Neçə aydır ki, gündəmimiz inqilablardır. Ərəb ölkələrində xalq diktatorların harınlıqlarına, qəddarlıqlarına, zülmkarlıqlarına boyun əyməkdən usanaraq meydanlara çıxdı. Ərəblərin haqq mübarizəsi Azərbaycan ictimaiyyətinə də ruh verdi, mübarizə əzmini yüksəltdi. Uzun illərdir mübarizə əzmi ayaqlar altına düşən xalqımız da sözdə yox, əməldə dəyişiklik etmək iradəsini ortaya qoymaq fikrindədir.
Sosial şəbəkələrdəki fikir mübadilələrinə diqqət yetirmək kifayətdir. Artıq hamı ayılıb, hamı inqilab istəyir, hamı ölkənin milyonlarında pay istəyir. Təbii ki, insanlar Kəmaləddin Heydərovun, Ziya Məmmədovun, Rövnəq Abdullayevin istədiyi “pay”dan yox, öz haqqını istəyir. Bu nazirlər necə bu torpağın üstündə dünyaya gəlibsə, sıravi müəllim də, həkim də, fəhlə də, elə jurnalist də burda doğulub və ölkənin sərvətlərindən yararlanmaq haqqı var. Bu səbəbdən də indi hər kəs haqqını istəməyə başlayıb. Nə yazıq ki, bu ölkədə haqqını istəyənin ağzından vururlar. Sözümün canı bu deyil. Mətləbə keçək.
Aktivlik başlayandan bəri yuxarıların kürkünə birə düşüb. Bu dəfə meydana gənclər çıxır. Gənclik isə həmişə demokratiyaya allergiyası olan hakimiyyətlərin kabusu olur. Bizdə də nədənsə gənclikdən yaman qorxurlar. Aksiyalarda gənclərə qarşı xüsusi amansızlıq, bir neçə gənc qələm sahibinin qoçu hücumuna məruz qalması, gənlərin həbsi hamının gözü önündədir. Aparılan siyasət, tutulan yol mübarizə deyil, rəzalətdir. Çox təəssüf ki, millətin gələcəyini baltalamaq, 5-10 il sonra müti, qul təfəkkürlü, sındırılmış bir cəmiyyətin forrmalaşdırmaq siyasəti başlayıb.
Diqqət yetirin, gələcəyindən müsbət gözləntilərimiz olan gəncləri televiziyaya çıxarıb məddahlığa, yaltaqlığa, ədalətsizliyə sövq edirlər. O gənclərin xəbəri belə yoxdur ki, Azərbaycanda nə baş verir, müxalifət nə edir. Amma bir neçə söz əzbərlətdirib gələcəkdə azad fikirli bir dövlət xadimi, haram yeməyən məmur və başqa hansısa peşə sahibi olacaq gənclərimizi indidən məddahlığa, yaltaqlığa öyrədirlər. Bir qədər keçəndən sonra o gənclərin bəlkə də hamısı bu çıxışlarından utanacaqlar, mənən sındırıldıqlarını düşünəcəklər. O gənclərin hamısını üzündə məcburiyyətə bürünmüş bir kədər açıq aydın sezilirdi. Mən hələ bütün adət-ənənəni, abır-həyanı kənara qoyub bəzilərinin minlərlə insanın rəğbət bəslədiyi bir müxalifət liderinini evinin qarşısına göndərilməsini demirəm...
O biri təhəfdən müxalıfət partiyalarının üzvü olan gənclər oxuduğu məktəbdən qovurlar, cibinə nəşə atıb tutdururlar, bu azmış kimi aksiyaya çıxanda elə qəddarlıqla döyürlər ki, adama elə gəlir ki, bunlar bizdən deyil. Amma dinləyən yoxdur ki, bu gənc nə deyir. Gənc deyir ki, rüşvətsiz təhsil ver, pulsuz səhiyyə ver, demokratiya ver, azad söz deməyə imkan yarat, sərbəst toplaşmaq haqqını tanı, ədalətli seçki keçir, ən nəhayət yediyindən mənə də ver. Bu tələblərin hamısı haqlı tələbdir, ən ali qanunumuzda da təsbit olunub.
Yaxşı, haqlının haqqının vermirsiniz, özünüz bilərsiniz, bir də Allahınız. Bəs niyə gələcəyimizi mənən sındırıb zəlil gününə qoyursunuz? Görəsən, birini yaltaqlığa, məddahlığa məcbur edərək, o birisini zorla, güclə sındıraraq milləti mütiləşdirdiyinizin fərqindəsinizmi? Deyilsinizsə, fərqində olun. Çünki bu ölkədə sizin övladlarınız, nəvələriniz və gələcək törəmələriniz də yaşayacaq. Bizə qaməti sındırılmış, əqidəsi zorlanmış gələcək lazım deyil.