Bu qədər açıq yazıram: İsa Qəmbər bitib-tükənməz sədaqət hissiylə Rauf Arifoğluya güvənməyə, "Yeni Müsavat" da Müsavat Partiyasının sifəti olmağa davam etdiyi müddətcə heç vaxt prezident olmayacaq. Buraxın prezidentliyi, deputat belə olmayacaq. Nərimanov bələdiyyəsinin sədri belə olmayacaq. Niyə deyə soruşursunuzsa, Xumar Qədimovanın sözü olmasın, bir azca da dözün.
15 aprel. İsa Qəmbər gözlənilmədən Türkiyəyə yola düşür. Bu barədə xəbər yayılandan az sonra, bəlkə də İsa bəy hələ təyyarədə yerini rahlamamış, kəmərlərini bərkitməmiş Rauf Arifoğlu qəzetinin saytına kiçik bir informasiya yerləşdirir: "AKP Azərbaycanda işləməyə müxalifət axtarır". Bununla da kifayətlənmir, ertəsi gün həmin informasiya "Yeni Müsavat"ın səhifələrinə çıxır. Əslində informasiyanın sərlöhvəsi onun məzmunu haqqında hər şeyi deyir. Amma yenə də kiçik bir xatırlatma: Rauf Arifoğluna hardansa vəhy gəlib ki, Ərdoğan Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı Azərbaycanda ictimai rəyi hazırlamaq üçün bizim müxalifət partiyalarının birinə qarmaq atıb. Amma hansı müxalifət partiyasına? Doğrudur, bu sualın cavabı informasiyanın içində yoxdur. Ancaq zatən, Rauf bəy İsa Qəmbərin Türkiyəyə yola düşdüyü saatlarda bu xəbəri dövriyyəyə buraxmaqla həmin partiyanı nişan verib: Müsavat. Hakimiyyətdəkilər gözəl işləyir. İsa bəyin türk telekanallarında Əliyev rejimininin eninə-geninə döşəyəcəyini əvvəlcədən bilirlər. Elə isə nə etmək lazımdır? Ay sağ olun, İsa bəyin səfərini kiçiltmək, gözdən salmaq, qaralamaq! Bu qaralama kampaniyasını yandaş qəzetlərindən, telekanallarından da başlaya bilərlər, amma nə faydası? Kim inanacaq? Ümumiyyətlə, o qəzetləri oxuyan, o telekanallara baxan kimdir? Belədə köməyə Rauf Arifoğlu və qəzeti yetişir. Ќə qədər olmasa da, hər ikisinin üstündə müxalifət imici var. Baxmayaraq ki, ayıq insanlar üçün Rauf Arifoğlu bir müxalifətçi, "Yeni Müsavat" da bir müxalifət qəzeti olaraq, çoxdan bitib! Artıq bunun sübuta ehtiyacı yoxdur. Kor-kor, gör-gör.
Allah eşqinə, biri durub mənə anlatsın, həlledici situasiyada onu arxadan vuran, kiçiltməyə çalışan bir baş redaktora və bir qəzetə güvənən partiya liderinin prezident olması necə mümkündür? İsa bəy, siz o baş redaktora və o qəzetə güvəndiyiniz müddətcə, bu xalqın sizə güvənməsi çətin məsələdir. Adım kimi əminəm, hətta bir rayon qəzetinin belə rekvizitində "təsisçi İsa Qəmbər" yazılsa, o qəzetin tirajı on mini vurub keçər. İsa Qəmbəri İsa Qəmbər eləyən "Yeni Müsavat" deyil. Amma "Yeni Müsavat"ı "Yeni Müsavat" eləyən İsa Qəmbərdir. Bu həqiqəti hər kəs bilir. İsa Qəmbər də bilir.
Burdan Müsavat başqanına səslənirəm: Ey İsa bəy, bu son olanlardan sonra da bütün həlledici situasiyalarda hakimiyyətin əlinə işləyən bir qəzetlə, bir baş redaktorla yola davam edəcəksinizsə, bu, ?əl çəkin, mən artıq prezident-filan olmaq istəmirəm, təsisçiliyim mənə yetər? anlamına gələcək. Yox, tam tərsinə, ?Rauf Arifoğlu, sevdamız bura qədərmiş, o sən, o sənin qəzetin? deyəcəksinizsə, prezidentlik ana südü kimi halal haqqınızdır.
Katib, sənə deyirəm, sədr, sən eşit!
İnsan reallıq hissini itirəndə çox şeyi itirir, ədalət hissini itirəndə hər şeyi. Ağlını, məntiqini belə itirir. Mən AYB-nin gənclər katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin Müstəqil İnformasiya Agentliyinə (mia.az) müsahibəsini oxuyanda bunu bir daha anladım. Müsahibəni Qan Turalı götürüb; hiss olunur ki, Rəşad müəllimi özündən çıxarmağı bacarıb. Belə olmasaydı, Turalın adətən çox təmkinli və korrekt danışan həmsöhbəti müsahibə boyu rəngbərəng quşlar buraxmazdı.
Gənclər katibi deyir: ?Gəlin Yazıçılar Birliyinə üzv olun, sonra hesabat verək?. Bu, AYB-yə müxalif yazarların həmin quruma dövlət büdcəsindən ayrılan 1 milyon manatlıq vəsaitin hara və necə xərcləndiyi barədə hesabat tələb etməsinə, allah qoymasa, qarşı tərəfin reaksiyasıdır. AYB-yə 1 milyon manatı heç kim dədəsinin cibindən vermir. O 1 milyon manat bizlərin ? sadə vergi ödəyicilərinin cibindən çıxır. ™ər kəsin də bunun hesabını sormağa haqqı var. İndi Anarın və yandaşlarının dediklərindən belə məlum olur ki, uzaq dağ kəndində hansısa sağıcı Səkinə xala ödədiyi verginin sonrakı taleyindən xəbər tutmaq istəyirsə, əvvəlcə Yazıçılar Birliyinə üzv olmalıdır. Bəlkə mən sabah büdcədən parlamentə ayrılan vəsaitin hesabını sordum, deməli, R. Məcidin məntiqi ilə bunun üçün əvvəlcə deputat olmalıyam? Ustadınıza bərəkallah!
Gənclər katibi daha sonra deyir: "Qurultay Yazıçılar Birliyinin qurultayıdır, nə vaxt istəsək, onda keçirəcəyik". Bu, Azərbaycan qanunlarına meydan oxumaqdır. Necə yəni "nə vaxt istəsək?" AYB dövlət qeydiyyatından keçmiş qurumdur, nizamnaməsində göstərilib ki, 5 ildən bir qurultay keçirilməlidir. İndi durub "nə vaxt istəsək, onda keçirəcəyik" deyirlərsə, artıq mənim sözüm qalmır. Zəhmət çəksin, ədliyyə naziri Fikrət Məmmədov bunların cavabını versin. Fikrət müəllim, unutmayın, bu, artıq özünə hörmət məsələsidir.
Gənclər katibi lap sonra deyir: "Nazir var, delfin saxlayır, amma siz onlardan yazmırsınız, düşübsünüz Yazıçılar Birliyinin üstünə". Paho, fil qulağında yatmışıq, sən demə, indiyədək delfin saxlayan, begemot bəsləyən nazirlərdən yazan biz deyil, Rəşad Məcid imiş, xəbərimiz olmayıb. Sanki adamın qəzeti xalqın var-yoxunu talayan rejimə atəş püskürürmüş, bizsə bütün günü hakimiyyətin şəninə tərif oxuyub, mədhiyyə yazırmışıq. Adama deyərlər, xalqa belə canın yanır, niyə durmusan, əlinin altında gündəlik qəzet var, bir dəfə də sən döşə hakimiyyətin qabırğasına, ölkədəki bu qədər haqsızlığın, özbaşınalığın, ədalətsizliyin doğru ünvanını bircə dəfə də sən göstər. Biz də baxaq, xəcalətimizdən ölüb yerə girək.
Gənclər katibi ən sonda deyir: "Siz heç bir əxlaq, mənəviyyat gözləmirsiniz". Əxlaq? Mənəviyyat? Necə gözəl sözlərdir! Amma mən Rəşad müəllimin bu barədə dediklərini cavabsız buraxıram. Ona görə yox ki, o haqlıdır. Ona görə ki, ən gözəl cavab özünün katibi olduğu təşkilat, bir də baş redaktoru olduğu qəzetdir.