Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Seymur Baycan : Yarımçıqlar

  Sayta qoyulub: 16:49 02.08.2010 (1413 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Şam əgər yanmırsa,
Demək, deputat seçilib.
Ya oğlu prokurordur,
Ya da səfir təyin olunub.
S.B.

Ədəbiyyat elm deyil. Bəlkə də buna görə yazıçıların əsərləri ilə bərabər onların mövqeyi, hərəkəti, həyatı, şəxsiyyəti daim müzakirə olunur. Bəzi vətəndaşlarımız Çingiz Aytmatova Nobel mükafatı verilməməsini yanlış olaraq haqsızlıq, ikili standart kimi qiymətləndirirlər. Əlbəttə, Çingiz Aytmatov yaradıcılıq baxımından Nobel mükafatı laureatı Taqordan daha ağırçəkili yazıçıdır. Taqor arvadının zinət əşyalarını satıb məktəb tikdirmişdi. 1915-ci ildə aldığı "Cəngavər" ordenindən 1919-cu ildə imtina etmişdi. Aytmatov isə cıqqılı diktator Akayevin səfiri oldu. "Gün var əsrə bərabər" əsərinin müəllifi utanmadan, heç bir ehtiyac olmadan cıqqılı diktator Akayevin səfiri olmaqla əsl manqurtun özü olduğunu ortaya qoydu. Bununla da məsələ bitmiş sayılır. Halbuki tirajlı, məşhur yazıçı səfir olmaya da bilərdi. Nə etməli, günah bizdə deyil. Kim nə edirsə, özünə edir. Aytmatov cıqqılı diktatorun səfiri olmaqla diri-diri özünü dəfn etmişdi.

İsa Qəmbərin Anar sevgisi

Eynulla Fətullayevin "Azadlıq" qəzetində Anar Rzayevə yazdığı cavabı oxuyub xeyli kədərləndim. Eynulla Anar Rzayevə cavabı xeyli ehtiyatla yazmışdı. Həmin yazını oxuyub qəti olaraq dərk etdim ki, hətta ölkədə dəyişiklik istəyən adamların Rzayevə qarşı daxili sevgisi tükənməzdir, sonsuzdur. Rzayevin necə qorxulu adam olduğunu 10-12 nəfər sona qədər dərk edir. Həmin adamların vəziyyəti çox acınacaqlıdır. Nə etməli, ürəklərdə Rzayev sevgisi var. Ürəklər Anar Rzayevi sevirlər. Ona qarşı çıxanlara ən yaxşı halda həqarətlə, barmaqarası, bir az da ironiyayla baxırlar. Həbsdə olmasına baxmayaraq, hakimiyyət əleyhinə ən sərt çıxışlar edən cənab Fətullayevin Anara ehtiyatla cavab verməsinin əsl səbəbini bilsəydim, özümü xoşbəxt hesab edərdim. Anar Rzayev çəkdiyi qəlyanla "Qobustan" jurnalıyla, ədalarıyla, ali ssenari kursuyla, "Dədə Qorqud", "Qəm pəncərəsi", "Uzun ömrün akkordları" filmləri ilə Rəsul Rzayla, Nigar Rəfibəyliylə, əsərlərinin tirajıyla, əzib, əzməkdədir. Anar Rzayevin basıb əzdiyi adamların sırasında müxalifət lideri İsa Qəmbərdən tutmuş QHT nümayəndələrinə, baş redaktorlara, köşə yazarlarına qədər xeyli şəxslər var. Yalnız Anara qarşı sonsuz nifrətlə bu əzici təzyiqdən adam xilas ola bilər. Şəxsən məni və yəqin ki, dostlarımı (Tural, Elnur Astanbəyli, Rasim Qaraca və digərləri) bu nifrət xilas edib. Bir daha təkrar edirəm, mənim Anara qarşı nifrətim bütün sevgilərdən səmimidir. Bu nifrət məni həyata, mübarizəyə səsləyib. Ən ağır dəqiqələrimdə bu nifrət mənə "davam" əmri verib. Artistlik etməyin yeri yoxdur. Mən Anarın qanını çox böyük zövq və ləzzətlə birnəfəsə başıma çəkib içərdim. Anarın necə qorxulu bir insan olduğunu sona qədər bildiyimdən mən öz hislərimə sahib ola bilməmişəm. Buna görə onun ünvanına yazılmış ən yumşaq tərif məni qəzəbləndirir. Tərifi münasibətin olan adamlar yazırsa, onlardan bərk inciyirəm.

Keçək məsələnin ciddi tərəfinə. Çox istərdim bu ölkədə bir adam tapılaydı və həmin adam müxalifət lideri İsa Qəmbərin hakimiyyəti dəstəkləyən, büdcədən maliyyələşən bir qurumun rəhbərini hansı əsaslarla sevdiyini mənə gözəlcə başa salaydı. İyirmi ildən artıqdır ki, cənab İsa Qəmbər Zori Balayana yazdığı məktubdan qazandığı şöhrətdən gen-bol istifadə etməkdədir. Bəs görəsən, İsa Qəmbər "Qalib gəldi, qalib getdi" məqaləsinin müəllifi Anar Rzayevə niyə cavab yazmır? Yazmamağı bir yana, hətta Anar Rzayevi sevir. Monarxiyaya qarşı mübarizə aparan müxalifət lideri necə ola bilər ki, büdcədən maliyyələşən bir qurumda monarxiyanı dəstəkləyir? Bunun adını nə qoyaq? Yarımçıqlıq? Bəlkə Anar Rzayevin alternativi yoxdur? Bəlkə o əvəzedilməzdir? O zaman mən də cığallıq edərək deyə bilərəm ki, İlham Əliyevin də alternativi yoxdur. Bir adamın dövlət büdcəsindən maliyyələşən qurumu 24 il öz dədə-baba mülki kimi idarə etməsinə necə rahatlıqla göz yummaq olar? Bəlkə İsa Qəmbərin hərəkətini siyasət adlandıraq? Yəni, bu dərəcədə sadəlöhv olmaq mümkündürmü? Anar Rzayevin, Əkrəm Əylislinin, Elçin Əfəndiyevin guya nə vaxtsa "söz" deyəcəklərini gözləyənlər elə ömür boyu gözləyəcəklər. Prezident Aparatından təbrik gəlmədiyinə görə hönkür-hönkür ağlayan Əkrəm Əylisli bu gün də danışmayıb, nə zaman danışacaq? Çox ehtiyatlı Anar Rzayevi kim öz yolundan döndərə bilər? Zəhləm gedir suallı yazılardan. Amma doğrudan da mən bu suallara cavab tapa bilmirəm.
Zamin Hacı və Xaliq Bahadır istisna olmaqla biz AYO-çular daim müxalifət yazarlarından həqarətli münasibət görmüşük. Amma biz geri çəkilmədik, tanındıq, tribunalar qazandıq. Onlar isə indi qəzetlərdə öz oxunmayan yazılarının üstündəki şəkilləri ilə yaddaşlarda qalmaq istəyirlər. Qoy onlar öz sevimli yazıçılarından bərk yapışsınlar. Zaman isə bizimdir. Necə deyərlər, fərman padşahındır, dağlar bizimdir.
Guya monarxiya quruluşuna qarşı mübarizə aparan adamların həqiqətdə monarxiyanı dəstəkləmələri göz önündədir. Buna yarımçıqlıqdan, natamamlıqdan savayı başqa ad vermək çətindir. Fakt odur ki, Anar büdcədən aldığı pulu ürəyi istədiyi kimi özünün, atasının, anasının təbliğatına xərcləməklə məşğuldur. Üstəlik, özünü müxalifət yazarı adlandıranlar Anarı sevirlər. Məntiqlə başqa cür olmalı idi. Olmadı. Özləri bilərlər.

Vəzifə hərisi

Lermantov yazır: "Məmur kürsüsündə oturan yaradıcı adamı iki aqibət gözləyir. O, ya məhv olmalıdır, ya da ölməlidir".
İlahi, bu insan, Anar Rzayev necə vəzifə hərisi imiş. Yaşı yetmişi ötmüş Anar Rzayev haqda yazmaqdan artıq utanıram. O isə əməllərinə davam edir. Kürsüsündən bərk yapışıb, qopmaq istəmir. O söz qalmadı ki, ünvanına yazılmasın. Heç kim duymasa da Anar, Elçin, Əkrəm Əylisli bizim nə yazdıqlarımızı qəşəng bilirlər. Hər cümləni zəhər kimi içirlər. Sağlıqlarında nə lazımdırsa eşitdilər. Kurortlarda, sanatoriyalarda çəkdikləri kefi burunlarından gətirdik. Qoy, Zeynal Məmmədli nə qədər istəyir Anarı dəstəkləsin.
Sorokinin necə daha şəxs olduğunu bu günlərdə bir daha anladım. Sorokin deyir: "60-cılardan xilas olmağın bircə yolu var. Onlar ölməlidirlər". Gerçəkdən, 60-cılar öləndə həqiqətən də ölürlər. Onlar gündəmdə qalmağı, insanların zəif yerindən vurmağı, hislərlə oynamağı bacarırlar. 60-cılar öləndə birdəfəlik ölürlər. Xatirə yazısı, verilişlər, kitabların təkrar nəşri 60-cıları dirildə bilmir. Biri vardı. Guya dissident idi. Sovet hökumətinin bütün orden və mükafatlarını almışdı. Kurortlarda, sanatoriyalarda kef çəkməyinə baxmayaraq, özünü dissident adlandırırdı. Guya sovet quruluşuna qarşı mübarizə aparmışdı. Xeyli adamlar bu yalanlara inanmışdılar. Abrımız getmişdi. Heç kimə heç nə başa sala bilmirdik. Çünki həmin adam hislərlə oynamağı, adamların zəif yerindən vurmağı, gündəmdə qalmağı gözəl bacarırdı. Guya sovet dövründə dilimizi müdafiə etmişdi. Bir topa yarımçıq adamın sevimlisi idi. Onun haqqında yazı yazanda otuz yerdən cavab alırdıq. Necə ki, indi ürəklərdən Anar sevgisini çıxarmaq mümkün deyil. Adam öldü və canımız qurtardı. Söhbət bitdi. Sorokinin sözü öz təsdiqini tapdı.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829