Kişi cibdən üşüyər.
Yapon atalar sözü
Qafqaz Universitetinin ikinci kursunda oxuyurdum. "Əhmədli" metrostansiyasından çıxıb evə, "Xəzər" univermağı tərəfə getməkdə idim. Qəflətən ürəyim banan istədi. Elə qəflətən ki, mat qaldım. Ürəyimin xasiyyəti ağırdır. Çox şıltaqdır. Şəraiti, vəziyyəti bir qram nəzərə almır. Qəflətən nəsə istəyir və mən onun istəyini yerinə yetirməyəndə başıma axmaq iş gəlir, əlim heç bir işə yatmır, düşünmək qabliyyətindən mərhum oluram, xərcə düşürəm...
Əgər banan alsaydım, "Əhmədli" stansiyasından "Xəzər" univermağına qədər yolu piyada getməli olacaqdım. Üstəlik, bərbərxanaya gedib saçımı qaydaya saldırmalı idim. Adamlıqdan çıxmışdım, tələbəyə yox, cinə oxşayırdım. Çox düşünmədim. Ürəyimin səsinə qulaq asdım. Mağazaya girib bir ədəd banan aldım. Elə mağazanın qarşısında bananı soyub yedim. Xeyli sakitləşdim. Piyada evə tərəf üz tutdum. Ukrayna dairəsinə çatmağa az qalmış yanımda bir "Jiquli" avmobili saxladı. Sürücünü o dəqiqə tanıdım. Bizim məhəllədə yaşayırdı.
- Hara gedirsən?
- Evə.
- Otur.
Beləcə, problem çox asanlıqla həll olundu. Mən ürəyimin sifarişlərini yerinə yetirməyəndə, gerçəkdən, qara zolaqdan çıxa bilmirəm. Ona görə də mən "kefli beçə" yemək üçün Bakıdan Şəkiyə qədər yolu asanlıqla qət edirəm. Ərinmirəm. Bu, bir növ mənim üçün ziyarətdir. Əgər cibimdəki pulu ürəyim istəyən şeyə xərcləməsəm, o pul durduğum yerdə axmaq bir şeyə xərclənəcək. Neçə dəfə sınamışam. Ona görə də imkan daxilində əksər hallarda sabahı düşünmədən ürəyimin səsinə qulaq asıram. Xidmət etdiyim hərbi hissədə bir gizir vardı. Maaşını alan kimi hoppalara (dırnaqsız) gedirdi. Həmişə deyirdi: "Mənim maaşımdan nəsə yadda qalır. Onların maaşından heç nə yadda qalmır".
Xəsis kişilər və "xınalı kəklik"lər
İki növ kişiyə nifrət edirəm. Belə kişilər görəndə eyni cinsdən olduğuma görə utanc hissi keçirirəm.
1. Xəsis kişilər;
2. Başına qara rəng qoyan kişilər;
Birincidən başlayaq. Xəsis kişilərin arvadına, övladlarına yazığım gəlir. Əgər qadın əliaçıq, kişi isə xəsisdirsə, bunun adı məşəqqətdir. Xəsislik kişiyə ciddi zərbə vuran, onu gözdən salan şeydir. Bəlkə də xasiyyətdir. Nə bilim, dəqiq adını qoya bilmirəm. Xəsis kişinin övladı gözüqıpıq böyüyür. Ömrünün sonuna qədər əzab çəkir. Qorxaq olur. Xəsis adamla yol getmək əzabdır. Özü yemir, üstəlik də sənin rahat əylənməyinə imkan vermir. Başqalarının pulu rahat xərcləməyi də xəsis insanı əzir. Xəsis insan hər vəhclə başqalarının həyatını öz süni müdrikliyi ilə zəhərləməyə çalışır. Xəsisliyin sonu yoxdur. Varsa da, çox gülməlidir. Kimliyindən aslı olmayaraq, mən özümü xəsis insanın yanında çox narahat hiss edirəm. Bacardığım qədər belə adamlardan uzaq gəzməyə çalışıram. Xüsusən, yaradıcı adamın xəsis olması biabırçılıqdır. Eşitdiyimə görə, Səməd Vurğun çox əliaçıq adam olub. Rəsul Rza isə ömrü boyu bir gənc şairə yüz qram araq almayıb. Bir sözlə, yaradıcı adamın xəsis olması çox dəhşətlidir. Rüsvayçılıqdır. Yaradan xəsis olmamalıdır. Əgər yaradıcı adam xəsisdirsə, onun çəkdiyi günəşin şüaları zəif olacaq. Əlini cibinə rahatlıqla ata bilməyən yaradıcı adam qələmi mürəkkəbə, fırçanı boyaya ürəklə batıra bilməz. Mümkün deyil. Əgər məsələni konkretləşdirsək, xəsis şair özünü kişiyə bənzətmək istəyən qadın kimi anormal bir varlıqdır. Mən klassik şair obrazının heyranı deyiləm, bununla belə şeir yazan bir insanın "qəpişnik" olmasını da başa düşə bilmirəm. İyrəncdir, qəbuledilməzdir, ürəkbulandırıcıdır.
O vaxtlar biz 1 May paradına gedəndə adətən uşaqlara evdən bir, bəzilərinə üç, bəzilərinə beş manat verirdilər. Yaşa və ailənin vəziyyətinə görə pulun qiyməti dəyişirdi. Parada on manatla gedənlər də vardı. Hər şey ucuz, xərcləməyə isə yer az. Uşaqlardan biri parada əlli qəpik aparırdı. Baxmayaraq ki, onun atası çoxumuzun atasından daha imkanlı idi. Övladına daha çox pul verə bilərdi. Vermirdi. Adam xəsis idi. O uşağın necə utandığı hələ də gözümün qarşısındadır. İndi o uşağın hər şeyi var. Yaxşı qazanır. Amma nə etməli, indi 1 May paradı yoxdur. Ona görə mən Vladimir Sorokinin bu sözünü çox sevirəm. Təkrar-təkrar yazmaqdan yorulmuram. Sorokin deyir: "Xoşbəxtlik nə dünəndir, nə də sabah. Xoşbəxtlik bu gündür".
İnsan dondurmanı, topu, velosipedi vaxtında görməlidir. Sonra böyüyüb "Ceep" sürsə də xeyri yoxdur. Bu, bayağılıq deyil, həqiqətdir. Məhz buna görə mən çox böyük həvəslə, şövqlə uşaqlara pul verirəm, pul xərcləyirəm. 10-15 manat mənim heç bir problemimi həll etmir, uşaq üçün 10 manat xərcləmək ona xoşbəxt bir gün bəxş etmək deməkdir.
Gəlin, bir əhvalat da yazım, keçək başına qara rəng qoyan kişilərə. Bir tanışım var. Xərcləyən adamdır. Əksər hallarda yeməyi çöldə-bayırda yeyir. Arvadı çox donquldanır. Bir gün ailəsini götürüb gedir restorana. Yeyib-içib, ailəvi əylənirlər. Hesab gələndə arvad deyir ki, mən bu pula evin bir aylıq yeməyini bişirərdim. Kişinin əli-qolu sınıb yanına düşür. Sazı sinəsinə basıb deyir ki, ona görə evdə oturursan, səni heç yerə aparmıram. Sən yeyə bilmirsən...
Bu mənada rus qadınlarının əliaçıq kişiləri sevmələri, əliaçıq kişilərə xüsusi rəğbət bəsləmələri ayrıca bir məktəbdir. Bunu da bacarmaq lazımdır. Nəsə, ciddi və ağır söhbətdir.
2. Hər yaşın öz gözəlliyi var. Eləcə də saçın ağarması ayrıca bir dövr, ayrıca bir mərhələdir. Ağaran saçın da öz azarkeşləri var. Amma bəziləri bunu başa düşməyərək, cavan görünmək üçün saçlarına qara rəng qoyurlar. Hətta bəziləri bığlarını da qaraldırlar. Bir dostumuz saçını qaraldan kişiləri "xınalı kəklik" adlandırır. Gözəl bənzətmədir. Saçını qaraldan kişilər də xəsis kişilər kimi ürək bulandırır. Kişinin saçını qaraltması Qənirə Paşayevanın nobelli qadınlar haqda kitab yazması qədər gülməlidir. Yaxud elə bil Aybəniz Haşımova özünü daim Şövkət Ələkbərovaya oxşadır. Sanki Xoşqədəm xanım (aparıcı) Sartrdan sitat gətirir. Və yaxud Anar atası Rəsul Rzanı xeyirxah bir insan, duyumlu bir şair kimi cəmiyyətə sırımaq istəyir. Belə bənzətmələrdən çox yazmaq olar, amma ən gözəli başına rəng qoyan kişilərə "xınalı kəklik" deməkdir. Qısa və konkret.
Yaş yaddan çıxanda adam mütləq gülməli görünəcək. Bir də görürsən ki, yaşlı bir qadın özünü dar şalvara pərçim edibdir. Yaxud, tam tərsinə, dar şalvarı özünə pərçim edibdir. İndi bu nənəyə, xalaya necə başa salasan ki, zaman amansızdır, xeyri yoxdur, qatar çoxdan gedib, hətta tüstüsü də çəkilib. Niyə özünü camaata güldürürsən? Bədən rəsm əsəri deyil ki, illər keçdikcə qiyməti daha da artsın.
Xarakter, yoxsa qəhrəman?
Qobsekin xarakter, yoxsa qəhrəman olduğunu müəyyən etmək mənimçün çətindir. Qobsekin xəsisliyi Oblomovun tənbəlliyinə bərabərdir. Lakin dahi Balzak Qobsekin dilindən yazır: "Siz əsl teatrın nə olduğunu bilmirsiniz. Adi bir sözə görə duelə çıxan dəliqanlı gənclər mənim qarşımda alçalır, yalvarır, göz yaşı tökür, min rola girirlər. Onlar yalnız mənim üçün oynayırlar. Mən bu teatrın yeganə tamaşaçısıyam". Beləliklə, nazlı, qəmzəli, şivəli Paris xanımları biabır olmamaq üçün Qobsekin, qoca sələmçinin qarşısında alçalırlar. Balzak yazır: "Bu bahalı, yumşaq, bəzəkli kareta sahibləri, bu balda nazlanan xanımlar, bu dəliqanlı, söz götürməyən gənclər qoca sələmçinin, Qobsekin qarşısında alçalırlar. Və hər biri başqasının Qobsekin qarşısında necə alçalmasından xəbərdardır".
Deməli, Qobsek xəsisdir, amma həm də missiyası var. Qobsek o qədər xəsisdir ki, çörəyi suya batırıb yeyir. Amma həm də yalançı elitanı, nəzakətlə danışan aristokrat qadınları, müflisləşsələr də evdə görüntü üçün lakey saxlayanları alçaldır, onları ifşa edir.
Subyektiv siyahı
Həyatımın müxtəlif dövrlərində gördüyüm əliaçıq adamlarla sizi tanış etmək istəyirəm. Siyahı gördüklərim əsasında tərtib olunub.
1. Aqşin Yenisey. Şair-yazıçı. Aqşin qədər əlini rahatlıqla cibinə salan adam görməmişəm. Kasıb ailədə böyüyən bir adamın bu qədər əliaçıq olması maraqlı təzahürdür. Əlbəttə, kasıblıq xəsislik deyil. Murad Köhnəqala demişkən, Aqşin həmişə adama xəcalət verir. Nə vaxt evinə gedirsən, adama sosiska kəsir. Ümumiyyətlə, ədəbi mühitdə kasıb adamın mövcudluğu heç cür qəbul edilmir. Kimin nəyi varsa, ortaya qoyulmalıdır. Xəsis şair gülüş, nifrət obyektidir. Yaşından, kitabının sayından, hecada, yaxud sərbəstdə yazmağından asılı olmayaraq, şair pulunun düşməni olmalıdır. Pulunu sevən şair, şair deyil, olsa-olsa kassirdir. Başı daima balaca deşikdən görünür. Şairin başından əvvəl cibi görünməlidir. Başı görünən şairlərə ədəbi mühitdə yer yoxdur. Aqşin o şairlərdəndir ki, hər zaman, hər bir vəziyyətdə cibi görünür və onun cibi hər bir kəs üçün əlçatandır, əbədidir, dönməzdir, sarsılmazdır.
2. Əli Əkbər. Nə qədər səbirsiz adam olsa da, pul haqq-hesabında dəqiqdir. Pulunun düşmənidir. Onun varlanmağını çox arzu edirəm. Xüsusən pivə məclislərində çox canfəşanlıq edir. Pul xərcləyəndə gümrahlaşır. Pulsuz vaxtlarında ona baxanda adamın ürəyi ağrıyır.
3. Adının çəkilməsini istəməyən bir dostum. Onun varlanmasını çox arzu edirəm. Söz verib ki, mənə ev alacaq. Kitaba, yazı əhlinə qayğı məsələsində tayı-bərabəri yoxdur. Çox yox, Azərbaycanda on beş nəfər onun kimi kitaba, yazı əhlinə diqqətlə yanaşan adam olsaydı, çoxlarımızın axmaq işlərlə məşğul olmaqdan canı qurtarardı. Amerikalılar demişkən, vaxt pul olduğu kimi, pul da vaxtdır.
4. Adil Hacıyev. Sinif yoldaşımdır. Heyrətamiz dərəcədə pulunun qənimidir. Bir gün şah, o biri gün dilənçi kimi yaşayan insanlar qrupuna aiddir. Nə qədər əliaçıq adam olsa da, ondan beş manat borc ala bilməzsən.
5. Nofəl Qasımov. Tanıyanlar bilir. Bir çox məşhur, müdrik kəlamların müəllifidir. Ən müdrik kəlamlarından birini yazıda tirajlamağı özümə borc bilirəm: "525-ci qəzet" yeganə qəzetdir ki, yayda satışı artır. Çünki səhifələri çoxdur, yayda pomidorsatanlar qəzet alıb, pomidor yeşiklərinin üstünə sərirlər".
6. Aqil Abbas (şərhsiz)
7. Elçin Əlibəyli. Restoranda hesab vermək məsələsində əvəzsizdir. Yeyib-içmək məsələsinə həmişə hazırdır. Bir çox hallarda kefli vəziyyətdə verdiyi vədləri unudur. Rayonlarda, səfərlərdə əliaçıqlığı daha da artır. Sanki təbiət onu cuşa gətirir.
8. Arzu Abdullayeva. Arzu xanımla iki dəfə səfərdə olmuşam. Əvvəla, çox səliqəli xanımdır. Yol çantasından elə qida növləri çıxarıb masanın üstünə qoyur ki, adam mat qalır. Özünü yolda yox, restoranda hiss edirsən. Kababı çox sevir. Sonuncu səfərdə Arzu xanım babat qonorar almışdı. Hamısını bizə xərclədi, hərəmizə bir hədiyyə aldı.
9. Vəfa Cəfərova. Tanıyanlar bilir. Bir çox... kişilərə örnək ola bilər. Nəyə ehtiyacın olduğunu həmən hiss edir.
10. Əkrəm Əylisli. Yaşlı yazıçılar arasında gördüyüm ən alicənab adamdır. Ağzının dadını bilir. Bahalı şərabları sevir. Hər dəfə hesabı ödəyəndən sonra deyir ki, gərək bir az ucuz yerdə oturub başqa uşaqları da çağıraydıq.
11. İlqar. Nisbətən kasıb vaxtlarında onunla daha isti münasibətimiz vardı. Pul xərcləməkdə bir az pinti olsa da, hesabı ödəmək məsələsində canfəşanlıq göstərir.
12. Günel Mövlud. Pulu varsa ortadadır.
13. Elgiz. Əsgərlik yoldaşımdır. Hərbi hissənin yaxınlığındakı mağazaya 13 "şirvan" borcumz vardı. Evdən yanına adam gəldi və Elgizin cibinə pul qoydu. Biz borcu ödəməli idik. Lakin mənim ürəyim qəflətən kabab istədi. Borcu ödəmək əvəzinə hərbi hissənin yaxınlığında yerləşən kafeyə gedib kabab yedik.
14. Şahbaz Xuduoğlu. Hərdən hesabın çox çıxmasından şikayətlənsə də, Şahbaz bəyin adını bu siyahıya salmamaq böyük ədalətsizlik olardı.