Azərbaycan iqtidarı ciddi dəyişikliklər etməsə vəziyyət nəzarətdən çıxa bilər
Ötən həftə baş tutan iki etiraz aksiyası ilə Azərbaycanda inqilabi proseslər yeni mərhələyə qədəm qoydu. Bu aksiyalara kimi müzakirələr əsasən Azərbaycanla inqilabların baş verdiyi ərəb ölkələri arasında oxşarlıqların olub-olmaması üzərində gedirdi. Azərbaycanın ərəb dünyası ilə müqayisəsi isə cəmiyyətin bir qisminin hislərinə tam cavab verirsə, digər bir qism belə müqayisələri qəbuledilməz sayır və qətiyyətlə belə müqayisənin əleyhinə çıxır. Ancaq ölkədə yaranmış hazırkı vəziyyət Azərbaycanla ərəb ölkələri arasındakı oxşarlıqlardan xəbər verir.
Etiraf etmək lazımdır ki, inqilab haqqında müzakirələri onun üçün münbit şərait olan yerdə aparmaq olar. Demokratik cəmiyyətlərdə belə müzakirələr ya aparılmır, ya da aparılsa belə, kimsə bundan narahat olmur. Çünki vətəndaşların hökumətin siyasətinə etiraz etməsi, onu hansısa addımdan çəkindirməsi artıq adi hal hesab olunmaqla vətəndaşların qanuni haqlarına çevrilib. Ancaq başqa cəmiyyətlərdə bu mümkün olmadığı üçün, inqilab haqqında müzakirələrə zərurət yaranır. Keçmişdə inqilablar tamamilə gizli hazırlanırdısa, indiki postmodern inqilablar sosial şəbəkələrdə açıq müzakirə olunur. Lakin keçmiş və bugünki inqilabları birləşdirən bir amil var. Rus inqilabının rəhbəri V.İ.Leninin dediyi kimi: "Yuxarılar əvvəlki qaydada idarə edə bilmir, aşağılar əvvəlki qaydada yaşamaq istəmir". Azərbaycanda da təxminən eyni vəziyyət yaranıb. Hakimiyyət daha əvvəlki qaydada idarə edə bilmir. Bunun ən bariz nümunəsi yumurtanın qiymətinin endirilməsi ilə bağlı məsələyə dövlət başçısı səviyyəsində müdaxilədir. Bakı Şəhər İcra Hakimiyyətində paytaxt və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədəki çıxışında prezident İlham Əliyev yumurtanın qiymətinin qalxmasına münasibət bildirərkən qiymətin süni şəkildə artırıldığını söyləyib və araşdırılması üçün göstəriş verdiyini də bildirib. Yumurtanın qiymətinin süni şəkildə artırıldığını bildirən dövlət başçısı, günahkarların cinayət məsuliyyətinə cəlb olunacağının anonsunu da verib. Burada haşiyə çıxaraq bir neçə il əvvəl böyük maliyyəçi Corc Sorosun Böyük Britaniyanda yüzlərlə adamın müflis olmasına gətirib çıxarmış maliyyə əməliyyatını xatırlatmaq istərdik. Bununla bağlı tənələrə cavab olaraq Corc Soros demişdi: "Ayıb hökumətə olsun ki, belə maliyyə əməliyyatlarının qarşısını almağa qadir deyil". İndi yumurta istehsalçısının nə günahı var? Artur Rəsizadə başda olmaqla Ќazirlər Kabineti hara baxırdı? Yumurtanın qiymətinin qalxması haqqında məlumatı prezidentdənmi eşitdilər? Ona görə də prezident yumurtanın qiymətini bahalaşdıranların cinayət məsuliyyətinə cəlb edilməsi haqqında göstəriş verməzdən əvvəl ən azından kənd təsərrüfatı naziri İsmət Abbasovla iqtisadi inkişaf naziri Şahin Mustafayev vəzifələrindən kənarlaşdırılmalıydı.
Əgər bu gün inqilab haqqında müzakirələri meydana çıxaran səbəblərdən biri inhisarçılıq olmasaydı, yumurtanın qiyməti də belə qalxa bilməzdi. Bazar iqtisadiyyatının planlı sovet iqtisadiyyatından üstünlüyü ondan ibarətdir ki, bazarda hər hansısa bir mala təlabat yarananda məsələyə dövlət başçısı müdaxilə etmir, tələbə uyğun təklif qanunu işə düşür. İstehsal azalıbsa, həmin məhsulu iş adamları dərhal xaricdən idxal edib bazara çıxarırlar. Bunun üçünsə inhisarçılığı aradan qaldırmaq lazımdır. Yumurtanın qiymətinin qalxmasına dövlət başçısı səviyyəsində müdaxilə edilməsi Azərbaycanda bürokratik aparatın iflic olduğunu da göstərdi. Bu qədər kiçik bir məsələnin həllini tapması üçün prezidentin müdaxilə etməsimi lazımdır? Belə vəziyyət Azərbaycanda ciddi kadr dəyişikliklərinə ehtiyac olduğunu göstərmirmi?
"Ќovoe Vremya" qəzetinin 12 mart 2011-ci il tarixli sayında hüquq müdafiəçisi Leyla Yunusla Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov arasındakı dialoq çap olunub. Həmin dialoqu oxuduqdan sonra mövcud iqtidarın paytaxı kimə həvalə etdiyinə təəccüblənməmək olmur. Bundan sonra H.Abutalıbov adında adamı paytaxtın rəhbəri postunda saxlamaq üçün görəsən iqtidar hansı arqumenti gətirə bilər?
Ciddi dəyişikliklərə zərurət olduğunu hətta iqtidaryönlü deputatlar da inkar etmirlər. Bəziləri büdcəni talayanlara qarşı inqilaba çağırış da edirlər. Deməli, dəyişiklik tələb edən yalnız radikal müxalifət və onun təsir dairəsində olan gənclər deyil. İqtidaryönlü deputatların da bunu istədiyini nəzərə alsaq, belə qərara gəlmək olar ki, əksəriyyət dəyişiklik istəyir. Bu həm də aşağıların əvvəlki qaydada yaşamaq istəməməsinin göstəricisidir. Bütün bunlar Azərbaycanda dəyişikliklərin zərurətə çevrildiyini göstərir. Əgər bu dəyişikliklər yuxarıdan başlasa, o zaman bu, islahat olacaq. Yox, əgər yuxarılar islahatdan çəkinsə, onda aşağılar bu prosesi öz üzərinə götürəcəklər. Burada islahat əvəzinə imitasiya ilə keçinə biləcəklərini düşünənlərsə, odla oynadıqlarını anlamalıdırlar.
Dəyişiklikləri zəruri edən xarici faktor
Azərbaycanda bir qism siyasətbaz var ki, ölkənin dünyada baş verən proseslərdən kənarda qalacağına inanır və yaxud da özünü buna inanmış kimi göstərir. Dünya maliyyə böhranı ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Rusiya, Çin və Braziliya kimi dövlətləri sarsıdanda da bizim siyasətbazlar ölkəmizin bu prosesdən kənarda qalacağını bildirirdilər. Ancaq sonradan qiymətlər qalxıb, tikinti bumu sabun köpüyü kimi yatanda bunu dünya maliyyə böhranı ilə izah etməyə başladılar. İndi də eyni proses gedir. Bir çoxları ölkəmizin Tunisdə başlayan və bütün dünyaya yayılan inqilabi dəyişikliklərdən kənarda qalacağını iddia edir. Fikirlərini əsaslandırmaq üçünsə, Azərbaycanla ərəb dünyası arasında güclü bağlılığın olması və ölkələrdəki şəraitin fərqli olduğu göstərilir. Bir çoxları ərəb dünyasında baş verən prosesləri Yaxın Şərq və Şimali Afrikada mövcud olan problemlərlə izah etməyə çalışır. Əlbəttə, bu regionda mövcud olan problemlər baş verən hadisələrin önəmli səbəbləridir. Ancaq ən önəmli səbəb deyil. Tunisdə prezident Abidin bin Əlinin istefası ilə başlayan və artıq dünyanın dörd bir yanına yayılan inqilabi proseslərin bünövrəsi əslində üç il əvvəl ABŞ-da qaradərili bir şəxs, Barak Hüseyn Obama bu ölkənin tarixində ilk dəfə prezident seçilərkən qoyulub. ABŞ tarixində ilk dəfə baş verən bir hadisənin özü də "Dəyişiklik" şüarı altında baş tutmuşdu. İndi məlum olur ki, Barak Obamanın seçkiqabağı şüarı olan "Dəyişiklik" yalnız Birləşmiş Ştatlara aid edilmirmiş. Bu dəyişiklik bütün dünyada, xüsusilə də bu hadisəyə daha çox ehtiyac duyulan regionlarda da baş verməliymiş. Qaradərili, əcdadlarının müsəlman olduğu və özünün də dini görüşləri tam aydın olmayan birinin hakimiyyətə gəlməsi bu dəyişikliklər üçün çox gözəl atmosfer yaratdı. Buna görə də dəyişikliklərə müqavimət göstərmək dağ çayında suyun axınının əksinə üzmək kimi bir şeydir. Liviyada olduğu kimi. Kimlərsə Abidin bin-Əlini qətiyyətsizlikdə, prosesləri nəzarət altına ala bilməməkdə ittiham edə bilərdi. Ancaq keçmiş ordu generalı, 32 il Misir kimi böyük və mürəkkəb bir dövlətə başçılıq etmiş Hüsnü Mübarək haqqında belə düşünmək mümkün deyil. Həqiqət isə ondan ibarət idi ki, istər Abidin bin-Əli, istərsə də Hüsnü Mübarək sonun gəldiyini başa düşdülər və böyük faciələrə imza atmadan siyasi səhnədən getdilər. Bunu başa düşməyən Müəmmar Qəddafi isə ölkəsini qan gölünə çevirməklə yanaşı, özünü və yaxınlarını qanundan kənarda qoyub. İndi bu dünyada nə Müəmmar Qəddafiyə, nə də onun ailə üzvlərinə sığınmaq üçün bir yer tapılmır. Postsovet məkanında bəziləri Müəmmar Qəddafinin etirazçılara divan tutmağa başladığı ilk günlərdə inqilabi proseslərin qarşısının alınacağını düşünərək sevinir və Liviya diktatorunu öyürdülər. Məsələn, Rusiyanın baş nazirini dəstəkləyən "Ќaşi" Gənclər Hərəkatının rəhbərlərindən biri öz bloqunda hətta Liviya diktatorunu alqışlayan yazı da yerləşdirmişdi. Ancaq rəsmi Moskvanın Qərb dövlətlərinin ardınca Liviyada baş verənləri pisləməsi putinpərəstləri geri addım atmağa məcbur etdi və həmin yazı dərhal bloqdan yığışdırıldı. Bu, dünyanın hərbi qüdrətinə görə ikinci dövləti olan Rusiyada yaşananlardır.
Azərbaycanda isə vəziyyət daha acınacaqıdır. Seçkidə 100 nəfərin səsini almaq gücündə olmayan bir deputat ABŞ-a müharibə elan eləmək həddinə qədər özündə güc tapır. Azərbaycan tamaşaçısının baxmaq istəmədiyi bir telekanal isə Qəddafinin qanundan kənar elan olunmuş dəstəsinin bir yaşayış məntəqəsini müxalifətdən geri almasını sevinclə xəbər verir. Sanki bununla Qəddafi bütün dünya üzərində qələbə çalıb. Və yaxud da 100 nəfərin səsini qazanmağa qabil olmayan deputatın ABŞ-ı onun öz təbirincə desək "vurması" guya Vaşinqtondakıların canına üşütmə salıb. Belələri Qərbin 42 illik hakimiyyətdə olan Qəddafi iqtidarını qanunsuz elan edib, onun əleyhinə çıxanları ölkənin qanuni təmsilçisi kimi tanımaq gücündə olduqlarını doğrudanmı görmürlər? Hələlik isə "Don Kixot"ların yel dəyirmanları ilə döyüşü davam edir...