Ombudsman Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) respublikamızın hər bir rayonunda təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirməsi məqsədilə silsilə ictimai dinləmələr keçirir. Növbəti ictimai dinləmə Salyan rayonunda təşkil olunub. Bu barədə Ombudsman aparatından məlumat veriblər.
İctimai dinləmədə rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatların, KİV-lərin və icmaların nümayəndələri iştirak ediblər.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Əliağa Hüseynov tədbiri açaraq, İnsan Hüquqları üzrə Müvəkkili bu torpaqda salamlamış, ictimai dinləmənin əhəmiyyətini vurğulayaraq, öz məruzəsində ölkə Prezidentinin dəstək və qayğısı nəticəsində, Regionların sosial-iqtisadi inkişafı Proqramına müvafiq olaraq, respublikamızda, o cümlədən bu rayonda abadlıq-quruculuq işlərinin, sosial-iqtisadi inkişaf siyasətinin həyata keçirildiyini, əhalinin vəziyyətinin yaxşılaşdığını və bu sahədə işlərin davam etdirildiyini, həmçinin bir müddət əvvəl baş vermiş daşqınlar, təbii fəlakətin qarşısının alınması üzrə geniş və operativ tədbirlərin görüldüyünü bildirib.
Məruzəçi ölkəmizdə ilk dəfə olaraq, bu rayonda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tənha, aztəminatlı və əlil ailələr üçün 150 evdən ibarət yeni şəhərciyin salınması üzrə işlərin aparıldığını, habelə dövlət tərəfindən sel və daşqınlar zamanı evlərinə ciddi ziyan dəymiş sakinlərin köçürülməsi üçün 105 evdən ibarət yeni yaşayış qəsəbəsinin salınması üzrə işlərin davam etdirildiyini, Kür çayında mühafizə bəndlərinin möhkəmləndirilməsi istiqamətində tədbirlər görüldüyünü, Olimpiya-İdman Kompleksinin, Uşaqların Texniki Yaradıcılıq Mərkəzinin, yeni orta məktəblərin və səhiyyə obyektlərinin tikildiyini, rayon mərkəzi xəstəxanasında, 10-a yaxın sosial obyektdə təmir işlərinin davam etdiyini, parkların salındığını, həmçinin şəhərin kanalizasiya sisteminin yenidən qurulduğunu, yolların çəkildiyini, kəndlərin işıq və qazla təmin olunduğunu, yeni iş yerlərinin açıldığını, sahibkarlar və fermerlər üçün geniş imkanların yaradıldığını və digər tədbirləri diqqətə çatdırıb. O, habelə insan hüquqlarının müdafiəsinin və MFP-nin əhəmiyyətini qeyd edərək, rayonda bu sahədə görülmüş işlər, vətəndaşların qəbulu, müraciətlərinə baxılması və digər tədbirlər haqqında ətraflı məlumat verib.
Ombudsman müqəddəs Ramazan ayı münasibətilə iştirakçıları təbrik etmiş, xoş arzularını bildirib. O, Salyan rayonunun bir neçə dəfə ağır günlər yaşadığını, ötən dövrlərdə də burada Kür çayının daşması nəticəsində təbii fəlakətin baş verdiyini, o zaman Müvəkkilin bu rayondakı daşqın yerlərinə baş çəkdiyini, əhali ilə görüşdüyünü, problemlərini öyrəndiyini və onların hüquqlarının təmini istiqamətində müvafiq tədbirlər gördüyünü, dövlət tərəfindən seldən əziyyət çəkənlərə kömək göstərildiyini söyləyib, bu il də həmin təhlükənin olduğunu qeyd edib, lakin ölkə prezidentinin diqqəti və həyata keçirilmiş operativ tədbirlər nəticəsində rayonda təbii fəlakətin nəticələrinin aradan qaldırıldığını vurğulayıb.
E.Süleymanova eyni zamanda Salyanın inkişafını, buradakı ictimai dinləmənin əhəmiyyətini qeyd edərək, Azərbaycanda hər hansı ayrı-seçkiliyə yol vermədən insan hüquq və azadlıqların müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırıb.
Müvəkkil ölkəmizdə Regionların sosial-iqtisadi inkişaf Proqramının sürətlə həyata keçirildiyini, yoxsulluğun azaldığını, yaşayış səviyyəsinin yaxşılaşdırıldığını, bu günlərdə dövlət başçısının müvafiq sərəncamlarına əsasən, minimum aylıq əməkhaqqının və yaşa görə əmək pensiyasının baza hissəsi məbləğlərinin 2010-cu il sentyabrın 1-dən 85 manata qədər müəyyən edilməsinin, həmçinin müəllimlərin əmək haqlarının artırılmasının əhəmiyyətini diqqətə çatdırıb.
E.Süleymanova ölkəmizdə, o cümlədən bu rayonda uğurla icra olunan MFP və həmin sənədin istiqamətləri, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və perspektivlər, habelə Ombudsman təsisatının, o cümlədən Müvəkkilin Cəlilabad regional mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Ombudsman qarşıdan gələn parlament seçkilərini, seçki kampaniyasına artıq start verildiyini nəzərə alaraq, seçki hüquqlarının prioritet məsələ olduğunu, Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edildiyini, ölkə prezidentinin bu sahədə müvafiq Sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin zəruriliyini vurğulayıb, əhalini seçkilərdə fəal iştirak etməyə çağırıb. O, son bələdiyyə seçkilərindən sonra bələdiyyə üzvü olan qadınların sayının bir neçə dəfə artdığını müsbət hal kimi qiymətləndirib, onlara bu vəzifədə daha məsuliyyətlə çalışmağı, bu qurumların işini təkmilləşdirməyi, icmaları səfərbər etməyi, müsbət xarici və yerli təcrübəni öyrənməyi tövsiyə edib.
Tədbirdə E.Süleymanova bu rayonda MFP-nin icrası, insan hüquqlarının müdafiəsi, seçki hüquqlarının, o cümlədən seçicilərin şəxsiyyət vəsiqəsi ilə təmini, məhkəmə qərarlarının icra olunması və digər zəruri məsələləri müzakirəyə çıxarıb.
59 saylı DSK-nın sədri seçki prosesinə start verildiyini, Seçki Məcəlləsi və müvafiq təlimatlara uyğun olaraq iş aparıldığını, seçki komissiyaları üçün təlimlər təşkil edildiyini, seçki məntəqələrində lazımi şəraitin yaradıldığını, seçki hüquqları sahəsində müntəzəm olaraq maarifləndirmə işinin təşkil olunduğunu, həmçinin seçici siyahılarının təkmilləşdirildiyini, mütəmadi olaraq məlumatların dərc edildiyini və yayıldığını, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi vəziyyəti haqqında məlumatları qeyd edib.
Müzakirələrdə rayon polis rəisi, prokurorun müavini, QHT-lərin nümayəndələri, bağça müdirləri, fəal qadınlar və digər iştirakçılar çıxış edərək, rayonda MFP və insan hüquqları üzrə fəaliyyət, dövlət orqanlarının əməkdaşlığı, təbii fəlakət zamanı əhalinin birgə səylər göstərməsi, və nəticələrinin aradan qaldırılması, rayonda kriminogen durumun sabitliyi, qadın və uşaq hüquqlarının təmini, uşaqların tərbiyəsi üzrə işlər, QHT-lərin fəaliyyəti və digər tədbirlər barədə məlumat veriblər.
Eyni zamanda bir sıra problemlər – daşqının nəticələri ilə bağlı bəzi çətinliklər, uşaqların qəddarlığı təbliğ edən kompüter oyunlarına aludə olması, narkomaniyanın yayılması və b. səsləndirilib.
Ombudsman MFP-nin icrasında səylərinin birləşdirilməsinin, dövlət orqanlarının əhali ilə daha çox işləməsinin, bələdiyyələrin və QHT-lərin işinin təkmilləşdirilməsinin, icmaların səfərbər edilməsinin, əhalinin bütün qruplarının hüquqlarının müdafiəsinin, narkomaniyaya qarşı mübarizənin gücləndirilməsinin, sağlam həyat tərzinin təbliğinin, hüquqi maarifləndirmənin zəruriliyini, erkən nikahların yolverilməzliyini vurğulayıb. O, habelə VVAQ, hərbi komissarlıq, polis orqanları, icmalar və bələdiyyələrlə birlikdə seçici siyahılarının müntəzəm olaraq təkmilləşdirilməsinin, vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunmasının, bu sənədlərin etibarlılıq müddəti ilə bağlı vaxtında dəyişdirilməsinin, seçkilərdə əhalinin fəallığının, vətəndaşlara öz seçimini etmək üçün şəraitin və namizədlərə bərabər imkanların yaradılmasının vacibliyini, seçkilərin azad və demokratik keçirilməsi üçün hakimiyyət orqanları və polisin müdaxilə etməsinin yolverilməzliyini qeyd eəib.
E.Süleymanova rayon rəhbərliyi ilə birgə Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikintisi davam etdirilən tənha, aztəminatlı və əlillərin ailələri üçün 150 evdən ibarət yeni şəhərciyə, habelə dövlət tərəfindən sel və daşqınlar zamanı evlərinə ciddi ziyan dəymiş sakinlərin köçürülməsi üçün inşa edilən yeni yaşayış qəsəbəsinə baş çəkmiş, buradakı işlərlə tanış olub.
Müvəkkil 59 saylı DSK-ya da baxış keçirmiş, görülən işlər barədə məlumat alıb, seçki hüquqları ilə bağlı fəaliyyətin daha da təkmilləşdirilməsi üzrə müvafiq tövsiyələr verib.
Ombudsman səfər çərçivəsində İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədilə Salyan Rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama təcridxanasına baxış keçirib, saxlanılan şəxslərlə söhbət aparıb, onlara hüquqlarını izah edib. Həmin şəxslər burada saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyiblər.
Eyni zamanda polis əməkdaşları ilə görüşdə qarşıdan gələn parlament seçkiləri də nəzərə alınmaqla, vətəndaşların seçki hüquqlarının müdafiəsinə diqqət yetirilməsinin, sərbəst toplaşaq azadlığının həyata keçirilməsinə şərait yaradılmasını, habelə polisin seçki prosesinə müdaxiləsinin, vətəndaşlara qarşı qeyri-etik davranışın, zorakılığın yolverilməzliyi qeyd edilmiş, fəaliyyətlərinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Müvəkkil Polis Akademiyasının nəşr etdiyi “İnsan hüquqları və polis”, “Hüquq-mühafizə orqanları əməkdaşlarının davranış məcəlləsi” vəsaitlərini RPŞ-nin rəhbərliyinə təqdim etmiş və bu vəsaitlərin öyrənilməsini, treninqlərdə və təlimlərdə istifadə olunmasını, təcrübədə tətbiqini tövsiyə edib.