Aprelin 20-də Rusiya Federasiyasının Baş naziri, faktiki olaraq bu dövlətin hökmüdarı sayılan Vladimir Putin Dövlət Dumasında hökumətin hesabatını verdi. Hesabatın iqtisadi göstəricilərlə bağlı hissəsinə bir qədər aşağıda aydınlıq gətirəcəyik. Amma hesabatı dəqiq təhlil edəndə aydın görünür ki, Putin qarşıdakı on il ərzində də Rusiyanı idarə etmək iddiasındadır. Bu idarəçiliyi hansı formada - prezident, yoxsa baş nazir kimi - həyata keçirmək istəyi hələlik sirr olsa da, Putin qarşıdakı on il ərzində görmək istədiyi işlərdən danışmaqla hakimiyyətdən ayrılmaq istəmədiyinin anonsunu verdi. Bir çoxları bu fikirdədir ki, deputatlar qarşısında dörd saat çəkən bu çıxışla Baş nazir, dolaysı ilə prezident seçkisi kampaniyasına başlayıb.
Baş nazirin yalanı
Hökumətin hesabatı zamanı Putin bəyan edib ki, qarşıdakı on ildə Ümum Daxili Məhsulun (ÜDM) səviyyəsini iki dəfə artıraraq, ölkəni iqtisadi inkişafına görə dünyanın birinci beş ölkəsi sırasına daxil etməyi planlaşdırırlar. 2020-ci ilə kimi ölkə iqtisadiyyatının bütün sahələrini modernləşdirməyi planlaşdıqlarını deyən Putinin çıxışı zamanı 28 dəfə "modernləşmə" sözündən istifadə etdiyi də diqqətdən qaçmayıb. Rusiya vətəndaşlarının Putinin hakimiyyətinə daha on il dözüb-dözməyəcəklərini demək çətin olsa da, Baş nazirin vədlərinin reallıqdan uzaq olduğu göz önündədir. O, belə vədləri hələ ilk dəfə Baş nazir olanda və sonradan ilk dəfə Prezident seçiləndə də verib. Belə ki, ilk dəfə Rusiya prezidenti seçilərkən Putin 2010-cu ilə kimi adambaşına düşən ÜDM-nin miqdarına görə Avropanın ən kasıb ölkəsi hesab olunan Portuqaliyanın səviyyəsinə çatacaqlarını bəyan etmişdi. İndi məlum olur ki, həmin vədi nəinki yerinə yetirmək mümkün olub, hətta Portuqaliya bu göstəriciyə görə Rusiyanı iki dəfə qabaqlayıb. Buna görə də, Putinin yeni vədlərini populizm və prezident seçkilərinə hazırlıq kimi qiymətləndirənləri haqlı saymaq mümkündür.
Korrupsiya kralı-Putin
Dünyanın ən böyük ərazisinə və fantastik təbii sərvətlərə malik olan Rusiyanın bu qədər geri qalmasının xeyli ciddi səbəbləri olsa da, əsas səbəblərdən biri kimi korrupsiya göstərilir. Bir çox nüfuzlu mütəxəssislər və ekspertlər bu fikirdədir ki, bu gün Rusiyada mövcud olan korrupsiyanın səviyyəsinə bu ölkənin tarixi boyu rast gəlinməyib. Ciddi hesablamara görə, Rusiyada korrupsiyanın illik dövriyyəsi 300 milyard dollardır. Beynəlxalq Şəffaflıq Təşkilatının (Transparency İnternational) 2010-cu illə bağlı hesabatında korrupsiyaya görə Şimal qonşumuz 178 ölkə arasında 154-cü yerdə göstərilib. Bir qədər əvvəl inqilabın baş verdiyi Misir isə bu siyahıda 98-ci yerdədir. Rusiya Böyük 20-liyə daxil olan yeganə ölkədir ki, korrupsiyanın səviyyəsinə görə ikinci yüzlükdə yer alıb. Amma deyəsən, bu, Rusiyaya hökmüranlıq etməkdən əl çəkmək istəməyən Putini narahat eləmir. Opponentləri isə korrupsiyanın önəmli hissəsinin Baş nazirin və onun ətrafının gizli hesablarına axdığını iddia edirlər. İddialara görə, Putinin gizli hesablardakı sərvəti daşınmaz əmlakı ilə birlikdə 500 milyard dollar civarındadır. Belə fantastik məbləğ bir çoxlarına inandırıcı görünməyə bilər. Lakin iki məqam bu iddiaların həqiqətdən uzaq olmadığını söyləməyə əsas verir:
1) Rusiyada korrupsiyanın illik dövriyyəsinin 300 milyard dollar civarında olmasını və bu ölkədə Putinin sərt şaquli hakimiyyətinin qurulduğunu nəzərə alsaq, Baş nazirin fantastik sərvəti haqqında deyilənlərə inanmaq olar;
2) Bu iddialara inanmağa bizi məcbur edən digər məqam Putinlə münasibətləri olmuş insanların və yaxud da Baş nazirin qohum-əqrəbasının qısa zaman ərzində milyarderə çevrilmələridir.
Baş nazirlə münasibəti olduğuna görə, insanların çox asanlıqla milyardlarla sərvətə sahiblənməsi korrupsiya piramidasının başında duran adamın fantastik sərvəti haqqında iddiaların real olduğunu göstərir. Putinin ətrafının Rusiyanı necə talamasını bir neçə epizoda salmaqla görmək olar. Həmin epizodlardan biri 1996-cı ildə Leninqrad vilayətində (indiki Sankt-Peterburq) yaradılmış "Ozero" koperativinin təsisçilərinin bu gün milyaderlərə çevrilməsi ilə bağlıdır.
"Ozero"nun təsisçiləri milyardlara necə sahibləndi?
Xatırladaq ki, 1996-cı ildə Sankt-Peterburqun meri olan Sobçak seçkilərdə məğlub oldu və yeni mer - Yakovlev Meriyanın rəhbər şəxslərini, o cümlədən xarici əlaqələrə cavabdeh olan Vladimir Putini istefaya göndərdi. Çünki o zaman Sankt-Peterburqda belə məlumat yayılmışdı ki, Finlandiya ilə əlvan metal biznesini məhz Putin öz nəzarətində saxlayır. Yeni mer tərəfindən vəzifəsindən kənarlaşdırılan Putin bir neçə dostu ilə Leninqrad vilayətinin Primorski rayonunda "Ozero" adlı koperativ yaradır. 1996-cı ilin noyabrında yaradılan koperativin təsisçiləri olan Yuri Kovalçuk, Nikolay Şamalov, Viktor Myaçnin, Vladimir Smirnov, Vladimir Yakunin, Andrey Fursenko və onun qardaşı Sergeyin həmin vaxt bu birgə biznesdən nə qazandıqları məlum olmasa da, Putin Rusiyanın hökmüdarına çevrildikdən sonra onların hər biri bu ölkədə ən böyük və gəlirli sahələrə rəhbərlik etməyə başladılar. Onların adları indi Rusiyanın milyaderləri sırasındadır. Putinin himayəsi ilə keçmiş koperativçilər yalnız "Qazprom"un müxtəlif törəmə müəssisələrinin 60 milyard dollarlıq aktivlərinə sahib çıxıblar. Bunu saxta özəlləşdirmələr vasitəsi ilə həyata keçiriblər. Bu gün keçmiş koperativçilərdən biri - Vladimir Yakunin illik mədaxili 2 tirlyon rubl olan "Rusiya Dəmir Yolları" QSC-nin prezidentidirsə, digəri - Andrey Fursenko Putin hökumətində Təhsil naziri postunu tutur. Onun qardaşı Sergey Fursenko isə "Rusiya" Bankına məxsus "Milli Media Qrupu"na rəhbərlik edir. Bu qrup "REN TV" və "5-ci Kanal", eləcə də "1-ci Kanal"ın səhmlərinin 25 faizinə, həmçinin, "İsvestiya" qəzetinə nəzarəti yerinə yetirir. Bundan başqa, S.Furçenko həm də Rusiya futboluna rəhbərlik edir. Keçmiş koperativçilərdən Yuri Kovalçuk bu gün rəsmən 30 milyard rubl, Nikolay Şamalov isə 18 milyard rubl sərvətə malikdir. Yuri Kovalçuk "Rusiya" Bankının 15 faizini, Nikolay Şamalov 12,5 faizini nəzarətdə saxlayır.
Putin hakimiyyətinin ilk illərində Rusiyanın 100 böyük bankı arasında adı olamayan "Rusiya" Bankı "Qazprom"un törəmə müəssisələrindən olan, aktivləri iki milyard dollar qiymətləndirilən Qaz Sənayesinin Sığorta Cəmiyyətinin səhmlərinin 50 faizinə cəmi 58 milyon dollar sərf etməklə sahiblənib. Belə asan yolla "Rusiya" Bankı 2006-cı ildə "Qazprom"un törəmə müəssisələrindən olan qeyri-dövlət pensiya fondu olan "Qazfond" idarəçiliyindəki "Lider" şirkətinin aksiyalarının 75%+1 hissəsini 880 milyon rubla alıb. Bu əməliyyatda iki maraqlı məqam diqqəti cəlb edir:
1) Həmin il "Lider" şirkətinin gəlirləri 1,2 trilyon rubl təşkil eləmişdi. "Lider" şirkətinin alqı-satqısı zamanı diqqət çəkən ikinci maraqlı məqam ondan ibarətdir ki, satıcı qismində alıcı Nikolay Şamalovun oğlu Yuri Şamalov çıxış edib. Çünki bu alqı-satqıdan bir neçə ay əvvəl Yuri Şamalov "Qazfond"un prezidenti təyin olunmuşdu;
2) "Rusiya" Bankının səhmlərinin 3,9 faizinə sahib olan Putinin dayısı nəvəsi Mixail Şelemov sahibi olduğu "Akcept" şirkəti vasitəsilə 2004-cü ildə Qaz Sənayesinin Sığorta Cəmiyyətinin 12,5 faizinə sadəcə olaraq müsabiqə olmadan aşağı qiymətlərlə sahiblənir.
Putinin başqa bir dostu, onunla hələ 90-cı illərdə Sankt-Peterburqda biznes əlaqələri qurmuş Finlandiya vətəndaşı Timçenkodur. Bu gün Rusiyanın ixrac etdiyi neftin 1/3-ni məhz o satır. Dövlətə məxsus neftin 1/3-i xarici ölkə vətəndaşının satmasından və başqa bir Avropa ölkəsinin büdcəsinə vergi verməsindən Rusiya dövlətinin nə əldə etməsini Putindən başqa kimsə bilmir.
Rusiya parçalanmaq təhlükəsi ilə üzləşib
Rusiyaya rəhbərliyi əlindən vermək niyyətində olmayan Putinin dostlarının, qohum-əqrəbasının Rusiyanı necə talan etməsi haqqında müxalifətdə olan siyasətçilərin və partiyaların hazırladıqları sənədlərdə dəhşətli faktlar var. Xüsusiylə, sabiq baş nazir Kasyanovun rəhbərlik etdiyi Xalq Azadlıq Partiyasının hazırladığı "Putin. İtoqi" adlı sənəddə onlarla belə məlumat yer alıb.
Korrupsiya bataqlığında hər ötən gün daha da dərinə batan Rusiyada Putinin ölkəni parçalanmaqdan xilas etməsi haqqında nağıllara inanların sayı durmadan azalır. Rusiyanın başı üzərindən korrupsiya kimi başqa bir təhlükə də asılıb və bu təhlükə Şimal qonşumuzun bir dövlət kimi mövcudluğunu təhdid edir. Bu da demoqrafik böhrandır. Bu gün Rusiya öz tarixinin ən acı demoqrafik böhranını yaşayır. Bu ölkədə ölənlərin sayı doğulanların sayını ciddi fərqlə üstələyir. Əgər bu ölkədəki müsəlmanlar arasında demoqrafik artım olmasa Rusiyada bu böhranın səviyyəsi daha da yüksək olar. Hətta bəzi hesablamalara görə, 2050-ci ildə Rusiyada müsəlmanların sayı xristianların, yəni rusların sayından çox ola bilər. Buna görə də, Rusiyanın yaxın gələcəkdə müsəlman dövlətinə çevriləcəyini iddia edənlər var.
Rus hərbiçiləri öz silahlarından imtina edir
Yanlış idarəetmə və korrupsiya Şimal qonşumuzun qürur yeri olan hərbi sənayesində də ciddi problemlər yaradıb. Artıq hətta Rusiyanın Müdafiə Nazirliyi də yerli silahlar almaq istəmir. Hərbiçilər bunu yerli silahların ABŞ istehsalı bir yana, hətta Çin silahlarından geri qalması ilə izah edirlər. Narazılıq edənlər isə yalnız hərbiçilər deyil.
Aprelin 16-da Moskvada və Rusiyanın bütün iri şəhərlərində müxalifətin izdihamlı mitinqləri keçirildi. Müşahidəçilərə görə, bu, Rusiyada son on ildə baş tutmuş ən böyük aksiyadır. Rusiyada da Azərbaycanda olduğu kimi müxalifət Yaxın Şərq və Şimali Afrika ölkələrini bürümüş inqilablardan ruhlanaraq küçələrə çıxıb. Qərbin Putini yenidən prezident seçkilərində iştirakdan çəkindirməyə çalışması və onu inqilabla hədələməsi də müxalifəti ruhlandırır. Yəni, Rusiyanın yol ayrıcında olduğu göz önündədir. Seçim etmək vaxtına isə bir ildən də az qalır.