"Eurovizion-2009" yarışmasının Azərbaycana nə verdiyini bilmirəm. Aysel-Araş cütlüyünün çıxışında şəxsən mən nə Azərbaycan musiqisi, nə Azərbaycan dilində mətn, nə Azərbaycan geyimi, nə də Azərbaycan rəqsi gördüm. Belə olan halda sual olunur: bu müsabiqədə Azərbaycan mədəniyyəti nə ilə tanındı?
Aysel-Araş, - yox, "Araş-Aysel cütlüyü" demək daha düzgündür, - onlarla müqayisədə bəyənmədiyimiz Ermənistan Avropa tamaşaçısına öz mədəniyyətini lazımi formada təqdim etdi. İş o yerə çatdı ki, hətta Azərbaycandan da erməni ifaçılara 40-dan çox səs göndərildi. Bunun qarşılığında nə gördük? Yalançı vətənpərvərlik və küyçülük! Azərbaycan tərəfinin guya 2 min səsin oğurlanması ilə bağlı iddialarından xəbər tutduqda isə məni lap xəcalət təri basdı. Məhəmməd Teymurzadə gör kimə istinad edir - Zərdab rayon icra hakimiyyətinin başçısı Lütfəli Babayevə. Guya Rusiyanın Ќovosibirsk vilayətində yaşayan Hüseyn Babayev və Məhəmməd Babayev 10 min manatlıq, Ќovosibirskdə kompakt yaşayan əslən zərdablı mühacirlər isə 2 min rublluq səs göndəriblər.
"Kim nə deyir, bizdə olan qeyrətə?!" Bunu mən yox, Mirzə Ələkbər Sabir deyib. Mənə gəlincə, Lütfəli Babayevə çox inanmaq istərdim. Amma Hüseyn və Məhəmməd Babayevlər milli valyuta ilə, yəni manatla, həm də Rusiya Federasiyası ərazisində telefon xərclərini necə ödəyiblər? Ќovosibirskdə yaşayan zərdablıların isə Aysel Teymurzadə üçün 2 min rublluq kontur xərcləməsi heç inandırıcı deyil. Deyir, "Pir mənimdir - kəramətinə bələdəm". Zərdablı ola, zərdablıya görə bir manatından keçə. Ay-hay! Mən gördüyümü görmüşəm...
...Zərdab avtobusunda Bakıya gələn və Bakıdan geri dönən zərdablıları görmüşsünüzmü? Xahiş edirəm, bircə dəfə yolunuzu biz tərəflərə salın. Adətən, avtobusda bütöv bir ailə yol gedir. Zalımın balaları, Kürdəmirdə düşüb bir stəkan çaya 20 qəpik pul verməyə də canları çıxır. Avtobus dayanan kimi arxa sırada oturmuş, qarnı qabaq oturacağa söykənən kişi dinir: "Ay qız, mənə bir çay süz!" Qabaq sırada darısqallıqdan beli bükülmüş qadın tez əl-ayağa düşür. Zənbillər açılır, göy soğanın, soyutma yumurtanın və şorun iyi avtobusu bürüyür. Qadın yanındakı qızını dümsükləyir: "Ay qız, termosu hara qoymusan?" Kişinin səbri tükənir: "Az, belin qırılsın, çay nə oldu?". Təşnəsini söndürən ərin yanındakı oğlan daha səbirsizdir: "Ana, bəs, mənə şor-əppək vermirsən?.."
Bu mənzərə ilə qarşı-qarşıya gələn, sizcə, nə etməlidir? Əlbəttə, zərdablı olmayan elə Kürdəmirdəcə bir maşın tutub geriyə, Bakıya qayıdar. Mən biçarə neçə dəfə bunu etmək məcburiyyətində qalmışam. Yox, yox, əslini danan haramzadə deyiləm. Sadəcə, mənim hər gəlişim Zərdab rayon İcra Hakimiyyətində "qaşınma" yaradır. Elə dörd yolda düşən kimi, xəbərçilər mobil telefonlarını qurdalayıb "lazımi nömrələr"i yığırlar.
Özümü hələlik bir kənara qoyub sizə bir tanışımdan danışım. Deyir ki, əməliyyat tapşırığı ilə Zərdaba getmişdim. Geri qayıdanda, dörd yolda bir stəkan çay içmək istədim. Beş dəqiqə sonra iki polis gəlib yanımdakı masada oturdu. Yad sima gördüklərindən xəbərçilər gəlişimdən məlumat çatdırmışdılar.
Tanışımın söhbətini sonadək dinləmədən dedim ki, bu cür hallara təəccüblənməyə dəyməz. Mən Zərdaba, rayon mərkəzindəki yaxınlarıma baş çəkəndə, polis rəisi Şaxı Səfərəliyev düz qapıya qədər məni izlədi. "Veys Baba" ziyarətgahına gedəndə də Zərdaba gəlişim bəzi adamlarda narahatlıq yaratmışdı. "Bakıya qayıtdı..." xəbərini aldıqda, onların necə sevindiyini təsəvvür edirəm.
Mənim kimi, Aysel Teymurzadə də əslən zərdablıdır. Bircə fərqlə ki, mən Bakıda yox, Zərdabda doğulmuşam. Deməli, Zərdabı da, zərdablıları da ondan yaxşı tanıyıram. Yox, bu camaatda heç vaxt təəssübkeşlik görmədim. "Muğam-star"da da, "Yeni ulduz"da da zərdablı iştirakçını oyundan kənar vəziyyətdə qoydular. Lütfəli, Xanəli, Hüseyn, Məhəmməd... Babayevlər onda harada idi? Ќovosibirskdə kompakt yaşayan zərdablılar harada yuxulamışdı?
Məhəmməd Teymurzadəyə məsləhət: mənə inanmaya bilərsiniz, amma Zərdab rayon İcra Hakimiyyətində Lütfəli Babayevlə birgə işləyənlərdən birinin bu sözlərini şübhəyə almağa haqqınız yoxdur. "Babayevlərin barmağını kəssən, qan çıxmaz!.."
İcra başçısının Rusiya səfirliyinə şikayət edəcəyi iddiasına da aludə olmayın. O, daha "qlobal məsələlər"ə vaxt tapır. Asfalt zavodu olan rayonun asfaltsız yolları, Kürqırağı olan Zərdabın susuz kəndləri, qazın işıltısını telekanallarda görən, çarələri kəsiləndə ancaq yulğun ümüdünə qalan biçarə camaatın qara günü və s. və i.a. nə 10 min manatı olan Babayevlərin, nə də 2 min rublluq kontur xərcləyən novosibirskli zərdablıların maraq dairəsində deyil.
Məhəmməd Teymurzadəyə sonuncu məsləhət: Rusiya səfirliyinə özünüz gedin. Amma asfaltsız yollardan, susuz, qazsız kəndlərdən və s. şikayət edin. Deyin ki, 10 min manatını, 2 min rublunu havaya sovuran yalançı vətənpərvərləri, mənim zərdablılarımı Rusiyadan təcili qaydada deportasiya etsinlər. Qoy, gəlib vətənpərvər olduqlarını şor-əppəkdən başqa yeməyə heç nə tapmayan zərdablıların qarşısında sübut etsinlər.
Mənə inanmaya bilərsiniz, amma onların bircəciyində belə Zərdab təəssübkeşliyi yoxdur. Mərcə nə deyirsiniz? 10 manatdan, üstünə 2 min rubl da qoymağa hazıram?