Zeynal Məmmədlini həmkarlarım yaxşı tanıyır. Onu ilk dəfə 2000-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində yaxından görmüşdüm. Ondan əvvəl isə televiziyada çıxışlarını izləmişdim. Fikirləri məni özünə fərqliliyi ilə çəkirdi. Ancaq çox keçmədi ki, Zeynal müəllimi auditoriyamızda gördüm. İlk baxışdan sakit adam təsiri bağışlasa da, fikirləri həddindən artıq kəskin olardı. Yox… Onun sərt münasibəti tələbələrə qarşı deyildi. Hətta deyərdim ki, Zeynal müəllim fakültəmizin ən sevimli müəllimi, tələbələrin dostu sayılırdı. Bəziləri problemsiz qiymət yazdığına, bəziləri ixtisasla bağlı lazım olanı ətraflı öyrətdiyinə görə onu sevərdi. Ancaq mən, Zeynal müəllimə, hamıdan fərqli olaraq, fakültə rəhbərliyindən tutmuş, hər kəsə sözünü açıq dediyinə görə hörmət edirdim.
Məqsədim Zeynal Məmmədlini tərifləmək, yaxud onun xarakterini analiz etmək deyil.
Sözümün canı başqadır. Zeynal müəllim bir gün dərs zamanı medianın qısa və orijinal tərifini dedi: «Media cəmiyyətin qoruyucu köpəyidir». İlk vaxtlar pisimə gəldi ki, gör, özümə hansı peşəni seçmişəm. Amma sonradan, medianın iş prinsipinə, əsas vəzifəsinə yaxından bələd olanda gördüm ki, düz deyir. Media cəmiyyətdəki əyri-əskikləri ictimaiyyətə açıq şəkildə çatdırmaqla, öz qoruyuculuq prinsipini yerinə yetirir. Təəssüf ki, bu gün Azərbaycan mediası bu vəzifənin öhdəsindən gələ bilmir. Niyə? Bax, bunun üçün o qədər səbəb saymaq olar ki…
Yəqin ki, hamının xatirindədir. Bakı şəhərində səhərçağı Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı general Rail Rzayev qətlə yetirildi. Qətl hadisəsindən iki saat sonra Azərbaycan elektron KİV-lərində generalın öldürülməsi ilə bağlı məlumat verildi. Ardınca hüquq-mühafizə orqanları rəsmi bəyanat yaydı - general Rail Rzayev odlu silahdan açılmış atəşlə qətlə yetirilib. Vəssəlam. Artıq neçə aydır ki, qətl hadisəsi baş verib, nə mətbuatımız, nə radiomuz, nə televiziyamız, nə də digər media strukturlarımız bu barədə yeni bir şey yaza bilmir. Axı, öldürülən sıravi vətəndaş deyil, həm də generaldır. Hamıya da maraqlıdır ki, o boyda vəzifə sahibi olan generalı kim öldürüb, niyə öldürüb və necə öldürüb?
Çox uzağa getməyək. Bu günlərdə Neft Akademiyasında baş verən qanlı olayla bağlı aparılan istintaq barədə mediaya yetərincə məlumat vermədilər. Hamının bildiyi, ümümi sözlərdən ibarət açıqlamalar verməklə, əslində ictimaiyyətə ətraflı məlumat verilmir. Hamı narahatdır. Biz isə media olaraq, rəsmi qurumlardan aldığımız məlumatı cəmiyyətə çatdırmalıyıq. Bəs, çatdıra bilirikmi? Sadə cavab - YOX!
Bu, heç də mediamızın zəif olmasından asılı deyil. Azərbaycanda hər kəsin qarşısına böyük bir sədd çəkilib. Ən böyük sədd isə medianın önündə ucaldılıb. Hansı ki, o tərəfdə nə baş verdiyini nəinki görmək, heç təsəvvür etmək belə mümkün deyil. Azərbaycan mətbuatının çərçivəsi var. Ondan kənara çıxmaq istəsən belə, faydası yoxdur. Gəlin, üzdə olan qəzetləri nəzərdə keçirək. Kimləri görəcəksiniz – 10-15 müxalifət funksionerini, 3-5 lideri, 5-6 eksperti, bir də YAP-çı deputat Aydın Mirzəzadəni. Yaxışı ki, Aydın müəllim var, yoxsa jurnalistlər hakim partiyanın mövqeyini kimdən öyrənər? Nazirlərdən, komitə sədrlərindən yazmaq belə istəmirəm. Çünki münasibətim olan media nümayəndələrindən hansınınsa, hələ bir nazirin qapsını döydüyünü nə görüb, nə eştitmişəm. Qapı olsaydı, döyərdik. Heç bizi o qapıya yaxın buraxan da yoxdur. Bax, belə! Bu, təkcə mediamızın sədd problemidir. Digər problemlərimiz isə daha çoxdur.
İndi Siz deyin Zeynal müəllim, bizdən qoruyucu köpək olarmı? Bilirəm ki, cavabınız yoxdur. «Dişimizi» çoxdan çəkiblər. Dişsiz köpəyi isə qapıda saxlamazlar…