Qarşıdan gələn parlament seçkilərinə xaricdə təhsil almış və işləmiş bir qrup
ictimai fəal gənc "Gənc Azərbaycan" adı altında gedəcəklər. Artıq blokun üç üzvü seçkilərdə namizədliklərini irəli sürəcəkləri dairələri müəyyənləşdiriblər.
Bu namizədlər aşağıdakılardır:
1) Bayramov Natiq – ADİU-də və ABŞ-ın Marşaltaun Kollecində təhsil almışdır.
Belçikada Azərbaycanlı Tələbələrin Avropa Forumunun baş katibi olmuşdur. Fransada
Azərbaycanlı Vətəndaşların Avropa Forumunun qurucusudur. Namizədliyini 53 saylı
Quba-Qusar seçki dairəsindən irəli sürəcək.
2) Hacıyev Bəxtiyar - Harvard Universitetinin İctimai Siyasət üzrə magistratura
proqramının məzunudur. Əvvəllər AIESEC beynəlxalq tələbə təşkilatının Azərbaycan
nümayəndəliyinin qurucusu, BMT Baş Assambleyasında Azərbaycanın gənc nümayəndəsi
olmuşdur. Namizədliyini 17 saylı 3-cü Yasamal dairəsindən irəli sürəcək.
3) Namazov Azad - Türkiyənin Boğaziçi universitetinin və ABŞ-ın Florida
Universitetinin məzunudur. Namizədliyini 47 saylı Mingəçevir seçki dairəsindən irəli
sürəcək.
Blok üzvləri ölkədə baş verən dəyişikliklərin “Həqiqət, Ədalət, Ləyaqət” kimi təməl
dəyərlərə əsaslanaraq, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi, daha yaxşı
təhsil və səhiyyə xidməti ilə təmini, eləcə də ölkədə hüquqi dövlət quruculuğu,
məhkəmə sistemində islahatlar, inhisarçılıq və korrupsiya ilə effektiv mübarizə,
demokratikləşmə prosesinə töhfə vermək niyyətindədirlər. Blok qarşıdan gələn
seçkilərə "Müsbət dəyişiklik" mesajı ilə gedəcək.
"Gənc Azərbaycan" blokunun üzvləri hesab edirlər ki, Milli Məclisə seçiləcək
müstəqil gənc millət vəkilləri siyasi iradə nümayiş etdirməklə köhnə problemlərə
yeni, davamlı və qısa müddət ərzində nəticə verəcək həll yolları tapa bilər,
vətəndaşlarımızın rifahını yüksəldəcək addımlar ata bilərlər. Eyni zamanda blok
üzvləri ölkəmizdən kənarda siyasət, iş, media və akademik sahədə malik olduqları
şəxsi əlaqələr sayəsində işğal olunmuş ərazilərimizin işğaldan azad edilməsi başda
olmaqla, Azərbaycanın milli maraqları uğrunda fəaliyyətlərinə daha da səmərəli davam
etdirərək, daha uğurlu nəticələr əldə edəcəklərinə inanırlar.
Seçkilərə start verilənə qədər bloka yeni namizədlərin də qoşulacağı gözlənilir.