Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  17:38 10.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Firuz Mustafa : Ağı (monohekayə)

  Sayta qoyulub: 17:52 18.05.2009 (593 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələ keçinməyib, deyəsən. Nəfəsi gəlib-gedir...
Bacıları indidən ağlaşma qurublar: "Beş bacının tək qardaşı vay..." Ağrım ürəklərinə olsun sənin o ağı deməyə hazırlaşmış bacılarının. Neçə ilin xəstəsisən, bu vaxtacan heç birinin yadına düşməmisən. İndi eşidiblər ki, son nəfəsindir, it ilxısı kimi tökülüşüb gəliblər üstünə. Yəqin ki, başqa istəkləri də var bu gülməşəkərlərin. Nə bilmək olar, bir də görəcəksən ki, ata mülkü-zad haqqında iddia qaldırdılar. Nə desən gözləmək olar sənin bu çəphəya bacılarından. Mən öz baldızlarımın qırımına yaxşı bələdəm.
Bunlar haradan bilir ki, mən sənin əlindən nələr çəkmişəm? Yox, deyəmmərəm ki, davakar, kür adam olubsan, məni döyüb incitmisən. Belə şeylər olmayıb. Heç mən özüm də belə şeylərə imkan verməzdim. Gərək kişinin qantarğasından möhkəm yapışasan, yoxsa qadının başı həmişə qeylü-qalda olar. Bəs sənin nəyindən, hansı işindən narazı olmuşam? Heç razı qaldığım işin olub ki, bəyəm?..
Gözünü açandan idarə başçısı olubsan. Qıraqdan baxan da fikirləşib ki, yəqin bu zalım oğlu qaz vurub qazan doldurur. Altında maşını, qabağında katibəsi, əlinin altında sürücü. Amma nə olsun ki?.. Bütün bunlardan kimə nə fayda? Nə özünə bir gün ağlamısan, nə bizə? Biz deyəndə ki, oğlumla özümü deyirəm? Hərdənbir, əvvəllər, sən sağ-salamat olanda, mən "oğlum" - deyəndə qaş-qabağını tökərdin. Başa düşürdüm səni, hətta, danışmasan da ürəyindən keçənləri yaxşı duyurdum. Demək istəyirdin ki, necə yəni "oğlum", bəyəm o, təkcə sənin oğlundur? Hə, elədir, bilmək istəsən o təkcə mənim oğlumdur, onu mən təkbaşına özüm əkib becərmişəm. Heç sənə dəxli var bu necə olub?.. Onun atası da mən özüməm, anası da?
Səndən olsaydı mən evdar qadın kimi qarıyıb qocalmalı idim. Yaxşı ki, vaxtında başım işlədi, sənin saqqızını oğurlaya bildim. Heç olmazsa sənin rektor tanışının hesabına qiyabi də olsa ali təhsil aldım, özüm öz gücümə instituta laborant düzəldim. Hələ üstəlik müdafiə də elədim?
Həmişə ağız büzmüsən mənim uğurlarıma: bunlar sənin nəyinə lazımdır, nəyin çatışmır? - demisən. Amma ömrünün axır vaxtlarında yorğan-döşəyə düşəndən sonra deyəsən, bir balaca ağıllanıb anlamağa başladın ki, bütün bunların hamısı lazım imiş: ad-san da, var-dövlət də, ev-eşik də, lap elə övlad da... Nə bilim, bəlkə heç onda da anlamadın...
Məncə, kafedra müdiri ilə aramızdakı münasibət haqqında da nəsə eşitmişdin? Bəlkə də kənardan heç nə eşitməmişdin, elə-belə duyuq düşmüşdün; axı, haqq üçünə, səndə bəzi şeyləri əvvəlcədən hiss etmək qabiliyyəti vardı. Hər nə isə, həmişə evdə o kişinin - müdirimizi deyirəm, adını eşidəndə elə bil başından qaynar qazan endirirdilər. Bəs mən nə etməliydim? Nə səndən bir düz-əməlli ərlik görürdüm, nə qohum-əqrəbandan bir xoş münasibət? O kişi, əsl kişi kimi, mənim çox işimə yarayıb: dissertasiyamın yazılmasında, tələbə qəbulunda, hələ başqa işləri demirəm. Nə olsun ki, indi qocalıb. Elə mən də qocalıram... Sən o vaxtlar mənim pulumla evə alınan mebelləri, özümə, oğluma tikilən pal-paltarı görəndə daş atıb başını tuturdun. "Haradandı bu pullar?" - deyə bar-bar bağırırdın. "Sənə nə var haradandır? Belə lap oğurluq, pozğunluq edib qazanıram, sonra?..." Görürdüm xətrinə dəyir, hərdən yalan danışmalı olurdum - "lotoreya oynayırıq" - deyirdim. Neyləyim axı, hər halda necə olsa da neçə il bir yastığa baş qoymuşuq. Sənə "təmiz" adam deyirdilər, elə buna görə də arabir zarafatla sataşardım: "Təmiz adam hər gün hamama gedənə deyirlər..."
İndi bacıların ağı deməyə hazırlaşır, ta bilmirlər ki, mən nələr çəkmişəm sənin ucbatından. Həmişə tələb edərdin ki, mənim evimə haram tikə gəlməsin, mənim ocağımın başında yalan deyilməsin, mənim yanımda qeybət qırılmasın. İndi görürsənmi nə qədər avam olmusan? Heç olmazsa son nəfəsində dünyanı başa düşüb dərk edə bilirsənmi? Çətin... Qozbeli qəbir düzəldər; elə onun da düzəldəcəyi sual altındadır... Həmişə deyərdim ki, ay rəhmətliyin oğlu, bu zamanada halal yaşayan, düz danışan adam tapmaq dəryada balıq sövdasıdır. Nə düzlük, nə doğruluq? Kimin əlində imkan varsa, talayır, dağıdır, oğurlayır. Düz adam düzdə qalar... O ki qaldı yalana... İndi yalan danışmayan var ki? Odu ey, o televizorda o yaşda ağsaqqal kişi and-aman eləyib deyir ki, mən həmişə dindar olmuşam, Allaha inanmışam. Halbuki sən neçə illər onun əlinin altında işləmisən, hətta, yadımdadı ki, idarənizdə ateizm təbliğatını zəif apardığın üçün töhmətə layiq görülmüşdün... Danışdıqları başdan-ayaqa yalandır. Ya elə onun yanındakı o ağbaş tosqun. Özünü elə dartır, düzlükdən-doğruluqdan elə danışır ki, tanımayan deyər bəs dünyanın ən təmiz adamlarından biridir... Mələkdir... Mənim müdirimlə instituta nə qədər uşaq düzəldiblər qəbul imtahanlarında... Nəsillikcə hamısı yırtıcıdır, talançıdır, amma nəsillikcə hamısı ağzını açanda düzlükdən-təmizlikdən danışır. Yoxsa ki, sən? Vicdan belə gəldi, qeyrət belə getdi. Yaxşı ki, müdirimlə olan əlaqələrimizin kökünə vara bilmədin o vaxt. Bəlkə də xəta çıxardı əlindən. Yaxşı deyiblər ki, yerə baxan, sakit görünən adamdan nə desən gözləmək olar. Amma nədənsə heç vaxt dərk etmək istəməmisən ki, mən qadınam, sən kişisən, mənim öz istəyim, sənin öz məqsədin olmalıdır.
Səninçün bu gen dünya - iş, hə, bir də ki iş yeri olub. Öz işçilərinin maaşından ötrü nazirinizlə qanlı-bıçaq olmuşdun. Məni yandıran odur ki, bir qəpiklik xeyrin olmaya-olmaya çoxları ilə üz-göz idin. Quru hörmət, ehtiram kimin nəyinə lazımdı ki? Özünün qurduğun o aləmində sən ideal cəmiyyət adamı, ya da ki, nə bilim, cəmiyyətin ideal adamı idin. Mən səni başa sala bilmirdim ki, ideal adam - dəlilərdir, ideal cəmiyyət isə elə hamının pullu-dövlətli olduğu cəmiyyətdir. Mızıldanıb deyirdin ki, yox, o cəmiyyət çox yaxındadır - lap burnumuzun ucundadır və o cəmiyyətdə mal-pul söhbəti olmayacaq, mənəvi dəyərlər hər şeydən üstün olacaq. Ha-ha-ha... Mən ürəyimdə gülürdüm sənin sərsəmləmələrinə, sənin o "ideal cəmiyyəti"nə. Mənim tələbəm vardı ey, sonra sən öz yanında işə götürdün, sürücün oldu. Həmişə deyərdin ki, çox təmiz, namuslu oğlandır. İndi o "təmiz, namuslu" oğlan milyonlar fırladır, sağlığına qismət. Sonralar o keçmiş tələbəm məni öz oğlumla, hə, hə, öz oğlumla dağlara istirahətə apardı. Oğlum onda körpə idi, sənin də ki, həmişə olduğu kimi işin başından aşıb tökülürdü. Çox fərasətli oğlanmış... Mənim tələbəm, sənin sürücün... Hə, onu deyirəm, o yay o dağlarda əsl istirahətin, əsl gəncliyin, sevincin, xoşbəxtliyin tamını, bəlkə də ömrümdə ilk dəfə daddım. Əgər sən onda üryimdən keçənləri hiss etsəydin, bilsəydin ki, mən o vaxt o dağlarda qalmaq və məmnuniyyətlə, o oğlanın kənizi, qulu, lap elə onun əbədi aşnası olmağı arzulayam, yəqin ki, sən ya ağlını itirib dəli olar, ya da ki, məni ət baltası ilə doğram-doğram edərdin - sənin kimi, yerəbaxan, kinli, sakit adamdan nə desən gözləmək olardı. İndi o, "oğlan" yenə bizə gəlib-dedir, amma aramızda o münasibətlər yoxdur və elə bil ki, heç vaxt da heç nə olmayıb... Amma o vaxt gözünün qabağındaca sənin əfəlliyindən, avamlığından barlanıb necə irəli getdi. İndi şəhərdə beş kişidən biridir. Yaxşı ki, öz oğlumu vaxtında qoşdum ona, əli çörəyə çatdı. Sənə qalsaydı, uşaq indi düzdə qalmışdı.
Ta olan olub, keçən keçib, qoy heç olmasa indi düzünü deyim- sən məni eşidə bilməsən də... Evdə mənim ürəyimi açan gülər üzünü, xoş rəftarını görmədim sənin. Hələ illər uzunu həsrətlə, sövq-təbii bir qadın istəyilə gözlədiyim və bircə dəfə də qismətim olmayan tumarını, sığalını qoyuram bir tərəfə... Sanki sən, hətta, biz ikilikdə olanda belə, mənim qadın olduğumu, sənin arvadın olduğumu büsbütün unudurdun. Hələ gündüzləri qoyuram bir yana, sanki hansı realist rəssamınsa təkcə tünd-boğuq rənglərlə sənin sifətinə "çəkdiyi" o qaş-qabağın ucu adətən gecəyə - düz yatağa qədər uzanardı; elə bil ki, sən öz arvadınla yatmağa yox, hansısa çox məsul iclasa hazırlaşardın. Elə bil ki, mənim içimi təlatümə gətirən, hansısa gizli - mübhəm bir istəyin bədənimi sənə doğru çəkdiyi və təkcə ikimizin - sənin və mənim, birlikdə olduğumuz bu uzun, tənha gecələrdə belə, sən ya bilərəkdən öz hərəkətlərinə nəzarət edir, ya da özlüyündə başqa, yad bir adamın sənə, bəlkə də elə hər ikimizə, gizlicə göz qoyduğunu zənn edərək mənim üzə çıxan çılğınlığımın qarşısında öz soyuq rəftarınla bənd-bərələr qurmağa çalışırdın. Mən sübhə qədər yataqda qovrula-qovrula qalırdım-əlbəttə, qəzəbdən, hikkədən... Yataqdakı yumşaq - pərqu yorğan-döşək ağır sal daşlara çevrilib məni sıxar, əzər, xıncalayardı. Belə anlarda mən çox vaxt nədənsə "öz" keçmiş kafedra müdirimi və "öz" keçmiş tələbəmi xatırlayardım. Sənin mənimlə -öz arvadınla bu cür ciddi, az qala rəsmi rəftarına ürəyimdə acı-acı gülürdüm; yataqda bircə boğazının qalstuku çatışmırdı... Başa düşmək istəmirdin ki, hər bir kişinin təkcə iş başında deyil, elə özcə ocağının başında, lap elə öz arvadı qarşısında da bir "vəzifə borcu" olur...
Neçə ildir xəstəsən, iflic olmusan... Bəs indi hanı əl tutduğun o təmiz, namuslu, ideal adamlar, həmişə təriflədiyin dostlar? Gördünmü ki, bu zəmanə əjdaha kimi ağzını açıb ov gözləyir - zəifləri hopp edib udur, güclüləri həzm edə bilmir... Deyirdin ki, ağıl - insanın sönməyən çırağıdır, o, adamın yoluna da işıq salır, qəlbinə də. Mən də bilirəm ki, ağıl insana çox gərəkdir, amma onun şöləsi əvvəlcə adamın öz içində közərməlidir, adamın öz yolunu işıqlandırmalıdır, sonra başqasının... Gör bir neçə ildir qulluq edirəm sənə, üstəlik xidmətçi də tutmuşam, elədən-elə sürüyürük sənin heydən düşmüş bədənini, belədən-belə... Bunların hamısı xərc deyil, pul deyil bəyəm? Uşaq kimi çölə çıxarırıq, əskini yuyuruq, olmayan nazınla oynayırıq sənin. Bəlkə də vaxtında pul qazansaydın müalicəni bir az da yüksək səviyyədə aparmaq olardı - lap elə xarici ölkələrin birinə göndərərdim. Nə bilmək olar, bəlkə də sağalıb ayağa da durardın? İndi nə faydası? Özündən sonra bizə nə yığmısan, nə qoymusan? Xalq belə getdi, dövlət elə getdi... Amma, düzü, bir yandan da fikirləşirəm ki, bəlkə də elə belə yaxşıdır, bir növ sən dünyanın xoşbəxt adamısan; çünki indi son nəfəsində gözün qalmayır bu dünyanın malında, pulunda, varında... Bu dünyaya necə gəlmişdinsə, eləcə də çıxıb gedirsən - tərtəmiz, sakit... Bir az da avam, sadəlövh...
Qaranca nə qədər deyinsəm də, açığı, sən nurlu adamsan. Görürsənmi, neçə gündən bəri tüğyan edən boran necə dincəlib, hava necə açılıb... Elə bil yaz havasıdır. Bayaq eyvana çıxmışdım, məni qəribə bir ətir vurdu - havadan bənövşə ətri, nərgiz ətri gəlirdi. Özüm də mat-məəttəl qaldım. İlin-günün bu vaxtında - qışın tən ortasında bu nə ətirdi belə? Bəlkə də sənin üzünə görə, ürəyinə görə aləm cənnət ətrinə bələnib? Nə bilim, vallah?.. Bəlkə də Tanrı öz sadiq bəndələrini axirətəcən öz nəzərində saxlayır? Mən şəkk etmirəm...
Yaxşı ki, vaxtında hazırlığımı, yəni sənin "hazırlığını" görmüşəm. Kəfən, mağar, qəbir yeri... Hamısı hazırdır. Elə bacıların da başının üstünü kəsdirib səhərdən. Neçə illərdi görünmürdülər, indi son nəfəsdə olduğunu eşidib gəliblər. Bilirəm, məndən incikdilər, guya səninlə onların arasında həmişə qaratikan olmuşam. Eybi yoxdur... Mən hamını bağışlayıram. Yəqin ki, sən də bağışlayırsan məni, bizi, lap elə özünü...
Hə, bu nədir, nəfəsin gəlmir?..
Yoxsa... Deyəsən keçindin?..

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829