Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SƏRBƏST : Sabiq polis rəislərinin "yeni qaydası"

  Sayta qoyulub: 17:12 09.08.2010 (592 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Sadıqovla Toğrul Rəhimov qısa müddət ərzində Ağdam rayonunda öz oyun qaydalarını tətbiq ediblər

Vaqif ƏLİSOY

Ötən ilin sentyabr ayından prezident İlham Əliyevin sərəncamı ilə Ağdam rayon icra hakimiyyətinə başçılıq edən Həsən Sarıyevi Nizami Sadıqov əvəzləyir. Amma bu dəyişikliyə sevinən ağdamlılar çox keçmədi ki, yanıldıqlarını anladılar. Belə ki, Nizami Sadıqov icra başçısı işlədiyi on ay ərzində Ağdam rayonu və onun sakinlərinin problemlərini həll etmək əvəzinə, hakimiyyətə qarşı daha çox inamsızlıq yaradır. Bunu rayon sakinlərinin qəzetimizə etdikləri müraciətlər də təsdiqləyir.

Keçmiş polis rəisinə kim mane olub?

Hakimiyyətdəki mənbə isə bildirir ki, 2009-cu ilin əvvəllərində dövlət başçısı İlham Əliyev Prezident Administrasiyasına o zaman Ağdam rayon icra hakimiyyətinin başçısı olan Həsən Sarıyevin yerinə kadr müəyyən etmək göstərişi verib. Administrasiyasının müvafiq şöbələrinin təmsilçiləri isə bir neçə şəxsin namizədliyi ilə bağlı müəyyən araşdırma aparıblar. Bu zaman Prezident Administrasiyasının rəsmləri Qarabağ regionunun qeyri-rəsmi hamisi olan daxili işlər naziri Ramil Usubovun da rəyini öyrəniblər. R.Usubov isə Sabunçu rayon polis idarəsinin keçmiş rəisi Toğrul Rəhimovun da namizədliyinin müzakirəsini təklif edib. Nazirin bu təklifi ciddiyə alınıb və qısa zamanda T.Rəhimov rəsmi və qeyri-rəsmi bütün prosedurlardan keçib. Ötən ilin yazında keçmiş polis rəisi T.Rəhimovun Ağdam rayonuna icra başçısı təyin olunması ilə bağlı bütün məsələlər həllini tapıbmış və məsələdən xəbərdar olanlar həsrətlə prezident sərəncamının veriləcəyi günü gözləyirlərmiş. Ancaq keçmiş polis rəisi, hazırda Sabunçu rayon təhcizat və enerji satışı idarəsinin rəisi işləyən Toğrul Rəhimova Ağdam rayon icra hakimiyyətinə rəhbərlik etmək qismət olmayıb. Bunun dəqiq səbəbləri bizə məlum olmasa da, bununla bağlı iki ehtimal səslənir. Birinci ehtimal həmin dövrdə Ağdam rayon icra hakimiyyətinə başçılıq edən Həsən Sarıyevin bundan xəbər tutub və qabaqlayıcı tədbirlər görməsi ilə bağlıdır.
Digər ehtimala görə, T.Rəhimovun icra başçısı təyin olunmasının qarşısı onun hansısa toy məclisində paytaxt polisinin keçmiş rəisi, Ramil Usubovun düşməni sayılan Məhərrəm Əliyevlə bərabər rəqs etməsi olub. İddialara görə, iki keçmiş polis rəislərinin birgə rəqs etmələrini əks etdirən video-görüntülər daxili işlər naziri R.Usubova təqdim olunub. R.Usubov isə bundan sonra T.Rəhimovun icra başçısı təyin olunmasının qarşısını alıb. Bu ehtimalların birinə görəmi və yaxud da tamamilə başqa bir səbəbdən T.Rəhimovun Ağdam rayon icra hakimiyyətinə başçı təyin edilməsi mümkün olmayıb. Ancaq T.Rəhimovun təyinatı istisna olmaqla, yerdə qalan rəsmi və qeyri-rəsmi prosedurları keçməsi səbəbindən ona bir nəfərin namizədliyini irəli sürməyi təklif ediblər. T.Rəhimov da qudası, Dəvəçi (indiki Şabran-red.) rayonunun keçmiş polis rəisi Nizami Sadıqovun namizədliyini irəli sürüb.
Yuxarıda qeyd etdiyimiz kimi, T.Rəhimovun icra başçısı təyin olunması haqqında sərəncam istisna olmaqla, digər prosedurlardan keçdiyi üçün hakimiyyət faktiki olaraq H.Sarıyevlə vidalaşmaq qərarı vermişdi. Buna görə də, Nizami Sadıqovun Ağdam rayon icra hakimiyyətinin başçısı təyin olunması qısa zamanda reallaşıb. Məlumata görə, prezident İlham Əliyev Həsən Sarıyevin rəhbərliyi dövründə Ağdam rayon əhalisinin hakimiyyətə etimadının azalmasını Nizami Sadıqovun diqqətinə çatdırıb və bu vəziyyəti dəyişmək üçün ona etimad göstərdiyini bildirib. N.Sadıqov isə vəziyyəti dəyişə biləcəyinə dair prezidentə söz verib. Uzun illər ərzində Ağdam rayonunda formalaşmış mənfi ab-havanın yaxşılığa doğru bu kadr dəyişikliyi ilə dəyişəyəcəyinə ümid edən ağdamlılar həmin günlərdə prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları və teleqramlar da göndəriblər.

İcra başçısı prezidentin etimadını doğrultmur

H.Sarıyevin 15 illik icra başçılığı dövründə hər cür qanunsuzluqlar görmüş ağdamlılar yağışdan çıxıb yağmura düşəcəklərini gözləməyiblər. Lakin baş verən proseslər ən bədbin proqnozları belə üstələyib. N.Sadıqovun ona göstərilən etimadı doğrultmamasının və rayonda narazılığın artmasının səbəblərinə gəlincə, mənbə buna bir neçə amilin təsir etdiyini bildirib. Bu amillərin içərisində N.Sadıqovun rayonun problemlərinə dərindən bələd olmaması və qudası Toğrul Rəhimovun rayondakı kadr məsələlərinə tez-tez müdaxilə etməsi xüsusi vurğulanır.
Məlumata görə, uzun müddət polis orqanlarında xidmət etmiş N.Sadıqovun uzun illər Ağdam rayonu ilə əlaqəsi olmayıb. Baxmayaraq ki, özü əslən Ağdam rayonundandır, ancaq xidməti vəzifəsi ilə bağlı kənar rayonlarda işləyib və doğma rayonu ilə əlaqələri çox az olub. İlk dəfə 1992-ci ildə o zaman daxili işlər naziri olan İsgəndər Həmidov tərəfindən polis rəisi təyin edilən N.Sadıqovun erməni işğalçılarına qarşı döyüşən həmyerlilərinə hansısa dəstək verməsi haqqında da ağdamlılar bu gün heç nə xatırlamırlar. Eləcə də onun qudası Toğrul Rəhimovun hansısa xidmətinin şahidi olmayıblar.

Ağdamda yaxşılığa doğru dəyişikliklərin olmamasının digər səbəbi də ondan ibarətdir ki, N.Sadıqovun idarəçiliyində T.Rəhimovun xüsusi rolu var. Məlumata görə, N.Sadıqov rayonu içməli su ilə təhciz edən müəssisənin rəhbəri Şahmar Rzayev haqqında icra hakimiyyətinə daxil olan çoxsaylı şikayətlərə son vermək üçün həmin müəssisənin rəhbərliyində kadr dəyişikliyi aparmaq qərarına gəlib və hətta Ş.Rzayevi əvəz edəcək şəxs də müəyyənləşib. Amma bu dəyişiklik baş tutmayıb. Çünki Ş.Rzayev həmin vaxt vəzifəsini qorumaq üçün T.Rəhimovla əlaqə yaradıb və aralarında "anlaşma" əldə edildikdən sonra nəinki vəzifəsini qoruya bilib, həm də icra başçısı N.Sadıqovun sevimli kadrına çevrilib. Baxmayaraq ki, N.Sadıqov Ş.Rzayevin yeni şəxslə əvəzlənməsi üçün rəsmi təqdimat da vermişdi. Bu isə indi icra başçısının cəmi 5 ay əvvəl işdən çıxarmaq istədiyi kadrı ən yaxın adamlarından biri kimi qəbul etməyə imkan vermir. Ancaq 5 ay əvvəl Ağdam rayon icra hakimiyyətinin rəsmləri "Azərsu" ASC-nin törəmə müəssisəsi olan "Su-Kanal" MMC-nin rəis müavini Vəli Həsənovu Şahmar Rzayevi müdafiə etdiyi üçün sərt tənqid etməkdən çəkinmirdilər. V.Həsənovun kimliyinə və "Su-Kanal" MMC-nin Ağdam rayon şöbəsinin rəisi Ş.Rzayevlə hansı telləri bağladığına aydınlıq gətirməyə çalışacağıq. O ki qaldı Ş.Rzayevin öz vəzifəsinin öhdəsindən necə gəlməsinə, məlumatlı mənbə iddia edir ki, əgər bu şəxsin rəhbərlik etdiyi müəssisənin fəaliyyəti dərindən yoxnılsa külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktı üzə çıxa bilər. Lakin N.Sadıqovun sevimli kadrının fəaliyyətini yoxalaya biləcək orqan ən azından Ağdam rayonunda yoxdur. Görünür, bunun nəticəsidir ki, rayonun Üçoğlan kəndinin sakinləri Təvvəkül Həsənov, Teymur Nəcəfov və Yadigar Cəfərov Şahmar Rzayevin fəaliyyətinin yoxlanılması üçün prezident İlham Əliyevin, baş nazir Artur Rasizadənin və "Azərsu" ASC-nin sədri Nizaməddin Paşayevin işə qarışmasını yeganə çıxış yolu görüb və bu məqsədlə həmin şəxslərə müraciət ediblər. Müraciət müəllifləri qeyd edirlər ki, Ş.Paşayev rəhbərlik etdiyi müəssisənin balansında olan subartezian quyularının istismarı üçün nəzərdə tutulan ehtiyat avadanlıqları və onların ehtiyat hissələrini satdıraraq mənimsəyib. Bundan başqa, müəssisədə əmək haqlarının verilməsində bəzən bankomatlardan, bəzən isə əmək haqqı cədvəllərindən istifadə olunur. Baxmayaraq ki, Maliyyə Nazirliyinin Ağdam rayonu üzrə Maliyyə İdarəsinin rəisi Elman Əhmədov əmək haqlarının plastik kartlarla verilməsi haqqında prezident İlham Əliyevin sərəncamının icrası üçün çoxlu əmək sərf edir, hələ də Ş.Rzayevi dövlət başçısının sərəncamlarına əməl etməyə vadar edə bilməyib. Çünki Ş.Rzayev artıq icra başçısının sevimli kadrıdır. Təvvəkül Həsənov, Teymur Nəcəfov və Yadigar Cəfərov isə Şahmar Rzayevin rəhbərlik etdiyi müəssisənin fəaliyyətinin onların iştirakı ilə yoxlanılmasını tələb edirlər. Onlar belə hesab edirlər ki, Ş.Rzayev bu maxinasiyaları təkbaşına etmir və o, bu işdə başqa məmurlarla əlbirdir. Redaksiyamıza daxil olan məlumatlarda Ağdam rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Teyyub Nəcəfov haqqında da oxşar ittihamlar var.
Onu da xatırladaq ki, Ş.Paşayevlə bağlı hadisədən sonra rayonda başçının qəzəbinə gələn məmurların Toğrul Rəhimova "pənah" aparması adət halını alıb. N.Sadıqovun qəzəbinə gələn məmurlar T.Rəhimovla "anlaşdıqdan" sonra Ağdama toxunulmaz şəxslər kimi qayıdırlar. Məlumata görə, Ağdam rayon ictimaiyyətində artıq belə bir rəy yaranmağa başlayıb ki, bu, qudaların çox ustalıqla düşünülmüş oyunudur. Bunun həqiqətən belə olması və yaxud da N.Sadıqovun icra başçısı təyin olunmasında T.Rəhimovun xüsusi rolunun olması ilə bağlı məqamlara aydınlıq gətirməyə çalışacağıq.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SƏRBƏST bölümünün son 20 xəbəri:



#SƏRBƏST bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829