Xəqani Cəfərli
Vaşinqtona isə tərəddüdlər hakimdir
Misirdə Hüsnü Mübarək əleyhinə ümumxalq etirazları bütün dünyada diqqətlə izlənilsə də, üç ölkə var ki, onları üç qitənin, Avropa, Asiya və Afrikanın kəsişdiyi nöqtədə yerləşən fironlar ölkəsində nələrin baş verməsi daha çox maraqlandırır. Bunlardan biri ABŞ, digəri İsrail, üçüncüsü isə Türkiyədir.
Birləşmiş Ştatlar Yaxın Şərqdəki ən yaxın müttəfiqlərindən birini itirmək üzrədir. Söhbət Misir diktatoru Hüsnü Mübarəkdən gedir. Hüsnü Mübarək Vaşinqtonun ən yaxın müttəfiqlərindən biri olmasının nəticəsidir ki, Misir uzun illər ABŞ-dan ən böyük hərbi yardım alan ölkələrdən biri olub. Vaşinqton Hüsnü Mübarəkin özünün hakimiyyətinin möhkəmləndirməsinə milyardlarla dollar xərcləyib. Bundan başqa diktatorun bütün müxalifəti amansız təqibə məruz qoymasınada Vaşinqtonda uzun müddət, 30 il göz yumublar. ABŞ Misir diktatorunun hakimiyyəti oğluna verməsinə də qarşı deyildi. Əgər inqilab olmasaydı Hüsnü Mübarək Vaşinqtonun xeyir-duası ilə oğlu Qamalı öz taxtına otuzduracaqdı. Lakin, gözlənilməyən hadisə baş verdi. Əlbətdə, Vaşiqntonda Mübarəkin nə yuvanın quşu olduğunu gözəl bilirdilər. Lakin bununla belə onlar uzun illər həqiqəti öz adı ilə heç zaman çağırmayıblar. Hətta indi, Misir əhalisinin az qala yarısı küçələrdə Mübarək hakimiyyətinə son qoymaq üçün mübarizə aparakən, Vaşinqton yenə də Mübarəki öz adı ilə çağırmaqdan yayınır. Təsadüfi deyil ki, vitse-prezident Co Bayden jurnalistlərin suallarını cavablandırarkən Mübarəki diktator hesab edib-etmədiyi haqqında suala cavab verməyib. Əlbətdə Vaşinqtonda Mübarəkin “əclaf” olduğunu gözəl bilurlər. Ancaq, nə etməli bu onların öz “əclaf”larıdır. Eyni zamanda bütün dünya da bu “əclaf”ın kimin “əclaf”ı olduğunu gözəl bilir. Bunu ən yaxşı bilən isə yenə də misirlilərdir. Görünür, bunun nəticəsi idi ki, uzun illər Mübarəkin hərəkətlərini misirlər “axmağın birinin ABŞ-ın çaldığı hər havaya oynaması” kimi qiymətləndirirdilər. Əlbətdə, ən qədim mədəniyyət beşiyinin sakinləri uzun illər səhf edə bilməzdilər. Onların həm Mübarək, həm də ABŞ haqqındakı rəyləri tam həqiqət idi. Lakin Misir xalqının əzmikar mübarizəsi Vaşinqtonu geri addım atmağa vadar etdi. Başqa çür də ola bilməzdi. Əks halda, bütün dünya Barak Obamanın “Dəyişiklik” lozunqunun yalnız “ali irq” üçün olduğu qənaətinə gələcəkdi. Son illər Hüsnü Mübarəkin səhhətinin qənaətbəxş olmaması, diktatorunun xərçənkdən əziyyət çəkməsi haqqında məlumatlar və Misir elitasında gələcək varislə bağlı yekdil fikirin olmaması Vaşinqtonu hərəkətə keçməyə vadar etmişdi. Buna görə də, Vaşinqton son illər Misirdə bəzi qrupları maliyyələşdirir və onları “X” günü üçün hazırlayırdılar. Çünki, uzun illər Misirdə əsas müxalif qüvvə “Müsəlman qardaşları” idi. Bu təşkilat adından göründüyü kimi, siyasi islamı təmsil edir. ABŞ-ın son üç ildə Misirdə əsas vəzifəsi “Müsəlman qardaşları” təşkilatına qarşı balans yaratmaq olub. Vaşinqtonun bu vəzifənin öhdəsindən nə dərəcədə gəldiyini isə prezident seçkilərində görəcəyik. Hələlik isə onu demək olar ki, Qahirədə və Misirin digər şəhərlərində etirazçıların mülayim və intizamlı hərəkəti Vaşinqtonda müəyyən rahatlıq yaratmalıdır. Bununla belə Vaşinqtonda hələ də tərəddüdlər qalır. Çünki Vaşinqtonda belə bir rəy var ki, Mübarəkdən sonra hakimiyyətə dərhal “Müsəlman qardaşları”nın liderlərindən biri gəlməsə belə, onlar gec-tez hakimiyyətə gələcəklər.
Vaşinqton narahatlıqla Misirdə baş verənləri seyr etdiyi və vəziyyətin nəzarətdən çaımamasına çalışdığı bir vaxtda İsraildə qorxu və həyəcan yaşanır. İsrail Misirdə hakimiyyət dəyişikliyi nəticəsində Yaxın Şərqdəki kövrək sülhün pozulacağından narahatdır. Hələ 1978-ci ildə Misir bütün Ərəb dünysının maraqlarını tapdalayaraq İsrailə separat sülh sazişi imzalamışdı. İsraillə separat sülh sazişindən üç il sonra hərbi parad zamanı Misir ordusunun zabitləri buna görə Ənvər Sədatı dəlik-deşik elədilər. Onun yerinə həmin olay zamanı əlindən yaralanın vitse-prezident Hüsnü Mübarək keçdi. İsrail həmin olaydan nə qədər qorxsa da, sonralar qorxusunun əbəs olduğunu gördü. Hüsnü Mübarək İsraillə sülh sazişinə sadiq çıxdı. Onun 30 illik hakimiyyəti ərzində İsrail özünün cənub-şərq sərhədlərindən təhlükə gəlməyəcəyinə tam əmin olub. Hüsnü Mübarək sələfindən bir addım da irəli gedərək fələstinliləri blokadaya almaqda İsrailə yardım edib. Hətta ötən il Hüsnü Mübarək Qəzzanın blokadasına etiraz edən Azadlıq Donamasının Misir limanlarına yanaşmasına da icazə verməmişdi. İndi isə, Misirdə baş verənlər Teləvivdə həycan və qorxu yaradır. Hüsnü Mübarəkdən sonra Misirdə hakimiyyətin kimin əlinə keçəcəyi bəlli deyil. Bu günə kimi dünyanın şahidi olduğu ən kütləvi etiraz aksiyalarından biri, “Milyonların yürüşü” çox sakit və nizamlı keçsə də Teləviv rahat ola bilməz. Hətta “Müsəlman qardaşları”nın hakimiyyətə gəlmək şansının yüksək olmaması da İsraili bürümüş qorxunu aradan qaldırmır. İsraildə yaxşı bilirlər ki, həm Ənvər Sədat, həm də Hüsnü Mübarək xalqın iradəsinin əleyhinə Teləvivlə sülh bağlayıb. Misir xalqının əksəriyyəti hesab edirdi ki, bu sülh onların doğma qardaşların qanının satılması hesabına əldə edilib və bununla Qahirə Fələstində yaşanan faciələrin ortağına çevrilib. Bunları nəzərə almayan diktator Ənvər Sədat İsrailə sülh bağlayıb, onun varisi Hüsnü Mübarək də bu sazişə sadiq qalıb. İsraildə hesab edirdilər ki, hələ uzun illər Misirə bu tip diktatorlar başçılıq edəcək və onlar xalqın rəyi ilə hesablaşmadan Qəzza bölgəsinin blokadada saxlanılmasında Teləvivə yardım edəcəklər. Teləvivdə düşünürdülər ki, əbədi olmasa da hələ uzun müddət Misirə Hüsnü Mübarək kimi diktatorlar başçılıq edəcək. Onlar Misir diktatorunun varis planına da dəstək verməyə hazır idilər. Ancaq, Misir xalqının kütləvi etirazları başlayanda məlum oldu ki, Teləvivdə buna hazır deyillər. Onlar arzuolunmaz hadisə ilə hazırlıqsız qarşılaşdılar. Buna görə də proseslərə təsir edə bilmədilər. İlk əvvəl Qərb ölkələrinin liderlərinə müraciət edən İsrail rəsmləri onlardan Misir diktatoruna təzyiqləri azaltmağı xahiş etdilər. Teləvivdə belə düşünürdülər ki, Hüsnü Mübarəkə təzyiqlərin artması xalq etirazlarının kütləviləşməsinə və radikallaşmasına səbəb olur. Lakin Teləvivin bu narahatlıqları Qərb ölkələrinin liderləri tərəfindən eşidilmədi. Buna görə də İsrail mediasında Qərb ölkələrinin liderləri, ilk növbədə isə ABŞ prezidenti Barak Obama sərt tənqid olunur. Misir hadisələrinə həsr olunmuş şərhlərə “Obama Mübarəki paraçalamaq üçün itlərə atdı”, “ABŞ müttəfiqinin kürəyinə bıçaq soxdu”, “Vaşinqton dostunu bir tikə çörəyə satdı” kimi başlıqlar qoyulub. Maraqlı məqam həm də ondan ibarətdir ki, bu şərhlərdə Qərbin Misirlə yanaşı İsrailə də xəyanət etməsi vurğulanır. İsraildə hesab edirlər ki, Qərb Hüsnü Mübarəki müdafiə etməməklə Misirlə bərabər İsrailə də xəyanət edib. Hətta belə fikirlərə rast gəlmək olur ki, ABŞ prezidenti müsəlmanlara xoş gəlmək üçün İsrailin özünü də satar. Göründüyü kimi Misir inqilabı İsraildə həycan və qorxuya səbəb olub.
İsraildəki qorxunun və həyəcanı isə yersiz hesab etmək olmaz. Söhbət heç də ondan getmir ki, Hüsnü Mübarəkdən sonra Misirdə hakimiyyətə “Müsəlman qardaşları” təşkilatında birləşmiş islamçılar gələcək. İsraildə gözəl bilirlər hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq iqtidarda xalqın seçdiyi şəxs olacaqsa onun Teləvivlə münasibəti Hüsnü Mübarəkin mövqeyindən çox fərqlənəcək. Ən azından Misir küçələrindəndə yaşananlar bunu deməyə əsas verir. Belə ki, inqilab zamanı yandırılmış polis maşınlarının, hakim partiyanın gərargahlarının və diktatorla oğlunun şəkillərinin üzərinə İsrail dövlətinin simvolikaları çəkilib. Bununla xalq iki nifrət etdiyi şeyi bir ünvanda birləşdirib. Buna görə də İsraildə belə bir rəy hakimdir ki, Misirdə hakimiyyətə xalqın seçdiyi şəxs hakimiyyətə gəlsə, Qahirə ilə Teləviv arasında qeyri-rəsmi müttəflik sona çatacaq. Münasibətlərin müharibə həddinə çatacağı gözlənilməsə də, gərinlik hökmən olacaq.
Bu isə İsrail dövləti üçün çox ağır nəıticələrə gətirib çıxara bilər. İsrail dövləti yarandan 1978-ci il Kemp-Devid anlaçmasına qədər yəhudi dövləti Ərəb dövlətləri ilə müharibə vəziyyətində olub. Ancaq, həmin vaxtlar İsrailin Türkiyə və İranla çox yaxşı münasibətləri olub. Misirlə sülh bağladıqdan az sonra İranda İslam İnqilabının qalib gəlməsi ilə Teləvivlə Tehran arasında münasibətlər pozulub və hal-hazırda gərgin olaraq qalır. Tehran rəsmləri mütamadi olaraq İsraili yer üzündən silməklə hədələyirlər. İran itirilsə də İsrailin Misirlə qeyri-rəsmi dostluğu və Türkiyə ilə isti münasibətləri vardı. Lakin Türkiyədə cəmiyyətin daha da demokratikləşməsi, proseslərə ordunun müdaxiləsinin azalması və hakimiyyətin tamamilə xalqın iradəsi ilə formalaşması nəticəsində Ankara ilə Teləviv arasında münasibətlər pozulmağa başladı. Son iki ildə isə bu münasibətlər gərginləşib. Ankara İsrailin Fələstindəki vəhşiliklərinə daha göz yuma bilmir və onun Yaxın Şərqdəki lideliyini qəbul etmir.
İranın isə İsraili yer üzündən silməklə hədələdiyi, Ankara ilə Teləviv arasında münasibətlərin gərgin olduğu bir zamanda Ərəb dünyasının ən böyük və qüdrətli dövləti olan Misirlə də münasibətlərin gərginləşməsi yəhudi dövləti üçün ağır nəticələr verə bilər. Ən azından bundan sonra İsrail Yaxın Şərqdə özünü ağa kimi hiss edə bilməyəcək. Ona bunu hiss etməsinə sadəcə olaraq imkan verməyəcəklər. Buna görə də Misir inqilabı həm də Yaxın Şərqin yeni tarixinin başlanığıcıdır.
Bu proseslərdən ən çox uduşlu çıxacaq dövlətlərdən biri də heç şübhəsiz Türkiyədir. Misirin İsraillə qeyri-rəsmi dostluğu Türkiyənin Yaxın Şərq siyasətinin uğurla həyata keçməsinə ən böyük əngəllərdən biri idi. Mətbuata sızan məlumatlardan bir qayda olaraq görünürdü ki, Ərəb dünyasındakı diktatorlar Türkiyənin Yaxın Şərqdəki fəallığına qısqanclıqla yanaşırlar. Məhz onların təsirləri ilə Qərb Türkiyəni yaxın Şərq sülh prosesindən kənarda saxlamağa çalışıb. Bu məsələdə Misir diktatorunun daha çox təkid etməsi haqqında da məlumatlar vardı. İndi isə Misirdə baş verən inqilab Türkiyənin Yaxın Şərqdə əsas söz sahiblərindən birincisinə çevirəcək. Görünür, bu prespektivi nəzərə alan Qərb ekspertləri Vaşinqtonu Ankaranı daha dərindən və diqqətlə dinləməsinin zamanının gəldiyini bildirirlər.
Türkiyənin Yaxın Şərqdə əsas söz sahiblərindən birinə çevrilməsi Ankaranın dünya siyasətindəki rolunu da artıracaq. Bu isə Rusiyanın Gürcüstana hərbi müdaxiləsi zamanı Ankara tərəfindən irəli sürülmüş Qafqaz Platformasının həyata keçəcəyinə də təkan verəcək.