Azərbaycan müxalifətinin əsas hissəsinin birləşdiyi İctimai Palata 2 aprelə mitinq təyin edib və hakimiyyətin münasibətindən asılı olmayaraq etiraz aksiyasını keçirməkdə israrlıdır. Uzun illər yalnız hakimiyyətin icazə verdiyi yerdə və vaxtda kütləvi aksiyalar keçirən müxalifət, artıq iqtidarın müəyyən etdiyi şərtlərlə fəaliyyət göstərmək niyyətində olmadığını nümayiş etdirməklə yanaşı, özünün şərtlərini də diqtə etməyə başlayıb. Belə demək mümkünsə, 1993-cü ilin iyunundan sonra ilk dəfədir ki, iqtidar müdafiə mövqeyinə çəkilib, müxalifət isə 18 il ərzində sığındığı "səngər"dən meydanlara çıxmaq qərarı verib.
Azərbaycanda yeni siyasi vəziyyətin yaranmasına səbəb olan xarici və daxili faktorları qeyd etmədən, proseslərin inkişaf dinamikasını müəyyən etmək olmaz. Xarici faktorlar sırasında əsasən dünyanın bir çox ölkələrini bürümüş inqilab dalğasını ilkin olaraq qeyd etmək lazımdır. Tunisdə başlayıb dünyanın dörd bir yanında əks-səda verən inqilab dünyanın siyasi düzənini dəyişdiyi kimi, oyun qaydalarını da əsaslı şəkildə dəyişməkdədir. İnqilab dalğasının Liviyada qarşısının alınacağını güman edən və bunu gizli bir sevinclə dilə gətirənlər deyəsən, yeni inqilab dalğasının dünyanın oyun qaydalarını dəyişməsinin fərqində deyillər. Amma artıq Qərb on milyardlarla sərvəti olan və hakimiyyəti qəsb etmiş diktatorların nazı ilə oynamaq niyyətində olmadığını açıq şəkildə nümayiş etdirir. Liviya diktatoruna qarşı hərbi əməliyyatları şərh edən Fransanın xarici işlər naziri A.Jupe bu hadisəni avtoritar rejimlər üçün xəbərdarlıq adlandırıb. Bu da o deməkdir ki, artıq beynəlxalq birlik diktatorların hakimiyyətinə güc yolu ilə də son qoymağın presidentini yaradıblar və bunun tezliklə beynəlxalq konvensiya halına gələcəyinə şübhə ola bilməz. Faktiki olaraq qanundankənar elan olunan Müəmmar Qəddafini və onun yaxın ətrafını isə törətdikləri cinayətlərə görə beynəlxalq məhkəmədən yalnız ölüm xilas edə bilər. Onun haqqında başlanmış cinayət işi də faktiki olaraq hakimiyyət başında olan bir dövlət başçısının antidemokratik əməllərinə görə məsuliyyətə cəlb edilməsini mümkün edən presidentdir. Hələlik, Qərb dövlətləri Liviya diktatoruna qarşı hərbi əməliyyatlar aparmaqla yanaşı, demokratik prinsiplərin daha geniş ərazilərə yayılması üçün bütün sahələrdə fəallaşıblar. Avropa Birliyi, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatların və birliklərin əsas gündəm mövzusunu demokratiyanın daha geniş ərazilərə yayılması təşkil edir.
Artıq dünyada avtoritarizmin geri çəkildiyi, demokratik proseslərin çox böyük sürətlə yayıldığı dövrdür. Bunun ən bariz nümunəsi dünyanın ən böyük güclərindən olan Rusiya və Çinin BMT-nin Təhlükəsizlik Şurasında Liviya diktatoruna qarşı hərbi güc tətbiq edilməsinə "yaşıl işıq" yandıran 1973 saylı qətnaməyə veto qoymaqdan çəkinərək bitərəf qalmalarıdır. Başqa bir örnək isə bir neçə ay əvvəl təkpartiyalı sistemə keçmək niyyətini gizlətməyən və bu məqsədlə Çinin təcrübəsini öyrənən Rusiyada indi tamamilə fərqli proseslərin baş verməsidir. Belə ki, prezident Dmitri Medvedyev "Vahid Rusiya" Partiyasının cəmiyyətdəki rolunun azaldılmasını, müxalifətin güclənməsini və onun bütün səviyyəli seçkili orqanlarda təmsil olunmasını özünün məqsədləri sırasına daxil etməsi dünyanın sürətlə dəyişdiyini göstərən başqa bir misaldır. ABŞ-ın vitse-prezidenti Con Baydenin Moskvaya səfəri zamanı avtoritarizmin ən güclü nümayəndələrindən biri olan Putini inqilabla hədələməsi də dünyanın son bir neçə ay ərzində əsaslı şəkildə dəyişdiyini göstərir. Azərbaycan müxalifətinin ardıcıl mitinqlər keçirməklə etiraz aksiyalarına start verdiyi bu mart günlərində bütün dünya boyunca avtoritarizmin geri çəkilməsinin və demokratik proseslərin sərhədlərinin genişlənməsi aşkar müşahidə olunur ki, bu da bizim ölkədə baş verən siyasi proseslərə ciddi təsir göstərir.
Azərbaycan müxalifətinin iqtidarı inqilabla hədələdiyi bu mart günlərində prosesə təsir edə biləcək xarici faktorların hakimiyyətin maraqlarını təmin etmədiyi aydın göründüyü kimi, daxili faktorlar da iqtidar üçün ürəkaçan deyil. 18 illik hakimiyyəti ərzində iqtidar dünyəvi müxalifətin mövqeyini sarsıtsa da, onu siyasi səhnədən silə bilmədi. Bununla yanaşı, indi hakimiyyətin qarşısında həm də dini müxalifət var. Artıq islamçı müxalifət də meydanlara çıxmaq qərarı verib. Bu isə hakimiyyət üçün ciddi təhlükələr vəd edir. Dünyəvi müxalifət cəbhəsində də etiraf edirlər ki, mövcud iqtidarın hakimiyyətinə son qoymağın ən qısa yolu islamçı qüvvələrlə birləşməkdir. İslamçılar isə dünyəvi müxalifətin təklifi olmadan belə, meydanlara çıxmaq qərarı verib və mitinqlərə ən azı 10 min nəfər çıxaracaqlarını vəd edirlər. Bütün bunlar hakimiyyətin əleyhinə olan faktorlar olsa da, ən ciddi faktor bütün ölkə boyunca insanlarda fəallaşmanın müşahidə edilməsidir.
Ərəb dünyasında baş verən proseslər ən ucqar kəndlərdə belə əks-səda doğurub və insanlar siyasi proseslərə xüsusi maraq göstərirlər. Azərbaycan hakimiyyətinin son zamanlar atdığı müəyyən addımları isə onun geri çəkilməsi və qorxması kimi dəyərləndirən kütlə, özünü daha inamlı hiss etməyə başlayıb. Hakimiyyətin inqilab və müxalifət əleyhinə təbliğatı da kütlə tərəfindən iqtidarın proseslərdən qorxması kimi qiymətləndirilir və ilk növbədə onun əleyhinə işləyir. Bütün bunlar hakimiyyətin manevr imkanlarını məhdudlaşdırır və onu proseslərin ardınca sürünməyə vadar edir. Bütün hakimiyyətlər üçün də ən qorxulu məqam məhz budur. Təşəbbüsü əldən vermək isə hakimiyyəti itirməyin başlanğıcıdır. Əgər qısa zamanda iqtidar bir neçə ciddi qərar verməsə, təşəbbüsü müxalifət ələ alacaq. Ölkədə inqilabi vəziyyətin yaranmaması üçün iqtidar qısa zaman ərzində vaxtından əvvəl, bu ilin payızında parlament seçkiləri keçirmək qərarı verməlidir. Çünki bir müddətdən sonra belə bir qərar da onu xilas etməyə bilər. Proseslər qızışmamış və kütlələr meydana çıxmamış ölkənin siyasi gündəmi dəyişməlidir.
Məlum olduğu kimi, Azərbaycanın mövcud parlamentinin legitimliyi beynəlxalq təşkilatlar və dünyanın güc mərkəzləri tərəfindən şübhə altına alınıb. Xalq isə son parlament seçkilərini passiv boykot etməklə, özünün mövqeyini hələ ötən ilin payızında ortaya qoyub. Proseslərin inqilabi vəziyyət həddinə gəlib çatmaması üçün siyasi gərginliyi azaltmaqla yanaşı, sosial-iqtisadi problemlərin həlli istiqamətində də ciddi addımlar atılmalıdır. Ölkədə bahalığın əsas səbəbi olan inhisarçılığı yaradan məmurlar dərhal istefaya göndərilməli, iqtisadi azadlıqlar təmin olunmalıdır. İqtisadi azadlıqların təmin olunmasının zəruriliyini hətta iqtidara loyal münasibəti ilə seçilən siyasi qüvvələr də etiraf edirlər. Bundan başqa, hakimiyyət tamamilə nüfuzdan düşmüş məmurlarla yollarını ayırmalı, onları tamamilə yeni kadrlarla əvəz etməlidir. Burada yer dəyişdirmələrlə keçinəcəyini düşünmək, özünü aldatmaqdan başqa bir şey deyil. Başda baş nazir Artur Rəsizadə olmaqla Ќazirlər Kabinetinin əksər üzvülərinin vəzifə başında saxlanılması hər ötən gün iqtidarın daha çox əleyhinə işləyir. Özünü tamamilə nüfuzdan salmış icra başçılarının vəzifə başında bir gün daha artıq qalması da inqilabi şəraiti yaradan amillərdəndir. Göründüyü kimi, müxalifətin ilk birgə etiraz aksiyası ərəfəsində iqtidarın vəziyyəti o qədər də ürəkaçan deyil. Lakin iqtidarın manevr imkanları həmişə var. Ancaq bu, etiraz aksiyalarının qarşısını güc tətbiq etməklə almaqdan ibarət deyil. Siyasi prosesləri güc strukturlarının vasitəsi ilə həll etməyə cəhdin özü belə ölkəni xaosa sürükləyə bilər. Məmurlara və zənginlərə nifrətin son dərəcə yüksək olduğu bir ölkədə isə bunun necə ağır nəticələr verə biləcəyini təsəvvür etmək çətin deyil. Əgər buraya Azərbaycanda xaos və anarxiyanın yaranmasında maraqlı olan xarici dövlətlərin vəziyyətdən yararlanmaq istəklərini də əlavə etsək, vəziyyəti daha aydın təsəvvür etmək olar. Göründüyü kimi, ölkə daha bir çətin sınaq qarşısındadır. Bu vəziyyətin məsuliyyəti isə bütün dövrlərdə olduğu kimi, iqtidarın üzərinə düşür.