İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru İsmayıl Ömərov türkdilli xalqların ədəbiyyatı və mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinə görə Beynəlxalq Aytmatov Akademiyasının akademiki seçilib.
İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsindən MİA-a verilən məlumata görə, İ. Ömərova Akademiyanın diplomu bu gün Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun (TÖSDF) prezidenti Nüsrət Məmmədov tərəfindən təqdim olunub.
N. Məmmədov əvvəlcə İTV-nin 5 yaşı münasibətilə təbrik edib, kollektivə daha böyük uğurlar arzulayıb. O bildirib ki, Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun təqdimatına əsasən və Beynəlxalq Aytmatov Akademiyası Elmi Şurasının qərarı ilə İctimai Teleradionun baş direktoru İsmayıl Ömərov Beynəlxalq Aytmatov Akademiyasının üzvü seçilib. İ.Ömərov fəaliyyətinə verilən qiymətə görə təşəkkürünü bildirib: “Mən fəaliyyətimə görə çoxlu mükafatlara layiq görülmüşəm. Hər birinin öz yeri var. Amma Çingiz Aytmatovun adı ilə bağlı olan bir mükafatın bioqrafiyama daxil olması mənim üçün böyük şərəf və məsuliyyətdir. Hesab edirəm ki, bu ad türk dövlətlərinə xidmət nöqteyi-nəzərindən hər birimizin üzərinə daha böyük öhdəlik qoyur”.
İ. Ömərov qeyd edib ki, bu mükafat İctimai Teleradionun kollektivinə verilən qiymətdir.