Anar xarici səfirliklərin birində İsa Qəmbərdən nə xahiş edib?
Dünən günə iki dəhşətli yazıyla başladım. Səhər qəzetləri səhifələyərkən Azərbaycanda sosial-demokratiya ideyalarına təhqirdən başqa bir şey olmayan ASDP sədri Araz Əlizadənin "Bizim Yol"da müsahibəsinə rastladım. Dostumuz Ќatiq Cavadlı Əlizadəni "divara dirəyib" ondan ölkədəki hüquqsuzluqların, qanunsuzluqların heç olmasa bir səbəbkarının adını soruşmaq istəyir. Hər dəfə Natiqdən can qurtara bilməyəcəyinlə anlayıb deyir: "Azərbaycan siyasətində özünü düşünüb torpağı düşünməyən şəxslərdən birincisi Araz Əlizadədir".
Burada dəhşətli olan nədir? Özünü müxalifət lideri sayan, üstəlik, sol dəyərlərə bağlı olduğunu iddia edən bir adam görün hakimiyyətdəki hansısa korrupsioner, talançı məmurun adını çəkməmək, özünü onlarla pis etməmək üçün hansı yola əl atır - özünü şərləyir! Allahın bir "JEK" müdirinin belə adını çəkməkdən qorxur, bütün məsuliyyəti üzərinə götürür. İkinci dəhşəti isə başqa bir qəzetdə (adını çəkib burada şərəfləndirmək istəmirəm) ədəbiyyat naziri Anar Rzayevin sağ əli, xalqsız xalq şairi Fikrət Qocanın məşhur inqilabçı Çe Gevara haqqında poema yazdığını oxuyanda yaşadım. "Yaşa, prezidentim, yaşa" şeiri və Çe Gevara haqqında poema - bu ikisini bir ürəkdə daşıya bilən adama nə deyəsən, nə yazasan? Zülmün, zülmkarın tərəfini tutub, bütün həyatını talançı bir rejimin vəsfinə həsr edib, sonra da heç nə olmamış kimi Çe Gevara haqqında poema yazmağı yalnız Azərbaycanda öz əxlaqına və vicdanına sığışdıra bilən adamlar mövcuddur.
Hikmət Hacızadə haqlıdır, biz böyük bir dəlixanada yaşayırıq. Üstəlik, bu dəlixananın sakinləri xeyrini bilən dəlilərdir. Milli məsələlərə gələndə onlar öz xəstəliklərinin, ruhi-psixoloji vəziyyətlərinin arxasında gizlənirlər, biri dərviş olur, digəri şaman, guya bütün reallıqların fövqündə dayanırlar. Amma oğul-uşaqlarını səfir təyin etdirmək, özlərinə cürbəcür imtiyazlar qazanmaq lazım gələndə nədənsə ağıllanırlar, ayaqları yerə dəyməyə başlayır.
İsa Qəmbərin ikinci müəllifliyi
Son günlər İsa Qəmbər növbəti dəfə bizi təəccübləndirdi. Ədəbiyyat naziri Anar Rzayevi qorumaq üçün sinəsini sipər elədi, "Azadlıq" radiosuna çıxdı.
Həssas günlərdən keçirik. Müxalifət düşərgəsində yeni bir ümidlənmə ab-havası hakimdir. İnsanlar bir neçə illik depressiyadan ayılmaqdadır. Belə bir vaxtda İsa Qəmbər və digər müxalifət fiqurları haqqında nəsə demək, nəsə yazmaq mənə çətindir. Amma bunu Müsavat başqanı da nəzərə almalı idi. Biz Anarla və onun timsalında hakimiyyətin yedəyində sürünən psevdo-ziyalılarla dədəmizin davasını eləmirik. Şəxsi müstəvidə onlardan üçdə alacağımız, beşdə verəcəyimiz yoxdur. Sistemin "vintciyi və təkərciyi" funksiyasına üstlənən insanlarla ictimai dəyərlərin davasını aparırıq. Bu davada İsa Qəmbərin bıçağını sırtımızda hiss eləmək çox ağırdır. Mən hələ də başa düşə bilmirəm: Anar Müsavatı və Müsavat başqanını daha nə qədər təhqir eləməlidir ki, İsa bəy bizi qoyub, ədəbiyyat nazirinin tərəfini tutsun? İsa bəy Anarın 2003-cü ildə müxalifətçi düşüncə adamlarına dediyi "mənəviyyatsız düşüklər" ifadəsini bu qədərmi tez unudub? Doğrudanmı, başqan bu gün Anarı bəh-bəhlə müdafiə edərkən, həmin ifadənin ikinci müəllifinə çevrildiyinin fərqində deyil? Ümumiyyətlə, bu gün hakimiyyətdə faktiki olaraq ədəbiyyat naziri vəzifəsini yerinə yetirən adamın tərəfini tutan bir müxalifət liderinin sabah beyqəfil təhsil, yaxud Dövlət Əmlak Məsələləri Komitəsinin sədrinin tərəfini tutmayacağına kim təminat verə bilər?
Ən dəhşətlisi isə Müsavat başqanının Anarı "müstəqil insan" adlandırmasıdır. Ya hu, İsa bəy, allah eşqinə, mənə dünya tarixində büdcədən ildə 1 milyon pul alan, hakimiyyətin verdiyi xidməti maşında dolaşan, dövlət tədbirlərində başda oturdulan, etdiyi məddahlıqların qarşılığı olaraq, oğlunu xüsusi müxbirlikdən səfirliyə qədər yüksəldən, qızına hansısa nazirlik hesabına üç ayrı-ayrı jurnal açan ikinci müstəqil adam göstərin də gedib "Torqovı"nın ortasında iki ağız anqırmasam, məndən şərəfsizi yoxdur.
Anarın Müsavat başqanından gülünc xahişi
Bir daha deyirəm, indi bütün bunları yazmaq mənə çox ağırdır. Amma bizim də səbrimizin həddi var. Mənə, dostlarıma çox lazımdırmı hamıyla üz-göz olmaq? Bütün həlledici anlarda demokratik mübarizəni sırtından vuranlara, xalqın maraqlarını şəxsi mənfəətlərinə qurban verənlərə enerji və əsəb sərf etmək? Onlar yenə də "çiçi" olacaqlarsa, "qəhrəman" olacaqlarsa, daha biz niyə yoruruq özümüzü? Açığını desəm, məndə İsa Qəmbərin "Azadlıq" radiosunun efirinə çıxıb, Anarı mədh, bizi tənqid edən açıqlamasının tarixçəsi barədə konkret bilgilər var. Bu barədə yazmağı düşünmürdüm, amma madam ki, bıçaq artıq sümüyə dirənib, yazmamaqdan başqa əlacım qalmır. Bildiyim qədəri ilə bu yaxınlarda xarici səfirliklərin birindəki tədbirdə ədəbiyyat naziri Anar Rzayev də iştirak edirmiş. O arada Müsavat başqanına yaxınlaşıb və xeyli söhbətləşib. Söhbətin əsas mövzusu isə ədəbiyyat nazirinə hücumlarla bağlı olub. Anar Müsavat başqanından bizi durdurmağı xahiş edib. Bu söhbətdən bir neçə gün sonra isə İsa Qəmbər "Azadlıq" radiosuna çıxıb və gerisi artıq sizə məlumdur!
"Altmışıncı" ağlı
Siz allah, Anarın məntiqinə baxın! Bu adam elə bilir ki, o özü həmişə birinci katiblərin, prezidentlərin iradəsi ilə oturub-durursa, mütləq başqalarının da başının bir ağası var, həmin ağa yürü dedikdə yürüyür, dur dedikdə dururlar. Xeyr, cənab Rzayev, xeyr! Şəxsən mənə nəyi necə yazmağı dədəm belə öyrədə bilməz. O sənin də mənsub olduğun "altmışıncılar" deyə bir nəsildir ki, bütün dövrlərdə nomenklaturanın ağzına baxır, o ağızdan çıxan buyruqla oturub-durur, həm özlərinə, övladlarına dəbdəbəli həyat qurur, həm də xalqın gözündə qəhrəmana çevrilmək istəyirlər. Və lütfən hər kəsi özünüz kimi bilməyin. Bu ölkədə sözün, ədəbiyyatın namusunu heç bir posta, vəzifəyə, fəxri ada dəyişməyəcək yeni bir yazar ordusu var, artıq ortada. Onların nümunəsində xalq bir şairin, bir yazıçının hökmdarın buyruqquluna çevrilmədən də həyata və ədəbiyyata davam edə bildiyinin mümkünlüyünü anlayır.
Arqumentsizlikdən əziyyət çəkənlər
Bir az da digər "dəlilər" haqqında. Onlar iki hissəyə ayrılır: bir hissəsi qələmini neft pulları qarşısında sındırmış, sözün müqəddəsliyini maddiyyat hərisliyinə qurban verənlər, digər bir hissəsi isə cismən hələ də müxalifətçi fikrin yanında olsalar da, ağılları, ürəkləri irtica koridorlarında dolaşanlardır. Mən belələrinin adını çəkib nə sizin, nə də özümün könlünü bulandırmaq istəyirəm. Onların ortaq nöqtəsi isə - arqumentsizlikdir. Belələrinə də söylənəcək bir neçə kəlmə sözüm var.
Məsələn, "Jalə" şirələrindən bəslənən, hakimiyyətin uğursuz media proyektlərindən biri olan bir informasiya agentliyinin xanım direktoru sırağagün palaz boyda yazı yazıb psevdo-ziyalıların müdafiəsinə qalxıb. Mən belə yazıları həmişə sevinclə qarşılayıram: anarların, əkrəmlərin, ramiz rövşənlərin kimin, kimlərin ümidinə qaldığını görüb məmnun oluram. Ömürlərində bir kitab üzü açmamış, cəmiyyətdə kimin yağında qovrulduqları hamıya bəlli adamları qarşımızda görmək nə qədər haqlı olduğumuzun əsas göstəricisidir. Mən nə vaxtsa belələrinin ümidinə qalsam, onların müdafiəsinə ehtiyacım olsa, siçan dərmanı içib özümü öldürərəm.
Başqa biri, özü də adını müxalifətçi qoymuş başqa biri isə görün hansı arqumentlə müdafiə edir Anarı: "Yaşlı və xəstə insana hücum etmək qeyri-əxlaqi işdir". Əcəba, həmin yoldaş mənə son üç ildə 14 dəfə Türkiyəyə gedib-gələn (hansı pulların hesabına - hələ bunu demirəm) ikinci xəstə və yaşlı adam göstərə bilərmi? AYB sədri milyonlarla manatı özünün, atasının, anasının yolunda sağa-sola xərcləyəndə "yaşlı və xəstə" olmur da, bunun hesabı istəniləndəmi "yaşlı və xəstə" olur?
Turgenev də yazıçıdır, Anar da, Elçində?
Biz psevdo-ziyalılarla daha çox ictimai dəyərlər uğrunda döyüşürük, onların istedadını, yazıçılığını adətən ikinci plana atırıq. Bir çoxları isə bunu həmin adamların yaradıcı səviyyəsini etirafımız kimi anlayır.
Halbuki Anarın, Elçinin, Əkrəm Əylislinin, Ramiz Rövşənin, digərlərinin yaradıcı tərəfləri onları yerləbir etmək üçün daha böyük əsaslar verir adama. Dünya şeiri və nəsrindən azacıq bilgili olmaq kifayətdir ki, əslində "altmışıncılar"ın yazıçı, şair kimi də nə qədər gücsüz və zəif olduqlarını anlayasan. Qoy "altmışıncılar" allahlarına şükr eləsinlər ki, onlarla ədəbi müstəvidə dartışmaya girmirik. Yalnız ictimai müstəvidə savaşırıq. Əks halda ümumiyyətlə, "mıkk" eləyə bilməzlər.
Şəxsən mən Turgenevə də yazıçı desəm, Anara da, Platonova da yazıçı desəm, Elçinə də, ağzım əyilər, dilim quruyar. Bütün bunlar isə başqa bir söhbətin mövzusu olduğundan qalsın sonraya.
Yalançının yaddaşı
Madam ki, dəlixana haqqında danışırıq, bir neçə cümlə də deputat Fazil Qəzənfəroğlu haqqında yazıb, nöqtəni qoyaq. F.Q. qəzetlərin birinə müsahibə verib məni "prinsipsizlikdə və hakimiyyətin təlimatı ilə işləməkdə" ittiham edib. Hesab edin ki, deputatın bu sözlərinə "güzgüyə baxıb adını özgəsinə qoymaq" barədə məşhur məsəllə cavab verdim getdi. F.Q-nın başqa bir ittihamı vaxtilə eyni partiyada olarkən ona yürütdüyü "siyasət"lə bağlı heç bir etiraz etməməyim, o dövrdə iqtidara qarşı kəskin yazılar yazmamağım haqqındadır. Doğrudan da, yalançının yaddaşı olmazmış. Bu adam əsl sifətini göstərməyə başlayanda hakimiyyətin birinci şəxsinə yerli-yersiz təbriklər göndərəndə, monarxiyaya açıq dəstək verəndə, prezidentin yanına düşüb hansısa açılışa gedəndə, bir sözlə, tamamən bir iqtidar projesi olduğuna kimsədə heç bir şübhə qalmayanda mən artıq çox uzaqlarda idim - bu bir.
Təkcə son beş ildə deyil bir, on F.Q. ağırlıqda hakimiyyət əleyhinə yazılar yazmışam, hətta elə yazılar ki, o yazıların çoxunu indi də oxuyanda tüklərim biz-biz durur. Əgər bu cənab deputat başını bəlli yerlərdən çıxarıb, həmin dövrün mətbuatını oxusa bunu görə bilər. Amma nə yazıq ki, o indi reallıqları, gerçəkləri yox, özü görmək istədiklərini görməyə vərdiş edib - bu iki.
Ən əsası, qoy cənab F.Q. çox çabalamasın, çabaladıqca nə qədər dərin batdığını anlasın artıq. Bundan sonra da ağlına və ağzına gələnləri danışmağa davam etmək istəyirsə, cəsarəti çatırsa, özünə güvəni varsa buyursun, hodri meydan! - bu da üç.