Xəqani Cəfərli
Misir inqilabı haqqında Əli Kərimlinin qeyd etmədiyi məqamlar
AXCP-i sədri Əli Kərimlinin Misir inqilabı ilə bağlı qənaətlərini əhatəli bir məqalə şəkilində ictimaiyyətlə bölüşməsi təqdirə layiqdir. Ümumiyyətlə, belə hadisələr haqqında siyasi liderlərin nə düşündükləri ictimaiyyət üçün maraqlı məqamlardandır.
Əli Kərimlinin də Misir inqilabı ilə bağlı “Misir dərsləri” məqaləsi də bu möhtəşəm hadisənin baş verməsini labüdləşdirən səbəblər, prosesin inkşaf dinamikası və ona beynəlxalq aləm tərəfindən verilən siyasi və mənəvi dəstəyin səbəblərinə aydınlıq gətirmək baxımından önəmli olduğu kimi, Azərbaycanı idarə etməyə iddialı bir siyasətçinin bu hadisəyə baxışının nədən ibarət olması baxımından da ciddi ictimai maraq kəsb edir. Bu məqalə həm də Misir inqilabından bizim bir millət və dövlət olaraq çıxarmamız lazım gələn dərslərlə bağlı müzakirələri də şübhəsiz ki sürətləndirəcək. Əli Kərimlinin Misir inqilabının baş verməsinin səbəbləri və ondan çıxarmamız lazım olan dərslərlə bağlı məqaləsinin diqqətləyiq olduğunu bir daha qeyd etməklə, bu qənaətin proseslə bağlı tam yetərli təhlil hesab edə bilməyəcəyimizi də qeyd etmək məcburiyyətindəyik.
Misir inqilabını labüd edən obyektiv səbəblər haqqında
Misir inqilabının obyektiv və subyektiv səbəblərini göstərən Əli Kərimlinin bəzi məqamları qeyd etmədiyini görürük. Birinci diqqəti çəkən məqam ondan ibarətdir ki, Əli Kərimli Misir inqilabının baş verməsinin obyektiv səbəblərini birmənalı olaraq Hüsnü Mübarək rejiminin daxili siyasətinin nəticələrində görür. Ancaq, o da məlumdur ki misirliləri Hüsnü Mübarək rejiminə qarşı qaldıran əsas obyektiv səbəblərdən biri də rəsmi Qahirənin yanlış xarici siyasətinin ölkə əhalisinin böyük əksəriyyəti tərəfindən qəbuledilməz olması idi. Misirlilərin Hüsnü Mübarək rejiminə nifrətinin əsas səbəblərindən biri rəsmi Qahirənin İsrail qarşısnda təslimçi və fərari mövqeyi idi. Fələstinin blokadasına imkan yaradan Hüsnü Mübarək rejimi xalqın gözündə işğalçı İsrailin sinoniminə çevrilmişdi. Təsadüfi deyil ki, inqilab günlərində misirlilər yandırdıqları şəkillərin, maşınların və binaların üzərinə İsrailin dövlət simvollarını çəkirdilər. Bundan başqa, Misir inqilabının təşkilatçıları, siyasi liderlər və ümumiyyətlə həmin olaylar zamanı mətbuata fikirlərini açıqlayan hər bir misirli Hüsün Mübarək rejiminin İsrail qarşısındakı təslimçi siyasətini kəskin tənqid edir, onu inqilabın baş verməsinin əsas səbəblərindən biri kimi göstərirdilər.
Uzun müddət Misirin xarici işlər naziri olmuş Əmir Musanın bu gün misirlilər arasında nüfuzlu bir şəxs olması onun nazir olan zamanlar mütamadi olaraq İsrailə qarşı sərt çıxışlar etməsi və buna görə Hüsnü Mübarək tərəfindən vəzifəsindən kənarlaşdırılmasıdır. Təsüdüfi deyil ki, misirlilər Əmir Musanın 2001-ci ildə ABŞ telekanallarının birində həmin vaxt İsrailin xarici işlər naziri olan Şlom Ben-Ami ilə müzakirə zamanı sərt fikirlər səsləndirməsini hələ də unutmayıblar və hörmətlə xatırlayırlar. Yeri gəlmişkən Əmir Musa məhz bu çıxışından sonra Hüsnü Mübarək tərəfindən vəzifəsindən kənarlaşdırılmış və sadə xalqın gözündə qəhrəmana çevrilmişdi. Ancaq Əmir Musanın Davosda Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla İsrailin prezidenti Şimon Peres arasında baş verən kəskin debat zamanı tutduğu mövqe Misirdə sabiq xarici işlər nazirinin kəskin tənqid edilməsinə səbəb olmuşdu. Rəcəb Tayyip Ərdoğanı bütün ərəb dünyasında populyar bir şəxsə çevirən həmin olay zamanı Əmir Musanın Türkiyənin baş naziri ilə bərabər müzakirə zalını tərk etməməsi onun tənqid olunmasına yol açmışdı. Hüsnü Mübarəkin özünün mümükün varislərindən biri kimi gördüyü və inqilab zamanı hakimiyyətini vermək istədiyi Ömər Süleymanın siyasi karyerasının faktiki olaraq üstündən xətt çəkən amil də onun İsraillə yaxın münasibətlərinin üzə çıxmasıdır. Son illər Türkiyənin rəsmi şəxslərinin, xüsusilə onun lideri Rəcəb Tayyip Ərdoğanın İsrail əleyhinə sərt çıxışları Misirdə anti-İsrail əhval-ruhiyyəsini daha da qızışdırmış və bu vəziyyət Hüsnü Mübarək rejiminin sonunu gətirən əsas obyektiv səbəblərdən biri olmuşdur.
Əli Kərimlinin qeyd etmədiyi subyektiv faktorlar
Əli Kərimli “Misir dərsləri”ndə qeyd edir ki, Tunis inqilabı Misir inqilabının baş verməsində katalizator rolu oynayıb. Bəli, Tunis inqilabı Misir inqilabının vaxtını bir neçə ay qabağa çəkdi. Bu proseslər, Misirdə payızda, president seçkiləri zamanı baş verəcəkdi. Bununla da Ərəb dünyasında “Böyük dəyşikiliklər” dövrü başlayacaqdı. Ancaq, Tunis inqilabı hadisələri sürətləndirdi və Misir inqilabının baş verməsinin subyektiv səbəblərindən biri oldu. Əli Kərimlinin qeyd etmədiyi önəmli subyektiv səbəblərin birincisi isə Misirdə Hüsnü Mübarək rejiminə qarşı güclü və yaxşı şəbəkələşmiş müxalifətin olmasıdır. Əsası 1928-ci ildə qoyulmuş “Müsəlman qardaşları” təşkilatı müasir Misirin tarixində önəmli rol oynayır. “Müsəlman qardaşları” istər Camal Abdul Nasirin, istərsə də Ənvər Sədatın zamanında əsas siyasi qüvvə olublar. Hətta Ənvər Sədatın zamanında dövlətin siyasətinin müəyyənləşməsinə təsir göstərə də bilirdilər. Lakin, Ənvər Sədatın hakimiyyətinə son qoyan sui-qəsddən sonra hakimiyyətə gələn Hüsnü Mübarək “Müsəlman qardaşları” təşkilatının fəaliyyətinə yasaq qoydu və onun 30 illik hakimiyyəti ərzində rejimin represiya maşının əsas hədəfi məhz bu təşkilat olub. Lakin, bütün qadağa və təqiblərə, sərt represiyalara baxmayaraq “Müsəlman qardaşları” təşkilatı Misirin siyasi həyatının ayrılmaz hissəsi olaraq qaldılar. Bunu 2005-ci ilin parlament seçkiləri də göstərdi. Bütün təqiblərə və həbslərə baxmayaraq, ancaq birmandatlı dairlərdən namizəd irəli sürmüş “Müsəlman qardaşları” təxminən parlamentdə 20 faiz yer qazanmışdılar. 2005-ci parlament seçkilərindən sonra Misir kimi əhəmiyyətli ölkədə iki siyasi qüvvənin, Hüsnü Mübarək rejimi ilə “Müsəlman qardaşları” təşkilatının mövcud olduğunu görən Vaşinqton son beş ildə, xüsusilə də son üç ildə dünyəvi və Qərbyönümlü müxalifəti gücləndirməklə məşğul olub və istəyinə də çatıb. Məhz Vaşinqtonun siyasi, maliyyə və texniki dəstəyi ilə “6 Aprel”, “Kifayət” kimi gənclər təşkilatları ilə yanaşı liberal və solçu partiyalar gücləniblər. Bu təşkilatlar olmadan isə inqilab ola bilməzdi. Xalq üsyana qalxsa belə, hakimiyyət onu əzə biləcəkdi. Yalnız onu qeyd etmək yetər ki, Hüsnü Mübarək Təhrir (Azadlıq) meydanını əleyhidarlarının əlindən almaq qərarına gələn zaman onun at və dəvə ilə mitinqçilərin üzərinə gələn adamlarının qarşısını “Müsəlman qardaşları” almışdı. Xarici müşahidəçilər “Müsəlman qardaşları”nın bu hadisə zamanı nümayiş etdirdiyi taktikanı və mütəşəkkiliyi xüsusilə qeyd edirlər. Ölkə əhalisinin 25-30 faizi tərəfindən dəstəklənən bu təşkilat, eləcədə milyonlarla tərəfdarı olan “6 Aprel” və “Kifayət” kimi gənclər təşkilatları olmadan inqilab başlaya və qalib gələ bilməzdi. Nobel mükafatı laureatları Məhəmməd Əl-Baradei və Zeveylin, Ərəb Liqasının baş katibi Əmir Musanın inqilabı dəstəkləmələri də inqilabın qələbə ilə başa çatmasında mühüm rol oynamışdır. Bütün bu subyektiv amillər olmadan Misirdə inqilab ola bilməzdi və bir də qeyd etmək istərdim ki, xalq üsyana qalxsa, hakimiyyət onu qan gölündə boğardı. Heç bir Qərb dövləti də buna görə Hüsnü Mübarəkə “gözün üstə qaşın var” deməzdi. Əli Kərimli Misir inqilabında internetin və mobil rabitənin rolunu yüksək qiymətləndirir və bu həqiqətən belədir. Hətta bəziləri Misir inqilabını mediainqilab da adlandırlar və sosial şəbəkələrin, bloqların rolunu bu möhtəşəm hadisənin baş verməsində yüksək qiymətləndirirlər.
Əli Kərimli özünün bloqunu yaratmaqla müxalifət cəbhəsindəki bütün siyasi liderə nümunə ola biləcək bir iş görüb. Ancaq, görəsən onun nə qədər oxucusu var? Misirdə anonim imza ilə yazan bir bloqerin altı milyona yaxın oxucusu vardı. Əlbətdə, Misirin 83 milyonluq əhalisi olduğunu bilirəm. Ancaq, məsələ ondan ibarətdir ki, bizdə heç yüz min oxucusu olan bloq da yoxdur. Yəni, xalq inqilab istəməsə heç bir sosial şəbəkə onu ayağa qaldırıb, dövlətin zor aparatının üzərinə apara bilməz.
Millət olaraq Misir inqilabından çıxarmamız lazım olan nəticə
Güclü və təşkilatlanmış müxalifət, ən azı ölkə əhalisinin müəyyən hissəsi tərəfindən dəstəklənən lider olmadan inqilab başlaya və qalib gələ bilməz. Kortəbi və idarə olunmayan xalq etirazları isə ancaq zərər verər. Xüsusilə də müharibə vəziyyətində olan bir ölkə üçün. Əlbətdə, əsas məsuliyyət iqtidarın üzərinə düşür və məhz o xalq üsyanının baş verməməsi üçün sürətli islahatlar həyata keçirməlidir. Hüsnü Mübarək son nəfəsində xalqı aldatmağa çalışdığı kimi, Azərbaycan iqtidarı da görüntü yaratmağa çalışmamlıdır. Hələ imkan və vaxt varkən sürətli və geniş islahatlar aparmalıdır. Görüntü yaratmaqla məsələni həll etmək olmaz. Onu ancaq qəlizləşdirmək olar. Hüsnü Mübarək inqilabın ilk günlərində müxalifətlə anlaşsaydı, formal da olsa sentyabra kimi prezident olaraq qalacaqdı. Hakimiyyətdən də hörmətlə gedəcəkdi və hətta Ömər Süleymanın varisliyi də təmin oluna bilərdi. Ancaq, xalqı aldatmağa çalışması sonda özünün məhvinə səbəb oldu. Azərbaycan iqtidarının nəticə çıxarması gərəkən məqam budur. Müxalifət isə iqtidarın bu siyasətinin davam edəcəyi tərzdə yarana biləcək vəziyyətə hazır olmalıdır. Çünki, həmin vəziyyət yarandıqdan sonra vətənin taleyi üçün məsuliyyət iqtidarla yanaşı müxalifətin də üzərinə düşəcək. 1992-ci ilin yazında olduğu kimi. Əgər, o məşum günlərin təkrar olmasını istəmirsinizsə, iqtidar və müxalifət olaraq məsuliyyətinizi dərk edin. Çünki, Misirdən fərqli olaraq bizdə xalqın inandığı, çətin vəziyyətdə məsuliyyəti öz üzərinə götürə biləcək ordu yoxdur.
Azadlığı istəmək azdır, ona layiq və hazır olmaq lazımdır.