Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 7-də keçiriləcək parlament seçkilərində səsvermə üçün lazım olan sənədlərin siyahısını açıqlayıb.
Qurumun mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, MSK-nın müəyyən etdiyi siyahıda olan şəxsiyyəti təsdiq edən sənədlərdən başqa bir sənədlə səsvermə mümkün deyil. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermə günü istifadə edilən
şəxsiyyəti təsdiq edən sənədlərin
S İ Y A H I S I
1. Azərbaycan Respublikasının ərazisində səsvermə günü aşağıdakı sənədlərdən
istifadə edilir:
1.1 Azərbaycan Respublikasının vətəndaşları üçün:
– Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
– Azərbaycan Respublikası vətəndaşının müvəqqəti şəxsiyyət vəsiqəsi.
1.2. Qaçqın və məcburi köçkün vətəndaşlar üçün:
bu siyahının 1.1-ci bəndində göstərilən şəxsiyyətlərini təsdiq edən sənəd yoxdursa,
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsi tərəfindən müəyyənləşdirilmiş formalı vəsiqə.
1.3. Həqiqi və ya müddətli hərbi xidmətdə olan hərbi qulluqçular üçün:
– zabitin şəxsi vəsiqəsi;
– hərbi bilet.
1.4. Barələrində həbs növündə qətimkan tədbiri seçilərək istintaq təcridxanalarında
saxlanılan təqsirləndirilən şəxslər üçün:
– Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən
verilmiş təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd.
1.5. Azadlıqdan məhrumetmə yerlərində və xüsusi müəssisələrdə cəza çəkən məhkumlar
üçün:
– Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən
verilmiş məhkumun şəxsiyyətini təsdiq edən sənəd.
1.6. Azərbaycan Respublikasının ərazisində azı 5 il daimi yaşayan vətəndaşlığı
olmayan şəxslər üçün:
– vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi.
Qeyd: seçki prosesində yuxarıda göstərilən sənədlərdən başqa, digər sənədlərdən
istifadə olunması yolverilməzdir.