İlahi ədalətin hökmü ilə indi məhbəs həyatı yaşayan sabiq səhiyyə naziri Əli İnsanov həmişə mətbuata aqressiv münasibəti ilə seçilib. Əli müəllimin ANS-in xanım əməkdaşı ilə məşhur dialoqunu xatırlayırsınızmı? Keçmiş nazir peşə borcunu yerinə yetirən gənc jurnalistə belə demişdi: "Konkret rədd ol".
Dostumuz Rey Kərimoğlu isə üç-dörd gün əvvəl Əli həkimin başqa məziyyətlərindən də danışdı. Sən demə, o, parlamentə yolu düşəndə bəzi jurnalistləri ələ salmaqdan zövq alırmış. Rey deyir ki, bir gün yenə parlament jurnalistləri naziri dövrəyə alıb, sorğu-sual edirmişlər. Əli İnsanovun xarakterinə bələd olmayan gənc qələm sahiblərindən biri ona səhiyyə sistemindəki nöqsanlarla bağlı sual ünvanlayıb. Yəqin ki, bu yerdə nazirin reaksiyasını təxmin etmək bir o qədər də çətin deyil. Əli İnsanovla həmin jurnalist arasında belə dialoq baş verib:
- Sən jurnalistsən?
- Bəli.
- Nə vaxtdan qəzetdə işləyirsən?
- Bir ay olar.
- A bala, səndən jurnalist olmaz. Get özünə başqa peşə tap.
Təbii ki, bu sözdən sonra gənc dostumuz pərt halda hadisə yerindən uzaqlaşıb. Amma başqa sənətin arxasınca qaçmayıb, əksinə, yaşlı-başlı həmkarlarının məsləhəti ilə jurnalistikanın sirlərini daha dərindən öyrənib. İndi ölkənin adlı-sanlı jurnalistlərindən biridir. Tez-tez həbsdə olan sabiq məmurların üzləşdiyi problemlərdən yazır. Əli İnsanovun məhbəsdə vərəm xəstəliyinə tutulması barədə xəbəri də birinci o yazıb. Bəlkə də bir neçə il əvvəl parlamentdə baş vermiş hadisəni çoxdan unudub. Bizim xatırlamağımızın isə səbəbi var: istəyirik ki, mətbuata yuxarıdan aşağı baxan, jurnalistləri bəyənməyən, onları məhkəmə qapılarında süründürən bəzi harın məmurlar bu hadisədən ibrət götürsünlər.
İkinci hadisənin "qəhrəmanı" isə AMİP lideri Etibar Məmmədovdur. Etibar bəy ondan müsahibə götürmək üçün özünə əziyyət verib, partiyanın Binəqədi rayonundakı dəbdəbəli qərargahına üz tutan mətbuat nümayəndəsini düz 2 saat qəbul otağında gözlədib. Sonra isə müavini Nazim İmanovla birlikdə nahar etməyə gedib. Bir saat sonra geri qayıdanda görüb ki, gənc jurnalist hələ də onu gözləyir. Dostumuz ağızını açmaq istəyəndə əli ilə ona qapını göstərib. Səbəbini isə özünəməxsus tərzdə izah edib: "Səndən heç vaxt jurnalist olmayacaq". Hələ də yazı-pozu ilə məşğul olan həmkarım danışır ki, Etibar Məmmədova cavab verməyə fürsət tapmayıb. Milli-istiqlalçıların lideri kabinetinə girərək, qapını gənc jurnalistin üzünə çırpıb.
Bu dəfə də ilahi ədalət qalib gəldi. AMİP liderinin 8-9 il əvvəl qapıdan qovduğu gənc indi adlı-sanlı jurnalistdir. Amma Etibar Məmmədov siyasətçi ola bilmədi. O, bircə dəfə də tərəfdarlarının üzünü gülüdürməyi bacarmadı. Bir neçə il əvvəl isə müəmmalı şəkildə siyasi meydanı tərk etdi. İndi AMİP-in quru adı qalıb. Bu partiya uzun müddətdir ki, özünə sədr seçə bilmir. Etibar Məmmədovun siyasi mirasına sahib çıxan tapılmır. Mən heç bir siyasətçiyə bu aqibəti arzulamıram.