Təhsil Nazirliyinin Azərbaycan Beynəlxalq Universitetinin (ABU) fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddətinin uzadılmaması barədə qərarı Tələbələrin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin ciddi narazılığına səbəb olub.
Belə ki, 2009-cu ildə bu ali kməktəbə qəbul dayandırılarkən, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul olunmuş tələbələrin təhsillərini ABU-da başa vurmalarına şərait yaradılacağı bildirilsə də, sonradan Təhsil Nazirliyi verdiyi vədə əməl etməyib.
Qanuni yolla qəbul olunmuş tələbələrin digər ali məktəblərə köçürüləcəyi bildirilsə də, bu da ciddi narahatçılıq doğurur. Çünki hələ 2006-cı ildə fəaliyyətinə xitam verilmiş Müstəqil Azərbaycan Universitinə (MAU) qanuni yolla qəbul olunmuş tələbələrin köçürülməsi zamanı baş vermiş problemlərin bu ali məktəbin tələbələrindən də yan keçməyəcəyi məlumdur. MAU-ya qanuni qəbul olunmuş və Təhsil Nazirliyinin qərarına əsasən digər ali məktəblərə köçürülməli olan tələbələrin xeyli hissəsi bu günə kimi öz təhsillərini davam etdirə bilməyiblər. Lakin buna görə indiyə qədər nə bir tədbir görülüb, nə də ki bir şəxs məsuliyyətə cəlb olunmayıb.
Bundan əlavə, bu il Moskva Dövlət Açıq Universitetinin (MDAU) Bakı Filialının fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edən Təhsil Nazirliyi Filialın tələbələrinin iyul-avqust aylarında digər ali məktəblərə köçürüləcəyini elan etsə də, bununla bağlı heç bir iş görülməyib. Həmçinin MDAU Bakı Filialının hansı tələbələrinin köçürüləcəyi ilə bağlı informasiya da ictimaiyyətdən gizli saxlanılır.
Yeni tədris ilinin başlamasına az bir müddət qaldığından ABU və MDAU Bakı Filialının tələbələrinin eyni vaxtda və heç bir problem olmadan digər ali məktəblərə köçürüləcəyi inandırıcı görünmür. Belə ki, oktyabrın 1-dən etibarən hərbi çağırış başlayır və fəaliyyəti dayandırılmış ali məktəblərin tələbələrinə artıq çağırış vərəqələri gəlməyə başlayıb. Həmin tələbələri ali təhsillərini başa vurmamış hərbi xidmətə aparmaq isə qanunsuz olmaqla yanaşı, həm də ədalətsizlikdir.
Bütün bunları nəzərə alaraq Tələbələrin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyi Təhsil Nazirliyini qısa müddət ərzində tələbələrin köçürülməsi ilə bağlı məsələləri həll etməyə, həmçinin köçürülmə müddətində tələbələrin hərbi xidmətdən azad olunması üçün hərbi komissarlıqlarla danışıqlar aparmağa çağırır.