Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Elnur Astanbəyli : Nökərin nökərləri

  Sayta qoyulub: 15:32 23.07.2010 (503 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi olmasın, bir dəfə hansısa məclisdə Əkrəm Əylisli mənə "sağa-sola ki, bu qədər atəş açırsan, bu qədər quyruqları tapdayırsan, bir gün gözünü açıb görəcəksən, ətrafında heç kim yoxdur, hamı səndən üz çevirib",- demişdi. Sonra kiçik bir pauza vermiş və əlavə etmişdi: "Mən bunu həyatımda yaşamışam. Və bunun nə qədər dəhşətli bir şey olduğunu görmüşəm. Eyni hissləri sənin də yaşamağını istəmirəm".
Bu gün mənim ətrafımda çoxlu dostlarım var. Mən onlarla bir yerdə olduğum, onlarla eyni və qutsal yolu yürüdüyüm üçün çox xoşbəxtəm. Bu dostlarımla qürur duyuram. Onlar Azərbaycanın şansıdır. Onlar Azərbaycanın parlaq gələcəyi ilə bağlı böyük ümidlər verirlər.
Yeri gəlmişkən, dünən belə dostlarımdan biri - Qan Turalının doğum günü idi. Artıq gec olsa da, onu buradan təbrik edir, öpür, bağrıma basıram. Bu ölkədə hələ də Tural kimi vicdanlı və ləyaqətli insanlar doğulmağa davam edirsə, əvvəl-axır zülmətin yarılacağına, qaranlıqların aydınlığa çıxacağına kimsənin, amma kimsənin şübhəsi olmasın.
Qayıdaq xalq yazıçısının yazının girişindəki sözlərinə. Mən həmin sözlərin alt qatında nələr yatdığını o vaxt da anlamışdım. İndi isə daha aydın anlayıram. Əkrəmlər üçün bir insanın titullu, mənsəbli, imtiyazlı dostlarının, tanışlarının olmaması doğrudan da, böyük dəhşətdir. Mənim və dostlarımın isə belə bir kompleksi yoxdur. Biz insanları aldığı orden-medalların çəkisinə görə qiymətləndirmirik. Bizim üçün insanların düşüncə və davranış tərzi, ruhu, qəlbi, ağlı, xarakteri önəmlidir. Deputatdır, deputat deyil, xalq yazıçısıdır, xalq yazıçısı deyil deyə insan dəyərləndirilməz. Necə ki, varlıdır, varlı deyil deyə də insan dəyərləndirilməz. İnsanı dəyərləndirməyin yolu birdir: o insan yaltaqdır, ya yaltaq deyil, kölədir, ya kölə deyil, qorxaqdır, ya qorxaq deyil, nadandır, ya nadan deyil, cahildir, ya cahil deyil.
İllərdir Azərbaycan cəmiyyətinə bunu anlatmaq istəyirik. Bu mövzuda minlərlə yazı yazmışıq. Çoxlarının kənardan qibtə ilə baxdığı insanlarla çörək yeyib, araq içsək də, bu, bizə həmin insanların yalanlarını, yanlışlarını söyləmək üçün heç vaxt mane olmayıb. Biz onlarla içdiyimiz araqlara xəyanət etmiş ola bilərik, amma həqiqət anında bunun heç bir mənası qalmır. Biz həqiqəti arağa dəyişməmişik. Azərbaycan cəmiyyətində isə bir sürü insan hələ də bu cür adamların maskasını yırtdığımıza görə bizi bağışlamır. Rüstəm İbrahimbəyovun ikibaşlı, üçbaşlı oyunlarını ona bağışlayanlar, bu adamın gerçək mahiyyətini ortaya qoyan yazılarımıza görə bizə nifrət edirlər. Bizi qınayırlar. İnanın ki, anarların, əkrəmlərin, rüstəm ibrahimbəyovların, ramiz rövşənlərin hansı cəfəngiyyatları üyütdükləri çox vaxt zərrəcə vecimə olmur. Çünki mənim bu merkantil ordusundan, bu psevdo-ziyalı yığnağından heç bir gözləntim yoxdur. Məni yandıran bu adamların indiyədək çıxdıqları hoqqalara, elədikləri riyakarlıqlara rəğmən, onları hələ də qəhrəman gözündə görənlərin olmasıdır. Onlara hələ də qibtə və heyranlıq hissi ilə yanaşanların olmasıdır. Onlardan hələ də ümidini üzməmiş insanların olmasıdır.
Ən pisi odur ki, belələri heç də savadsız, kütbeyin, proseslərdən uzaq adamlar deyillər. Üstəlik, özlərini ölkədəki anti-demokratik rejimə müxalif hesab edirlər. Yaptokratiyanı sevmədiklərini söyləyirlər. İndi gəl bunları başa düş! Ay bacılar, ay qardaşlar, ay xanımlar, ay bəylər, mən indi burda "kar və kərən" haqqında məşhur lətifəni bəlli səbəblərdən yaza bilmirəm, amma sizdən soruşuram: axı bu adamlar sizi, bizi, bütün xalqı daha nə qədər aldatmalı, daha nə qədər ictimai maraqları şəxsi mənafelərinə qurban verməlidirlər ki, nəhayət kimin kim olduğunun fərqinə varasınız? Axı çıxın biriniz mənə anladın görüm, bəy dediyiniz nədir, bəyənmədiyiniz nə? Hakimiyyəti sevməməyiniz nədi, sinənizi Anara, Əkrəmə, İbrahimbəyova sipər eləməyiniz nə? Rejimə nifrət etməyiniz nədi, onun "vintcik"lərinə, "təkərcik"lərinə heyranlığınız nə? Deyə bilərsinizmi, siz ümumiyyətlə, bunların hansında səmimisiniz: yaptokratiyaya nifrətinizdəmi, Əkrəm Əylisliyə sevginizdəmi? Hakimiyyətə müxalif olmağınızdamı, Anar Rzayevə buyruqululuğunuzdamı? Əgər siz, eyni bədəndə bu hisslərin hər ikisini daşıya, yaşada bilirsinizsə, onda məndən inciməyin, bunun adı riyakarlıqdan, ikiüzlülükdən başqa bir şey deyil. Axı niyə anlamırsınız, anlamaq istəmirsiniz ki, əgər bu ölkədə "Viloş"ların vəzifəsi insanları fiziki olaraq sındırmaq, sıradan çıxarmaqdırsa, anarların, əkrəmlərin, fikrət qocaların, ibrahimbəyovların missiyası cəmiyyəti mənəvi olaraq, sarsıtmaqdır. Axı niyə başa düşmürsünüz, başa düşmək istəmirsiniz ki, əgər bu ölkədə DİN-in "bandotdel"i insanları butılkaya oturub, onların barmaqlarını qapı arasında qoyub, bədənini toka verib susdurmaqdırsa, Yazıçılar Birliyinin və ona oxşar "yaradıcı təşkilatlar"ın da görəvi insanların ruhunu zorlayaraq, mənəviyyatına təcavüz edərək, onları qula, mütiyə çevirməkdir. İndi sizin ağlınızca, məntiqinizcə, "bandotdel" pisdirsə, AYB yaxşı ola bilərmi? Bunlar ki, bir medalın iki üzüdür!
Mən indi buradan "niyə başa düşmürsünüz, başa düşmək istəmirsiniz?",- deyə boğazımı dağıdıram, amma əslində bu sualın cavabını çox yaxşı bilirəm: nə qədər biruzə verməməyə çalışsanız da, sizin də qəlbinizin bir yerində köləlik hissi yatır. O hiss əvvəl-axır sizi də yeni bir Zəlimxan Məmmədliyə çevirəcəkdir, yeni bir Fazil Qəzənfəroğluya dönüşdürəcəkdir. Sadəcə, geci-tezi var.
Məni əsəbləşdirdiyi qədər ağrıdan həm də odur ki, siz bu `ikiləşməyə məcbursunuzmu? Rejimə nifrət ediyinizi deyib, onun əlaltısına, qılverəninə çevrilmiş riyakarları, satqınları, ləyaqətsizləri, maddiyyat hərislərini sevməyə məcbursunuzmu? Özünüzü yaptokratiyanın əleyhdarı kimi göstərib, amma onun "vintcik"lərinin, "təkərcik"lərinin qulu olmağa məcbursunuzmu?
Qısası: nökərin nökəri olmaqdansa, gedin birbaşa ağanın nökəri olun, biz də işimizi bilək.

Anarın yaşamasının xeyiri

"Bizim Yol" qəzetinin son iki sayında AYB sədri Anar Rzayevin müsahibəsi dərc olunub. Müsahibə deyil e, fəlakətdir, fəlakət! Azacıq ağlı, başı olanlar həmin müsahibəni oxuduqdan sonra bizim bu adam haqqında, onun böyrü-başı haqqında yazdıqlarımızda nə qədər haqlı olduğumuzu anlamalıdır artıq.
Anar müsahibəsində şəxsən mənim ünvanıma çox ağır ifadələr işlədib. Siz həmin ifadələri yalnız küçə adamlarının dilindən eşidə bilərsiniz. Bu, iki sözündən biri əxlaq olan bir adamın əxlaq mövzusunda nə qədər səmimi olduğunun göstəricisidir.
Amma indi demək istədiyim başqadır. AYB sədri bizi tez-tez onun ölümünü arzulamaqda ittiham edir. Sonuncu müsahibəsi göstərdi ki, bizim həmin arzumuz indiyədək gerçəkləşsəydi, bunun Anara nə qədər böyük faydası olacaqdı. Ən azı AYB sədri hətta onu müdafiə edənləri belə, pis vəziyyətdə qoyacaq, arqumentsiz buraxacaq bu çirkin müsahibəni verməyəcəkdi, verə bilməyəcəkdi. Doğrudan da, hər zərərdə belə, bir xeyir varmış.

İlqar Məmmədovun bilməmişliyi

Dünən "Re AL" adlı ictimai birliyin sədri, keçmiş AMİP-çi, indiki dəhşət intellektual müxalifətçi İlqar Məmmədovun bir müsahibəsinə rastladım. Deyir ki, İsa Qəmbərin parlament seçkisində niyə onu müdafiə etmək istəməməsinin səbəbini bilmir.
Yaxşı da, İlqar Məmmədov, yaxşı da! Axı sən dəhşətli intellektualsan, axı hər şeyin doğrusunu sən bilirsən, indi bunumu bilmirsən?
Əgər doğrudan da, bilmirsənsə onda sadalayım:
BİR: Elçibəyi "fərari" adlandırıb;
İKİ: Müxalifəti "siyasi meyit"ə oxşadıb;
ÜÇ: Bu da azmış kimi "istefa" tələbini ələ salıb;
DÖRD: Ümumiyyətlə, bütün həlledici məqamlarda, prinsipial məsələlərdə Zəlimxan Məmmədlinin bir az savadlı variantı kimi geri çəkilib, İsa Qəmbərdən hansı dəstək ummaq, gözləmək olar axı?
Mən hələ sizin AMİP-li günlərinizə qayıtmaq istəmirəm, o zaman ümumiyyətlə, Müsavatın niyə sizə dəstək vermək istəmədiyini bilməməyiniz üçün heç bir bəhanə qalmır.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829