Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  11:09 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Baycan : Milli Kitab Mükafatı

  Sayta qoyulub: 16:02 31.12.2010 (1079 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il mükafat bir repçiyə verildi. Bununla da təşkilatçılar müsabiqəyə elə bir zərbə vurdular ki, Nigar Köçərli lap Mirzə Cəlilin özünü dirildib ona mükafat versə belə, yenə də müsabiqənin ciddiliyin bərpa edə bilməz. Əslində, hər bir qələm adamı ölkədə keçirilən istənilən ədəbiyyat müsabiqəsinə sevinməlidir. Nə də olsa kitab təbliğ olunur. Adamlar qəzetlərə, telekanallara verdikləri müsahibələrdə kitabdan danışırlar. Bu mənada Nigar xanımın əməyi qiymətləndirilməlidir. İlin-günün bu vaxtı kitab satışıyla məşğul olmaq fədakarlıqdır. Bu öz yerində.
Müsabiqəyə gəldikdə isə tamam başqa mənzərə açılır. Ötən il Azad Yazarlar Ocağı müsabiqədə iştirakdan imtina etdi. Proseslərin nəticəsi bizim doğru addım atdığımızı göstərdi. Müsabiqədə iştirak edənlər sonda pərt vəziyyətə düşmüşdülər. Çünki mükafat repçiyə verilmişdi və heç kəs bu cür biabırçı sonluq gözləmirdi. Mükafatı repçiyə verməklə təşkilatçılar öz əlləriylə bu müsabiqəni kəfənə bükdülər. Əgər qalib Şərif Ağayar, Fəxri Uğurlu, Əgdər Ol, Rafiq Tağı elan olunsaydı, vəziyyət tamam başqa cür olardı. Olmadı. Ədəbiyyat müsabiqəsinin işi kitabı, yazarı təbliğ etmək, yazmaq üçün yazarda həvəs oyatmaqdadır. Milli Kitab Mükafatının repçiyə verilməsi isə vəziyyəti qəlizləşdirdi.
Onsuz da bizi həyatda bir repçiyə uduzdurublar. Onun hər şeyi var. Maşını, evi, pulu, pərəstişkarları... Bizim isə heç nəyimiz yoxdur. Lap tutaq ki, bu il mükafat başqa adama verildi. Hətta informasiyaların qəzetdə verilməsi belə həmin adamın əleyhinə olacaq. Məsələn, informasiyanı yazan adam mütləq müsabiqənin ötən ilki qalibini xatırlamalıdır: "Xatırladaq ki, müsabiqənin ötən ilki qalibi repçi filankəs olmuşdur". Mən o repçinin adını qəsdən yazmıram. Ayıbdır. Bir çoxları bunu paxıllıq kimi başa düşə bilərlər. Eybi yox. Bu, sadəcə, mənim üçün prinsip məsələsidir. İllərlə ac-susuz, heç bir şərait olmadan ədəbiyyatla məşğul olan adamları şirnikləşdirib, həvəsləndirib, zəif yerlərindən istifadə edib müsabiqədə iştirak etmələrinə inandırıb, sonra onları bir repçiyə uduzdurmaq heç də yaxşı iş deyil. Əgər mükafat həqiqi bir ədəbiyyat adamına verilsəydi, ortaya bu qədər söz-söhbət çıxmazdı.
Biz yazarlar kitaba marağın artmasına sevinirik. İstənilən müsabiqənin keçirilməsini dəstəkləyirik. Amma ədəbiyyatı hansısa başqa məqsədlər üçün vasitəyə çevirəndə biz də danışmaq hüququmuzdan istifadə etməyə məcbur oluruq. Yazıçılar Birliyinin min beşyüz üzvü var. Müsabiqə AYB-nin üzvləri arasında keçirilsəydi, daha yaxşı olardı. Min beşyüz az say deyil. Yox, əgər min beşyüz adam bir müsabiqəyə ciddilik gətirə bilmirsə, bu da bizim günahımız deyil. Müsabiqədə iştirak etmədiklərinə görə azad yazarları, cəmiyyətin "postmodernistlər" adlandırdığı adamları heç kim qınamamalı, heç kim onlardan inciməməlidir. Müsabiqədə iştirak etmədiyinə görə yazarı qınamazlar. Bu, gülməlidir. Bəs deyirdilər bizim gücümüz yoxdur? Bəs deyirdilər bizim sayımız azdır? O zaman necə olur ki, beş-altı adamın müsabiqədə iştirakı zərurət kimi görünür. AYB-nin min beşyüz üzvü niyə müsabiqədə iştirak etmir? Haradadır Prezident təqaüdü alan insanlar? Adamın yadına bir mahnının sözləri düşür:
Hardasan, harda
Gözüm qaldı yolda.

XXX
Ən böyük problem münsiflər heyətinin tərkibiylə bağlıdır. O heyətdə kimlər yoxdur. Rəbiyyət Aslanovadan tutmuş Ayaz Salayevə qədər hər cür adam var heyətdə. Gəlin, Rəbiyyət Aslanova haqda bir balaca danışaq. Siz bu deputat xanımı çox gözəl tanıyırsınız. Məşhur simadır. Rus dilində danışmasıyla fəxr edir. "Bizim Yol" qəzetinə verdiyi müsahibədə demişdi: "Cinayətkardan ifadə almaq üçün ona işgəncə vermək olar". Əvvəla, məhkəmə hökmü olmadan bir insana cinayətkar demək deputata yaraşmaz. Bu, mənəvi məsələdir. Heç bir hüquqi əsası yoxdur. İkincisi, deyilənə görə, deyilənlərə inansaq, qadın zərif məxluqdur. Və bir qadının işgəncəyə haqq qazandırmaq cəhdi onun daxili dünyasından xəbər verir.
"Cinayətkardan ifadə almaq üçün ona işgəncə vermək olar",- deyən Rəbiyyət xanım Aslanova hansı mənəvi haqla başqalarının əsərinə qiymət vermək istəyir? Burda böyük Çexovun "6 nömrəli palata" əsərində İvan Dimitriçin dilindən yazdığı sözlər yada düşür: "Hər bir zorakılıq cəmiyyət tərəfindən zərurət kimi qəbul edilirsə, ədalət haqqında düşünmək gülüncdür". Buyurun, cibində deputat mandatı gəzdirən, üstəlik, qadın olan bir adam işgəncəni zərurətə çevirməyə cəhd edir. Və işgəncəni zərurətə çevirmək istəyən adamın ədalətli qərar çıxarmasına inanmaq çətindir. Ümumiyyətlə, özünü humanist insan sayanlar Rəbiyyət Aslanovayla adlarının hallanmasına necə dözürlər? Məsələn, Rafiq Əliyev. Ola bilsin ki, Rafiq Əliyev güclü alimdir. Güclü elm adamıdır. Bəlkə doğrudan da dünyada tanınıb. Amma Rafiq Əliyevin vətəndaş, ziyalı mövqeyini görməmişik. Vətəndaş mövqeyi olmayan bir adam vətəndaş mövqeyi olan bir adamın yaradıcılığına necə qiymət verə bilər? Hansı əsaslarla, hansı haqla?! Biz bu adamı danışan görmədik. Ölkədə min hadisə, min fəlakət baş verdi, Rafiq Əliyev danışmadı, susdu. İndi isə əsərlərə qiymət vermək istəyir. İşgəncəyə haqq qazandıran Rəbiyyət Aslanovayla birlikdə münsiflər heyətində yer tutan Rafiq Əliyevin vətəndaş mövqeyi olan yazarların əsərlərinə qiymət verməyə heç bir mənəvi haqqı yoxdur.
Tutaq ki, mən lap zəif əsər yazmışam. Ayaz Salayevin bu zəif əsərə qiymət verməyə haqqı yoxdur. Çünki Ayaz Salayevin çəkdiyi filmi qayçıyla doğrayanda adamın səsi çıxmadı. Adam çəkdiyi filmi qoruya, müdafiə edə bilmədi, indi başqalarının əsərinə necə qiymət verəcək? Hansı mənəvi haqla? Onun çəkdiyi filmi "qayçılayanda" Ayaz Salayev nəinki öz filmini müdafiə etmədi, hətta jurnalistlərin suallarına tuş gəlməmək üçün üzə çıxmadı. İndi bu adamın başqasının əsərinə düzgün qiymət verməsinə necə inanmaq olar?
Bəli, istənilən formada kitabın təbliği sevindirici haldır. Amma sözə, əsərə qiymət verməyi işgəncəyə haqq qazandırmaq istəyən Rəbiyyət Aslanovaya həvalə etmək olmaz. Bu, artıq vicdan məsələsidir. Əlbəttə, mənim min manata ciddi ehtiyacım var. Eləcə də yazar dostlarımın. Hər hansı müsabiqənin qalibi olaraq min manat əldə etmək hər bir yazarın istəyidir. Bu, təbiidir. Amma şəxsən mən min manatı işgəncəyə haqq qazandırmaq istəyən Rəbiyyət Aslanovanın əsərimə verdiyi qiymətlə əldə etmək istəmirəm. Kim bunu özünə rəva bilirsə, yolu açıq olsun. Tanrının haqqı Tanrıya, Qeysərin haqqı Qeysərə.
Bu mövzuya toxunmamaq olardı. Amma mən bir yazar olaraq müsabiqədə niyə iştirak etmədiyimi əsaslandırmalı idim. Müsabiqədə iştirak etmək istəyənlər öz əsaslarını yazsalar, çox sevinərəm. Bir insan tiraj qazandıqda, o, həm də başqalarına borclu olur. Bir yazar düşərgəsini dəyişdikdə tək özünü yox, həm də oxucularını dəyişir. Əkrəm Əylisli deputat mandatını özünə görə yox, həm də oxucularına görə almışdı. Nəsə...
Əslində, ilin sonuncu yazısını belə bir mövzuya həsr etməyə bir az heyfim gəlir. Nə etməli? Novruz bayramında Kosa, Yeni ildə Şaxta baba olmağı bacaranlar hərdən araya girirlər və adam öz mövzularını kənara qoyub onlardan yazmağa məcbur olur.
Ötən il Milli Kitab Müsabiqəsini, müsabiqənin təşkilatçılarını lənətləyən adam bu il münsiflər heyətində Rəbiyyət Aslanovayla yanaşı oturursa, özünü rahat hiss edirsə, bu haqda mütləq yazılmalıdır. Novruz bayramında Kosa, Yeni il bayramında Şaxta baba olmağı bacaranların istedadı qarşısında baş əyməklə yanaşı, onların müsabiqədə iştirak etmədiyimizə görə bizdən inciməsinə heyrət etməmək mümkünsüzdür. Doğrudan qəribədir. Ötən il müsabiqə haqda ən kəskin fikirlər söyləyən adam indi münsiflər heyətində oturub. Və üstəlik, müsabiqədə iştirak etmədiyimizə görə bizdən inciyir. Ən pisi odur ki, bu adam hüquqla bağlı kitablar nəşr edir. İnsan haqlarından danışır. Hüquq fakültəsini bitirib. İndi isə işgəncəyə haqq qazandıran Rəbiyyət Aslanovayla birlikdə münsiflər heyətində özünə rahat yer edibdir. Qəribə mənzərədir, elə deyilmi? Çox qəribədir. Belə adamlar haqqında çox yazmaq olar. Sadəcə, yol üstəyəm. Mingəçevirə gedirəm. Vaxt azdır. Həm də səfər qabağı qanımı qaraltmaq istəmirəm.
Novruz bayramında Kosa, Yeni ildə Şaxta baba olmağı bacaran adamları görəndə bir mənzərəni xatırlayıram. Bizim rayonla qonşu rayonun tən ortasında yerləşən bir kənd vardı. Bu kəndin adamları bazar günü bazarlığa gedəndə çıxırdılar yola və hansı tərəfdən avtobus gəlirdisə, həmin avtobusa minirdilər. Onlar üçün avtobusun hansı istiqamətə getməsi o qədər də əhəmiyyətli deyildi. Təki bazar olsun. Bu qədər.
Bütün səmimi oxucularımı bayram münasibətilə səmimi qəlbdən təbrik edir, onlara uğurlar arzulayıram!

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031