Günəş indi ümiddən doğacaq

Günay Muradlı
Türkan Saylanı tanımayanlara onun haqqında qısa arayış yaza bilmərəm. Çünki onun haqqında qısa nə yazmaq nə də danışmaq mümkündü. Onu çoxları “Baba, beni okula gonder” kampaniyasının qurucusu kimi tanıdı. Ancaq onun nə təhsil nə də səhiyyə üçün etdikləri bunula bitmir. Jüzamlı xəstələri cəmiyyətə qaytaran, onları bir adaya yığmaq fikrinə kəskin etirazını bildirən, bu yolda illərini, sağlamlığını xərcləyən həkim xanım. Dünya bu əməyini “Qandi” sülh mükafatı ilə qiymətləndirsə də,öz məmləkətində layiq olduğu qiyməti ala bildimi? Əsla yox! Ujqar dağ kəndlərindən körpə qızlarını pula satan atalardan “kardelen”adlandırdığı qızcığazları oxumaq üçün məktəblərə gətirən təhsil fədaisi qadını türkiyə cəmiyyəti dini missionerlikdə, kommunistlikdə, siyasi agentlik qurmaqda, lezbiyanlıqda günahlandırdı. Bunlar bəs ətmədi, ölümünə 1 ay qalmış yaşlı qadını «Ergenekon» terror təşkilatı adlandırdıqları oyunu adı altında rəhbəri olduğu “Çagdaş Yaşama Destek Derneyi”nin ofisini ələk-vələk edən polislər işlərinə yarayan heç nə olmadığı üçün bütün sənədləri və kompyuterləri özləri ilə apardı. Türkan Saylan bütün bunlara yenilməzliklə qarşılıq verdi. 15 ilə yaxın onu üzən nə amansız xəstəlik, nə də ona qarşı olan haqsızlıqlar onu sındırmadı. Doğru bildiyi yola davam etdi. Türkiyə cəmiyyətini az-cox tanıyan hər kəs bilirki orda birinin qızını ya zor, ya da xoşla oxumaq üçün almaq qanına susamaq kimi bir şeydi. Müəyyən yaşa gəldikdən sonra atalarının pula satdığı qızları oxumaq üçün aparmaq istəyən Türkan Saylan hər şeyə getdi. Qızlarla yanaşı ailələrə də təqaüd verməyi təklif etdi. Ucqar dağ kəndlərindən gətirdiyi qızların çoxu “ağ vərəqlər” idi. Çoxu ilk dəfə sabun, diş fırçası görürdü. İndi o qızların çoxu həkim, mühəndis, müəllimdi. Həmin «Kardelenler» haqda Ayşe Kulinin «Kardelenler» kitabından oxuya bilərsiniz. İşlərinin çoxluğunu bəhanə gətirərək bu kitabı yazmağı öhdəsinə götürmək istəməyən yazıçı xanım Türkan Saylanın istəyi ilə həmin qızlardan bir neçəsi ilə görüşüb onları dinlədikdən sonra o qədər təsirlənib ki, kitab az bir müddətə hazır olub. Fəaliyyəti boyunca 36 000 qızın təhsil almasına, Türkiyənin ayrı-ayrı şəhərlərində otuz dan çox tələbə yataqxanasının tikilməsinə səbəb olan Türkan ablanın ən böyük «günahı» anasının ingilis olması idi. Anasının evləndikdən sonra adını və dinini dəyişməsinə baxmayaraq ata yurdu, canından çox sevdiyi insanlar ona bunu bağışlamırdı, din haqda dediyi hər kəlməni əlehinə istifadə edirdilər. «bizim övladlarımız sirayla balet oynamalıdırlar, namaz yox» cümləsinə görə onu xristian missioneri etdilər. O isə əməlləri ilə hamıdan çox müsəlman idi, «başımı bağlamaqdansa keçəl gəzərəm» deyən Türkan Saylan əslində baş örtüyünə, islama qarşı deyildi, o məcburi örtünməyə, məcburi dindarlığa əsarət altında qalmağa, jəhalətə qarşı idi. Bunu deməyə onun baş örtüsüylə çəkilmiş rəsmi əsas verir. Eyni vaxtda ətrafında yüzlərlə başörtülü qadınlarla normal münasibətdə idi. Di gəl ki, ona qarşı olan dindarcıqlar o qədər alçaldılar ki, kimya terapiyanın təsirindən saçları tökülmüş yaşlı qadına bunun Allahın ona göndərdiyi cəza olduğunu elan etdilər. Allahın adından belə danışmaq haqqını özlərinə verən «cemaətlilər» ona hamıdan çox nifrət edirdi. Özlerinə «nur cemaeti» deyənlər də, onu parçalamağa hazır olan «muqəddəs ata»lari da Türkan Saylanın üstünə kölgə sala bilmədi. Türklərin həmişə qadin kompleksi olub. Türk kişisinə görə qadın evinin aşbazı-ofisiantı, uşaqlarının dayəsi, özünün isə geyşasıdır. Oxumuş, dikbaşlı, etiraz edə bilən qadın türkün ən dəhşətli düshmənidir. Əksini iddia edən varsa faktlarla yazsin. «Biz türklər həmişə başqalarının qurduqlarını dağıtmışıq, indi isə öz qurduqlarımızı dağıtmaqla davam edirik» deyən Saylan haqlı idi. Atatürkün min əzabla bir yerə yığıb millət elədiyi türklər indi öz övladlarının gələcəyinin məhvi ilə məşğuldu. 21-ci əsrdə, heç də balaca olmayan şəhər Konyada qadın volleybol komandasi bağlanır,səbəb isə volleybolçu qızların standart qısa tumanla oynamasıdır, dörd və daha çox arvadlılığın imam nigahı ilə normal qəbul olunduğu, qızların satıldığı bir ölkə hələ də və utanmadan Avropa İttifaqina uzv olmağa iddialıdır, O Atatürkün türklər üçün arzuladığı qadın obrazı idi. Oxuyan, oxudan, öz ayaqları üstə duran və başqalarına da bunu məcbur edən, öyrədən, bizim kimi cəmiyyətlərdə boshanmış qadına yer yoxdur. Heç bir maddi imkanı olmayan boşanmış qadının sonu ya fahişəlik, ya da gəldiyi evə geri dönüb atası və ya qardaşı tərəfindən öldürülməkdi. Boşanmaların sayının azlığı heç də toxunulmaz, sarsılmaz, müqəddəs ailə birliyimiz deyil, məhz bu səbəbdəndir. Maddi baxımdan özlərini təmin edə bilsəydilər bizim toplumda hər yüz qadının doxsanı boşanardı. Türkan Saylan feministdi. Həm əri, həm ailəsi tərəfindən lazımsız əşya kimi küçəyə atılan qadına «ağlama mən varam» deyə bilən neçə adam tanıyırsınız?
Türkan Saylan uşaqlara heyran idi. Onlara sevinc bəxş etmək üçün hər şey edirdi. Kimya terapiyası aldığı xəstəxanada olan xəstə uşaqları güldürə bilmək üçün halsız, 74 yaşlı qadın burnuna kloun burnu taxmaqdan da çəkinmədi.
O Türkiyəni və gəncliyi ən az Atatürk qədər sevirdi. Onun əlehinə nə qədər kompaniyalar təşkil olunsa da bu adi insanların ona qarşı olan sevgiyə mane ola bilmirdi. Rəhbəri olduğu dərnəyin ofisindən kompyuterlərin aparıldığı KİV vasitəsi ilə elan olunduqdan sonra təşkilatın qapısının önünə kompyuter gətirən adi vətəndaşlar da tapildi, Kimliyi bilinməyən bu adam bəlkə də Türkan Saylanın köməkliyi ilə təhsil almış biri idi. Onu sevənlər heç vaxt onu tərk etmədi,
18 may səhəri o gözlərini əbədi yumdu. Xəbəri ilk aldığımda içim nə qədər göynəsə də ağlamadım. Çünki o missiyoner idi, təhsil missiyoneri, ve butun missiyasini yerinə yetirmişdi. Yerinə minlərlə Türkan Saylan qoyub gedirdi. Onu yüz minlər son mənzilə yola salırdı. Bu insanları bura gəlməyə heç kim məcbur etməmişdi. Onları bura sevgi və minnətdarlıq hissi gətirmişdi. Türk toplumu gec də olsa, onu yüz minlərlə, göz yaşlarıyla yola salmaqla elədiklərini etiraf edirdi.
Sezen Aksunun «kardelen» klipi «baba beni okula gonder» kampaniyası üçün nəzərdə tutlmuşdu. Klipdə ağ paltarlı Sezen Aksu mələk timsalında qızları evlərindən məktəbə aparmaq üçün toplayır, bəli, bizlər həmişə bizim üçün hansısa xəyali mələyin evimizin qapısına gəlib bizim üçün nəsə edəcəyini gözleyirik. Türkan Saylan da mələk idi, ancaq xəyali deyildi. Heç bir qarşılıq gözləmədən başqalarının övladları üçün hər şey etmək, kirlənmiş insani əməli yox mələklikdi. Bütün basqılara baxmayaraq sınmayan o qumral mələyi xəstəlik yendi. 15 il əvvəl xərçəng olduğunu biləndə «ölməməyim lazımdı» deyib xəstəliyə qalib gələn Saylan öldüyü gün «hazıram, etmək istədiyim hər şeyi etdim» dedi. Etmək istədiyi hər şeyi etdi, Son günlərinə qədər onda olan həyat eşqi, optimiz insanı sarsıdır. Onun ağrılari, bu yaşda ona qarşı olan əxlaqsız günahlandırmalar, probləmlər qarşısında əyilməməyi insanı utandırır. Kiçik probləmlərimiz qarşısında aciz qaldığımız, dünyaya üsyan etdiyimiz halda yetmiş yaşlı qadın o zəifləmis, gücsüz əlləri ilə sanki dünyanı kökündən tərpədə biləcək gücdədir. Getdi, yerinə minlərlə qarları yox, daşları yarıb çiçək acan qardelənlər qoyub getdi.
Hər dəfə anama baxanda onu anam olduğu üçün sevdiyimi düşünəndə və ya insan kimi sevə bilmədiyimi düşünəndə vicdan əzabı çəkirəm. Türkan Saylan üçün belə düşünməmişəm, onu özü olduğu üçün sevirəm.