Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə nazirlik əməkdaşları və gənclər təşkilatlarının nümayəndələrinin qatıldığı Dünya Gənclər Konfransı sona çatıb.
Gənclər və İdman Nazirliyindən MIA-ya verilən məlumata görə, Dünya Gənclər Konfransı avqustun 23-də Meksikanın Leon şəhərində BMT tərəfindən elan edilən Gənclər İli çərçivəsində keçirilib. Konfrans BMT-nin Əhali Fondu (UNFPA), Uşaq Fondu (UNİCEF), Qadınların İnkişafı Fondu (UNİFEM) və İnkişaf Proqramının (UNDP) dəstəyi ilə Meksika Hökuməti tərəfindən təşkil olunub və 110 ölkədən 3500 nəfər qatılıb.
Dünya Gənclər Konfransının keçirilməsində əsas məqsəd, Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün hazırkı mərhələdə gənclər sahəsinin aparıcı prioritetlərini müəyyən etmək, ölkələr və gənclər arasında əlaqələri gücləndirməkdir.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İ. Babayev ölkəmizdə gənclərin ictimai həyatda artan iştirakı, işsizliyin azalması, gənclərin təhsilə cəlb edilməsi və hamı üçün təhsi sahəsində əldə edilmiş nəticələr, gənclərin beynəlxalq əməkdaşlığı və gənclər təşkilatlarının iştirakının stimullaşdırılması üçün hökümət tərəfindən dəstəklənməsi məsələlərini qeyd edib.
İkitərəfli beynəlxalq əlaqələri genişləndirmək məqsədilə Dünya Gənclər Konfransı çərçivəsində İ. Babayev Meksika Gənclər İnstitutunun Baş direktoru xanım P. Hernendezlə görüş keçirib. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair niyyət protokolunun imzalanması və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.