Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  21:26 04.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



Firuz Mustafa : Ağsaqqal (monohekayə)

  Sayta qoyulub: 14:07 01.05.2009 (723 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsaqqal olmaq da çətin işdir. Gərək gənclərə nümunə olasan. Lazımdır ki, hamıya ağıllı məsləhət verəsən, düzgün yol göstərəsən...
Heç özümün də xəbərim olmadan məni ağsaqqal seçiblər. Bəli, bəli, xeyr, xeyr, özüm-özümü ağsaqqal təyin etməmişəm ki, məni bu vəzifəyə başqaları seçib. Bilirsiz ki, bizdə seçim məsələsi elə-belə, asan iş deyil. Yox, söhbət təkcə ağsaqqal seçkisindən getmir. Elə hər məsələdə bu, belənçikdir. Əgər səni seçirlərsə, deməli, bu, məsləhətdir. Biz azad, demoqrafik, e-e-e, bağışlayın, demokratik, ələlxüsus seçkili bir cəmiyyətdə yaşayırıq. Təbii ki, seçicilər heç vaxt öz seçimində yanılmır. Əslində ağsaqqal seçimi də elə deputat seçkisi kimi bir şeydir. Hər uşaq-muşağı deputat seçməzlər ki... Eləcə də ağsaqqalı... Camaat görür ki, sən hamının işinə yarayırsan, o vaxt obyektiv, demoqrafik, e-e-e... bağışlayın, demokratik qaydada səni deputat, e-e-e... bağışlayın, ağsaqqal seçir.
Mən çoxdanın ağsaqqalıyam. Əvvəllər yaşadığım rayona raykomlar təyin olunanda, daha doğrusu, seçiləndə, məni irəli verərdilər. Yeni gələn adamın qabağına hər adamı çıxarmaq olmaz ki! Təzə seçilən adama nəsə bir söz demək, nəyisə arzulamaq lazımdır, ya yox? Əlbəttə, lazımdır. Bəs necə? "Xoş gəlmisən, səfa gətirmisən. Əminəm ki, sən bu camaatın etimadını layiqincə doğruldacaqsan" və s. Rayona yeni gələn milis rəislərini, aqroprom rəhbərlərini, baş həkimləri, hakimləri də, təvazökarlıqdan uzaq olmasın, hamıdan əvvəl irəli düşüb mən təbrik edirdim. Elə eyni qaydada...
Sonra raykomları icra başçıları, milis rəislərini isə polis rəisləri əvəz etməyə başladı. Təbii ki, onları da təbrik etmək vəzifəsi mənə həvalə olundu. Əvvəllər kağızın üzündən oxuduğum təbriknaməni indi sinədən deyirəm. Hətta, o təbrikləri dəfələrlə televizorda veriblər.
Siz yaxşı bilirsiniz ki, hər rayonun özünəməxsus ağsaqqalı olur. Rəhbərlər gəlib-gedirlər, ağsaqqallar isə əbədidir. "Gəldi-gedər" demişkən, mən bir ağsaqqal kimi, adətən, işə başlayan bütün rəhbərlərə öz lazımi tövsiyyə və məsləhətlərimi verirəm, onlara uğurlar arzu edirəm. Elə vəzifə başında olduqları müddətdə də onları bütün iclaslarda lazımi qaydada tərifləyirəm. Bu, mənim vəzifə borcumdur. Amma axırda məlum olur ki, bu zalım uşağının heç biri öz işinin öhdəsindən lazımi səviyyədə gələ bilmir. Ќəticədə yuxarılar bunların hərəsini bir "statya" ilə işdən qovur. Qovulmaq bir yana, hətta, onların eləsi də var ki, öz öhdələrinə düşən vəzifənin müəyyən bir hissəsini türmədə icra edir və ya elə oradaca həyata keçirirlər. Hə, bu gün rayonumuza təzə bir başçı seçilib göndərilib. Artıq mənim çıxışım çoxdan hazırdır. Əlbəttə, üzü üzlər görmüş o nəhəng tribunadan yenə alovlu təbriklərim, xoş arzularım səslənəcək. Əminəm ki, yeni rəhbər əvvəlki sələflərindən fərqli olaraq öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcək, camaatın etimadını şərəflə doğruldacaq. Axı, yuxarılar onu bu məsul posta elə-belə, qara qaşına, qara gözünə görə təyin... e-e-e... bağışlayın, seçməyiblər ki!
Sizə deyim ki, mənim bu maaşsız vəzifəmə qısqanclıqla yanaşanlar da olur. O günləri cavanlardan biri mənə eyhamla söz atdı: "Bizim az-çox müsbət bir cəhətimiz vardı, indi onu da gözdən salıblar". Soruşdum ki, o müsbət cəhətimiz hansıdır elə? Oğlan hirslə dedi: "Yaltaqlıq... Ağsaqqal, indi biz yaltaqlığı da qiymətdən salmışıq".
Beləsinə nə deyəsən?
Mənim vəzifəm hamıya ağıllı məsləhət vermək, düzgün yol göstərməkdir. Qalanı mənlik deyil.
Məni xalq seçib. Xalq isə öz seçimində heç vaxt yanılmaz.
Mən ağsaqqalam.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bu günü olmayan keçmiş Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Millətin vicdanı Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Ziyalı necə alçalır? Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829