Turgenev "Tüstü" romanında yazır: "Yalnız əsl incəsənətin, əsl elmin olmadığı yerdə anadangəlmə istedadlarla fəxr edə bilərlər. Dad anadangəlmə istedadların əlindən". Elə həmin əsərdə Turgenev bəstəkar Qlinkanı ibtidai xalqın dahisi adlandırır. Doğrusu, yuxarıda yazılan sözlər mənə bir çox məsələləri anlamağa yardım etdi.
Yalnız əsl mədəniyyətin, əsl incəsənətin olmadığı ölkədə sözləri bir-birinin ardınca qoşan meyxanadeyən Ağasəlim Çıldağ "Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə" "Şöhrət" ordeni ala bilər. O, "Şöhrət" ordeni ki, başda Əkrəm Əylisli olmaqla bir sürü yazıçı-şair onu almaqdan ötrü min bir oyundan çıxmışdılar. Adamları sındırıb "Şöhrət" ordeni verirdilər. Axırda "Şöhrət" ordenini meyxanadeyən Ağasəlim Çıldağa da verdilər. Bununla da dedilər ki, gedin, bizim gözümüzdə meyxanadeyən Ağasəlim Çıldağla yazıçı Əkrəm Əylislinin heç bir fərqi yoxdur. Əgər müstəqilliyin əleyhinə səs vermiş Zeynəb Xanlarova müstəqil Azərbaycanın "İstiqlal" ordenini alırsa, deməli, hər şey mümkündür.
Yalnız əsl incəsənətin, əsl mədəniyyətin olmadığı yerdə adamlar meyxana yarışmasına bir milyon SMS göndərə bilərlər. Üstəlik, orda yarışan meyxanadeyənlərlə onların yerliləri hələ bir fəxr də edə bilərlər ki, bizim torpaq çox məhsuldardır. Məsələn, tutaq ki, Seymur Qəlbiqırıx kimi söz xiridarını bizim kəndimiz yetişdirmişdir.
Yalnız əsl mədəniyyət, əsl incəsənət olmayan yerdə Zəlimxan Yaqub kimi bir adam özünü şair adlandırar. Hələ üstəlik, "xalq şairi" titulu da alar. Onun haqqında danışanda adamlar deyirlər: "Bir az yaltaqlığı var, amma istedadlı adamdır. Yaman danışır". Deyirsən, ay bacı, ay qardaş, Mayakovski, Bodler, Rembo, Yesenin kimi şairlər yaşayıb və yaratmışlar. Uzağa getməyək, Əli Kərimdən sonra Zəlimxan Yaqub kimi od püskürən bir adama istedadlı şair demək olmaz. Deyirlər olar. Zövqlər dartışılmaz. Hərənin bir zövqü var.
Səviyyəsiz adamın zövqü ola bilməz. Səviyyəni isə intellekt formalaşdırır. Bu haqda az sonra. Yəni deməyim odur ki, bir çox anadangəlmə istedadlıların ölkəmizdə at oynatmasının, özlərini dahi kimi aparmasının səbəbini Turgenev demişdir. O adamlar ibtidai insanların dahiləridir. İbtidai xalq yazmağa əlim gəlmir. Çünki az-çox beş-altı adam var. Bəli, yalnız ibtidai insan Zəlimxan Yaqubu istedadlı şair adlandırar, meyxana yarışmasına SMS göndərər. Meyxana deyənlə fəxr edər. Zövqsüzlük ibtidailikdən qaynaqlanır.
* * *
Bizi güldürmək istəyənlərdən beş-altı cümlə yazmaq istəyirəm. Ta Qorxmaz Əlilidən tutmuş Fərdaya qədər - onlar bizi güldürmək üçün nələr etmirlər. Lakin bir neçə mövzudan kənara çıxa bilmirlər, ya da qocaları lağa qoyurlar. Guya qocanın qulaqları zəifdir, qarşı tərəfin dediyi sözü başqa cür eşidir. Beləcə, şit, səviyyəsiz, ürəkbulandıran dialoq yaranır. Ya da hər hansı bir bölgənin ləhcəsində danışıb adamları güldürmək istəyirlər. Ќəticədə şəxsən mən Şəki və Qarabağ ləhcəsindən iyrənmişəm. Onlar bizi guya güldürmək istəyirdilər, amma nəticədə ləhcələr gözdən düşdü.
Üçüncü mövzu daha çox şitliyə yol açır. Bu da gəlin-qaynana mövzusudur. Rəfael və Coşqun hazırda gəlin-qaynana, ər-arvad mövzusunu şiddətlə istismar etməkdədirlər.
Bizi güldürmək istəyənlər qışqırır, bağırır, arvad paltarı geyinir, ləhcəylə danışır, lakin bizi güldürə bilmirlər. Gülənlər isə ibtidai insanlardır. Heç kimin xətrinə dəyməsin. Yalnız ibtidai insan ləhcəyə gülər. Bizim adamgüldürənlərimiz beş-altı kitabı diqqətlə oxumuş adamı güldürə bilməzlər. Hətta telefonun zəngi belə insanın səviyyəsindən xəbər verir. Bizi güldürmək istəyənlərin ən istedadlılarından biri KVЌ-şik Anar Məmmədxanov idi. Onun güldürmək cəhdlərini hakimiyyət qiymətləndirib Anar Məmmədxanova deputat mandatı verdi.
Sual doğur. Bizi güldürmək istəyənlər bəs nədən bizi güldürə bilmirlər? Çox sadə səbəbi var. Çünki oxumurlar, mütaliə etmirlər. İntellektual səviyyələri sıfır dərəcəsindədir. Onlar elə düşünürlər ki, adamları güldürmək üçün ləhcəylə danışmaq, bağırmaq, arvad paltarları geyinmək kifayətdir. Beləcə, bizi güldürmək istəyənlər özləri gülünc vəziyyətə düşürlər. Hər bir janrın, bir üslubun arxasında intellekt, mütaliə dayanmalıdır. Dayanmayıbsa, apar tulla. İbtidai insanlarımız Fərdaya, Rəfaelə, Coşquna baxıb qəşş edib gülürlər. Səviyyəli insanlarımızın gülmək ehtiyacını isə Cem Yılmaz ödəyir. Çünki Cem Yılmazın bir söhbətində necə gərgin çalışdığı, mütaliə etdiyi hiss olunur.
Ќəhayət, insan başqalarını güldürmək istəyirsə, özü də gülməyi bacarmalıdır. Gülməyi bacarmayan insan başqalarını güldürə bilməz.