Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  11:09 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Nadir Qocabəyli : PİKNİK (hekayə)

  Sayta qoyulub: 13:58 04.02.2011 (338 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

N.Qocabəyli

Həmin gün Mərdan Xızı dağlarının qoynunda Ənnağı müəllimə hücum çəkib onu yumruq-təpiyin altına salanda insanların hətta min illər öncə mövcud olmuş inanclara, adət-ənənələrə niyə bu qədər bağlı olması məni bir daha düşündürdü. Belə bir inanc haqqında uşaq vaxtı mən də nənəmdən, qonşumuzdakı arvadlardan eşitmişdim, ancaq «niyə» sualıma heç kəs düz-əməlli cavab verməmiş, «olmaz da, a bala, günahdır» demişdilər.

Bir az böyüyüb, həyatı azmaz dərk edəndən sonra bəzi inancların sırf məişət məsələləriylə bağlı olduğunu və müdrik baba-nənələrimiz tərəfindən qəsdən uydurulduğunu başa düşdüm. Məsələn, anladım ki, «axşamçağı ev süpürməzlər, zibil atmazlar, yoxsa evin bərəkəti qaçar» inancı ev işlərini axşama saxlayan tənbəl arvadlar, «şeyini oynadan kasıb olar» inancı isə oğlan uşaqlarına bu ədəbsiz vərdişi tərgitdirmək üçün quraşdırılıb.

Kəlbəcərdən olan yekəpər, yaşca və boyca hamımızdan böyük, yeriyəndə ayaqlarını ayı kimi əyri atan, qaradinməz, üzündə daim səfeh təbəssüm gəzdirən Mərdanın balacaboy, toppuş yanaqları içkinin təsirindən qızarıb-pörtmüş xarici ədəbiyyat müəllimimizi dəli mal kimi ayaqlamasına səbəb olan inancın səbəbini isə həmin gün anladım.

***
Ənnağı müəllim bizim xarici ədəbiyyat müəllimiz idi. Mühazirələrində ağız deyəni qulaq eşitməsə də, buna sən deyən əhəmiyyət vermir, qədim yunan mifologiyasından, titanlar oğlu baş tanrı Zevsdən, onun yer və göy üzündəki ali hakimiyyətindən, ildırımlara və şimşəklərə hökm etməsindən, qardaşları Poseydon və Aiddən, övladları – Apollondan, Artemidadan, Areydən, Afinadan, Afroditadan, Hermesdən, Dionisdən, İridadan, qəhrəman Herakldan və Perseydən, zəncirlənmiş Prometeydən, tanrıların daimi məskəni Olimp dağından özünəməxsus tərzdə, ağız dolusu danışırdı. Auditoriyadakı səs-küyə məhəl qoymayan Ənnağı müəllim bir də görürdün ki, dərsin ortasında qəflətən əsəbləşib özündən çıxdı; ancaq bu o zaman olurdu ki, Ənnağı müəllim öz dediklərini özü də eşitmirdi. «Bəsdirin, - o, yumruğunu zərblə tribunaya endirərək cır səsiylə bağırırdı, - yəni bu kopoyoğlunun malı bir nəfərə maraqlı deyil?» Belə deyəndə tez Ənnağı müəllimin üzünə baxırdım ki, yəni «mənim üçün maraqlıdır». O da bu lal baxışlardakı mənanı dərhal anlayır və sözünə düzəliş verirdi: «Qulaq asmırsınız, cəhənnəmə asın, heç olmasa, sakit oturun, öyrənmək istəyənlərə mane olmayın…» Ənnağı müəllim bu sözləri deyərkən ön partalarda quzu kimi sakit oturan beş-altı tələbə fəxr edirdik ki, o, «öyrənmək istəyənlər» deyəndə məhz bizi nəzərdə tutur.

Ənnağı müəllim dağ çayı kimi qəfildən kükrəyib-daşdığı kimi, qəfil də sakitləşir, heç bir şey olmamış kimi qaldığı yerdən davam edir, bizə yenə həvəslə Zevsdən, digər yunan tanrılarından, miflərdən danışırdı. Ənnağı müəllim balacaboy və qarınlı olduğundan tələbələr öz aralarında ona «Piknik» deyirdilər. Bu ayamanı ona həm də, deyilənə görə, tələbələrlə tez-tez gəzintiyə çıxdığına, yəni pikniyə getdiyinə, yeyib-içməyi xoşladığına görə, hansısa itoynadan tələbə qoşmuşdu. Ancaq Ənnağı müəllim bunu bilmirdi, ya da bilsə də, fikir vermirdi…

Ənnağı müəllim imtahanda da tələbələri incitməzdi. Oxuyan tələbələr gözləyirdi ki, Ənnağı müəllim dərsində qarğa kimi ağız-ağıza verib qarıldaşan, imtahanlara qətiyyən hazırlaşmayan, universitetə sadəcə gəzməyə gələn, son dəbli və bahalı geyimləri, makiyajları ilə bir-biriylə yarışa girən, yalnız Ənnağı müəllimin deyil, bütün üzüyumşaq müəllimlərin dərsində laqqırtı vurmaqla, güzgüyə baxmaqla, dodaqlarını boyamaqla məşğul olan tələbələrdən qisasını alacaq və onların da də ürəyindən tikan çıxacaq. Ancaq belə olmurdu, o ucdantutma hamıya əla və yaxşı qiymətlər yazaraq imtahanı qısa müddətdə yekunlaşdırırdı. Ürəyimdə Ənnağı müəllimə acığım tuturdu, öz-özümə düşünürdüm: «Axı necə ola bilər ki, müəllim, alim, ziyalı olan bir kəs onu adam yerinə qoymayanlara qarşı bu cür tolerant olsun?! Qətiyyən mümkün deyil!».

Bir dəfə evə gedərkən fikirlərimi qrup yoldaşım Teymurla da bölüşdüm. Özünü hər şeydən xəbərdar kimi göstərməyi xoşlayan Teymur sifətinə çoxbilmiş, həm də məzəmmətedici ifadə verib sözə başladı:

- Ə, sənin dünyadan xəbərin yoxdu ey!.. Bilmirsən ki, o quşların hamısını universitetə bu müəllimlər özləri düzəldib? Nə olur-olsun qiymətləri yazılmalıdır, hərəsinin beş-on tələbəsi var, bu ona tapşırır, o da buna. Bunlar da arxayın olduqlarından dərs-zad hərləmir, Piknikin çığır-bağırını şeylərinə almırlar.
- Axı Ənnağı müəllim məndən də heç nə soruşmadı, sualların cavablarını bilirdim, istədim danışam, qoymadı…
- Səndən soruşsa, gərək onlardan da soruşa axı! Piknik yaxşı bilir ki, sən oxuyan tələbəsən, amma onlar imtahan verdikləri fənnin adını belə deyə bilməzlər. Hansı fənnən imtahan verdiyini soruşsan, deyəcək ki, Ənnağı müəllimnən, - Teymur dedi və elə hırıldadı ki, metrodakıların hamısı dönüb ona baxdı. – Piknik bir gülləylə iki dovşan vurur, - o davam etdi, - həm öz öhdəliyini yerinə yetirir, həm də sənin-mənim yanımda yaxşı oğlan statusu qazanır. O, yaxşı bilir ki, oxuyan oxuyacaq, oxumayan da oxumayacaq, kim nə edirsə, özüyçün edir. Bu dərs, imtahan-filan hamısı boş şeylərdir, mən elə dahi şəxsiyyətlər tanıyıram ki, bir gün də məktəbə getməyiblər.
- Demək, belə çıxır ki, oxumağa-zada ehtiyac yoxdur, bu minvalla beş ili yola verib, diplom almaq olar? - Teymuru danışdırmaq üçün qəsdən soruşdum.
- Sənə dedim axı, - o ciddiləşdi. – Oxuyan özüyçün oxuyur. Bir də ki, müəllimlərin hamısı Piknik kimi deyil. Məsələn, Əliyarın başını kəssən də, tapşırıqsız qiymət yazmaz; ya oxumalısan, ya da tapşırılmalısan. Oxuyub tapşırılsan, daha yaxşı olar, çünki təkcə oxumaqla da ondan yüksək qiymət almaq qəliz məsələdir. Oxuyanları kəsmir, ancaq «əla» da yazmır. Ancaq tapşırılsan, ağzını açmağa da ehtiyac yoxdur, qiymətin sorğusuz-sualsız «beş»dir.
- Onda Piknik, doğrudan da «əla» oğlandır!
- Bə nədi! – Teymur bunları deyib özünü vaqondan bayıra atdı.

***

Universitetdə belə bir ənənə var: imtahanlar qurtarandan sonra tələbələr beş-on manatdan toplayıb yemək-içmək alır və bir avtobus tutub üz tuturlar dağlara tərəf. Bu ənənənin əsasının nə vaxt qoyulduğunu bilməsəm də, qrupumuzun uşaqları belə bir ideyaları olduğunu mənə deyəndə dərhal razılaşdım. İyun ayının istisində bir günlüyə də olsa, şəhərin səs-küyündən, zəhərli havasından uzaqlaşıb təmiz hava udmaqdan, bulaq suyu içməkdən, torpağın, ağacların, gülün, çiçəyin, otun qoxusunu ciyərlərinə çəkməkdən, yamyaşıl dağları, dərələri seyr etməkdən, suyun şırıltısına qulaq kəsilib, quşların cikkiltisini dinləməkdən yaxşı nə olar bilər?! Qızlar dedilər ki, onlar bizimlə birlikdə getmək üçün bir qadın müəlliməylə razılığa gəliblər, gərək bir kişi müəllim də oğlanlar tapsın. Bunun nəyə lazım olduğunu soruşanda cavab verdilər ki, «qayda belədir». Nə etmək olar, qaydalara gərək əməl edəsən.
Oğlanların hamısı bir ağızdan, təbii ki, Ənnağı müəllimi məsləhət bildilər; cavandır, müasir düşüncəlidir, səmimi insandır, ən başlıcası da «Piknik»dir axı.
Ənnağı müəllimi kafedrada tapdıq, Teymurla məni qapının kandarında görən kimi yerindən ayağa qalxıb səmimiyyətlə əl verdi.
- Hə, gəlin, uşaqlar, - o, kefikök halda dedi. - Buyurun, əyləşin, - bizə divar boyu düzülmüş stullarda yer göstərdi.
Oturduq.
- İmtahanları necə verdiniz, bir problem-filan olmadı ki? - O soruşdu və cavab verməyə imkan vermədən üzünü baş tərəfdə oturan kafedra müdirinə tutdu. - Bayram müəllim, mənim ən yaxşı tələbələrimdir.
Bayram müəllim bizə baxıb başını tərpətdi və heç nə demədi.
- Bir problem-zad olsa, uşaqlar, - Ənnağı müəllim sözünə davam etdi, - çəkinməyin, siz də mənim kiçik qardaşlarım, azdan-çoxdan sözümüz keçir. - O qısa pauza verib oynaq gözləriylə gah mənə, gah da Teymura baxdı və bizim susduğumuzu görüb soruşdu: - Bir problem var, uşaqlar? Utanmayın.
- Yox, Ənnağı müəllim, - Teymur sözə başladı, - heç bir problem yoxdur. Sadəcə, bazar günü Xızıya gəzintiyə getmək istəyirik, uşaqlarla belə qərara gəlmişik ki, vaxtınız olsaydı, siz də bizimlə gedərdiniz.
- Ekskursiyadır, yoxsa piknik? - Ənnağı müəllim qımışaraq soruşdu, sanki verdiyi suala reaksiyamızı yoxlamaq istəyirdi.
Bunu görən Teymur onu danışdırmaq üçün qəsdən soruşdu:
- Nə fərqi var ki, Ənnağı müəllim?
- Baah! Nə danışırsan? Ekskursiya ilə piknikin arasında yerlə göy qədər fərq var, - o izah etməyə başladı. - Ekskursiya elmi və ya əyləncə məqsədilə təşkil edilən səyahətdir, piknik isə təbiətin qoynunda yeyilən yeməyə deyilir və kökü də yunan mifologiyasına gedib çıxır, - və səsinin tonunu qaldıraraq başını sağa çevirdi, - elə deyil, Bayram müəllim?
Bayram müəllim sağ dirsəyini qarşısındakı masaya dayayaraq solda, otağın geniş pəncərəsi önündəki stolların arxasında Ənnağı müəllimlə eyni sırada əyləşən bir müəllimə və iki laborant qızla şirin-şirin danışıb-gülürdü. Ənnağı müəllimin ona müraciət etdiyini eşitsə də, deyəsən anlamadı, üzünü döndərib bir neçə saniyə key-key ona baxdı, xanımların üzündəki təbəssüm bir anlıq dondu. Araya sükut çökdü, Teymur bic-bic mənə, mən isə Ənnağı müəllimə baxdım. Ənnağı müəllim sağ əlinin barmaqlarıyla alnına tökülmüş telini daraqlayaraq hırıldadı.
- Bağışlayın, Bayram müəllim, deyəsən mane oldum. – Sonra üzünü bizə tutub, ayağa qalxdı, - hə, uşaqlar, bazar günü səhər tezdən mən hazır. Bir şeyə ehtiyacınız varsa, utanmayın, deyin.
Onun qalxdığını görüb, biz də ayağa durduq. Ənnağı müəllimə təşəkkür edib qapıdan çıxanda Bayram müəllim xanımlarla xosunlaşıb-gülməyinə davam edirdi.

***
Qırmızı rəngli «İkarus» dağların arasıyla irəlilədikcə açıq pəncərələrdən içəri soxulan torpaq, ağac, yarpaq, ot-ələf qoxulu hava bədənimi uçundurur, içimdə nə olduğunu tam kəsdirə bilmədiyim, ancaq olduqca tanış, dadlı duyğular oyadırdı. Dağ havası, deyəsən, kursumuzun qızlarına da müsbət emosiyalar bəxş etmişdi; onlar şən və oynaq mahnılar oxuyur, avtobusun oturacaqları arasındakı dar keçiddə qıvraq rəqslər edir, qaş-gözlərini süzdürərək ucadan danışır, kimlərisə lağa qoyub gülüşürdülər. Çox çəkmədi ki, avtobus asfalt yoldan sola buruldu, kələ-kötür torpaq yolla təxminən beş yüz metr irəliləyib dağın ətəyindəki meşəlik sahənin ortasında, hər tərəfi yamyaşıl ağaclarla əhatə olunmuş açıq talaya çatar-çatmaz hündür ağacların altında saxladı. Uşaqlar qaqqıldaşa-qaqqıldaşa, bir-birini itələyə-itələyə tələm-tələsik yerə tökülüşdülər.
Bizi şəhərdə arxasından çıxan qara tüstüsüylə boğsa da, onun alov püskürən qır asfaltından, ətrafdakı daş binalarından, bozumtul səmasındakı kirli buludları arasından od yağdıran kürəsindən, mazut və zibil qoxuyan bürkülü, adamın nəfəsini tıncıxdıran kəsif havasından qoparıb ikicə saatın içində iri gövdəli palıd ağaclarının torpağı, onun sakinlərini yay günəşinin yandırıcı şüalarından qoruyan sərin kölgəliyinə, ciyərlərimizi genişləndirən bol oksigenli havasına, gözümüzü oxşayan yaşıl təbiətinə, mavi səmasına, rəngbərəng, ətirli çiçəklərinə, əsəblərimizi sakitləşdirən sakitliyinə, bu sakitlikdə arabir zümzümə edən qaratoyuğun əks-səda verən cəh-cəhinə qovuşdurduğuna görə, bəlkə də, bu avtobusa, onu ixtira edənə minnətdar olmalıydıq. Bəli, bu dünyanın halı belədir; bəzən bizi boğan, nəfəsimizi kəsən bir şey bir də görürsən xilaskarımıza çevrilir, elə su kimi, od kimi… Nə isə indi bu fəlsəfənin yeri deyil.
Hamı yaxınlıqdakı bulağa hücum çəkib sərin sudan ləzzətlə içdi, əl-üzünü yuyub sərinlədi. Sonra yükləri boşaldıb ağacların kölgəsinə yığdıq və qərara gəldik ki, necə deyərlər, toqqamızın altını bir az bərkidəndən sonra ətrafı dolaşıb təbiətin gözəlliyindən zövq alaq. Bəli, qızlar bir-birinin bəhsinə evdən gətirdikləri bahalı və gözəl nimçələri, boşqabları, çəngəl-bıçağı, büllur qədəhləri, tikmə-naxışlı salfetləri, əl qabiliyyətlərini nümayiş etdirmək üçün bişirdikləri cürbəcür yeməkləri, şirniyyatları, mer-meyvəni qısa müddətdə açdıqları süfrəyə düzdülər. Oğlanlardan bir neçəsi ətrafı dolaşıb tonqal qalamaq üçün çır-çırpı yığmaqla, bir neçəsi də kabablıq əti şişə çəkməklə, manqal yeri düzəltməklə məşğul oldular. Qərəz, qısa müddətdə hər şey hazır oldu. Süfrəmiz, toy süfrəsindən heç də geri qalmırdı. Hərə bir-iki tikə yeyəndən sonra qədəhlərə araq süzüldü və söz Ənnağı müəllimə verildi. Ənnağı müəllim onu bu şərəfə layiq gördüyümüzə, yəni özümüzlə bərabər piknikə gətirdiyimizə görə bizə dərin təşəkkürünü bildirib, gəncliyin şərəfinə tost dedi, belə günlərin çox olmasını arzuladı və arağı başına çəkib antrekota girişdi. Kababa bir-iki diş vurub quzu ətini və kababı bişirəni təriflədi. Sonra araq süzən yoldaşımızı ləng tərpənməkdə qınadı və tənqiddən dərhal nəticə çıxaran tələbəsinin süzdüyü araq dolu qədəhi götürüb qadınların, o cümlədən süfrənin o biri başında əyləşib qətiyyən bizə qarışmayan qızlarımızın şərəfinə içməyi təklif etdi. İçdik. Beləcə, müəllimlərin, ağsaqqalların, valideynlərin, gözəl təbiətin, şərəfinə tostlar deyildi, «gün o gün olsun belə gözəl məclislər Qarabağ torpağında, Şuşada, Laçında, Kəlbəcərdə qurulsun» kimi patriotik sağlıqlar səsləndi.
Sonra kimsə təklif etdi ki, süfrəni sahmana salıb üzərini bir şeylə örtək, bir az ətrafı gəzib dolaşandan sonra davam edərik. Ancaq Ənnağı müəllim etiraz edərək bildirdi ki, gəzmək istəyən gəzsin, oturmaq istəyən isə oturub dincəlsin. Şəxsən onun gəzməyə qətiyyən həvəsi yoxdur və kim istəsə burada qalıb ona yoldaşlıq edə bilər.
Ənnağı müəllimə yoldaşlıq etmək istəyən bir-iki nəfər istisna olmaqla hamı qalxıb ətrafa səpələndi…
Əziz oxucu, səni darıxdırmamaq və vaxtını almamaq üçün bu yerlərin füsunkar təbiəti, şəhərdən gələn iyirmi-otuz tələbənin bu təbiətin qoynunda çıxardığı oyunlar barədə təfərrüata varmaq istəmirəm. Təkcə onu deyə bilərəm ki, yamyaşıl meşəni, onun tən ortasıyla şırıldayıb axan dağ çayının daşlı sahillərini yorulub-əldən düşənədək gəzdik, şəkillər çəkdik, qızlar rəngbərəng güllərdən çələnglər düzəldib saçlarına taxdılar, oğlanlar haradansa bir yabı tapıb növbəylə mindilər və axşamüstü, günəş sıx meşəliklə örtülmüş təpənin arxasına keçəndə palıd ağacının kölgəsində qurduğumuz süfrənin başına, Ənnağı müəllimin yanına qayıtdıq. Uzaqdan Ənnağı müəllimi nəsə danışan, Mərdanı isə yuxulu-yuxulu ona qulaq asan gördük. Gəlib çatanda onların hər ikisinin əlində araqla ağzınadək dolu qədəh vardı. Bizi görən Ənnağı müəllim dili topuq vura-vura dediyi «mühazirə»sini bir anlıq kəsib «uşaqlara da süz» - əmrini verdi və görünür, bayaqdan Mərdanı yuxulamağa məcbur edən söhbətinə qaldığı yerdən davam etdi:
- …qədim yunan mifologiyasına görə, uşaqlar, - o üzünü bizə tutdu, - Zevsin oğlu Dionis kəndlilər tərəfindən üzümçülüyün və şərabçılığın himayədarı hesab edilirdi. Onun digər bir adı da Vakx idi, məhz buna görə də onun şərəfinə təşkil olunan təntənəli eyş-işrət məclislərinə vakxanaliya deyirdilər. Bu sözdən indi də geniş istifadə olunur, yeri gəldi-gəlmədi, hamı istifadə edir. Mənasını başa düşən də, düşməyən də. Çoxları elə bilir ki, vakxanaliya - içkiylə, çığır-bağırla, davaş-dalaşla keçən məclisə deyilir. Bizim indiki toyların hamısı elə, demək olar ki, belə keçir də, indi duraq onların hamısına vakxanaliya deyək? Olmaz axı! Sağ olun! - Ənnağı müəllim badəsini qaldırdı və arağı başına çəkdi. - Böyük mərasimlərdə, uşaqlar, Dionisin şərəfinə təntənəli nümayişlər keçirilir, yarışlar təşkil olunur, faciə və komediya şairlərinin yazdığı difiramblar xorla ifa olunurdu. Bu mərasimləri həm də təntənəli idman və mədəniyyət bayramları adlandırmaq olar. Mərasimlər açıq havada, təbiətin qoynunda xüsusi təmtəraqla qeyd olunur, bir neçə gün davam edirdi. Baharın əvvəllində keçirilən vakxanaliyalarda yeni şərab çəlləkləri açır və ilk şərabın dadına baxırdılar, - Ənnağı müəllim bu sözləri deyib qeyri-ixtiyari qarşısındakı boş qədəhə baxdı. - Uşaqlar, daha araq yoxdur? – o, soruşdu və cavab gözləmədən bizi məzəmmət etməyə başladı. - Ə, adam da belə yerə ehtiyatsız gələr? Görün yaxındakı kafedən bir şey tapa bilirsinizmi?
Uşaqlardan ikisi cəld qalxıb yaxınlaqdakı kafeyə doğru götürüldülər və çox keçmədən əllərində iki konyak şüşəsi geri döndülər.
- Araq yoxdur, müəllim, ancaq konyakdır.
- Yaxşı, gətir süz, - Ənnağı müəllim narazı halda başını buladı, - olmayan yerdə buna da şükür.
Konyakları içib qurtarana qədər hava toranlaşdı və getmək zamanı gəlib çatdı. Hamı yır-yığış etməyə, əşyaları avtobusa daşımağa, ətrafı zir-zibildən təmizləməyə girişdi. Kimsə dedi ki, ocağı yana-yana qoyub getmək olmaq, çünki meşədə yanğın baş verə bilər, onu söndürmək lazımdır.
- Ocağı söndürmək olmaz, günahdır, - içkinin təsirindən əməlli-başlı keflənmiş Mərdan dedi.
- Necə yəni olmaz, - ondan heç də az kefli olmayan Ənnağı müəllim etiraz etdi. - Niyə olmaz, bunun nəyi günahdır, bəs meşənin yanması, təbiətin məhv olması günah deyil? Ali təhsilli, savadlı olğlansan, amma hələ də xurafata inanırsan, - o, ərkyana Mərdanı qınadı, ani hərəkətlə manqalın yanındkı suyla dolu vedrəyə doğru yeriyib onu götürdü və ocağın üstünə aşırdı. Ocaq cızıldayıb ətrafı qatı tüstü dumanına qərq etdi.
Bu zaman hiddətindən dodaqlarını gəmirən Mərdan yumruqlarını düyünləyib Ənnağı müəllimə hücum çəkdi. Balacaboy, yekəqarın müəllim iri cüssəli tələbəsinin bircə zərbəsiylə yerə sərildi. Xarici ədəbiyyat müəllimimizi «ayə, Əhrimən kopoyoğlu, sənə demədimmi, günahdır» - deyə-deyə yaşıl çəmənliyin üzərində futbol topu kimi təpikləyən Mərdanın əlindən güclə almağa çalışdığımız zaman Ənnağı müəllim də öz növbəsində «ayə, qoymayın, bu heyvan məni öldürdü, ayə, bu bilmirmi mən Ənnağı müəlliməm» - deyirdi.

***
Səsboğanından qara tüstü çıxara-çıxara şəhərə doğru irəliləyən qırmızı «İkarus»da sakitlik idi; nə çalıb-oynayan, nə də oxuyan vardı. Bir neçə nəfər üz-gözü şişib-tuluqlanmış vəziyyətdə irəlidəki oturcaqda əyləşib əsəbi halda arabir «ayə, bu heyvan mənim Ənnağı müəllim olduğumu bilmirmi?» - sualını təkrarlayan Ənnağı müəllimin başına toplaşmış, bir-iki nəfər də arxada hələ də ipə-sapa yatmayan və durmadan «ayə, bu Əhrimən köpəyoğlu bilmirmi ki, od müqəddəsdir, onu söndürmək olmaz, bu nə təhər alimdir ki, odun Hörmüzün oğlu, onu söndürənin Hörmüzün oğlunu öldürən dinsiz, kafir olduğunu bilmir…» - deyə söylənən Mərdanı sakitləşdirməyə çalışırdı.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031