Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  11:09 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SƏRBƏST : Bəstəkar ömrü

  Sayta qoyulub: 17:59 10.08.2011 (391 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəstəkar ömrü









Tağı Kərimli


Ey könül mülkünün barı Naxçıvan,

Ellərin sevgili yarı Naxçıvan...



Bu şux, əbədiyaşar mahnını dinləyənlər, sonralar zümzümə edəndə də heç ağıllarına gətirməyiblər ki, onun müəllifi naxçıvanlı olmaya bilər. Çünki diyara oğul məhəbbəti mahnının melodiyasında belə açıq-aşkar duyulur. Ona görə də istər-istəməz düşünürsən: belə istək dolu mahnını ancaq bu torpaqda doğulub-böyümüş, onun suyundan içmiş övlad bəstələyə bilər.

"Barı Naxçıvan" mahnısının müəllifi barədə sonuncu müddəanın ikinci hissəsi uyğun gəlir: 1912-ci ildə Qarabağda - Füzuli şəhərində anadan olmuş Məmməd Kərim oğlu Cavadovun ömrünün müəyyən hissəsi şairlərin "Nəqşi-cahan" adlandırdığı diyarla bağlı olub.

O, Naxçıvana gedənə qədər Asəf Zeynallı adına Musiqi Texnikumunu, Konservatoriyanın nəfəs alətləri və bəstəkarlıq şöbələrini bitirmişdi. Məmməd Cavadov Azərbaycanın görkəmli, təkrarsız bəstəkarı Üzeyir Hacıbəylidən dərs almış, musiqinin valeh edici sirlərinə vaqeh olmuşdur. 1932-ci ildən 1938-ci ilə qədər dahi bəstəkarın yaratdığı notlu xalq çalğı alətləri orkestrində (indi Səid Rüstəmov adına) işləmiş, Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün iştirakçısı olmuş, üç il Opera və Balet Teatrında çalışmışdır. 1941-ci ildə bəstəkar Tofiq Quliyevin və Niyazinin yaratdıqları Dövlət "Caz" orkestrində saksafonçu, 1943-cü ildə Dövlət Akademik Dram Teatrında dirijor işləmişdir. Onun musiqiyə olan marağı, həvəsi, yaradıcılıq qüvvəsi günü-gündən aşıb-daşırdı. Belə bir vaxtda rəhmətlik Adil Isgəndərovun tövsiyəsi ilə Naxçıvan Dövlət Dram Teatrına dirijor təyin edildi. Eyni zamanda musiqi məktəbində müəllimliyə başladı. Yeri gəlmişkən, Ramiz Mirişli, Nəriman Məmmədov, Rəşid Məmmədov onun yetişdirmələridir.

Teatrda "Arşın mal alan" musiqili komediyasına, "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarına, başqa tamaşalara dirijorluq edir, yorulmaq nədir bilmirdi. Üç il keçməmiş artıq notlu xalq çalğı alətləri orkestri, Dövlət "Caz" orkestri və "Sazçı" qızlar ansamblı yaradır. Yazıçı Nağı Nağıyevin Vətən müharibəsi mövzusunda yazılmış "Polad" dramına musiqi bəstələyir.

Məmməd Cavadov 1945-ci ildə əslən Ordubaddan olan, o dövrün tanınmış şairi Hüseyn Əzimlə tanış olur. Onun şerlərini oxuyanda "Barı Naxçıvan" diqqətini cəlb edir. Beləliklə, dillər əzbəri olmuş "Barı Naxçıvan" mahnısı yaranır. Bəstəkar eyni zamanda xalqımız tərəfindən sevilən, şair Islam Səfərlinin "Bənövşə", "Badamlı", "Cəngi" şeirlərinə də musiqi bəstələyir. Bu mahnılar 11 fevral 1946-cı il tarixdə Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəylinin sədrliyi ilə keçən iclasında həyata vəsiqə qazanır.

Bəstəkar Muxtar Respublikanın əksər rayonlarında, kolxoz-sovxozlarda zəhmətkeşlərlə tez-tez görüşlərdə olur, onların asudə vaxtlarının səmərəli keçirilməsində yaxından iştirak edir. Həmin təmaslarda onun yaratdığı xalq çalğı alətləri və caz orkestrlərinin, "Sazçı" qızlar ansamblının solistləri - Zərqələm Cavadova, Sofya İsmayılova, Gültəkin Səfərli, Mənzər Məmmədova və digər müğənnilərin ifası dinləyicilərə böyük zövq verir. Təşkil etdiyi konsertlərdə tanınmış sənət xadimlərindən Zəroş Həmzəyeva, Əyyub Haqverdiyev, Füruzə Əlixanova alqışlarla qarşılanırdılar. Məmməd Cavadov 1955-ci ildə ailə vəziyyəti ilə əlaqədar olaraq ürəkdən bağlandığı diyarla vidalaşaraq doğma rayonuna - Füzuliyə qayıdıb pedaqoji texnikumda müəllim işləməyə başlayır.

...Naxçıvanda topladığı təcrübə burada da köməyinə çatır. Məktəbdə nəfəsli alətlər orkestri yaradan Məmməd Cavadovun təşkilatçılığı, qabiliyyəti diqqətdən yayınmır. Çox keçmədən o rayon mədəniyyət evinə direktor təyin olunur. Onun işində böyük canlanma yaranır, mədəniyyət evində müxtəlif dərnəklər təşkil olunur. Rayonda istedadlı uşaqlar arayıb-axtarılır. Onların bacarığı üzə çıxır. Hətta folklor ansamblı Danimarkada Azərbaycan musiqisini təmsil edir. Direktorun təşəbbüsü ilə rayonda musiqi məktəbi fəaliyyətə başlayır, xalq teatrı yaradılır. Bu teatrda hazırlanan "Nişan üzüyü", "Şeytan əməli", "Qara libaslı adam", "Baş tutmayan kələk" və başqa tamaşalara musiqini məhz Məmməd Cavadov bəstələyir.

Məmməd müəllim sonralar bir müddət Ağdam orta ixtisas musiqi məktəbində də çalışıb. Harada yaşamasından və işləməsindən asılı olmayaraq vaxtının məhdudluğu ilə barışmayıb, yaradıcılıqla da məşğul olub. "İnciyib", "Salam var", "Nə qaldı", "Şuşada", "Özünə güvən", "Bizim dağlar", "Danışaq" və yüzlərlə digər yadda qalan mahnının, rəqslərin müəllifi Məmməd Cavadov olmuşdur.

1993-cü ildə Məmməd müəllimin taleyinə köçkünlük də nəsib olur. Bir müddət Lənkəranda məskunlaşan bəstəkar çox tez müddətdə burada da musiqisevərlərin rəğbətini qazandı. "Bu yerlər", "Təkcə səni", "Lənkəran" və sair mahnılar bu gözəl diyarda yarandı.

İstedadlı bəstəkar xalq şairləri Səməd Vurğunun, Mirvarid Dilbazinin, Nəriman Həsənzadənin, Fikrət Qocanın, tanınmış qələm sahibləri Mərkəz Qacarın, Abdulla Qurbaninin, Oruc Sədanın, Şəkər Aslanın, Mirhaşım Talışlının sözlərinə bir-birindən gözəl mahnılar bəstələmiş Məmməd Cavadov 2008-ci ildə Tanrı dərgahına qovuşub.

Yaxşı olardı ki, 2012-ci ildə 100 illiyi qeyd olunacaq unudulmaz bəstəkar, musiqi dünyamızda müstəsna və əvəzsiz xidmətlər göstərmiş Məmməd Cavadovun adını əlaqədar təşkilatlar əbədiləşdirsinlər. Bu da ölməz bəstəkarın ruhuna bizim hörmətimiz olar.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SƏRBƏST bölümünün son 20 xəbəri:



#SƏRBƏST bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031