Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan Bayramı münasibəti ilə Azərbaycan müsəlmanlarını təbrik edib.
Qurumun mətbuat xidmətindən MIA-ya daxil olan təbrikdə şeyx dünya müsəlmanlarının əziz günü olan mübarək Ramazan bayramı münasibətilə hamını səmimi qəlbdən təbrik edib, Allahdan oruc, namaz və dualarınn qəbul olmasını diləyib: “Uca Allaha şükürlər olsun ki, Onun Rizasını qazanmaq üçün bu mübarək ay boyunca ibadətlərimizə əməl edərək, Ramazani-Şərifin builki bayram səadətinə qovuşmağı bizlərə nəsib etdi. Qoy İslam dininə sədaqətini nümayiş etdirmiş müsəlmanlarımıza bu mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun”.
Şeyx öz təbrikində bildirib ki, Ramazanın müqəddəsliyi Quranın məhz bu ayda nazil olması ilə bağlıdır. Ümumbəşəri əhəmiyyətə malik bu bayram insana sonsuz iman sevgisi bəxş edir. O, xalqın ildən-ilə Ramazanın mahiyyətindən irəli gələn dəyərlərə daha artıq dərəcədə sahib olmasına şükür etdiyini vurğulayıb: “Əsrlər boyu mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edən bu bayram günündə valideynlərə, qohum-əqrəbaya baş çəkilib, küsülülər barışıb, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilib, fitrə və sədəqələr verilib, dünyasını dəyişmiş yaxınların qəbirləri ziyarət edilib. Allah-Təalanın Lütfü və Mərhəməti sayəsində Ramazan bayramını qarşılayan xalqımızın ülvi arzuları Vətənimiz üçün səadət, əmin-amanlıq istəklərindən qaynaqlanır. Bu əziz bayram günündə qədirbilən xalqımız milli-mənəvi dəyərlərimizin inkişafında əvəzsiz xidmətləri olmuş ümummilli liderimiz Heydər Əliyevin ruhuna rəhmət diləyir. Uca Allahdan möhtərəm dövlət başçımız İlham Əliyevin rəhbərliyi altında millətimizin uğurlarına, dövlətimizin qüdrətinə rəvac verməsini diləyirik. Allaha dualar edirik ki, inşallah, işğal altında olan torpaqlarımızın azad edilməsini, Qarabağda Azərbaycan bayrağının ucaldılmasını bizlərə nəsib etsin. Şəhidlərimizin ruhları şad olsun”.