Müsavat Məclisinin dünənki toplantısı haqqında internet xəbərlərini oxuyunca ikili hisslər keçirdim.
BİR: Məclisin toplantısındakı qarşıdurmalar, bəzən həddini aşan deyişmələr, yumruqlaşmanın, şillə-təpiyin qapısından dönən mübahisələr çox gözəldir, ən azı ona görə ki, YAP-dan fərqli olaraq, Müsavatda hər kəsin bir adamın barmaq işarəsi ilə, bir nəfərin iki dodağının arasından çıxan sözlərlə idarə olunmadığına adamda dərin əminlik yaradır. Və bu, ölkəyə demokratiya vəd edən bir partiyanın səmimiyyətinə şübhə yeri buraxmır.
İKİ: Məclisin toplantısındakı qovğanı yaradan səbəb "Heydər Əliyevin heykəli qarşısında baş əyən, bununla da Müsavatın dəyər və prinsiplərini aşağılayan şəxsin (konkretləşdirək Tapdıq Abbasın) partiyadan uzaqlaşdırılması tələbinin sonucda havada qalması, ona hansısa töhmət verilməsi ilə məsələyə nöqtə qoyulması çox acıdır. Və bu, ölkədə mövcud çirkin sistemin sonuna çıxacağını vəd edən bir partiyanın səmimiyyətini şübhə altında qoyur.
Açığı, mən artıq Müsavatı tanıya bilmirəm. Vaxtilə yaptokratiya rejiminin ən birinci adamına qarşı güzəştsiz, amansız bir savaş açan partiya indi yaptokratiyanın əl quzularına çevrildiyinə kimsənin quşqu duymadığı ən sonuncu adamlar qarşısında əllərini qaldırıb, təslim olub. Rauf Arifoğlunun məsələsini xatırlayın. Rejimin əlinə oynadığı açıq-aşkar ortada olan bu şəxsi bütün ictimai qınaqlara rəğmən İsa Qəmbər hələ də itirmək istəmir. Hələ də Arifoğlunun cəmiyyətdə özünü müxalifətçi kimi realizə etməsində rol oynayır. Sonu da bəlli əgər siz prezidentə sağ olların, təşəkkürlərin ard-arasını kəsməyən, həlledici situasiyada rejimin əl-üzünü yumaq üçün dəridən-qabıqdan çıxan bir adamla ipləri zamanında kəsməssəniz, axırda olacağı budur: bir baxarsınız, ətrafınızdakılar Fəxri Xiyabanda baş əymək üçün növbəyə düzülmüşlər. Mən başından bəri buna inandım: biz Azərbaycanda demokratiya savaşını sıralarımızın genişliyi ilə deyil, təmizliyi ilə qazanacağıq. Sıralarımız geniş olsun, sayımız çox görünsün deyə, hakimiyyətlə yaxından-uzaqdan əl sıxışanlara göz yumarsaq, apardığımız qutsal davanın nə mənası qalır? İnsanlara keçmiş xidmətlərinə görə güzəşt edərsək, keçmiş xidmətlərinə görə onların bugünki xəyanətlərinə göz yumarsaq, o zaman insanları prinsiplərimizin doğruluğuna və dürüstlüyünə necə inandıracağıq?
Çox həssas günlərdən keçirik. İndiki situasiyada mənim üçün Müsavat və İsa bəy haqqında nəsə yazmaq çox çətindir. Amma bunu yazmadan keçə bilməyəcəm: dünən Müsavatın toplantısında partiyanın ləyaqət ruhu məğlub olmuşdur. Partiyanın vicdanı ləkələnmişdir. Müsavatın demokratiya davası böyük zərbə almışdır. Müsavat uğrunda mübarizə apardığı dəyərlərdən, prinsiplərdən geriyə addım atmışdır. Bunları təəssüflə yazıram. Amma qətiyyən təəccüblənirəm. Təəccüblənmirəm, çünki İsa Qəmbər bir yandan monarxiyaya qarşı mübarizə apardığını deyib, o biri yandan 20 ildir Yazıçılar Birliyinin sədri kürsüsünü zəbt etmiş, millətin və dövlətin maraqlarını oğlunun səfir olmasına, qızına üç jurnal açılmasına satmış Anar Rzayevi azad yazarlardan qorumağa qalxarkən də barmağımı dişləmişəm, "nə olur bu Müsavata? Nə olur bu İsa bəyə?",- deyə düşünmüşəm. Ancaq ona da inanmışam ki, başqanın Anar məsələsindəki ağrılı və anlaşılmaz mövqeyi yalnız üç-beş azad yazarı narahat edib, onları əsbləşdirib, qəzəbləndirib, xəyal qırıqlığına uğradıb. Müsavat cameəsi, Müsavat cameəsinin timsalında külli müxalifət düşərgəsi üçünsə bu, zərrəcə önəmli olmayıb. Amma indi - rauf arifoğluların, tapdıq abbasların məsələsində Müsavatın və İsa Qəmbərin davranışı, qeyri-prinsipiallığı artıq çoxluq üçün müəmmalar, şübhələr, suallar yaradır. Aktiv təbəqəni "əcəba, nə baş verir?",- deyə düşünməyə vadar edir. Axı doğrudan da, nə baş verir, sevgili müsavatçılar? Axı doğrudan da, nələr dönür, hörmətli İsa bəy? Axı doğrudan da, nə olacaq bu Müsavatın halı?
Bahar Muradovanın minnətdarlığını qazanmaq
Yaptokrat-deputat, üstəlik, Milli Məclis sədrinin müavini Bahar Muradovanın saytların birində parlamentdəki müxalifətçilər haqqında təşəkkür dolu sözlərini oxudum. Bahar xanım onlardan razı olduğunu deyirdi - əlbəttə, özlərini müxalifətçi kimi yox, başıaşağı, üzüyola apardıqlarına görə.
Doğrudan da, Milli Məclisdə müxalifət adına təmsil olunanlar yaptokratların minnətdarlığını qazanmaq üçün beş ildə əllərindən gələni etdilər - danışmaq lazım gələn yerdə susdular, divarın belə dözməyib dil açacağı yerdə ağızlarını qıfılladılar. Az-çox Pənah Hüseyn hətta saxta bir parlamenti də hakimiyyətin özünə qarşı çevirməyin mümkünlüyünü göstərən çıxışlar edərkən, beləcə sağdan-soldan yaptokratların hücumlarına uğrarkən də tükləri tərpənmədi. Bununla öz aləmlərində növbəti sezon üçün Milli Məclisdəki yerlərini təminat altına alacaqlarını düşündülər.
Oysa adını müxalifətçi qoymuş bu deputatlar "saxta parlamentə getməyin!",- çağırışları qarşısında nə deyirdilər? "Gedəcəyik, çünki hər tribunadan istifadə etmək lazımdır",- demirdilərmi? Amma sayələrində dünyanın hər yerində danışmaq üçün nəzərdə tutulan bir tribuna Azərbaycanda susmaq yerinə çevrildi. Axırda da Bahar Muradovanın timsalında yaptokratiyadan yağlı-buğlu təşəkkür eşitdilər. İnanıram ki, bu təşəkkürü eşidincə Nəsib Nəsibli, ya da İkram İsrafil, İqbal Ağazadə, ya da Sabir Rüstəmxanlı sevinclərindən göyə uçmuşlar, bayılmışlar, ayılmışlar, sonra yenə bayılmışlar. Bu təşəkkürü növbəti dəfə mandat almağa "yaşıl işıq" kimi başa düşmüşlər.
Ancaq şəxsən mən bir yaptokratdan razılıq və təşəkkür dolu sözlər eşitsəm, əvvəlcə "axı mənim günahım nədir, axı mən hansı qəbahəti işləmişəm ki, anti-xalq, anti-insan, anti-ədalət, anti-hüquq, anti-əxlaq ruhunda köklənmiş bu rejim məndən bu qədər razıdır?",- deyə düşünər, sonra da yaptokratların alqışını qazanacaq bir əməlimin, davranışımın olduğu qənaətinə gələrsəm, gedib bir kəndir tapıb özümü asaram.
Amma bunlar asmazlar. Çünki boğazları artıq başqa əllərdədir.
Leş Əliyə niyə şükr eləmək lazımdır?
Xeyli vaxtdır Bakıda olmadığımdan dostumuz Aqşin Yeniseyin iki cümləlik bir açıqlamamdan dolayı söyləmlərindən yalnız dünən xəbər tutdum. Məsələ belədir: bu Aqşin müəllim bir ay əvvələdək özünü ölkədəki proseslərin fövqündə görən, iqtidarı birbaşa sancmağa cəsarət göstərməzkən, müxalifəti gerizəkalılıqda, savadsızlıqda, nadanlıqda ittiham edən biri idi. Sonra nə baş verdisə, beyqəfil adı heç bir dəftərdə olmayan partiyaya keçdi. Sayğı duyuram. Xeyirli-uğurlu olsun.
Aqşin müəllimin Bədrəddin Quliyevin partiyasına üzv olması xəbəri çıxandan sonra "Azadlıq" qəzetindən gənc Elmin Həsənli aradı, buna münasibətimi soruşdu, mən də indi xatırlamadığım bir-iki cümlə qırıldatdım, vəssalam. Sağ olsun, Aqşin o cümlələrdən birini cavab yazısında xatırlatmış mənə: "Yazarım Elnur Astanbəyli bəyanatında deyib: "Aqşin çoxdan idi ki, bizim boğazımızda qalmış ətə çevrilmişdi, nə uda bilirdik, nə də qaytara?". Sonra da əlavə etmiş: "Əfəndim, nahaq yerə dişin batmayan əti udmağa cəhd göstərmisən ki, sonra da öz acgözlüyünün və qarınqululuğunun ağrısını çəksən...". Aqşin müəllim, əvvəla, məsləhətinə görə təşəkkür edirəm, amma biləsən ki, mənim sənin ətinə diş batırmaq kimi bir niyyətim-zad yoxdur, o sözləri də məcaz olsun demişəm, çünki mənim illərdir yüksək qan təzyiqim var, ona görə də həkim mənə, adını çəkməyim, amma bəzi ev canlılarının ətini yeməyi qadağan edib. İkincisi, qaldı ki Aqşin müəllimin özünü "yekə tikə" hesab etməsinə, bu dostumuzun yaradıcılığından xeyli ilhamlandığı Ramiz Rövşən məktəbinin nə qədər uğurlu məzunu olduğunu təsdiqləyir. Nə də olmasa, bir vaxtlar Ramiz müəllim də özünü kentavr elan etmişdi.
Daha sonra Aqşin müəllim bəzi köşə yazarlarını qəsd edərək, onları, "görək kimin ağzından nə çıxacaq?",- niyyəti ilə ağız güdməkdə ittiham edib. Bu ittihamın iki adı var:
BİR: ya savadsızlıq;
İKİ: ya da cığallıq.
Çünki kim də olmasa, dostumuz bilməlidir ki, publisistika günlük yazıdır, günün içində yaşananlara və danışılanlara, baş verənlərə operativ münasibətin ən üstün formasıdır. O ki qaldı Aqşin müəllimin "Göləqarğısancan" romanında kəndin murdar heyvan ətlərini gətirib kolbasa sexinə satmaqla dolanan Leş Əli obrazını yaradıb, sonra da adı kolbasa biznesində hallanan Bədrəddin Quliyevin partiyasına üzv olmasına, bunu onun üzünə vurarkən də dostumuzun qəzəbli pozalar alıb nifrin püskürməsinə, qətiyyən əhəmiyyət verməmək lazımdır. Hələ tam əksinə, Allaha şükr etmək lazımdır ki, Aqşin müəllimin romanının qəhrəmanı balıq satmaqla dolanmırdı, yoxsa yəqin indi dostumuz Hafiz Hacıyevlə çiyin-çiyinə dayanmışdı.