Ötənlərdə "Reytinq"də çap olunmuş "İsa Qəmbərin seçim anı" adlı yazım oxuculardan birinin xoşuna gəlməyib. Xoşuna gəlməyib nədi, lap cin atına mindirib. Götürüb e-mailimə yazıb: "Ay özündənrazı əclaf, "Yeni Müsavat" nə vaxtdan hakimiyyətə işləyir, biz bilmirik? Əgər sən "Yeni Müsavat"ı da müxalifət qəzeti hesab eləmirsənsə, de görək, bəs onda bu ölkədə müxalifət qəzeti hansıdır?" Ardınca Rauf Arifoğlu haqqında yağlı təriflər, daha sonda da bəndənizin ünvanına qəzet səhifəsinə çıxarılması mümkün olmayan söyüşlər, tərbiyə "şedevrləri". Həmin oxucunu qınamıram. Rauf Arifoğlunu bu qədər cani-dildən sevirsə, onunla hər şey aydındır.
Amma israrla "Yeni Müsavat"ı niyə müxalifət qəzeti hesab etmədiyimi soruşursa, mənim də bu sualına cavabımı istəyirsə, daha nə deyim? Adam hər gün Arifoğlunun qəzetini dörd gözlə oxuyub, özü üçün bir nəticə hasil etməyibsə, mənim cavabım nəyi dəyişəcək? A qardaş, sənin sualının cavabı məndə deyil e, oxucusu olduğun qəzetin səhifələrindədir. Sən oxumağa davam et. Bir gün məndən istədiyin cavabı mütləq özün tapacaqsan. Əslində bu yazdıqlarımı e-mail vasitəsilə elektron məktub müəllifinin özünə də göndərə bilərdim. Sadəcə, gəldiyim bir qənaəti təkcə onunla yox, bütün oxucularla paylaşmaq istədim. Kim nə deyir desin, Azərbaycanda azad mətbuat öz ömrünü "Azadlıq" radiosunun bağlanması ilə başa vurdu. Artıq ortada azad mətbuat deyil, fərd halında azad qələmlər qalıb. Onlar da hansısa yazını adını müxalifətçi, müstəqil qoymuş qəzet redaktorlarının senzurasından it zülmüylə keçirirlər. Məsələ təkcə "Yeni Müsavat"la bağlı deyil. Hamısında eyni vəziyyətdir. "Azadlıq" sözünün yalnız "Azadlıq" qəzetinin adına dəxli var. Kim mübahisə etmək istəyirsə, buyursun. Bir də azad mətbuat haqqı qazanmaq üçün yalnız hakimiyyətdən asılı olmamaq şərt deyil ki... Ənənədən, mentalitetdən, bozbaşdan, meyxanadan, Anar Rzayevdən, asılı olmamaq da şərtdir. Çünki hakimiyyətdə olmayıb hakimiyyətdə olanlar kimi düşünə bilərsən. Əgər hakimiyyətin sevdiyi xalq şairini "Azadlıq"da, "Yeni Müsavat"da da sevirlərsə, əgər hakimiyyətin sevdiyi xalq artistinə "Azadlıq"da, "Yeni Müsavat"da da aşiqdirlərsə, biriləri bu ikisinin fərqini mənə anlada bilərmi, lütfən? Anarın son həddi
Azərbaycanın yeganə azad ədəbiyyat qəzeti - "Proloq" dünənki sayında ilginc bir yazı dərc edib. Düzəliş verim: bu yazı yox, Yazıçılar Birliyi katibliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Afaq Məsuda 23 yanvar 2009-cu il tarixli məktubudur. Həmin məktubu oxuyandan sonra ağlı başında, vicdanı yerində olan heç bir qələm adamı o birliyin sıralarında qalmağı özünə rəva görməz. Rəva görsə belə, susmaz, Anarın üzünə qayıdar, həm də çox pis qayıdar! Bu məktub AYB-nin iç üzüdür, Anarın əsl simasıdır. Heyrət eləyirəm, Afaq Məsud indiyədək necə susub, başdan-ayağa bir diletantlıq nümunəsi olan bu məktubu dörd ay niyə camaatdan gizli saxlayıb, ən əsası, hələ də Anarın sədr vəzifəsində qalmasına necə və niyə dözür!
Heyrət eləyirəm, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində çalışanlar bu təhqir, hədyan dolu məktubdan sonra səslərini niyə çıxarmırlar? Məktubun altında "AYB katibliyi" yazılmasına baxmayın. Onu sözbəsöz, sətirbəsətir Anar diqtə edib. Məktubun məğzinə keçməzdən əvvəl qısa xatırlatma: "Azərbaycan Yazıçılar Birliyinin katibliyi" imzalı, bir qəzet səhifəsi boyda cızma-qara Tərcümə Mərkəzi sədrinin AYB-dən ayrılan maliyyənin artırılması üçün etdiyi müraciətə, allah qoymasa, cavabdır. Keçək məktuba. Məktubun iki əsas məğzi var.
BİR: ey Afaq Məsud, AYB olaraq, biz sənə əlavə pul-zad ayırmaq fikrində deyilik.
İKİ: ey Afaq Məsud, əgər sən bunun "niyə"sini bilmək istəyirsənsə, deyək: çünki sənin Tərcümə Mərkəzində AYB-ni sevməyən, ona soyuq münasibət göstərən adamlar işləyir.
İnanmırsınız? Onda buyurun. Anar Afaq Məsuda yazıb: "Yazıçılar Birliyinə (yəqin ki, bu yerdə qələmdən qəlyana qədər uzun yol keçmiş sədr özünü "mənə" yazmaqdan zorla saxlayıb - E.A) qarşı pis münasibəti olan adamları ətrafınıza toplayırsınız, bizimlə (oxu: mənimlə - E.A) heç cür hesablaşmaq istəmirsiniz". Sonra da açıq-aşkar hədələyib: "Bizimlə körpüləri yandırmağa tələsməyin, çünki hələ bizdən çox işiniz keçəcək". Adam başqası onu "bolşevik təfəkkürlü" adlandıranda inciyir, xətrinə dəyir. Kor-kor, gör-gör, Anar müəllim, yazdığınız o cümlələrdən 37-ci il qoxusu gəlmirsə, bəs nə gəlir? AYB-də olan hər kəs sizi sevməyə borcludurmu? Bəlkə onlara maaşı, qonorarı dövlət büdcəsindən yox, öz cibinizdən verirsiniz?
"Məni sevməyən mənim düşmənimdir". "Mənim kimi düşünməyən mənim düşmənimdir". Anar Rzayevin təfəkkürü budur. Belələri 21-ci əsr üçün nadir nüsxədir. Afaq Məsud sıradan bir yazıçıdır. Hamı yazır, o da yazır. Amma Anar unutmasın ki, Afaq xanımın rəhbərlik etdiyi mərkəz AYB-nin yeganə üzağlığıdır. Az-çox o mərkəzdə ədəbiyyat adına nəsə bir iş görülür, pis-yaxşı tərcümələr edilir, mərkəzin nəşri olan "Xəzər" AYB-nin ədəbi orqanları arasında yeganə toya gedəsi dərgidir. AYB-yə ayrılan 1 milyon manatın yalnız 40 min manatına görə heyfslənməmək olar, çünki yalnız Tərcümə Mərkəzinə verilən həmin 40 min manat havaya uçmur. Ancaq belə görünür ki, Anar Rzayev heyfslənir. Axı bu adamın bir məqsədi var: Azərbaycanda ədəbi prosesi hər necə olur-olsun, durğunluqda saxlamaq, ölü nöqtədən dəbərməyə qoymamaq! AYB sədri ədəbiyyatın canlanmasını istəmir, bilir ki, canlı, dinamik bir ədəbi prosesdə ona, Elçinə, Fikrət Qocaya, nə bilim, Çingiz Abdullayevə yer yoxdur. Bilir ki, məğlubdur. Ona görə də var gücü ilə istedadsızlığı, ədəbi durğunluğu dəstəkləməyə, dövlət büdcəsindən Yazıçılar Birliyinə ayrılan 1 milyon manatı mənasız "imza günləri", kiflənmiş qəzet və jurnallar, bayağı yubileylərlə havaya sovurmaqdadır.
Bir daha yazıram: Anarın Afaq Məsuda məktubundan sonra AYB sıralarında qalmaq, qalsa belə, etiraz səsini çıxarmamaq artıq ordakı hər kəsin vicdan məsələsidir. Anarın məktubu son hədd idi. Bu məktubdan sonra da Anarı müdafiə edənlər tapılacaqsa, mənim belələrinə bəri başdan deyəcək bir kəlmə sözüm var: Allah və tibb elmi köməyiniz olsun!