Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  11:09 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Firuz Mustafa : AVTOBUS-DÖVLƏT

  Sayta qoyulub: 11:17 29.11.2010 (465 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

MONOHEKAYƏ

Mən hər səhər işə avtobusla gedirəm, elə işdən də avtobusla qayıdıram. Başqa avtobusları deyə bilmərəm, amma “mənim avtobusum”un özəllikləri çoxdur. Belə ki, o, əvvəlcə “avtobus-kənd” idi. Nə təəccüblənin, nə də gülün; sizinlə ciddi mövzuda ciddi söhbət edirəm. Məsələ belədir ki, bir neçə il əvvəl həmin avtobusda adamlarla bərabər süd-qatıq balonları, arı yeşikləri, toyuq-cücə, qaz-ördək, qoyun-quzu daşıyırdılar. Hətta, mən canlı şahidəm ki, bir dəfə yanı buzovlu bir inəyi də avtobusa mindirmək istədilər. Amma inək başını qapıdan içəri salıb avtobusa minmək istəmədi. İnəyin sahibi nə illah eləsə də heyvan sərnişinlərin yanına təşrif buyurmaq arzusundan vaz keçdi; bunun səbəbini dəqiq izah etmək çətindir; məncə, inək ya oturacaqların hamısının tutulduğunu - “zanit” olduğunu görüb əsəbiləşdiyi üçün, ya da ki, salonda ən azı dörd-beş adamın yerini tutacağından və sahibinin cəmi bir nəfər üçün haqq ödəyəcəyindən xəcalət çəkdiyinə görə özünü geri təpdi. Heyvanın sahibi – motalpapaq kişi inəyin yeddiarxa dönənini söyüb onu kənara itələdi; amma kişinin özü kənara çəkilmədi. Əvəzində inəyin körpə, məsum buzovunu qucağına alıb içəri keçdi. İnək isə yerdə - motalpapaq kişinin danasının... e-e-e... bağışlayın, kişinin özünə oxşayan uşağın, yəni onun oğlunun yanında qalası oldu; deyəsən, onlar - oğlan və inək qərara aldılar ki, sərnişini az, salonu isə böyük olan ayrı bir avtobus gözləsinlər. Sağ olsun bizim gənclər, onlardan birinin layiqli nümayəndəsi ayağa durub salonun ortasında döyükən qucağıbuzovlu motalpapaq vətəndaşa yer verdi.
İkinci mərhələdə bizim nəqliyyat vasitəmiz “avtobus-kənd“”, çevrilib oldu “avtobus-şəhər“”. Bu mərhələdə məmləkətin işgüzar vətəndaşları sərnişinlərin elə ayağı altındaca zavod və fabriklərdən sökülmüş dəzgahları, mühərrikləri, boruları, generatorları, tay-tay trikotaj parçaları, qapı-pəncərə bloklarinı, beton sütunları, tikinti materiallarını süpürüb aparırdılar. Avtobusumuz sərnişinlərlə birgə, elə şəhəri də bir tərəfdən o biri tərəfə daşıyırdılar. Mən, hətta, bir dəfə bir neçə bığıburma kişinin hardansa isti-isti söküb gətirdikləri mini fabriki hıqqana-hıqqana kiçik avtobusun böyük salonununa necə yerləşdirdiklərini öz zəif gözlərimlə görmüşəm.
Kənddən dönüb şəhərə çevrilən avtobusumuz artıq öz dinamik inkişafının yeni bir mərhələsinə qədəm qoyub. İndi “mənim avtobusum”un adamlarla “prestlənmiş” salonunda dövlət strukturunun bütün elementləri fəaliyyət göstərir; artıq “avtobus-dövlət”ə çevrilən bu yeni qurumda nələr yoxdur: ambulatoriya, doğum evi, yetimxana, məktəb, poçt, ahıllar evi, rəqs dərnəyi, iaşə xidməti, universitet, akademiya... İndi bizim avtobusda “vor zakonlar“”, oğru-quldurlar da artıb. Xalqın cibinə girən oğruları tutub elə salondaca çiynipaqonlu, ayıq-sayıq asayiş keşikçilərinə təhvil verirlər; amma nədənsə təhvil verilən həmin “milli oğrular” səhərisi gün yenə salonda zühur edirlər. Mənə elə gəlir ki, “avtobus-dövlətdə” paqonlularla paqonsuzların çox səmərəli və intensiv işbirliyi hökm sürür.
“Mənim avtobusum“da” bütün müasir sənətçilər səhərdən-axşamacan oxuyur. Burada sərnişinlərə, daha dogrusu xalqa, (çünki “dövlət”“ ərazisində “sərnişin” olmaz ki!) hər cür “estetik xidmət” göstərilir, hər növ sənət nümunələri ərməğan edilir. Ən çox isə təbii ki, bizim klassik musiqi janrımız - meyxana təbliğ olunur. Söz yox ki, biz burada arabir aşıq mahnıları və muğam dəstgahları da eşidirik. Bütün xırda məmurlar və işsizlər ordusu da bizim yol yoldaşımızdır. Siyasət burada həll olunur. Seçkilər burada keçirilir. Cərimələr burada ödənilir. Yeni əsərlər burada yaranır. Toy kralları, ğözəllik müsabiqələri burada müəyyən edilir. Zaçotlar, imtahanlar burada götürülür, “kəsirlər”“ burada düzəldilir, mitinqlər, baykotlar, tətillər, nümayişlər, alqışlar, qarğışlar... hər şey bu “avtobus-dövlət“də” bərqərar olur.
Analar övlad sevincini məhz burada - hə də, təəccüblənməyin, avtobusda duyurlar. Inanmırsız?!. Yadımdadır, ötən ay, özü də günün günorta çağı, bir qadın qəfildən zarımağa başladı: əvvəlcə astadan, sonra isə ucadan. Xalq elə bildi ki, o, xəstədir. Xəstə olmağına, qadın xəstə imiş; amma sən demə, məsələ bir az qəlizmiş; çünki hadisələrin sonrakı inkişafı ayrı səmtə doğru yön aldı. Vəziyyəti hamıdan əvvəl şanlı səhiyyəmizin avtobusdakı layiqli nümayəndəsi - canısulu mamaça qadın, qiymətləndirdi: mamaçanını zirəkliyi tezliklə öz bəhrəsini verdi. Zahı qadının qəşəng bir oğlu dünyaya gəldi; hə də, orada, yox burada - “avtobus-dövlət“də”. Mamaça hətta sərnişindən- gənc anadan “muştuluq“-nəmər” də aldı. Dövlətimizin, xalqımızın bir xoşbəxt vətəndaşı da artdı…
Əlbəttə, doğmaq və doğulmaq böyük səadətdir. Amma biz “avtobus-dövlət”də bəzən kədərli hadisələrin də şahidi oluruq. Məsələn, üzünüzdən iraq, ötən gün bizim “avtobus-dövlət”in sakin¬lərindən biri qəfildən tir-tap salona sərildi. Şükür, bir anın içində bayaqdan bəri vətəndaşların küncə sıxdığı həkim də üzə çıxdı: həkim tez ağ xalatını geyib rezin əlcəyini taxdı, şəprisini çıxarıb iynəsini lazımi yerə vurdu. Amma... təəssüf ki, xəstə bir daha ayılmadı. Sən demə, heç təəssüf etməyə də əsas yoxmuş. Şükür sənə xudaya, bir xoşbəxtliyə baxın, “avtobus-dövlət”“in öz mollası, hələ mollası bir yana, hətta,öz mürdəşiri də varmış. Molla əmi tez ürəyinin başında saxladığı müqəddəs kitabı çıxarıb başladı optimizm dolu bir avazla fatihə verməyə. Hamımız salavat çevirib mərhumun ruhuna rəhmət oxuduq. Sən demə, mürdəşid də hazır imiş: o, az qala bir göz qırpiminda ölən vətəndaşın gözünü qapayıb onu kəfənə bürüdü. Pasportuna əsasən ünvanı dəqiqləşdirildi. Mərhumun yeddisinin, qırxının vaxtı müəyyənləşdirildi. Yeri cənnətlik olsun!
Xalqımızın, daha doğrusu, “avtobus-dövlət“imiz”in bir layiqli vətəndaşı da azaldı. Başınız sağ olsun...
Xoşbəxt adamlarıq; öz “avtobus-dövlət“imizdə” doğulur, elə orada da dünya ilə vidalaşırıq. Məncə, belə şərəfli doğuluş da, belə şanlı ölüm də yalnız xoşbəxtlik əlamətidir.
Mən də sizin hamınıza xoşbəxtlik arzu edirəm.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031