Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  11:09 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Mayis Güləliyev : Sərhədlər açılmadı: Kim uddu, kim uduzdu?

  Sayta qoyulub: 16:11 24.05.2009 (621 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Yaxın Şərqdə təbii enerji resursları ən az olan ölkələrdəndir. Odur ki, regionda baş verən "neft və qaz oyunları"nın təsirinə daha həssasdır. Dünyada son 100 ildə baş verən hadisələr və enerji ilə bağlı qlobal problemlər Türkiyənin davamlı enerji təminatının yaradılmasını xarici siyasətdə prioritet emişdir. 1987-ci ildən başlayaraq Türkiyə Rusiya ilə iqtisadi əlaqələr quraraq, qaza olan təlabatının bir hissəsini təmin etdi. 2010-cu ildə "Mavi axın" layihəsinin reallaşması ilə Türkiyənin Rusiyadan alacağı qazın miqdarı artırıla və bu, onun təlabatının təqribən 50 faizini təşkil edə bilər. Türkiyənin qaz təlabatının xeyli hissəsi isə Azərbaycanla təmin edilir.
Türkiyə-Azərbaycan əlaqələri hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır. Lakin bu əlaqələrin mahiyyətində ucuz enerji daşıyıcılarının əldə edilməsi dayandığından çox hallarda qarşılıqlı faydalı və səmimi olmur. Həm Türkiyə, həm də Azərbaycan özünü müstəqil dövlət hesab edir və bunu reallaşdırmağa cəhd göstərirlər. Türkiyə-Ermənistan əlaqələrinin bərpasına da bu rakursdan baxmaq lazımdır. Türkiyə müstəqil dövlətdir və öz maraqları var. Odur ki, Azərbaycan da hər hansı bir dölətlə, o cümlədən Türkiyə ilə əlaqələrini quranda milli və ya etnik hisslərdən yox, öz maraqlarından çıxış etməlidir. Maraqlar isə bir nəfərin istəyi ilə yox, dünyada və regionda baş verən proseslərin elmi araşdırılması ilə, ictimai müzakirələr və siyasi opponentlik institutlarının formalaşması ilə müəyyənləşdirilməlidir.
Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması xəbəri gündəmə gələndə Azərbaycan ictimaiyyəti, KİV və siyasilər bir sual ətrafında düşünməyə başladılar: Türkiyə Ermənistanla sərhədləri açsa biz nə etməliyik? Sərhəd nə üçün bağlı qalmalıdır? Bunun kimə hansı xeyri və ya ziyanı var? Sərhədlərin bağlı qalmasından Azərbaycan və ya Türkiyə hansı mənfəət əldə edə bilər? Sərhədlər açılacağı təqdirdə Azərbaycan və ya Türkiyə üçün hansı ziyanlar ola bilər? Təəssüf ki, belə suallar sərhədlərin açılması aktuallaşanda gündəmə gəlir və gündəlik siyasi həyatda dərindən araşdırılaraq öz cavabını tapa bilmir. Odur ki, bu hadisəyə hazırlığı olmayan ictimaiyyət, KİV və siyasilər regional təhlükəsizlik məsələlərini və Azərbaycanın real marağını müəyən etmək əvəzinə Türkiyə iqtidarını "xəyanətdə" suçlamağa və hətta kütləvi aksiyalarla hədələməyə cəhd göstərdilər. Azərbaycan Dövlət Ќeft Şirkəti isə daha da irəli gedərək Türkiyəyə satılan qazın qiymətinə baxılacağını gündəmə gətirdi. Maraqlı olan isə başqa faktdır. Hansı hadisə daha əvvəl baş verdi: Azərbaycanın Türkiyəyə satılan qazın qiymətinə yenidən baxmaq istəyi, yoxsa Türkiyənin Ermənistanla sərhədləri açmaq planı?
Azərbaycanın Statistika Komitəsinin məlumatlarına görə, 2007-ci ildə Azərbaycanın əsas ticarət tərəfdaşları Türkiyə, Rusiya, İtaliya, İran və ABŞ olub. Əmtəə dövriyyəsinə görə İsrail 10-cu, idxalda payına görə 21-ci, ixracda payına görə isə 6-cı yerdə olub. Başqa sözlə, 2007-ci ildə İsraildən Azərbaycana təqribən 31 milyonluq mal gətirildiyi halda, Azərbaycandan İsrailə təqribən 370 milyon dollarlıq mal ixrac edilmişdir. Müqayisə üçün deyək ki, 2007-ci ildə Türkiyədən Azərbaycana təqribən 625 milyonluq mal idxal edilmiş, Azərbaycandan Türkiyəyə isə təqribən 1 milyard dollarlıq mal göndərilmişdi. Əgər idxal və ixrac mallarının nədən ibarət olmasına diqqət verilməsəydi, idxal və ixrac arasındakı bu rəqəm fərqləri Azərbaycan iqtisadiyyatı haqqında optimist düşünməyə əsas verə bilərdi. Belə ki, Statistika Komitəsinin məlumatlarına görə, 2007-ci ildə ixrac mallarının 81,5 faizi mineral mallar kimi qeyd edilir. Yəni ixrac mallarının əsas hissəsi neft və qazdır. Güman etsək ki, 2007-ci ildə mal qrupları üzrə xarici ticarət dövriyyəsində müəyyən qədər yer alan digər qruplar üzrə, məsələn, bitki mənşəli məhsullar və ya hazır yeyinti məsulları qrupları üzrə nə Türkiyəyə, nə də İsrailə mal ixrac edilməyib, onda bu ölkələrin Azərbaycanla ticari əlaqələrinin əsasən neft və qazla bağlı olduğu aydınlaşır. "Azəri üçbucağı"na daxil olan hər iki ölkənin Azərbaycanla əlaqəsinin mahiyyətində enerji daşıyıcılarının dayanması Azərbaycanın maraqlarına yeni baxışla, yəni "neftsiz və qazsız" dövrlər üçün regional təhlükəsizlik baxımından yanaşmaq lazımdır. Məhz elə buna görə də Azərbaycanın Türkiyə ilə münasibətlərində neft və qaz faktotundan həm "güzəşt", həm də "təzyiq" kimi istifadə edilməsi getdikcə biruzə verilir.
Bəs, son illərdə Azərbaycan qazının həm Türkiyəyə, həm də Gürcüstana dünya qiymətlərindən xeyli aşağı qiymətlərlə satılması nə ilə izah edilə bilər? 2008-ci ildə Azərbaycandan Türkiyəyə satılan qazın qiyməti (hər 1000 kub metr üçün 120 dollar) Rusiyadan Avropaya və Türkiyəyə satılan qazın qiymətdən (hər 1000 kub metr üçün 250-300 dollar) ən azı iki dəfə ucuz olub. 2008-ci ildə Azərbaycandan Türkiyəyə ixrac edilən qazın miqdarının təqribən 5 milyard kub metr olduğunu nəzərə alsaq, "qardaş dövlətə" qiymətlərdə edilmiş "güzəştlər" hesabına Azərbaycan dövlətinin (başqa sözlə, Azərbaycan əhalisinin) itirdiyi məbləğin təqribən 750 milyon dollar olduğunu görərik. Əvvəlki illərdə də belə güzəştlərin olduğunu nəzərə alsaq, iqtisadi cəhətdən inkişaf etmiş "dost və qardaş" Türkiyənin təzəcə müstəqilliyə qədəm qoymuş və iqtisadiyyatı dayanıqlı olmayan Azərbaycana nə qədər ziyan vurduğunu hesablamaq çətin deyil.
Türkiyə KİV-ləri və siyasiləri Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin bağlanması ilə Azərbaycana olan öz sayğı və hörmətlərini nümayiş etdirmək istəyirlər. Təəssüf ki, bunun belə olduğu Azərbaycan cəmiyyətində də geniş yer tapıb. Türkiyə baş naziri cənab T.Ərdoğan Bakıdakı son səfərində Türkiyə-Ermənistan sərhədlərinin Qarabağ problemi həll edilməyənə qədər açılmayacağını bildirəndə Azərbaycan cəmiyyəti elə bil dərindən rahat nəhəsi aldı. İctimai şüura belə fikirlər yeridildi ki, guya Türkiyə həm Avropadan və ya ABŞ-dan olan təpkilərə baxmayaraq sərhədləri açmadı. Təəssüf ki, Azərbaycanın XXI əsrdə regionda müstəqil dövlət kimi qalması və möhkəmlənməsi üçün zəruri olan strateji maraqların işlənməməsi son 20 ildə cəmiyyətin ictimai şüurunda belə fikirlərin formalaşmasına imkan yaradıb ki, guya bu sərhədlər açılmasa, Ermənistan iqtisadi blokadada qalaraq zəifləyəcək və nəhayət Qarabağla bağlı iddiasını yerə qoyacaq. Sərhədlər açılarsa, Prezident Aparatının rəsmisi demişkən, "yeni iqtisadi nəfəs borusu" əldə edəcək və onun güclənməsi baş verəcəkdir. Odur ki, guya sərhədlərin bağlı saxlanması Azərbaycanın marağındadır və Türkiyə Azərbaycanın maraqlarına sayğı ilə yanaşaraq Ermənistanla sərhədlərin açılmasına və ona "yeni nəfəs borusu"nun verilməsinə razılıq vermir. Lakin Azərbaycan cəmiyyətindən bir reallığın gizlədilməsi onun haqqında ciddi düşünməyə əsas verir. Görəsən, Türkiyə tərəfindən bu "nəfəs borusu"nun bağlanması Azərbaycan iqtisadiyyatına neçəyə başa gəlir? Axı 2009-cu ilin qalan dövrü üçün Azərbaycandan Türkiyəyə ixrac edilən qazın qiyməti yenə də dünya qiymətlərindən xeyli aşağıdır. Ќə üçün Azərbaycan həm Türkiyəyə, həm də Gürcüstana satılan qazın qiymətində bu qədər güzəştə getməlidir? Başqa sözlə, Azərbaycandan belə güzəştləri qoparmaq üçün Türkiyə və Gürcüstan Qarabağ probleminin həllini daim əngəlləməyəcəklər ki? Azərbaycan cəmiyyəti bilirmi ki, növbəti il üçün "nəfəs borusu"nun bağlanmasının qiyməti 500 milyon dollar olacaqdır?
Bəs, Gürcüstana verilən güzəştlər nə ilə bağlıdır? Onlar hansı "nəfəs borusu"nu bağlayırlar? Regionda əməkdaşlıq və inteqrasiya əvəzinə, kiminsə "nəfəs borusu"nu bağlamağa yönələn xarici siyasət nə qədər davam edəcək? Axı Azərbaycanın qazı əbədi deyil! Odur ki, belə güzəştlər də əbədi olmayacaq!
Şübhəsiz ki, enerji ilə bağlı qlobal problemlər və Türkiyənin enerjiyə olan təlabatının getdikcə artması Türkiyəni Azərbaycan üzərində öz təsir dairəsini genişləndirməyə sövq edir. Son dövrlərdə Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı siyasi diskussiyaların mahiyyətində də enerji məsələlərinin gizləndiyi şübhəsizdir. Yəni böyük dövlətçilik ənənəsi olan və güclü siyasi institutları formalaşmış Türkiyə sərhədlərin açılmasından Azərbaycana təzyiq vasitəsi kimi ustalıqla istifadə edir. Təəssüf ki, Türkiyə tərəfindən Azərbaycana belə təzyiq vasitəsindən yaxın dövrlərdə də istifadə ediləcəkdir. Bəli, Türkiyənin Azərbaycana təzyiq vasitəsi var. Bu Türkiyə ilə Ermənistanın əlaqələrinin bərpa edilməsi və genişlənməsidir. Azərbaycanın da Türkiyəyə təzyiq vasitəsi var. Bu Türkiyəyə satılan qaz və neftdir. Deməli, "Azəri üçbucağı"nın iki tərəfi olan Türkiyə və Azərbaycan - "bir millət, iki dövlət", əslində Ermənistan sərhədlərinin açılması məsələsində gizli qarşıdurmadadır. Bundan sonra da Azərbaycan tərəfi qazın dünya qiymətlərindən həvəsə düşüb Türkiyəyə satılan qazın qiymətini qaldırmaq istəyərsə, Türkiyənin "domokl qılıncı" işə başlayacaq və Türkiyə-Ermənistan sərhədlərinin açılması gündəmə gələcək. Azərbaycan güzəştə gedərək, qazın qiymətlərini Türkiyə üçün "yumşaldaraq" Türkiyəni guya Ermənistanın "nəfəs borusu"nu bağlı saxlamağa sövq edəcək.
Beləliklə, "sərhəd oyununda" Azərbaycan tərəfi uduzmuş, Türkiyə tərəfi isə udmuş olur. Ermənistan da bu "oyunda" udmuş tərəf hesab oluna bilər. Belə ki, Ermənistan onun Türkiyə tərəfindən blokadaya alınmasını və ciddi çətinliklər qarşısında qaldığını beynəlxalq aləmdə daha uca səslə deməyə başlayır. Ќecə deyərlər, Ermənistan dünyanı inandırmağa çalışır ki, Azərbaycan və Türkiyə birləşərək onun "nəfəs borusu"nu bağlayırlar.
Amma sərhədlərin açılması Ermənistanı blokada ilə bağlı siyasi spekulyasiya imkanından məhrum edə bilərdi. Ќəzərə almaq lazımdır ki, sərhədlərin açılmaması və Ermənistanın blokadada saxlanması Ermənistan cəmiyyətini daha çox səfərbər edir. Türkiyə ilə bağlı "düşmən obrazı" və ya "real təhlükə" Ermənistanın həm insan, həm də iqtisadi resurslarının səfərbər edilməsinə şərait yaradır. Ernənistan cəmiyyətinin də Azərbaycan və digər kiçik ölkələr kimi "açıq" olması Türkiyənin bu cəmiyyətə öz mədəniyyəti ilə nüfuz etməsinə səbəb ola bilər. Son iki yüz ildə Ermənistan cəmiyyəti Rusiya üçün "açıq", digər böyük qonşu cəmiyyətlər üçün, o cümlədən Türkiyə üçün "bağlı" olmuşdur. Məhz bu dövrdə Ermənistanla Türkiyə arasında, həmçinin Ermənistanla Azərbaycan arasında "düşmən obrazı" formalaşdırılmış və Cənubi Qafqazda həssas münaqişə ocaqları yaradılmışdır. Göründüyü kimi, Ermənistan-Türkiyə sərhədlərinin açılması Türkiyəyə daha çox iqtisadi və siyasi divident verə bilərdi, nəinki Ermənistana. Daha doğrusu, sərhədlərin bağlı saxlanması heç də Ermənistanın "nəfəs borusu"nun bağlanması deyil və buna ümid etmək ən azı sadəlöhvlükdür.
Deməli, sərhədləri bağlı saxlamaqla;
1) Türkiyə hökuməti Ermənistanla bir neçə milyon dollarlıq "birbaşa" mal dövriyyəsini "qurban" vermiş olur,
2) Türkiyə Ermənistan iqtisadiyyatına və dolayısı ilə Ermənistan siyasətinə və cəmiyyətinə nüfuz etmək imkanını itirir,
3) Türkiyənin beynəlxalq aləmdə demokratik və sülhsevər imicinə xələl gəlir,
4) Ermənistanın Türkiyəyə qarşı ərazi və "soyqırım"la bağlı iddiaları daha geniş ictimaiyyət tərəfindən "başadüşülən olur".
Sərhədləri qapalı saxlamaqla Türkiyə nə qazandı;
1) Azərbaycan cəmiyyətini və siyasi elitasını "sərhəd oyunu"na cəlb edərək, ictimai şüurun bu məsələyə nə qədər həssaslığına əmin oldu,
2) "Sərhəd oyunu"nu idarə edərək bu "oyun"un Azərbaycan cəmiyyətinə, onun siyasi elitasına və hakimiyyətinə təzyiq vasitəsi olduğunu bir daha təsdiq etdi,
3) Türkiyə cəmiyyətində milli eqoizmə köklənmiş seçicilərin səsini qoruyub saxladı, və nəhayət Azərbaycan hökumətini məcbur etdi ki, Türkiyəyə satılan qazın qiymətini dünya qiymətlərindən xeyli az ölçüdə saxlasın.
Beləliklə, Türkiyəni yaxın illərdə ucuz qazla təminatı yerinə yetirildi. Göründüyü kimi, Türkiyənin "sərhəd oyunu"nda qazancı itirdiklərindən xeyli çox oldu. Budur Türkiyənin real siyasəti!

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#Mayis Güləliyev bölümünün son 20 xəbəri:



#Mayis Güləliyev bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031