Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SƏRBƏST : Müstəqil alternativ ekspertizalar vacibdirmi?

  Sayta qoyulub: 15:56 25.06.2010 (463 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Müstəqil alternativ ekspertizalar vacibdirmi?



İlqar Altay, İctimai Tədqiqatlar Mərkəzinin Direktoru, ekspert-kriminalist, hüquq elmləri namizədi

Son dövrlər bir sıra hüquq müdafiəçiləri və müstəqil mütəxəssislər tərəfindən ölkədə tərəfsiz alternativ ekspertizanın təşkilinin vacibliyi barədə fikirlər səslənməkdədir. Bu istiqamətdə müxtəlif ideyalar ortaya atılır, fikirlər irəli sürülür, xarici ölkələrdə müstəqil ekspertizalar barədəki təcrübələr müqayisə kimi nümunə göstərilir.

Cəmiyyətdə yaranmış bu ehtiyac xüsusilə ekspertizanın o sahəsinə yönəlir ki, orada birbaşa insan haqlarının pozulmasına aid faktların araşdırılması vacibliyi yaranır. Bu sırada ilk növbədə işgəncələr, digər xarakterli bədən xəsarətləri, narkomaniya və narkotiklər barədə ekspertizalar dayanır nəinki, tikinti, iqtisadi və s. kimi sahələrdə keçirilən ekspertizalar. Burada da əsas narahatçılıq, işgəncə faktları və onların dövlət strukturları nəzdində fəaliyyət göstərən ekspertizalar tərəfindən açılıb ortaya qoyula bilməsinə olan şübhələrlə bağlıdır.

Hüquq-mühafizə sistemində baş verən işgəncələr kimi insan haqları pozuntuları hazırda bütün sivil demokratik dünyanın diqqətində prioritet təşkil edir. Burada əsas narahatçılıq doğuran səbəb işgəncələr nəticəsində alınan xəsarətlərdən daha çox, bu qəddar vasitələrdən istifadə etməklə zorla ifadələrin alınması və bunun də nəticəsi olaraq, istintaq araşdırmaları və məhkəmə mühakiməsi proseslərinin istənilən qeyri-obyektiv istiqamətə yönləndirilməsidir. Bu mənada BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq və tanınmış hüquq müdafiə təşkilatlarında işgəncələr əleyhinə xüsusi strukturlar fəaliyyət göstərir.

İşgəncə faktlarının, işgəncə xarakterli xəsarətlərin təyin olunub, rəsmi qaydada məhkəmə və vətəndaş cəmiyyəti qarşısına çıxarılmasını təmin edən yeganə ixtisaslı sahə məhkəmə-tibb ekspertizasıdır. Bu sahə Azərbaycanda Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi adlı idarə məxsusdur. Qeyri-obyektiv ekspert rəyi bədən xəsarətlərinin,orqanizmə yetirilmiş xarici və daxili travmaların, işgəncə faktlarının gizlədilməsində olduğu kimi, olmayan xəsarətlərin saxta fakt kimi ortaya qoyulmasında da rol oynaya bilir və bu da bəzən hüquq-mühafizə orqanları tərəfindən günahsız vətəndaşların xəsarət yetirmiş qismində həbsə atılmasında istifadə olunma imkanını yaradır.

Ekspert rəyi xüsusi bilgiyə malik mütəxəssisin hazırladığı rəsmi sənəd olmaqla, təhqiqatçı, istintaqçı, prokuror və hakim üçün təkzibolunmaz və həm də demək olar ki, mübahisə olunmaz faktdır. Bu rəsmi sənəd lazımi hüquqi-prosessual addımlar atılması üçün əsasdır və bəzi hallarda həmin orqanlar öz qeyri-qanuni hərəkətlərinin nəticələrinin məsuliyyətini həmin rəylərin üzərinə atırlar, ekspert rəyini əsas tuturlar. Xüsusilə, elə hallar olur ki, xəsarət və digər faktların müddət keçməklə itməsi və ya onların zamanla bağlı mahiyyətinin dəyişməsi nəticəsində həmin ekspertizanın sonradan yenidən təyin olunması öz mənasını itirmiş olur.

Çox mübahisə doğuran hallar narkotiklər və narkomaniya ilə bağlı hadisələrin araşdırılması zamanı yaranır. Narkotik maddələrin və onların tərkibinin, miqdarının təyin edilməsi və insan orqanizmində narkotik maddələrin varlığı və miqdarı, ümumiyyətlə, vətəndaşın narkoman olması və ya onun narkotiklərdən asılılığı səviyyəsinin yoxlanması xüsusi narkoloji ekspertlərin səlahiyyətindədir.

Narkoloji ekspertiza isə, elə bir spesifik sahədir ki, onun hətta ümumi məhkəmə-tibb ekspertizası strukturunun tərkibində olması mümkün deyil. Bu ekspertiza tarixən həmişə psixatriya-narkoloji səhiyyə sahəsinin nəzdində fəaliyyət göstərmişdir. 1995-ci ildə Səhiyyə Naziri tərəfindən bir dəfə cəhd olunub, bu sahə ümumi ekspertizanın tabeliyində birləşdirilmişdi. O zamankı ölkənin baş psixatrı professor Ağabəy Sultanov ciddi müqavimət göstərərək bu məsələni birbaşa mərhum Prezident Heydər Əliyevin səviyyəsinə çıxara bilmiş və vəziyyəti yüksək elmi səviyyədə izah edib əsaslandıraraq çox tez bir zaman kəsiyində narkoloji ekspertiza strukturunu yenidən öz aidiyyətli mühitinə qaytarmışdı.

İndi jurnalist Eynulla Fətullayevin məhkəməsində onun orqanizminin narkoloji asılılığı barəsində narkoloji ekspertlərdən əlavə, ümumi ekspertlərin də rəy verməsi və bunun məhkəmə tərəfindən qəbul olunması təəccüb doğurur. Çünki narkoloji ekspertiza ümumi ekspertlərin bilgi dairəsinə tamamilə aidiyyətsizdir! Məncə buna diqqət yetirilməlidir.

Şübhəsiz ki, ölkədə ziddiyyətli proseslərin haqq-ədalətlə araşdırılmasında xüsusi rol oynayan ekspertlərin müstəqilliyinə və onların inamlı, sərbəst fəaliyyət şəraitinə böyük ehtiyac var. Bunun üçün bu unikal bilgi sahiblərinin maddi təminatı və xüsusilə də, onların bu günkü reallığımızda misli görünməmiş dərəcədə güclənmiş hüquq-mühafizə orqanlarından asılısızlığının təminatı vacibdir.

Ekspertizanın vacibliyi qeyd edilərkən, onun həkim səhvi, səhlənkarlığı və cinayətlərinin araşdırılmasında oynadığı rolu qeyd etməmək mümkün deyil. Məhkəmə- tibb eksperti yeganə mütəxəssisdir ki, həkimlik fəaliyyəti və tibb sahəsinə aid bütün nöqsanları hüquq-mühafizə orqanlarına çatdırmaq imkanındadır. Səhiyyə sistemində müalicə və müayinədə baş verən əyintilər və nəticədə yaranan ölüm, xəsarət, şikəstlik hallarının baş vermə səbəbləri və aidiyyətli faktların, dəlil sübutların üzə çıxarılıb ədalət məhkəməsinə, zərərçəkmişlərə. ictimaiyyətə təqdim edilməsi ekspertin obyektiv fəaliyyəti və rəyindən asılıdır. Ölkədə məhkəmə-tibb ekspertizası sahəsinin Səhiyyə Nazirliyinin strukturlarından birisi olması isə bir sıra hallarda bu istiqamətdə obyektiv araşdırma aparılıb həqiqətin üzə çıxarılmasına mane olur. Eyni bir nazirliyin ekspertiza aparan bir strukturunun müalicə aparan digər bir strukturunu obyektiv ifşa edə bilmək imkanı ən azı adminstrativ tabeçilik baxımından çətindir. Bu səbəbdən, bu gün ölkədə bütün digər sahələrdə, hətta hüquq-mühafizə orqanları sahəsində çalışan əməkdaşların cəzalanması hallarına mütəmadi rast gələ bilirik, nəinki tibb sahəsində.

Mövzunu, ekspertizanın hüquq-mühafizə orqanları fəaliyyətində, məhkəmə mühakiməsi proseslərində, ümumiyyətlə vətəndaşların taleyində, insan hüquqları və azadlığının qorunmasında önəmli yer tutması istiqamətində daha da genişləndirmək olardı. Ancaq biz, nəticədə bu gün hamını narahat edən vacib bir sualın üzərinə gəlməliyik.

İctimaiyyətdə dövlət ekspertizalarının fəaliyyəti ilə bağlı bu qədər şübhələr, narazılıqlar və şikayətlər fonunda ölkədə alternativ müstəqil ekspertizanın mövcudluğu vacibdirmi? Mübahisələr, ziddiyyətlər düyününün açılması ilə məşğul olan bir sahəni alternativləşdirib ikiləşdirməklə nəticədə onun özünü mübahisəli və ziddiyyətli duruma salmarıq ki? Bununla, bu günkü reallığa uyğun oturuşmuş hüquq-mühafizə sisteminin fəaliyyətində qarışıqlıq, cəmiyyətdə hərcmərclik və ümumiyyətlə, dövlətçiliyin əsaslarının qismən də olsa pozulmasına şərait yaranmaz ki?

Öncə bütün bu suallar ətrafında dərin düşünülüb, götür-qoy edilməsinə ehtiyac var. Və bununla belə, ölkədə alternativ, sərbəst, asılısız ekspertizanın təşkilinin vacibliyi haqq-ədalətin, demokratik prinsiplərin, insan hüquqlarının müdafiəsinin təminatı baxı-mından vətəndaş cəmiyyətinin kəskin ehtiyacı kimi qalmaqdadır.

Bir ictimaiyyətçi və aidiyyətli mütəxəssis kimi bu günkü reallığımızda məsələinin ədalətli həllinin bir neçə yolu barədə fikirlərimi çatdırmaq istərdim:

1. İlk növbədə ölkədə müxtəlif nazirliklər və idarələrin ( Ədliyyə, Səhiyyə, DİN, MTN, FHN və s.) nəzdində parakəndə halda səpələnmiş ekspertiza strukturları ən azı inzibati cəhətdən bir Komitə halında birləşdirilib yalnız Nazirlər Kabinetinə tabeliyinə verilməlidir. Bu vəziyyət ölkədəki ekspertizaların xeyli dərəcədə asılısız, sərbəst və sistemli fəaliyyətini təmin edə bilərdi. Bu məsələni biz vaxtilə sabiq prezident Elçibəyin qarşısında qaldırmışdıq, və o zaman məsələ müsbət həllini tapmaq üzrə idi. Hazırda yenidən bütün vətəndaş cəmiyyətinin, siyasi və ictimai təşkilatların, hüquq-müdafiə QHT-lərin, aidiyyətli hüquqşünas və mütəxəssislərin bu barədə ölkə prezidenti İlham Əliyevə müraciətinə və dövlət rəhbərliyi qarşısında bununla əlaqədar əsaslandırılmış arqumentlərin ortaya qoyulmasına zərurət yaranıb.

2. Bir sıra xarici ölkələrdəki kimi alternativ qeyri-dövlət ekpertizalarının yaradılması üçün müvafiq qanunvericilik bazası olmalıdır ki, bu hüquqi norma həm də dövlət və qeyri-dövlət ekspertizalarının münasibətlərini tənzim edib yaranacaq ziddiyyətli, ziyanverici nəticələri qabaqlasın. Altenativ ekspertizanın qanunvericilik əsasında təşkili həm də bu strukturun maddi-texniki və kadr bazasının təşkilində dövlət yardımına şərait yarada bilər. Çünki ciddi ekspertiza strukturu mütləq elmi və maddi-texniki baza və həm də yüksək bilgili, təcrübəli kadrların, müasir avadanlıqlı müvafik tədqiqat laboratoriyalarının vahid sistemi üzərində qurula bilər.

3. Daha bir variant, ekspertizaların insan hüquqları təşkilatları nəzdində ictimai əsaslarda qurulması ola bilərdi. Bu da konkret ekspertizaların keçirilib ekspert rəyi verilməsi kimi yox, zərərçəkmişlərin, xəsarətlərin, maddi sübutların, faktların və həm də dövlət ekspertlərinin verdiyi mübahisə-narazılıq doğuran rəylərin ictimai əsaslarda ixtis-aslı müşahidəsinin aparılması qismində təşkil oluna bilər. Yəni bir növ, əsl həqiqətlərin ortaya çıxarılmasında ictimai nəzarət funksiyasını təmin edə bilər. (Məsələn, 2002-ci ildə baş vermiş məlum Nardaran hadisələri ilə bağlı təşkil olunmuş müstəqil istintaq araşdırması komissiyasında aparılmış ixtisaslı espert müşahidə və təhqiqatlarının nəticələri xarici ölkə səfirlikləri, beynəlxalq təşkilatlar və ictimaiyyət tərəfindən xüsusi diqqət cəlb etmişdi). Bununla belə, sonradan gözlənilməzlik və anlaşılmazlıq yaranmaması üçün belə bir ictimai fəaliyyət barədə müvafiq hakimiyyət orqanlarının rəsmi xəbərdar edilib bilgiləndirilməsi zəruridir.

4. Məsələ ilə əlaqədar başqa önəmli, dəyərli və əsaslı variantların ictimaiyyətin aidiyyətli mütəxəssisləri, ekspertləri, hüquq-müdafiəçiləri, hüquqşünasları və ziyalıları tərəfindən irəli sürülməsini müzakirə üçün açıq və vacib sayımalıdır.

Qeyd: Mövzuya toxunarkən bir ziddiyyət doğuran məsələyə də toxunmamaq olmur. Azərbay-canda son illər İşgəncələrə Qarşı Komitə və onun rəhbəri Elçin Behbudov fəaliyyət göstərir. Bu fəaliyyəti hüquq-mühafizə orqanları tanıyır, mətbuat işıqlandırır. Bu təşkilat bir sıra iradların, qınaqların daşıyıcısı ol-maqla bərabər, qeyd olunmalıdır ki, ona ayrılmış xüsusi statusa görə, köməksiz vətəndaşların işgəncələrə qarşı yeganə umacaq yeridir. Elçin bəy tez-tez türmələrdə, müvəqqəti saxlanma təcridxanalarında müşa-hidə aparır və bəyan edir ki, filankəslərdə işgəncə xarakterli xəsarətlər gördüm, ya görmədim, var idi, ya yox idi.

Diqqətinizə çatdırım ki, bütün dünya ekspertiza qaydalarına görə işgəncə xarakterli xəsarətlərin müəyyən edilməsi üçün heç ali təhsilli həkimin ixtisası kifayət etmir. Həkim yalnız bədəndə xəsarət oldu-ğunu müəyyən edir. Xəsarətlərin kateqoriyalılığını, işgəncə və ya başqa xarakterli olduğunu, əmələ gəlmə mexanizmi və s. kriminalistik xüsusiyyətlərini yalnız həkimlikdən əlavə xüsusi məhkəmə təbabəti ixtisası keçmiş ekspert müəyyən etmək imkanındadır.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SƏRBƏST bölümünün son 20 xəbəri:



#SƏRBƏST bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829