Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Elnur Astanbəyli : Zərdüşt Əlizadə, biz qoyun deyilik!

  Sayta qoyulub: 17:15 12.07.2010 (663 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdüşt Əlizadə mənim üçün Azərbaycanda ən ziddiyyətli insanlardan biridir. Müxalifəti onun qədər yerdən yerə vuran adama hətta hakimiyyətin içində də rast gəlməzsiniz. Amma buna görə Zərdüşt bəyi heç vaxt Fazil Qəzənfəroğlu, yaxud Qüdrət Həsənquliyevlə tərəzinin eyni gözünə qoymaq ağlımızdan keçməyib. Çünki Zərdüşt bəy müxalifəti nə qədər sərt tənqid etsə də, hakimiyyəti ondan da beşqat tənqid edə bilir.
Ancaq son vaxtlar hörmətli Əlizadənin kələfin ucunu tez-tez itirməyə başladığını görürəm. Xüsusilə də Zərdüşt bəyin özünü cəmiyyətdə hamıdan ağıllı, intellektual göstərməyə başlaması, yerdə qalan çoxluğu zəkasız, savadsız hesab etməsi, bütün bunları açıq-aşkar söyləməsi məni bu yazını yazmağa məcbur etdi. Zərdüşt Əlizadənin mütaliəli biri olduğunu, intellektini hər kəs qiymətləndirir. Amma Əlizadənin bundan sui-istifadə etdiyi də açıq görünməkdədir. Az qala hər müsahibəsində, çıxışında müxalifəti "satqın" və "savadsız" ibarələri altında ümumiləşdirməyə çalışması, özü ilə bağlı bütün təzadlı nöqtələrin, prinsipsizliklərin üzərindən isə sükutla keçməsi qəbuledilməzdir. Zərdüşt bəy hakimiyyəti də sərt tənqid edir deyə onun cəmiyyətlə, müxalifətlə bağlı yalan və yanlışlarla dolu təsbitlərini görməzdən gələ bilmərik. Ona görə də Zərdüşt bəyə bəzi kiçik xatırlamalarda bulunmaqda fayda görürəm.

Zərdüşt bəyə birinci xatırlatma

Zərdüşt bəy son zamanlar tez-tez mətbuatın səviyyəsindən şikayətlənməkdədir. Məsələn, on gün əvvəl "Demokrat" qəzetinə müsahibə verir, eyhamla da olsa, Azərbaycan mediasının onun intellektinin tələblərinə cavab vermədiyini bildirir. Və bu zaman heç olmasa, bir cümlə ilə Azərbaycanda qəzetçiliyin, özəlliklə də hakimiyyətə qarşı tənqidçi jurnalistikanın hansı ağır şərtlər altında fəaliyyət göstərdiyini vurğulamağa ehtiyac görmür. Məncə, Azərbaycan kimi anormal bir ölkədə tənqidi jurnalistika ilə məşğul olmağın çətinliklərini qulaq ardına vurub, onun səviyyəsindən ən son şikayətlənə biləcək adam məhz Zərdüşt Əlizadədir. Çünki bizlər Zərdüşt bəyin "Xəzri" adlı qəzet nəşr etməyə başladığını və uğursuzluğa düçar olduğunu hələ unutmuş deyilik. Üstəlik, bu qəzet Azərbaycan reallıqlarında maddi və texniki baxımından fantastik sayıla biləcək imkanlara malik idi. Amma həmin imkanlardan necə istifadə edildiyini birlikdə gördük. Zərdüşt bəyin projesi başladığı kimi də bitdi. Belə bir uğursuzluğun altında imzası olan adam indi çıxıb hansı haqla mediaya aşağılayıcı münasibət göstərə bilər?

Zərdüşt bəyə ikinci xatırlatma

Zərdüşt bəyin ölkədə müxalifət partiyalarına ikrahı isə ümumiyyətlə anlaşılan deyil. Bu partiyalar, onların liderləri tənqid edilməməlidirmi? Əlbəttə, edilməlidir. Bu partiyaların, onların liderlərinin heçmi səhvləri yoxdur? Əlbəttə var. Amma Zərdüşt bəy ancaq tənqid etmir ki? Həm də onlara ikrahla yanaşır. Yanaşsın, etirazım yoxdur. Ancaq Zərdüşt bəy müxalifət partiyalarını, onların liderlərini hakimiyyət qarşısında güczlükdə ittiham edəndə, bir də dönüb öz keçmişinə baxsın. Axı onun özü vaxtilə liderlərindən olduğu ASDP-ni hakimiyyət cəhənnəm, qardaşı Araz Əlizadənin qarşısında belə ayaqda tuta bilmədisə, indi başqalarını necə ittiham edir? Zərdüşt Əlizadənin fərasətsizliyi və bacarıqsızlığı üzündən bu gün ASDP Azərbaycanda sol dəyərlərə təhqir olan bir partiyaya çevrilmədimi? Üstəlik, Araz Əlizadənin əlində polisi, daxili qoşunları, suvuran maşınları, rezin güllələri, canım sizə desin, gözyaşardıcı qazı-zadı da yox idi. Bəs niyə onun qarşısından duruş gətirə bilmədi Zərdüşt bəy? Duruş gətirə bilmədi, özü bilər, amma rejimin ən çirkin, murdar, zorakı addımları qarşısında az-çox varlığını qoruya bilmiş partiyalara heç olmasa, buna görə azacıq hörmətlə yanaşa bilməzmi?

Zərdüşt bəyə üçüncü xatırlatma

Zərdüşt Əlizadənin daha bir sevimli mövzusu insanları ideoloji səbatsızlıqda, müdafiə etdiyi dəyərlərə qeyri-səmimi münasibətdə ittiham etməkdir. Belələri yoxdurmu Azərbaycanda? Var. Azdırmı? Əksinə, kifayət qədərdir. Amma əgər bunlardan biri də elə Zərdüşt bəyin özüdürsə, onda necə olsun?
Uzağa getməyəcəm, elə həmin bu hörmətli Əlizadə deyildimi bir yandan solçuluqdan danışıb, o biri yandan da cəmi bir ay əvvələdək Soros Fondunun Azərbaycan nümayəndəliyinin başında əyləşən? Bir solçu hara, Soros Fondu hara? Bunun adı da ideoloji səbatsızlıq deyilsə, bəs nədir?
Mən hələ onu demirəm ki, məhz Zərdüşt Əlizadənin Soros Fondunun Azərbaycan nümayəndəliyinin təpəsində oturduğu zamanlarda bu qurumun şübhəli qrant əməliyyatları apardığına dair iddialar ortaya çıxdı. QHT sektorunda və media cameəsində səfeh-səfeh təşkilatlara mənasız mövzularda ətək-ətək pulların xərcləndiyinə dair əfsanələr dolaşmağa başladı. Bütün bunların Zərdüşt Əlizadənin xəbəri olmadan baş verdiyini söyləmək isə çox gülünc səslənərdi. Hakimiyyətin korrupsioner mahiyyətini ifşa edən bir adamın özünün gözü qarşısında fantastik maxinasiyaların döndüyünə səssiz qalmasının izahı, məntiqi varmı, allah eşqinə, biri durub mənə anlatsın.

Zərdüşt bəyə dördüncü xatırlatma

Zərdüşt Əlizadənin müsahibə və çıxışlarında tez-tez rast gəldiyimiz məqamlardan biri də Azərbaycan xalqının intellektual səviyyəsinin çox aşağı olması, ona görə də ölkədə demokratik dəyişikliklərin baş verməsinin qeyri-mümkünlüyü barədə fikirləridir. Bu fikirlər cəfəng deyil, hətta cəfəngiyyatın belə ötəsindədir. Ən azı özünü solçu hesab edən hörmətli Əlizadə Çe Gevaranın məşhur "Xalq üçün xalqsız!" sözlərini gərək unutmasın. Bu günədək hansı inqilabda bütün xalq iştirakçı olub? Məmə deyəndən pəpə yeyənə küçələrə çıxıb, haqqını tələb edib? Cəmiyyətdə dəyişikliklər adına mübarizəni həmişə bir ovuc mübariz, fədakar insan aparır və qalib gəlir. Bunun bəhrəsini isə bütün xalq görür. Yox, əgər siz "xalqdan mənə nə, o yeyib yatacaq, mən də gecə-gündüz onun haqları uğrunda savaşacammı",- deyirsinizsə, onda icazə verin bir daha sizin səmimi bir solçu, səmimi bir ideya adamı olduğunuza şübhə edim.
İkinci, bəlkə biz bilmirik, dünyanın hansısa ölkəsində insanlar ana bətnindən əlində kitab doğulur, ya da dünyaya elə birbaşa Umberto Eko-zad kimi gəlir? Əgər Zərdüşt Əlizadənin bildiyi elə bir ölkə varsa, lütfən bizə də desin, savadımızı azacıq da olsa, artıraq.

Bir Zərdüşt Əlizadə deyil, min Zərdüşt Əlizadə də gəlsə, heç kim məni günün 16-17 saatını eşşək kimi işləyib, əvəzində aldığı qəpik-quruşu övladının normal təhsili olsun deyə, repetitorlara xərcləyən bir xalqın təhsilə, biliyə nifrət etdiyinə inandıra bilməz. Gedin repetitorluqla məşğul olan müəllimlərlə danışın. Onlar azərbaycanlı valideynlərin uşaqlarının təhsili naminə hansı fədakarlıqlardan keçdiyini sizə söyləyəcəklər. İndi siz təhsil sistemini kökündən məhv edildiyi bir ölkənin insanlarının bu fədakarlığını da qiymətləndirməyəcək qədər "intellektual"sınızsa, mən mübahisə etmək istəmirəm, amma bunu mütləq soruşmalıyam: dünyanın harasında sol dəyərlərdən dəm vuran bir insan xalqa qarşı belə ikrah və aşağılama mövqeyində dayana bilər? Bu, sol fəlsəfəsinin bütün mahiyyətinə, məzmununa təhqir olmazmı?
Üçüncü, xalqın səviyyəsinin demokratik dəyişikliklərə adekvat olmadığını iddia edən hər kəsə, başda Zərdüşt Əlizadə olmaqla, bugünki Gürcüstana baxmalarını məsləhət görürəm. Gürcülərin elementar süfrə mədəniyyətindən nə qədər uzaq olduğunu uşaqlığımdan bəri görə-görə gəlmişəm. Sovet məkanında Gürcüstan ən çox kriminallaşmış, mafiozlaşmış iki-üç ölkədən biri deyildimi? Onun Sovet hakimiyyəti illərində rüşvətin ən çox tüğyan etdiyi ölkələrdən biri olduğunu necə, unutmusunuzmu? Elə isə bəs bu günki Gürcüstan necə yarandı? Bu gün rüşvətə, korrupsiyaya nifrət edən gürcülər göydən düşmədilər ki? Onların ictimai əxlaqını Şevardnadze dövrü ilə müqayisədə 180 dərəcə dəyişdirən bəyəm birdən birə hamısının dəyişib dəhşət intellektual olmalarımı oldu? Əlbəttə, yox. Sadəcə, durna başçısına görə düzlənir. Xalq tarladır - ora nə əkirsən, onu da biçirsən. Şevardnadze rüşvət əkirdi, korrupsiya biçirdi, Saakaşvili isə demokratiya əkdi, ədalət biçir.

Zərdüşt bəyə beşinci xatırlatma

Ќəhayət, Zərdüşt Əlizadə ilə bağlı səbrimi ən çox daşıran məqam. Bir neçə gün əvvəl hörmətli Əlizadə qəzetlərdən birinə müsahibəsində son vaxtlar müxalifətin keçirdiyi etiraz aksiyalarına toxunub və həmin aksiyalara qatılan gənclərə ironiya edib. Onları müxalifət liderlərinə aldanmaqda günahlandırıb.
Əcəb paza keçmişik: insanlar etiraz eləmir, hörmətli Əlizadə onları susmaqda, taleyi ilə barışmaqda, yan gəlib yatmaqda günahlandırır, küçələrə çıxıb haqqını istəyir, bu dəfə də kimlərəsə aldanmaqda, alət olmaqda suçlayır. Belə absurd ola bilərmi? Belə məntiqsizlik ola bilərmi? Susmaq da pisdir, danışmaq da pisdir, yaxşı olan yalnız yazmaq, həm də qrant yazmaqdır, eləmi?
Ən əsası, açıq görünür ki, Zərdüşt Əlizadə artıq hakimiyyəti tənqid etməsini müxalifəti təhqir etməsi üçün vasitəyə çevirməkdədir. Bunun nə qədər zərərli, ziyanlı bir yol olduğu isə ortadadır. Həm də təkcə cəmiyyət üçün yox, elə Zərdüşt bəyin özü üçün də...

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829