Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  11:09 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SƏRBƏST : Dünyanın ən uzaq yolu

  Sayta qoyulub: 11:30 29.05.2009 (877 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Və yaxud Cabbar Qaryağdıoğlunun itib-batan məzarına əlaqədar qurumlar niyə göz yumur?
Dünyanın ən uzaq yolu







Əminə Abasova (Tuncay) fəlsəfə elmlər namizədi, yazıçı

Ey keçən qəbrim önündən eşit əfqanımızı,
Bəlkə bir seyr edəsən Fəxri xiyabanımızı!

Bu məqaləni yazmaqda məqsədim heç də uzun onilliklər boyu qəsdən dolaşdırılmış, təxribat səviyyəsində süni ideoloqların qurbanına çevrilmiş, ictimai şüurumuzun, dünyaya baxışımızın, dünyanı dərk etməyimizin, həyata olan münasibətimizin bütün aspektlərini izah etmək deyil. Çox sadə və həyatı misallar gətirməklə Fəxri xiyaban haqqındakı fikir və düşüncələrimi sizinlə bölüşmək istəyirəm.
Məlumdur ki, xalqının mədəni irsini yaradan hər hansı bir şəxs onun düşüncə və istəklərini, bədii zövqünü, mədəni inkişaf səviyyəsini və ən nəhayət, onun simasını başqa xalqlara nümayiş etdirməklə öz xalqı haqqında təsəvvür yaradır. Bu gün müasirimiz olan bir şəxs sabah aramızdan gedir. Belə şəxsiyyətlər də zaman keçdikcə tədqiqat obyektinə çevrilir, uzun illər öyrənilir. Tədqiqat isə sənəd və sübut tələb edir. Odur ki, mənəviyyatımıza, tariximizə və xalqımızda edilən bizim üçün tarixi əhəmiyyət kəsb edən "səhvlərin" artıq qaranlıq səhifələrini işıqlandırmağın vaxtı gəlib çatmışdır.
Fəxri xiyaban! Bura bizim tarixi abidəmiz və tarixi irsimizdir. Həm də xalqımızın şöhrət tacı sayılan oğul və qızlarımızın nəsillərə qoyub getdiyi əbədi aramgahı, ömrünün son ünvanı, son nişangahıdır. "Fəxr" ərəb sözüdür, mənası möhtərəm, hörmətli, şöhrətli deməkdir. "Xiyaban" isə fars sözüdür, yəni ikitərəfli ağaclıq, geniş bir səhranı andıran yer mənasındadır. Ölüm isə çarəsi tanılmayan bir məhfumdur. C.Cabbarlının dili ilə desək, "Ölmək! Bu geniş körpüdən hər kəs geçəcəkdir, birdəki ondan bütün aləm içəcəkdir".
Dünyanın ən uzaq yolu qəbristanlığa gedən yoldur. Ha gedirsən çatmırsan. Çünki həyatdan heçliyə gedən bu yolun uzaqlığı, həyata ilk göz açıb son vida dediyin zamanla ölçülür. Zaman kiçik olduqca kədər daha da böyük olur. A.S.Puşkin çox uzaqgörənliklə öz qəbrinə gələn cığırı heç vaxt ot basmayacağına inanmaqda haqlı imiş. Bu gün bizim dövrümüzdə də bu cığır elə bir geniş, şanlı yola çevrilmişdir ki, qardaş və bacılarımızın taleyi də bu yolda birləşir.
Xiyabanı gəzdikcə elə bil hər bir məzar sahibi öz əbədi bir ayrılıq və həsrət harayını vərəq-vərəq danışırdı. Burada məzarlar səf-səf düzülsə də, hər qəbir özü-özlüyündə tək və tənhadır. Bəzilərinin şəkillərində gözlük də vardı, kiməsə dünyanı dumanlı göstərən gözlük, kimin üçünsə dünyanı aydınlaşdırırdı. Elə bil hər bir məzar sahibi "Qəbrimdən baxıb ibrət al!" deyirdi. Əsən küləyin şiddətindən ağaclardan tökülən yarpaqlar hərəsi bir məzarın üstünə səpələnirdi. Xiyabanı gəzdikcə elə bil fikirlərim dolaşıq düşümüş bir kələfi xatırladırdı. Özümdə bir qəribəlik hiss etdim. Elə bil mən də ilk dəfə göz açdığım sehirli, sirli bu aləmə son vida deyirdim. Bir anlıq harada olduğumu belə unutmuşdum. Məzarlarda yatanların şəkillərinə baxdıqca onların gözlərində elə bil axtarılmış, lakin tapılmamış bir sədaqətin həsrəti duyulurdu. Beynimdə yaranan bu dəhşətli faciə duyğusundan sakit-sakit, asta-asta addımlarla uzaqlaşmaq, qaçmaq istəyirdim.
Fəxri xiyaban sehirli olduğu qədər də əfsanəvi bir aləmdir. Burada yatan hər məzar sahibinin öz aləmi, öz dünyası varmış. Buranı gəzdikcə maraqlandım ki, görəsən, burada daha kimləri dəfn etməyə layiq biliblər. Buna cavab almaq üçün xiyabanda yerləşən əhaliyə vətəndaşlıq xidməti işçilərinə müraciət etdim. Onlar da verdiyim suallar ətrafında söhbət açdılar: "Burada hər hansı bir mərhumu dəfn etmək haqqında Bakı Şəhər İcra Hakimiyyəti bizə göstəriş verir. Dəfn olunan mərhumun qəbrinin üstünü götürmək üçün dövlət vəsait ayırır. Baxır kimə nə qədər? Bəzi mərhum ailələri özləri qəbirin üsütünü düzəltməyi öz üzərinə götürürlər. Burada bir neçə işçi çalışır. Qəbir daşları hazırlamaq, xiyabanda təmizliyə nəzarət etmək bizim vəzifəmizə daxildir. Bağbanlar isə yaşıllıq idarəsinin işçiləridir".
Fəxri xiyabanda respublikamız üçün xeyirli işlər görmüş sənətkarlar, elm, dövlət xadimləri ilə yanaşı, təsadüfi adamlar da dəfn olunmuşdur. Özü də bunların Azərbaycan xalqına heç bir xidməti, səmərəsi, fəaliyyəti olmayan adamlardır. Bunlara hətta xiyabanın ən görümlü yerlərində, özü də böyük bir sahədə yer verilməsinə hansı məntiqlə bəraət qazandırmaq olar? Elə buna sübut olaraq, Fəxri xiyabanın girəcəyində ilk diqqəti çəkən Bokov İvan Vasilyeviç və Matrosov Armenak Vartanoviçin məzarlarıdır. Bunların heç birinin adlarına bütün ensiklopediyaları axtarsam da, rast gələ bilmədim. Bu sırada Üzeyir Hacıbəylilər nəslinin üç nümayəndəsi uyuyur. Üzeyir bəy, Zülfüqar bəy qardaşları və bir məzar o tərəfdə Sultan Hacıbəyov. Onlarla bir sırada Mirbəşir Qasımov və onun həyat yoldaşı, heç bir ictimai-siyasi fəaliyyəti olmayan Emiliya Kondratovna. Çox qəribədir. Bu xanımın da adını bütün ensiklopediyalarda axtardım, amma tapa bilmədim.
Sonra bu sırada Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti akademik Mir Əsədulla Mir Qasımov, Məmməd Səid Ordubadi, Əli Tağızadə dəfn olunmuşlar. II sırada yenə görkəmli alim və istedadlı sənətkarlarımızdan Fuad Əbdürrəhmanovun 1985-ci ildə dünyasını dəyişən (İndiki İncəsənət Universitetinin) sevimli müəllimim olmuş Mehdi Məmmədov, sonra C.Cəfərov, bəstəkarlardan Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, 1981-ci ildə Şövkət Məmmədovanın və 1991-ci ildə Lətif Kərimovun, 1992-ci ildə dünyalarını dəyişmiş Cahangir Cahangirov.
Həmin sırada "qəribəliyə bax" dəfn olunanların adlarına nəzər salmaqla onların kimliyinə də diqqət edin. İ.Baqramyan, S.Qriqoryan, İ.Aleksandrov, S.Federenko, A.Kisilyov, İ.Kulyaşov kimi millətimizə yabançı və düşmən kəsilən şəxslərə yer verildiyi halda, Rübabə Muradova, Fatma Mehrəliyeva, Səməndər Rzayev, Vəfa Fətullayeva və bu kimi sənət fədailərinə Fəxri xiyabanda yer ayrılmamışdır. Səsinin vurğunu olduğum Hökümə xanım qızı Vəfadan ayrı düşmüşdür. "Gəl, anam baxma, mən könlü qübaram, gedirəm qeyrilər oylağına, çünki düçaram gedirəm",- bu sözləri həmişə qəbrini ziyarət edərkən öz-özümə zümzümə edirəm. Deyirəm nə yaxşı ki, Mirzə Cəlillə Həmidə xanım bir yerdədirlər. Bəla orasındadır ki, bizdə dirilər kimi ölülərə də ayrı-seçkilik, ögey doğma münasibətləri xüsusiyyət təşkil edir.
Görəsən, bəs, nə üçün Azərbaycan vokal sənətinin banisi, 70 il musiqi mədəniyyətimizə xidmət edən milli musiqimizin şah damarı sayılan, muğam sənətində özünün əvəzedilməz şirin avazı ilə musiqi tariximizin səhifələrini yazan, operamızın ilk artisti, ilk Məcnunu, Şərqin tarixində ilk dəfə səsini qramafon valına yazdıran 300-dən çox təsnif və 100-dən artıq mahnıların müəllifi kimi şöhrət tapan Azərbaycan xalq artisti, "Şərəf nişanı" ordeni ilə təltif olunan, Azərbaycan Dövlət Konservatoriyasında muğamdan dərs deməklə Azərbaycan xanəndələrinin bütöv bir nəslini yetişdirən, bir sıra muğamların təkmilləşməsi üzərində işləyərək "Rast", "Mahur", "Şur" dəstgahlarına bir çox guşələr, xallar və nəticələr əlavə edən və nəhayət Yeseninin "Şərq musiqisinin peyğəmbəri" adlandırdığı muğamlarımızın mənəvi atası Cabbar Qaryağdıoğlu Fəxri xiyabanda dəfn olunmamışdır? Belə haqsızlığa yol verənlərə, özü də milliyyətcə azərbaycanlı olanlara nə ad vermək olar?
Hətta çoxu Cabbar Qaryağdıoğlunun məzarının harada olduğundan xəbərsizdir. Təəssüflər olsun ki, 1944-cü ildə Bakıda dünyasını dəyişən bu ölməz sənətkar gözdənuzaq, könüldən iraq bir şəkildə Yasamal rayonunun ümumi qəbirstanlığında torpağa tapşırılıb. İllər keçdikcə qumun altında qalan kubik boyda baş daşında adının ancaq bir hərfi qalan, o da güclə oxunan bu məzarı yaxşı ki, ondan yadigar qalan qızı Şəhla xanım 1982-ci ildə atasının qəbri itməsin deyə, bu adsız məzarı dəmir hasara aldırmıb. Lakin bu hasara salınmış məzar da heç bir kəs tərəfindən indiyə kimi tanınmamışdır. Əgər ustadın 79 yaşlı qızı bir gün dünyasını dəyişərsə, onda kim sübut edib zəmanət verə bilər ki, bu adsız, qumabatmış, hasara alınmış qəbir böyük muğam ustadımız Cabbar Qaryağdıoğluna məxsusdur? Sevindirici haldır ki, muğamlarımız dünyanı gəzməklə Cabbar Qaryağdıoğlunun bəstələdiyi təsnif və mahnıları da xanəndələrimizin dilindən düşmür. O cümlədən, musiqimiz və muğamlarımız haqda çıxan kitablarda 4-5 cümlə ilə yad edilsə də, "Fəxri xiyaban" adlı kitabda isə muğam ustadımızın adı qeyd olunmamışdır. Bunun səbəbi aydındır. Sonrakı illər ərzində onun qəbrinin ümumi Yasamal qəbirstanlığından Fəxri xiyabana köçürülməsi haqda qərara məhəl qoyulmadı, qərar kağız üzərində qaldı. Demək, bu işlə məşğul olması gərəkli bilinənlər də susmaqda davam etməyə üstünlük verərək, Cabbar Qaryağdıoğlu kimi böyük bir sənətkar onların maraq dairəsindən kənarda qalmışdır. Nə etmək olar? Bircə onu deyirəm ki, "Əsdi xəzan yeli bu bağa düşdü, nəğmən dillərdən dillərə düşdü". Ancaq sənin narahat ruhuna biganə yaşananların ürəyinə bir damla da olsun rəhm düşmədi ki, heç olmasa, adsız məzarının yerində üstü götürüləydi. O məzar da səni sevənlərin ziyarət yerinə çevriləydi. Bunu da sənə çox çox gördülər.
Deyəsən, mərhum şairimiz Bəxtiyar Vahabzadə belə yerdə deyibmiş: "Vicdan ağrısını hər kəs duyubsa, o bilər bir an nə çəkir ürək, əgər vicdanını itirməyibsə, cinayət törədən insandır demək".
Fəxri xiyabandan danışanda söhbət millətimizi sübut edən dil məsələsinə gəlib çıxır. Budur, Vahidin məzarı! Son cümləsini belə öz ana dilində yazan bu böyük qəzəlxanın baş daşındakı adına diqqət edin: Əliaqa Vaxid.
Hələ görün muğam ustadımızın adını nə kökə salıblar: Mir Moxsumaqa Seyid Şuşinski və s. Məgər baş daşında adın ana dilində yazılması üçün qərar, möhür, göstəriş lazımdırmı? Bir sözlə, bu adları saymaqla qurtarmaq mümkün deyil. Məni narahat edən odur ki, xarici ölkələrdən Fəxri xiyabanımızı ziyarət etmək məqsədilə gələn qonaqlarımıza necə sübut edib deyə bilərik ki, bu ölməz sənəkarlar milliyyətcə azərbaycanlıdır? Axı adlarını çəkdiyim bu sənətkarlar Fəxri xiyabanda adı və soyadları qeyri-millətlərdən olanlarla yan-yana dəfn olunublar. Onları bir-birilərindən necə fərqləndirəcəklər? Onsuzda bədxahlarımız zəbt etdikləri torpaqlarımızın adlarını dəyişməklə, hələ bu azmış kimi mahnılarımızı özlərinki kimi mənimsəyib kitabalarına salıblar. Kim deyə bilər ki, bir gün Fəxri xiyabanımıza da əl uzatmayacaqlar?
Sonda M.Ə.Sabirin bir neçə misrası ilə yazımı başa vururam:
İntilegentik bu ki, böhtan deyil,
Türkü danışmaq bizə şayan deyil,
Türk dili qabili-irfan deyil,
Biz buna qail olan insanlarıq
Ay bərəkallah nə gözəl canlarıq?!

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SƏRBƏST bölümünün son 20 xəbəri:



#SƏRBƏST bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031