Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  11:09 19.05.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Elnur Astanbəyli : Cəbhə ilə Müsavata acıları söyləmək zamanı

  Sayta qoyulub: 18:27 20.09.2010 (688 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhə-Müsavat birliyini ən çox arzulayanlardan biri kimi bu cümlələri yazmaq mənə çox ağırdır. Amma nə etməli, dost acı söylər, vahid namizədlərlə bağlı siyahını gördükdən sonra bəzi həqiqətləri yazmadan keçə bilməyəcəm. Çünki mən bu birliyin birilərinin özünü müxalifətçi, hakimiyyət əleyhdarı kimi realizə etməsi imkanlarına son qoyacağını düşünmüşdüm. Əgər biriləri bu birlikdən hakimiyyətlə gizli-aşkar sövdələşmələrini pərdələmək naminə istifadə etməyə çalışarsa da, səmimi şəkildə rejimə qarşı dayananların, dayandıqlarını iddia edənlərin könlünün buna razı olmayacağına inanmışdım. Məgər ki, yanılmışam. Əks halda məsələn, Rauf Arifoğlunu hansı məntiqlə "AXCP-Müsavat" blokunun namizədi elan etmək olar? Bunun bir izahı varmı, xanımlar və cənablar? Adamın illərdir hakimiyyətin "əl-üzünü" yumaqda tayı-bərabəri yoxdur. Ən həlledici situasiyalarda rejimin əlinə oynadığının saysız-hesabsız örnəkləri var. Prezidentə təşəkkür etmək, sağ ol demək üçün fürsət güdməklə məşğuldur. Və əgər siz indi çıxıb onu vahid namizəd elan edərsiniz, hər kəsin cani-dildən arzuladığı bir birliyin ruhunu zədələmiş olarsınız, yaralamış olarsınız.
Bu günki Azərbaycan reallığında müxalifətin sahib olduğu yeganə güc nədir? Uğrunda mübarizə apardığı dəyərlər, mənəvi prinsiplər deyilmi? Maddi resurslarınız yoxdur. İnzibati resurslarınız yoxdur. Topunuz yoxdur, topxananız yoxdur. Sahib olduğunuz tək şey - mənəvi prinsiplərdir. Həlledici anda onun da üzərindən rahatlıqla keçəcəksinizsə, mübarizənin bir anlamı qalırmı? Madam ki, Rauf Arifoğlu olub da real bir müxalifət blokunun vahid namizədinə çevrilmək mümkündür, o zaman özünə əziyyət verib örnək olaraq Həsən Kərimovu, İbrahim İbrahimlini, Vurğun Əyyubu seçməyin nə mənası qalır?
Əlbəttə, mübarizədən sapmayanlar, hakimiyyətlə bazarlıqların içinə girməyənlər bunu hansısa real müxalifət blokunun sevimlisi olmaq üçün etmirlər. İsa Qəmbərin, Əli Kərimlinin xoşuna gəlmək üçün etmirlər. Bu, onların vicdani missiyasıdır. Ləyaqət borcudur. Amma mübarizənin liderliyini üzərinə götürən insanlar həlledici situasiyada, məsələn, Rauf Arifoğlu ilə Həsən Kərimov arasında fərqi görməzlərsə, bu ikisinin arasında çox asanlıqla bərabərlik işarəsi qoyarlarsa, həm mübarizə ruhuna toz qondurmamış insanları incitmiş, həm də çox zərərli bir tendensiyanı gücləndirmiş olarlar: belə çıxar ki, bir əldə iki qarpız tutmaq, bir yandan adını müxalifətçi qoyub, digər yandan hakimiyyətlə kirli bazarlıqlarda bulunmaq tamamilə təbiidir.

İngilisdilli Elşad Musayev

Daha bir anormallıq AXCP-nin seçki dairələrinin birində keçmiş AMİP-çi İlqar Məmmədovu dəstəkləməsidir. Əlbəttə, mən Müsavatın Elşad Musayev kimi təsadüfi bir adamı müdafiə etdiyi dairədə AXCP-nin başqa seçim etmək məcburiyyətini anlayıram. Amma bu seçimin İlqar Məmmədov olması tam bir komediyadır. Guya İlqar Məmmədovun Elşad Musayevdən fərqi nədir? İlqar Məmmədov olsa-olsa, ingilis dilli Elşad Musayevdir, vəssalam! Hər ikisinin ət yoxsa balıq olduğuna qərar vermək çox çətindir.
Üstəlik, bu keçmiş AMİP-çinin Cəbhə ilə Müsavata münasibəti indiyədək Siyavuş Novruzovdan, Mübariz Qurbanlıdan zərrəcə fərqlənməyib. O da yaptokratlar kimi AXCP və Müsavatı "ənənəvi müxalifət" deyib məsxərə obyektinə çevirənlərdən biridir. Cəbhəçilər, müsavatçılar aksiya keçirir, "mitinqlər 88-ci ildə qalıb",- deyə ələ salır. AXCP, Müsavat hakimiyyətin istefasını tələb edir, bunu da lağlağıya çevirir. Keçənlərdə Elçibəyi "fərarilik"də ittiham edən də hər halda nə Ziyafət Əsgərov idi, nə də Əli Əhmədov, elə bu İlqar Məmmədov deyilən "intellektual"ın özü idi.
İndi hansı məntiqlə onu Müsavata inad müdafiə etmək olar? Müsavatın acığına kimisə müdafiə etmək lazımdırsa, bu məhz İlqar Məmmədovmu olmalı idi? Ondansa gedib Elşad Musayevi müdafiə edərdiniz, heç olmasa, vahid namizədlərin sayı bir nəfər də artardı.

Hicab məsələsi

Bu yazdıqlarımdan sonra birdən-birə söhbəti dəyişmək çox çətindir. Amma nə etməli, indi olduqca həssas bir mövzudan yazmaq məcburiyyətindəyəm. Bu elə bir mövzudur ki, barəsində digər qəzetlərdə yazmaq imkanı sıfıra bərabərdir. Əlimizdə ancaq "Reytinq" qəzeti var. Ona görə də siyasi söhbətdən qəfil dini mövzuya keçməyimi oxucular yəqin bağışlayar.
Yola salmağa hazırlaşdığımız həftə hicabla bağlı iki qalmaqal yaşandı. Əvvəlcə Sumqayıtda, ardınca Zaqatalada hicablı müəllimələrin məktəbə buraxılmadığı xəbəri gəldi. Hər iki qalmaqal mollalar üçün xoş sonluqla bitdi - qanunda belə bir qadağanın olmaması əsas gətirilib, hicablıları məktəbə buraxmaq qərarı verildi. Olacaq şey deyil - qanun sərbəst toplaşmaq azadlığına icazə verir, amma mitinq və piketlər yasaqlanır. Məsələ hicaba gələndə birilərinin yadına qanunun üstünlüyü düşür.
Ümumiyyətlə, artıq dinlə bağlı qanunlara müəyyən yasaqların gətirilməsi zamanı yetişib. Ən çox da müəllimə və tələbələrin məktəblərə, universitetlərə hicabla gəlməsinə bir əncam çəkməlidir. Hər kəsin inancı onun şəxsi işidir. Getsin evində istədiyi qədər təsbeh çevirsin. Kimsənin öz dini hisslərini sinif otaqlarına, universitet auditoriyalarına daşımaq haqqı yoxdur.
Bilirəm, indi biriləri çıxıb "Bəs harda qaldı demokratiya? Bəs harda qaldı insan azadlıqları?",- deyə yaxa-başlarını cıracaqlar. Onlara da deyəcək sözüm var: madam ki, bu qədər demokratiya aşiqisiniz, madam ki, insan azadlıqlarına sayğınız bu qədər sonsuzdur, öncə özünüzdən başlayın - dinin gətirdiyi anormal yasaqları, qadağaları qaldırın. Məsələn, ilahilərdən qeyri musiqilərə də hörmət etməyi bacarın. Əslində mən bir az dara düşəndə "demokratiya" sözünün ətəyindən bərk-bərk yapışanların dabbaqda gönünə bələdəm, haracan tolerant olduqlarını da öz təcrübəmdən çox yaxşı bilirəm. Onların ucbatından internet-forumlardan didərgin düşmüşəm. Elektron ünvanım "hacı", "məşədi" titullu dindarların söyüş, hədə-qorxu dolu məktubları ilə doludur. Ən əsas məsələ: siz dünyanın harasındasa müəllimənin məktəbə rahibə, müəllimin də keşiş qiyafəsində gəldiyini görmüsünüzmü? Görməmisiniz, görə də bilməzsiniz. Çünki məktəb dediyin də kilsə kimi, məscid kimi, ayrıca bir məbəddir. Onun öz inanc sistemi var. Bu, insanı yalnız elmin gücü ilə xilas etməyə fokslanmış bir inanc sistemidir. Yalnız biliyin, təhsilin gücünə inamın üstün olduğu müqəddəs yerdir. "Elmdən başqa elm yoxdur" həqiqətinə sitayişin ocağıdır. Orada bizə öyrədilən kitablar səmavi olmadığı kimi, ora sığınanların da geyimi əsla hicab ola bilməz. Qısası, artıq dinlə bağlı qanundakı boşluqları doldurmaq zamanı gəlmişdir. Nə qədər ki, məktəblər mədrəsəyə çevrilməyib, nə qədər ki, molla sadıqlar universitetlərə qayıtmayıb, bu işə bir əncam çəkilməlidir. Sonra gec ola bilər.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Rövnəq Abdullayevin 7777 dəlisi Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bizim professorlarımız Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Avropanın siması dəyişir Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

FHN-in qabağında dilənən alim Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Gəncliyə xitab Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Qürbətdə uyuyan Yusif Vəzir Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    May 2012
B.e Ç.a Ç C.a C Ş B
010203040506
07080910111213
14151617181920
21222324252627
28293031