ən azı beş-altı adama "haqq" verirlər. Paytaxt bazarları kənd zəhmətkeşlərinin üzünə çoxdan bağlanıb. Bir qrup dələduz məmur bazarları özünün qazanc mənbəyinə çevirib. Buna görə də bazarlarda qiymətlər "od tutub yanır".
Azərbaycanda kənd təsərrüfatı sektoru çökmək üzrədir. Hökumətin başı neft pullarını talamağa qarışdığı üçün zavallı kəndlilərin taleyi heç kimi maraqlandırmır. Kənd Təsərrüfatı Nazirliyi isə aqrar siyasəti düzgün qura bilmir. Fermerlərə bu il bazarda hansı məhsula daha çox ehtiyac olacağına dair heç bir məlumat verilmir. Azərbaycan kəndlisi taleyin ümidinə buraxılıb. Tale isə hələ ki, bu adamlardan üz döndərib...
Sentyabrın 5-də "Avropa" otelində türkiyəli iş adamlarının qatıldığı konfransda iştirak etdim. Tədbir çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş fermerlərlə söhbət etdim. Fermerlərin əsas problemi uzunmüddətli kreditlərin verilməsilə bağlıdır. Absurda baxın: Qazaxda yaşayan fermer dövlətdən 50 min manat kredit almaq üçün Bakıda 150 min manat dəyəri olan evi girov qoymalıdır. Bu problem barədə mənə məlumat verən fermerlərdən biri narazılığını belə ifadə etdi: "Bakıda 150 min manatlıq evim olsaydı, niyə kənddə kartof əkirdim?!".
On il sonra Azərbaycanda neft qurtaracaq. Əgər hökumət özünün iqtisadi siyasətinə yenidən baxmasa, həmin vaxt nəinki satmağa neftimiz, heç yeməyə çörəyimiz də olmayacaq...