Bu gün səhər saatlarında ermənilər cəbhə xəttində - Tərtərin Həsənqaya kəndi istiqamətində Azərbaycan Ordusunun mövqelərinə doğru hücuma keçib. Baş verən şiddətli atışmada Ordumuzun 2 şəhid verdiyi və 1 əsgərimizin yaralandığı bildirilir.
ANS-in Qarabağ bürosunun məlumatına görə, şəhid olan hərbçilər zabit olublar və qarşı tərəfin atəş nöqtələrini məhv edərkən onlardan birinin meyiti qarşı tərəfdə qalıb.
Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttində baş verən silahlı insident zamanı şəhid olan Azərbaycan hərbçilərinin adlarını açıqlayıb. Müdafiə nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, şəhid olan hərbçilər 1976-cı il təvəllüdlü Əhməd Hüseynağa oğlu Abdullayev (Cəlilabad rayonu) və 1986-cı il təvəllüdlü Fərid Gülağa oğlu Əhmədovdur (Xətai rayonu).
Qeyd edək ki, düşmən avqustun 31-də verdiyi itkilərin əvəzini çıxmaq üçün dünən gecə saatlarında cəbhənin Tərtər rayonu Çiləbürt kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinə qarşı qəfil hücuma keçib. Döyüş təmas xəttində daha da gərginləşib. Atışma zamanı bir döyüşçümüz ermənilərə yaxın təmas xəttində şəhid olub. Ehtimal var ki, düşmən meyiti götürə bilib.
Atışma zamanı Azərbaycan Ordusunun zabiti Əhməd Abdullayev yaralanıb. Hospitala çatdırılmış zabitin həyatını xilas etmək mümkün olmayıb.