
Şamo Arif
Bu qocaman, gözüyaşlı akademikin dərdinə əlac tapan niyə yoxdur? Qırx dörd il də ağlamaq olarmı? Qaynatasının ölümündən qırx dörd il ötəndən sonra da, rəhmətlik Mehdi Hüseynin kürəkəni akademik Teymur Bünyadov hələ də timsah gözyaşları axıdırsa, bütün bunlara necə dözmək olar? / «Reytinq» qəzeti, 8 mart, 2009/.
Dəfələrlə yazdığım bir inamımı yenə təkrarən təkrar etmək məcburiyyətindəyəm. Nə qədər ki, KQB-nin, yəni Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin repressiya illərinə aid arxiv sənədləri xalqa çatdırılmayıb, nə qədər ki, xalq öz içindən təmizlənməyib, bir o qədər də quyruqlu şaiyələr bir-birini əvəz edəcək, şərəfsizliklər baş alıb gedəcək…
Mən heç də, heç kəsi, heç nədə günahlandırmaq, qınamaq fikrində deyiləm. Əsla! Ancaq onu demək istəyirəm ki, əgər KQB-nin arxivində sıxlaşıb təngiyən, toz basmış «delo»ların səhifələri bir-bir «səhər» üzü görsəydi, 1937 gecəsini yaradanların adları hamıya bəlli edilsəydi, xalq da bütün şübhələrdən çıxıb özünün şərəfli, halal övladlarına sahib çıxardı, bir daha «yiyəsiz» qalan məzarlar kimi «akademiklərin» daş-qalağına tutulmazdı. Nə qədər ki, heykəlləri ucaldılan və ucaldılmayanların KQB arxivləri açılmayıb, nə qədər ki, Hüseyn Cavid, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Süleyman Rəhimov kimi şəxsiyyətlərin faciələrində əlləri olanların adları üstüörtülü qalacaq, bir o qədər də fəxri xiyabanda uyuyanların da, məzarları bilinməyənlərin də üzərində bir qaranlaq dayanacaq – 37 gecəsinin ağır, qatı qaranlığı…
Bəli, hələ «səhər» açılmayıb. 37-nin faciəsini törədənlərin bugünkü törəmələri hələ də meydanda at oynadırsa, «gündüzlər» olmayacaq, şəhidlər verib azadlığa çıxdığımız Azərbaycanda gecələrin ömrü «milli qeyrətsizlik» xəstəliyi kimi daha dəhşətli, daha məkrli, daha iyrəncliklər şəraitində qəbir dünyasınacan milləti izləyəcək, didib-parçalayacaq…
Bütün bunları bir daha xatırlatmaqda məqsədim budur ki, heç bir «akademikin» nə mənəvi, nə də hər hansı bir haqqı var ki, Azərbaycan Milli Akademiyasının çox görkəmli, dünya şöhrətli ziyalıların üzərinə, maarif, mədəniyyət, elm ocağına ləkə gətirən şaiyə, müsahibələriylə kölgə salsın…
Mən heç də Teymur Bünyadova cavab vermək niyyətində deyiləm, nə də akademikin şər, böhtanıyla dolu müsahibəsinə cavab verəcək şəxslərin axtarışındayam. Ona görə ki, mən Süleyman Kişinin oğluyam!.. Kişilik yükü də ağır bir yükdür ki, hər kəs onu nə qaldıra bilər, nə də apara bilər… Mən yalnız tarixi həqiqətləri açmaqla müdriklərimizi də bu inkaredilməz həqiqətlərin üzərində məntiqlə, analitik təhlillə düşünmələrini xahiş edərdim…
İlk olaraq onu qeyd edim ki, akademik ya qəsdən, ya hadisələrdən bixəbər olduğundan, ya da yaddaşının korlaşdığından verdiyi müsahibəyə də bir çaşqınlıq gətirib, deyir:
Birinci, «Mehdi Hüseynin qəflətən ölümünə Azərbaycan Yazıcılar Birliyinin o vaxtkı rəhbərliyinin ona qarşı davranışları səbəb olub».
Çox-çox təəssüflər olsun ki, akademik, yaddaşının zəifliyi nəticəsində unudur ki, 1958-ci ildən 1965-ci ilə kimi, dünyasını dəyişən günə qədər Mehdi Hüseyn Yazıçılar İttifaqının rəhbəri – birinci katibi vəzifəsində çalışıb. Yenə də akademikin yaddaşının zəifliyinin nəticəsidir ki, o dövrdə Yazıçılar Birliyi yox, Yazıçılar İttifaqı adlanırdı. Hər necə adlandırılsa da, akademikin qənaətincə Mehdi müəllim özü-özünə qarşı çıxıbmı?.. Akademikin qəribə düşüncə tərzinə və məntiqinə heyrət etməmək olmur…
İkinci, akademik söyləyir ki, Mehdi Hüseynin millətçiliklə bağlı hərəkətləri Mərkəzi Komitəni qıcıqlandırsa da, «amma yazıçı repressiyalardan yan keçməyi bacara bilib».
Nə yaxşı ki, Mehdi müəllim bu repressiyalardan qaça bilib! Şükürlər olsun ki, bu faciələrdən yan keçməyi bacarıb… Amma Süleyman Rəhimov bu repressiyalardan qaça bilməyib, millətçi, təhlükəli, xalq düşməni kimi 37-nin ölüm qoxuyan zirzəmisində dəhşətli işgəncələrə, təhqirlərə məruz qalsa da heç kəsi satmadan, heç kəsə şər, böhtan atmadan iradəsi, Kişi bütövlüyülə ölüm kamerasından şərəflə, hər kəsə qismət olmayan alnı açıqlıqla Sovet İmperiyasının caynağından qurtara bilib…
Üçüncü, akademik Teymur Bünyadovun yaddaşının korlaşması nəticəsində Süleyman Rəhimovun və Süleyman Rüstəmin tərəfdarı olan xalq şairi, mərdanə insanın – Məmməd Rahimin adının yadında qalmadığı da etiraf edilir. Və Yazıçılar İttifaqı İdarə Heyətinin iclası zamanı Moskvaya, qurultaya gedəcək nümayəndələrin siyahısının üstündə mübahisə yaranır ki, bu mübahisəyə dözməyən Mehdi Hüseyn infarkt keçirib dünyasını dəyişir və bu təbii ölümün «səbəbkarları» – Süleyman Rəhimov, Süleyman Rüstəm, Məmməd Rahim qorxularından yüzmetrlik sprinter qaçışına çıxırlar, Nəbi Xəzri də qaça-qaça onlara çatıb hətta Süleyman Rəhimova bir yumruq da ilişdirir…
Görəsən, görkəmli akademik bütün bunları söyləyəndə onu gülmək tutmadımı? Gülə-gülə olsa da, özünün özünə yazığı gəlmədimi?
Yaddaşı, hafizəsi nə qədər korlaşsa da, akademikin çıxardığı nəticəyə,gəldiyi məntiqə heyrət etməmək olmur… Akademik Teymur Bünyadov qaynatasının ölümündə Süleyman Rəhimovu, Süleyman Rüstəmi və Məmməd Rahimi təqsirkar bilirsə, görəsən, idarə və nazirliklərdə ardı-arası kəsilməyən kəskin mübahisələr zamanı ölənlər olmursa buna necə baxır, təəccüb etmirmi? Və rahat evlərində, küçələrdə, toy məclislərində, şıdırğı oynadıqları yerdəcə ölənlərin səbəbkarları, akademikin fikrincə kimlər olmalıdır?.. Belə hallar baş verəndə təkcə bir təqsirkar var, onun adı… namərd ürək xəstəliyi və trombdur! Doğrudanmı akademikin hafizəsi o qədər korşalıb ki, Mehdi Hüseynin on illər ağır ürək xəstəliyindən əziyyət çəkdiyini unudub? Doğrudanmı Mehdi müəllimin 1951-ci ildə infarkt keçirdiyindən də xəbərsizdir? Doğrudanmı qaynatasının ölümü haqqında dərc edilən rəsmi tibbi rəy də yaddaşından tamamilə silinib? Bu «yaddaş» deyilən nə yaman namərdlik edərmiş…
Dördüncü, akademikin söylədiyi kimi Bakı küçələriylə «sprinter» qaçışına çıxan bu qocaman yazarlardan nədənsə, ancaq, Süleyman Kişiyə «yumruq ilişdirilməsi» hadisəsinə gəlincə, hamı bilir ki, Süleyman Rəhimov boylu-buxunlu, cüssəli, çox güclü-qüvvətli bir kişi olub. Onun elə bir zəhmli aslan baxışı bəs eləyərdi ki, ona tərəf gələni yerindəcə mıxlasın. Nəinki yerindəcə mıxlayardı, ona yumruq göstərənin belini bir göz qırpımında qırıb ikiyə bölərdi!.. Şükürlər olsun ki, Süleyman Kişini izləyən Teymur Bünyadov olmayıb. Yoxsa, Süleyman Kişinin ayaqları altında dolaşan akademikin də XX əsr ədəbiyyat tarixinə daha dəhşətli - dördünqcü «faciə» kimi düşməsinə şübhə etməzdim…
Beşinci, Mehdi Hüseynin kürəkəni – akademik Teymur Bünyadov bu qənatdədir ki, XX əsr ədəbiyyat tarixində üç dəhşətli faciə – Hüseyn Cavid, Mikayıl Müşfiq və Mehdi Hüseyn faciəsi baş verib…
Yenə də akademikin «unutqanlığına» heyrət etməmək olmur. Çoxları kimi zəmanəmizin dahi dramaturqu Cəfər Cabbarlı faciəsinin də dəhşətli faciə kimi qeyd edilməməsi müəmmalar doğurmurmu? Cəfər Cabbarlının amansız tənqidçi «gülləsinə» tuş gəlməsinin və ədəbiyyat «cəlladlarının» adlarının üzərindən sükutla keçilməsi görkəmli akademik Teymur Bünyadovu narahat etmirmi?.. Hətta, çox cəsarətli saydığımız, sözün əsl mənasında görkəmli ziyalı, faşizmə qarşı misilsiz qəhrəmanlıqlar göstərən Ziya Bünyadovun da «Qırmızı terror» toplusunda Hüseyn Cavid, Mikayıl Müşfiq və Süleyman Rəhimovun istintaq işlərinin dərc edilməməsi, işıqlandırılmaması donosçuların, satqınların ifşasına deyil, adlarının üstüörtülü qalmasına xidmət etmirmi?
Görkəmli akademik Teymur Bünyadov bu qırx dörd ildə timsah göz yaşları axıtmaqdansa, Mehdi Hüseynin ölümünün səbəblərini Mehdi müəllimin qızı, öz həyat yoldaşı Zivər xanıma həvalə etməkdənsə, əlinə qələm alıb əsl alim, tədqiqatçı, əsl akademik kimi dəlil-sübutlarla, etiraflarla, vicdanla əsl həqiqətləri ictimaiyyətə çatdırmağa cürəti çatsaydı, məgər dünya dağılardımı?! Bu Kişiliyi, bu Böyüklüyü, bu Mərdanəliyi, bu Etirafı xalq şairi Nəbi Xəzri kimi etsəydi, məncə akademik o dünyasında da (Allah ömrünü çox-çox uzundan da uzun eləsin!) bir əbədi rahatlıq tapmış olardı…
Heç də yaddan çıxarmaq olmaz ki, o dəhşətli, məkrli hadisələrin önündə olan nəbi Xəzri otuz beş il sonra əlinə qələm alıb «Bağışlayın, dədə Süleyman» deyə-deyə etiraflarını belə yazdı: «Bu gün Mehdi Hüseyn də, Siz də haqq dünyasındasınız. Həyat yollarında Siz Mehdi Hüseynlə qoşa addımladınız, mübarizələrdən keçdiniz.
Allah şeytana – İmperiya şeytanına lənət eləsin! Aranıza inciklik küləyi əsdirdi.
Mən elə bilirəm ki, haqq dünyasında Sizin ulu ruhlarınız görüşüb barışıblar. Çünki Siz Azərbaycan xalqının, Azərbaycan tarixinin qənimət övladlarısınız. Ruhların barışıq ziyası isə, məncə, hər iki dünyanı işıqlandırır, nurlandırır, nəsillərin də mükafat payı olur».
İmperiya şeytanına lənətlər yağdırsaq da, o faciəli günlərin üstündən qırx dörd il ötsə də, görəsən hansı zərurətdən yarandı ki, akademik Teymur Bünyadov yenidən şərə, böhtana əl atır? Doğrudanmı İmperiyanın şeytan barmağı hələ də murdar işini görməkdədir?.. Hər necə anlaşılmazlıqlar baş versə də, çox istərdim ki, akademik Teymur Bünyadov coşub-daşan kin-küdurətini bir kənara qoyub inandığı dostlarıyla, müdrik insanlarla baş-başa verib o faciəli dövrün adi görsənən hadisələrinə təmkinlə qiymət verib kimin kim olduğuna aydınlıq gətirsinlər…
Yenə dönə-dönə deməyə məcburam, nə qədər ki, KQB-nin arxivləri açılmayıb (Süleyman Kişinin ən böyük arzusu arxivlərin açılması olub), millət halalını haramdan ayırd edəmməyib, haramzadəliklər baş alıb gedəcək. Yenə bu fikrimi yazmağa məcburam: KQB-nin repressiya illərinin arxiv sənədlərini açıqlayan hər bir şəxsiyyət Azərbaycan torpaqlarını işğaldan qurtarmaq kimi bir fədakarlaq etmiş olaprdı ki, bu mərdanəlik də tarixin yaddaşında misli görünməmiş qəhrəmanlıq kimi əbədiyyat, ölməzlik qazanardı…
Xatırladım ki, 50-ci illərdə işsiz qalan Süleyman Rəhimov Stalinin qəfil ölümündən və respublikada rəhbərlik dəyişəndən sonra üçüncü dəfə – 1954-cü ildə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri vəzifəsinə seçildi və müavin – katib vəzifəsinə Mərkəzi Komitənin təqdim etdiyi şəxsin əvəzinə Süleyman Kişinin qətiyyətli təkidilə çox cəsarətli, vicdanlı sandığı Mehdi Hüseyn təsdiq edildi, əl-ələ, çiyin-çiyinə verib Azərbaycan ədəbiyyatı, Azərbaycan xalqı naminə işlədilər. Bu ərəfədə qılınc kimi kəsərli, böyük vicdan sahibi Mehdi Hüseynin Süleyman Rəhimov yaradıcılığını vəsf edən məqalələri dərc edilir. Həmin bu illərdə repressiya qurbanlarına, o cümlədən Moskvaya xidmət edən satqınlara, böhtançılara haqq-nahaq bəraət verildiyi bir vaxtda - 1955-ci ildə Süleyman Rəhimovun repressiya illərində – 37-də açılan istintaq işinin SSRİ Baş Hərbi Prokurorluğuna göndərilməsi tələb edilir.
Müdrik Süleyman Kişi ətrafında daha murdar, daha məkrli oyunların cərəyan etdiyini görəndə, yenə işsiz qalmağı, şərəfli ömür sürməyi hər bir vəzifə kürsüsündən üstün tutur. O dövrün, bugünlərimizin özündə də çox-çox az tapılan bir Kişi kimi Azərbaycan Yazıçılar İttifaqının plenumunu təşkil edib (20 yanvar 1958) öz xahişi – öz ərizəsiylə dörd il fəaliyyət göstərdiyi vəzifəsindən azad edilir. Beləliklə, «millətçi, təhlükəli» bir yazıçı, sağlamlığına qibtə ediləsi 58 yaşlı Süleyman Rəhimov vəzifələrdən həmişəlik uzaqlaşdırılır. Əlbəttə, vəzifə heç kəsin böyuna həmişəlik biçilməyib. Ancaq təəccüb doğuran o oldu ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təklifilə belə ağır, gərginliklərlə bağlı vəzifəyə 1951-ci ildən çox ağır ürək xəstəliyinə düçar olan Mehdi Hüseyn seçildi. Yenə də təəccüb doğuran o oldu ki, Mehdi müəllim Süleyman rəhimovun vaxtından əvvəl istefasının səbəblərini bəlkə hamıdan yaxşı bilsə də, dostu Süleymanı vicdanla, cəsarətlə müdafiəyə qalxmaq əvəzinə, bu vəzifəyə məmnunluqla getməsi hər bir kəsi düşündürməyə bilmir… Məgər yazıçılar, şairlər arasında xəstə olmayan, sağlam bir yaradıcı yazıçı yoxdumu?! Vardı – Mirzə İbrahimov, Süleyman Rüstəm, Rəsul Rza,Mir Cəlal,Çəfər Xəndan,Məmməd Arif Dadaşzadə, İsmayıl Şıxlı, Əli Vəliyev, Bayram Bayramov, İmran Qasımov, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Əbülhəsən Ələkbərzadə, Qasım Qasımzadə…
Ancaq Mehdi Hüseyn özü də bilmədən çox-çox mürəkkəb, məkrli oyuna salınır və vəzifə başında olarkən «1962-ci il 13 noyabr tarixli məktubla Azərbaycan KP MK-nin birinci katibi V.Y.Axundova müraciət edib bildirir ki, İttifaqda gərgin vəziyyət yarandığına görə o, İttifaqın işinə daha məsuliyyət daşıya bilməz və azad edilməsini, səhhətinin pis olduğunun da nəzərə alınmasını xahiş edib əlavə edir ki, həkimlər onu tez-tez xəbərdar edirlər ki, ürəyinin fəaliyyəti zəifləyib, uzun müddətli müalicəyə ehtiyacı var».
Ancaq, necə deyərlər, sən saydığını say, gör fələk nə sayır… Təəssüflər olsun ki, çox ciddi bir insan kimi tanınan Mehdi Hüseyn salındığı məkrli oyundan canını qurtara bilmir və üç ay keçməmiş sözünü geri götürüb həmin ünvana göndərdiyi məktubda yazır: «Yazıçılar İttifaqının birinci katibi vəzifəsindən azad olunmağım barədə xahişi geri götürürəm. Siz mənim xəstəliyimi bilirsiniz. Ancaq ədəbiyyatın mənafeyi mənim üçün hər şeydən üstündür. Və mən ədəbi prosesdə ciddi nöqsanların aradan qaldırılmasından ötrü hər cür lazımi praktiki tədbirlər görmək üçün özümdə qüvvə və kommunist cəsarəti tapacağam…»
Mehdi müəllim ikinci məktubunda da «siz mənim xəstəliyimi bilirsiniz» deyə xatırlatsa da «ədəbi prosesdə ciddi nöqsanların aradan qaldırılmasından ötrü hər cür praktiki tədbirlər görmək üçün özümdə qüvvə və kommunist cəsarəti tapacağam» yazıb söz verməsinin – öhdəlik götürməsinin açıqlanmasına ehtiyac varmı?
Allah şeytana lənət eləsin!
Beləliklə, ailəlikcə yaxın, iki dost arasına sərinlik, soyuqluq gətirilir. Tənqidçi Mehdi Hüseynin qələmi birinci katib seçilənə qədər Süleyman Rəhimov yaradıcılığını həmişə yüksək qiymətləndirildiyi halda, birinci katib kürsüsünə qalxandan sonra tənqidimizin vicdanı hesab edilən Mehdi Hüseynin amansız qələmi «kommunist cəsarətilə» Süleyman yaradıcılığının məhvinə yönəlir və gözləmədiyi bu üzüdönüklükdən sarsılan Süleyman müəllim daha Yazıçılar ittifaqı rəyasət Heyətinin heç bir iclasında iştirk etmir…
Yenə də Allah şeytana lənət eləsin! O dövrdə Azərbaycan xalqının qanını içən Andronikin xarici ölkələrdə heykəlinin qoyulmasına etiraz səsləri eşidilirdi. Xalq yazıçısı Əli Vəliyev də dostu Süleymanla Yazıçılar İttifaqına gedib rəyasət heyətinin iclasında bu məsələnin qaldırılmasını dönə-dönə təkid edir. İllərlə ayağı Yazıçılar İttifaqına dəyməyən insan bu mühüm məsələdə iştirak etməsinə çox çətinliklə razılıq verir.
10 mart 1965-ci il. İclas zamanı Mehdi Hüseynin əvvəlcədən hazırladıgı,Moskvada keçiriləcək qurultayda iştirak edən nümayəndələrinin əksəriyyətinin onun tərəfdarı və yerliləri olduğundan Mehdi müəllimlə Məmməd Rahim, Süleyman Rüstəm, Süleyman Rəhimov arasında müəyyən narazılıqlar yaransa da, başqa məsələlərin müzakirəsinə adlanılır, bir müddətdən sonra Mehdi müəllimin halı qəfil ağırlaşır və dünyasını dəyişir…
Bəli, İmperiyanın uzaqgörənliklə hazırlayıb özümüzünkülərin əli ilə aparılan bu oyunun «bəhrə» verməsi nəticəsində görkəmli Azərbaycan ziyalıları – Məmməd Rahim, Süleyman Rüstəm və xüsusi olaraq, hələ 1924-cü ildən «millətçi, təhlükəli» bir şəxs kimi adı daima Siyasi Şöbənin qara siyahısında olan Süleyman Rəhimov hədəf seçildi.
Bu fitnəkarlığın alovlanmasında Moskvanın sərəncamında olanların canfəşanlığıyla birlikdə nəhəng bir mexanizm hərəkətə gətirildi və bu iyrənc oyun yüksək dövlət səviyyəsində davam etdirildi:
Birinci: Həmişə olduğu kimi yuksək vəzifəli şəxslər rəhmətə gedəndə başsağlığı – nekroloqla yanaşı xəstəlik tarixçəsi və ölümün səbəbləri haqqında tibbi rəy teleradio, mətbuat vasitəsilə xalqa çatdırılardı. Ancaq bu dəfə belə olmadı, ölümün səbəbləri xalqdan gizlədildi. Niyə gizlədildi?
İkinci: Başsağlığında illərlə çiyin-çiyinə addımlayan görkəmli yazıçılarla yanaşı Süleyman Rəhimovun, Süleyman Rüstəmin, Məmməd Rahimin də adları yazılmalıydı, ancaq yazılmadı. Nə səbəbdən yazılmadı?
Uçüncü: Qana salınan bu yazıçıların Respublika Prokuroru Qambay Məmmədova yazdıqları təkidli məktublarından sonra Mehdi Hüseynin rəhmətə getdiyinin yalnız dördüncü günü xəstəlik tarixçəsi və ölümün səbəbləri rayonlarda yayılmayan «Bakı» və «Baku» qəzetində dərc edildi:
«Mehdi Hüseynin ölümü haqqında tibbi rəy.
Mehdi Əli oğlu Hüseynov (Mehdi Hüseyn) uzun müddət stenokardiya tutmalarıyla keçən aortanın və ürək damarlarının aterosklerozu ilə xəstə idi. 1951-ci ildə mikroinfarkt keçirmişdir. Ölümün səbəbi ürəyin taç damarından birinin trombla tutulması olmuşdur».
Dördüncü: Bu həkim rəyi «xəlvəti» qəzetdən başqa, gec də olsa, respublika qəzetləri və teleradio vasitəsilə elan edilməliydi, təəssüflər ki, hər şey susduruldu.
Beşinci: Şərəf və ləyaqətləri təhqir olunan bu insanların Respublika prokuroru Qanbay Məmmədova yazdıqları məktub da cavabsız qaldı. Niyə?
Altıncı: Bakıya gələn SSRİ Baş Prokuroru Rudenko ilə müəyyənləşdirilmiş görüşün baş tutmamasına (Qanbay Məmmədovun etirafına görə) sədlər çəkildi.
Yeddinci: Bir deputat kimi Süleyman Rəhimovun Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinə ünvanladığı 15 mart 1965-ci il tarixli ərizəsi də cavabsız qaldı. Niyə?..
Mehdi müəllimin ölümündən üç ay keçirdi. Güman etmək olardı ki, qızışan beyinlər soyuyub, hər şey öz təbii axarına düşüb. Ancaq sən saydığını say, gör fələk nə sayır?
Səkkizinci: Mehdi Hüseynin ölümünün səbəbi mötəbər həkim rəyi ilə trombla əlaqələndirilsə də, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində müzakirə təşkil etməklə bu yazıçılara divan tutuldu və Süleyman Rəhimov, Məmməd Rahim Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvlüyündən xaric edildilər.
Doqquzuncu: Bu divantutma lazım idisə, Mərkəzi Komitədə deyil, Yazıçılar İttifaqında təşkil edilməliydi ki, edilmədi. Niyə?
Onuncu: Bu divantutma qərarını 1965-ci il 5 iyununda Respublika qəzetləri dərc etməklə bayram etdilər.
«Niyələr» çox-çoxdur, bunlara cavab verilməlidir, nə qədər gec olsa da. Bir təsəlli var ki, Dədə Süleymanın arxivində saxlanılan bütün yazılar bir gün işıq üzü görəcək və KQB-nin arxiv sənədlərilə birlikdə xalqın mühakiməsinə verilməklə «oyun, faciə» iştirakçılarının adları hər kəsə bəlli olacaqdır…
Bu tarixi 5 iyun divantutma qərarı Süleyman Kişinin ailəsini də sarsıtmaya bilməzdi. Belə zəhərli havalar daha da qatılaşdırıldı. Süleyman Kişi qana salındığı faciələr burulğanından baş açmamış, onu daha dəhşətli, daha amansız, bütün varlığını tar-mar edən, dağ üstündən dağ çəkən oğul dağı yaxaladı. «Tarixi qərar»dan cəmisi üç həftə sonra nəfəsi sandığı, zəlzələlərdən xəbər verən, dünya şöhrətli, otuz dörd yaşlı balasını itirən Süleyman Kişinin «Mənim vəsiyyətim» yazısını ictimaiyyətin nəzərinə çatdırmaq istəyirəm:
«Mənim vəsiyyətim».
Mən öləndə, məni ancaq öz evimdən götürün. Mənim cənazəmi heç bir yanda qoymayın, heç bir fəxri, ya qeyri-fəxri keşikçi düzəltməyin. Məni heç bir gül-çiçəklə, musiqi sədalarıyla yola salmayın! Mənim ölümüm haqqında heç bir qəzetdə, heç bir bildiriş verməyin! Mənim üstümdə dostlarım sükutla dayansınlar. Mənim üstümdə heç bir matəm mərasimi düzəltməyin!
Hər harada öldüm, məni heç yanda yox, ancaq və ancaq mənim bəlama düşən Şamilin – Şamonun şimal tərəfində çəpinə, üzü Şamilə tərəf dəfn edin. Mənim qibləgahım oğlum olsun! Mənim səcdəgahım oğlum olsun! Mənim fəxri «xiyabanım» oğlumun yanı olsun! Qoy qəbirstanlığın bir tərəfində «Oğul-ata» məqbərəsi dayansın. Bu özü də bizim faciəmizdən xəbər verər, çox təqib-təhqirləri açıb aləmə, xalqımıza deyər…
Mənim qəbrimin üstündə heç bir mərmərdən, bürüncdən, tuncdan nişangah qoymayın!
Mənim qəbrimin üstünə yalnız bütöv bir sal daş – sinə daşı qoyun. Burada belə yazılsın:
Süleyman Hüseyn oğlu Rəhimov,
təvəllüdü – 22 mart 1900-cü il,
vəfatı –
İzah edirəm: mənim qəbrim başdaşı da olmadan sadə Bakı daşından olmalıdır. Baş tərəfi ayaq tərəfinə görə bir qədər qalxıq olmalıdır.
Mən əbədi kədər, yas içindəyəm. Şamilin faciəli, vaxtsız ölümü, gənc alimin dilək və arzularının gözlərində necə söndürülməsi mənə «Ölümünlə də etiraz et!» deyibdir.
Mən nə vaxtdan başlamış necə təqib və sonra da necə təhqir olunmağım haqqında kifayət dərəcədə yazmışam, təqdim etmişəm. Qalan yazılarım da əl altındadır. Əgər mən haqlı olaramsa, mənə bəraət verərlər, mənim mənəvi haqqımı özümə qaytararlar, haqsız olaramsa, mənəvi cəzamı çəkməyə də, bütün əsərlərimin tonqala atılmasına da razıyam!..
Oğlum, biz sənə ömrümüz uzunu borcluyuq. Gərək biz, xüsusən mən, içimə dolan zəhərli havalardan səni möhkəmcə qoruyaydım, hətta səni götürüb başqa bir respublikaya aparaydım, biz buradan bir neçə illiyə də olsa gedəydik. Oğlum, biz xalqımızı, millətimizi istəyən, sevən adamlarıq! Lakin biz zəmanəyə uyğunlaşa bilməmişik, kəndirbazlıq edə bilməmişik, buna görə də namərdlər fürsət gözləyiblər, bizə əl qaldırmaq üçün girəvə tapıblar.
Düzü, oğlum, səni kəndimizə, mən doğulduğum ana torpağımıza aparmaq istəyirdim. Lakin Bakı səni buraxmadı, doğulduğun Bakı torpağı səni öz ağuşunda saxladı.
Mən dəfn zamanı qəbirstanlıqda dedim ki, ay camaat, mən çox incik, dəyintili idim, oğlumu götürüb buradan aparmaq, sizdən qaçırmaq istəyirdim ucqara. Lakin indi gördüm ki, nə boyda xalq izdihamı təlatümə gəldi, bizim ağır itgimizə, misilsiz kədərimizə şərik oldu.
Mən nə edə bilərəm?
Mən öz yaralı ata ürəyimi çıxardıb sizin tozlu ayaqlarınızın altına ata bilərəm! dedim».
Belə Kişiydi oğuldağlı, yaralı ürəyini də sinəsindən qopardıb millətinin tozlu ayaqları altına atan Dədə Süleyman.
Vəsiyyətinə görə Süleyman Kişi oğlunun yanında dəfn olunmalıydı, təəssüflər ki, buna əməl edə bilmədik… İctimai-siyasi ab-hava gərgin olduğundan iqtidar onun ümumi qəbirstanlıqda, oğlunun yanında olsa da, dəfninin xalq tərəfindən düzgün başa düşülməməsindən ehtiyat edirdi. Hadisələri daha da dərinləşdirməmək naminə üçgünlük təkidlərimizə son qoyduq – nəhəng gül-çiçək dağı Fəxri xiyabanda yarandı… Ancaq özümüzü hələ də bağışlaya bilmirik, vəsiyyətin yerinə yetirilməməsində hamılıqla çox böyük qəbahətə yol vermiş olduq. Bəlkə də Allah yanında, Dədə Süleyman ruhu qarşısında əbədi olaraq gözükölgəli qaldıq…
Nə etməli?
Yenə də milləti təlatümlü günlərə salan şeytanlara lənətlər yağdırmalı oluram…Yenə də Nəbi Xəzrinin, xalq şairinin böyük səmimiyyətlə qələmə aldığı etirafı – «Dağ vüqarı» xatiratı təsəllim olur. O yazır:
«Allah şeytana – İmperiya şeytanına lənət eləsin!...
Dədə Süleyman, mənim bu qeydlərimi, istəsəniz, böyük sənətkara, böyük şəxsiyyətə olan solmaz məhəbbətimin etirafı kimi qəbul edin! İstəsəniz, ani olaraq fitvalara uyan, şəxsən Sizə qarşı haqsızlığa yol verən bir övladın günah və qəbahətinin etirafı kimi qəbul edin. İstəsəniz, 100 illik şərəfli ömrünüzün qarşısında məbədə səcdəyə gələn bir şəxsin etirafı kimi qəbul edin…
Etiraf kişilik əlamətidir. Hamımızın hardasa, nə vaxtsa səhvimizmi, qəbahətimizmi olur… Bağışlayın, Dədə Süleyman, bağışlayın bizi!... Bağışlayın Sizə qarşı olan haqsız dünyamızı…
Bağışlayın…
Dədə Süleyman!
Sizmi əsrin yaşıdısınız? Əsrmi Sizin yaşıdınızdır?
Siz əsrə sadiq oldunuz – əsr Sizin möhtəşəm kitablarınızda yaşayır.
Əsr Sizə sadiq oldumu? Sadiq olsaydı Sizin ömür yollarınız bu qədər keşməkeşli, bu qədər ağrılı-acılı olmazdı, Sizi 37-nin bəlkə də ömrünüzün son günlərinə kimi davam edən sınaqlarına çəkməzdi…
Bağışlayın, Dədə Süleyman, əsrimizi, dünyamızı bağışlayın…»
Nəbi Xəzri xatiratından gətirdiyim bu sətirlər heç də təsadüfi deyil. Bu günlərimizin özündə də məkrli oyunlar, qısqanclıqlar aparıldığından ürək yanğısıyla yazılan Nəbi Xəzri xəbərdarlığına – bu etirafa müraciət etməli oldum. Düşünürəm, on illər ötəndən sonra daha kimlər özündə kişilik tapıb Süleyman Rəhimova qarşı yönəldilən məkrli oyunları etiraf edəcəklər?
İstər-istəməz Heydər Əliyev dühasının böyük ürəklə dedikləri köməyim olur. «Xatirimdədir… İlk dəfə Süleyman Rəhimovun yüksək mükafata layiq görülməsi barədə təklif verdim və ona da nail olduq. Süleyman Rəhimova Sosialist Əməyi Qəhrəmanı adı verildi.
Bilirsiniz ki, insanlar arasında paxıllıq da, rəqabət də var. Bəziləri dedilər ki, niyə Süleyman Rəhimova belə yüksək ad verdilər?..
Mən Süleyman Rəhimov haqqında hələ o vaxt düşünürdüm ki,o, ədəbiyyatımızda həqiqətən özünəməxsus yer tutub.
Ümumiyyətlə, ədəbiyyatımızda, mədəniyyətimizdə çox şəxsiyyətlər olub. Amma elə şəxsiyyətlər olur ki, onlar özünəməxsus yer tutur, təkrarolunmazdılar, onları heç kəs əvəz edə bilmir…
Bəli, xalqımız elə xalqdır ki, tarixin hər bir mərhələsində böyük, dahi insanlar yetişdirir ki, biz bu dahilərlə fəxr etməliyik. Biz kasıb xalq deyilik. Yəni biz intellekt cəhətdən kasıb deyilik. Bəli, xalqımızın zəkası çox zəngindir».
Böyük ürəklə, fəxarətlə deyilən bu sözlərlə yanaşı incəliklə eyham vurulan «paxıllıq, rəqabət» kəlmələri məni düşündürür. Nəinki düşündürür, üşüdür, sarsıdır… Rəqabət paxıllığa,paxıllıq da şər, böhtan, şaiyəyə çevrilirsə, yenə də yenə də düşünməli oluram, baş sındırıram. Birdən də ayılıram. Bəlkə Süleyman Kişi vəsiyyətində yazdığı kimi «biz xalqımızı, millətimizi istəyən, sevən adamlarıq! Lakin biz zəmanəyə uyğunlaşa bilməmişik, kəndirbazlıq edə bilməmişik, buna görə də namərdlər fürsət tapıb» dünyanı qatıb-qarışdırırlar…
Doğrudanmı dünya… kəndirbazlıq üstündə qurulub?!
Sualım Tanrıyadır…