Cənab nazir, Azərbaycanda savadsızlıq və cəhalət gündən günə çiçəklənir. Artıq insanlar öz həyatını məktəbsiz, təhsilsiz daha rahat təsəvvür edir. Bunu siz də bilirsiniz. Etiraf etməyə, dilə gətirməyə cəsarətiniz çatmır sadəcə. Sizdən heç bunu tələb edən də yoxdur. Cəhalətin bütün məsuliyyətini sizin üzərinizə atmaq da yersizdir. Siz olsa-olsa, iş icraçısısınız. Üzərinizə düşən vəzifəni yerinə yetirirsiniz. Təmsil olunduğunuz hakimiyyətin bircə məqsədi var: xalqı sürüyə çevirmək. Siz də o məqsəd uğrunda yorulmadan çalışırsınız, sayənizdə tezliklə bu ölkədə hərf tanıyan, yazıb-oxumaq bilən, ikini ikiyə vurmağı bacaran bircə nəfər də qalmayacaq.
Cənab nazir, icazə versəniz, mətləbə keçərdim. Ќeçə vaxtdır hakimiyyətin sabun qoxulu qəzetlərində səhifə-səhifə, palaz-palaz yazılarınıza rast gəlirəm. Təbii ki, oxumuram. Mənim kimi çoxları oxumur. Onsuz da nə yazdığınız bəllidir. Hər halda Azərbaycanda təhsilin rüşvət və korrupsiyaya bulaşmasından, müəllim deyəndə seçki saxtakarlıqlarının yada düşməsindən yazası deyilsiniz ki? Yazsanız, yazsanız, uzaqbaşı təhsilin analoqu olmayan inkişafından, uğurlarından, müvəffəqiyyətlərindən yazacaqsınız. Buna görə isə narahat olmağa dəyməz. İnsanlar artıq belə nağılların üstündən gülüb keçirlər. Bir sözlə, havayı zəhmətdir.
Cənab nazir, sadəcə, bilmək haqqımdır: Azərbaycan təhsilinin başına daş salmağınızı hardasa başa düşdük, xalq, onun gələcəyi zərrəcə umurunuzda deyil, bunu da başa düşdük. Amma doğrudanmı, siz artıq özünüzə də hörmət hissini itirmisiniz? Harda görübsünüz ki, bir qatil qurbanını o dünyalıq eləyəndən sonra oturub onu vəsf eləsin? Belə şeyə nə həyatda, nə kinoda rast gəlmək mümkündür. Elə isə soruşuram: Azərbaycanda təhsili kökündən qaşıyıb atmağınız azdırmı ki, hələ üstəlik, onu mədh etməyə belə özünüzdə cəsarət tapırsınız? Unutmayın: xalq nə vaxtsa Azərbaycan təhsilinin başına gətirilən oyunlara görə sizi bağışlaya bilər, amma o yazılara görə sizi heç vaxt bağışlamayacaq. Bu ölkədə cəhalət, savadsızlıq at oynadırsa, insanların həyat tərzinə çevrilirsə, buna görə birbaşa sizi günahlandırmaq ağılsızlıqdır. Siz olmasaydınız da, bir başqası həmin postda oturub təhsilin boynunu baltalayacaqdı. Çünki günahkar sistemdir.
Cənab nazir, belə vəziyyətdə siz yalnız bir yaxşılıq edə bilərdiniz. O yazıları da yazmazdınız. Susardınız. Ən azı bununla insanların əsəbləri ilə oynamamış olardınız. Ќə vaxtsa özünüzü sığortalamaq imkanı qazanardınız. Artıq iş işdən keçib. Sizdən yalnız Azərbaycan təhsilini məhv etdiyinizə görə yox, həm də bu əməlinizdən zövq aldığınıza görə haqq-hesab istəyəcəklər.
Cənab nazir, bəlkə də bundan sonra yazacaqlarım sizə pafos, anekdot kimi görünəcək. Amma ürəyinizin ən dərin qatında sizin də belə düşündüyünüzə əminəm. Azərbaycan qiyamətəcən bu cür idarə edilə bilməz. İdarə edilməyəcək. Bu qədər haqsızlığın, ədalətsizliyin bir sonu olmalıdır. Olacaq. Kələklə gələnlər küləklə gedər. Və gedəcək. Bax o zaman bugünki mutant sistemin içində və yanında yer alan hər kəs etdiklərinə görə cavab verəcək. Siz isə ikiqat cavab verəcəksiniz: etdiklərinizə və yazdıqlarınıza görə! Keçmiş olsun!