Azərbaycanın orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin 72,96 faizi zərif cinsin nümayəndələridir
Təhsilin keyfiyyəti ilk növbədə müəllimlərin hazırlıq səviyyəsindən asılıdır. Bu mənada təhsilin inkişafının əsas prioritetlərindən birini kadr siyasəti təşkil edir. Müəllimlik peşəsinə təsadüfən gələn, öz peşəsini sevməyən, ixtisasını lazımi səviyyədə bilməyən adamların bu sahədə çalışması təhsilin keyfiyyətinə mənfi təsir göstərir.
Son illər kadr siyasətilə bağlı həyata keçirilən islahatlar, bu sahədəki dəyişikliklər təhsilin gələcəyi barədə müsbət düşünməyə əsas verir. Amma kadr siyasətindən danışarkən hər şeyə nikbin yanaşmaq olmur, çünki həllini gözləyən problemlər də az deyil. Xüsusilə də ümumtəhsil sahəsində.
Müəllim sıxlığı
Mütəxəssislər, elə Təhsil Nazirliyinin rəsmiləri də orta ümumtəhsil sahəsində mövcud olan bəzi problemləri vaxtilə bu sahədə həyata keçirilən yarıtmaz kadr siyasətilə əlaqələndirirlər. Məsələn, müəllimlərin işə götürülməsi mərkəzləşdirilməzdən öncə, şəxsi maraqlarını güdən bəzi rayon və şəhər təhsil şöbələrinin rəhbərləri, direktorlar məktəblərə tələb olunandan çox sayda pedaqoji işçi götürüblər. Bu zaman həmin işçilərə bir stavka (12 saat), hətta 6 saatdan da aşağı dərs yükü verilib. Bu azmış kimi, təhsil müəssisələrinə işə qeyri-ixtisas və ya qeyri-pedaqoji təhsilli şəxslər də cəlb olunublar ki, son nəticədə sadaladığımız bu amillər təhsilin keyfiyyətinə mənfi təsir göstərib.
Təhsil Nazirliyinin məlumatına görə, 1748 məktəbdə 14 fənn üzrə 54 min saatdan çox dərs yükü 4956 nəfər qeyri-ixtisaslı kadrlar tərəfindən tədris olunur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Strateji Təhlil, Planlaşdırma və Kadrların İdarəolunması sektorunun müdiri Bəhman Nəbiyevin sözlərinə görə, paytaxt məktəblərində təxminən 1000-ə yaxın ibtidai sinif müəllimi artıqdır. Həmin müəllimlərin cəmi 5-6 yığma iş saatı var.
İcra hakimiyyətlərinin kadr siyasətinə müdaxiləsi
Bəzən yerlərdə icra hakimiyyətləri Təhsil Nazirliyinin kadr siyasətinə müdaxilə edir, maneçilik törədirlər. Bunu mətbuata açıqlamasında təhsil naziri Misir Mərdanov da etiraf etməyə məcbur olub.
Araşdırmalar göstərir ki, bir sıra hallarda rayon icra hakimiyyətlərinin başçıları məktəblərə direktor təyinatını nəzarətdə saxlamağa çalışır, həmin vəzifəyə Təhsil Nazirliyinin deyil, özlərinin istədikləri kadrı təyin etdirməyə çalışırlar.
Dərs yükünün azlığı maaşlara təsir edib
Təhsil Nazirliyinin məlumatına görə, hazırda orta məktəblərdə çalışan müəllimlərin 138280 nəfəri (79,9%-i) ali təhsilli, 1270 nəfəri (0,7%) natamam ali təhsilli, 33303 nəfəri (19,2%) orta ixtisas təhsillilər, 271 nəfəri (0,2%) orta təhsillidir.
Ümumtəhsil müəssisələrində işləyən müəllimlərin böyük bir qismi əməkhaqqı kimi qərik-quruş alır.
Orta məktəblərdə 12 saat dərs yükü tam ştat sayılır. Amma təhsil ocaqlarında çalışan müəllimlərdən 5927 nəfərin dərs yükü heç yarım ştata çatmır. Təhsil Nazirliyinin statistikasına görə, məktəblərdə çalışan 5927 müəllimin cəmi 6 saatadək dərs yükü var ki, bunun müqabilində də onlar çox cüzi məbləğdə məvacib alırlar.
28438 müəllimin 6-12 saat, 22971 müəllimin isə 12 saat dərs yükü var. Yalnız 159 min 871 müəllim ştatlı pedaqoji işçi sayılır. ə
Bakı şəhərində 647 müəllimin 6 saat, 5422 müəllimin isə 6-12 saat dərs yükünün olduğu bildirilir.
Kadr siyasətində yaş həddi: olsun-olmasın?
Orta məktəblərlə bağlı kadr siyasətindən danışılarkən, təhsil işçiləri üçün yaş həddinin aktuallığı da önə çəkilir. Elə təhsil naziri Misir Mərdanovun da fikrincə, tədrisin keyfiyyətinin artırılması üçün 65 yaşdan yuxarı şəxslərin müəllim işləməsinə məhdudiyyət qoyulmalıdır.
Rəsmi məlumatlara görə, respublika üzrə hazırda orta məktəblərdə çalışan müəllimlərin 25 faizi yaşlı nəslin nümayəndələridir. Təqaüd yaşında olan müəllimlər Bakı məktəblərində də az deyil. Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızının sözlərinə görə, paytaxtdakı 326 ümumtəhsil məktəbində çalışan 33408 müəllimin 5 faizi təqaüd yaşlı pedaqoqlardır.
Ekspertlər deyirlər ki, yaşlı müəllimlərin bəziləri yeniliklərlə ayaqlaşa bilmirlər. Onların kompüterlə, yeni texnologiyalarla tanış olmaması tədrisin keyfiyyətində təsirsiz ötüşmür.
"Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası"na görə də müasir müəllim yenilikciliyə meylli olmalı, öz intellektual səviyyəsini daim inkişaf etdirmək üçün çalışmalıdır. Pedaqoji fəaliyyətlə məşğul olan şəxslərin müvafiq yaş həddinə çatdıqdan sonra təqaüdə göndərilməsini məqsədəuyğun hesab edənlər bunun məcburən həyata keçirilməsinə tərəfdardırlar. Buna tərəfdar olanlar həm də iş tapa bilməyən gənc müəllimlərə yol açılacağını iddia edirlər. Amma hələki Azərbaycanın əmək qanunvericiliyinə görə, iş qabiliyyətini itirməyən pensiyaçıların məcburən işdən uzaqlaşdırlması mümkün deyil.
Qəbul planı hazırlanarkən...
Təhsil Nazirliyinin məlumatına görə, respublikamızda pedaqoji kadr hazırlığı ilə 31 ali və orta ixtisas təhsil müəssisəsi məşğul olur. Onlardan 22-si ali məktəbdir. Hər il həmin təhsil müəssisələrini 8000-ə yaxın pedaqoji kadr bitirir. Bəs bu qədər kadra ehtiyac varmı?
Mütəxəssislər deyirlər ki, pedaqoji ixtisaslar üzrə qəbul planı tərtib edilərkən əhalinin demoqrafik göstəriciləri nəzərdən keçirilməlidir. Tutaq ki, 1-ci siniflərə gedənlərin sayı ildən-ilə azalırsa, ibtidai sinif müəllimliyinə qəbul da azaldılmalıdır. Ümumiyyətlə, bu gün Azərbaycanda pedaqoji ixtisaslara qəbulun azaldılmasının vacibliyi önə çəkilir.
Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin mütəxəssisiəElmina Kazımzadə deyir ki, tələbata uyğun kadrlar hazırlamaq təhsil siyasətinin komponentlərindən biridir.
İbtidai sinif müəllimlərindən söz düşmüşkən, bu ixtisas üzrə son illərin qəbul planına baxaq. 2006-2007-ci tədris ilində 14 ali məktəb sözügedən ixtisas üzrə 1088 (923 yerədövlət, 165 özəl) qəbul yeri ayırıb. 2008-2009-cu tədris ilində ali məktəblər ibtidai sinif müəllimi ixtisası üçün ayırdığı yerlərin sayını çoxaldıb. Belə ki, dövlət ali məktəbləri 852, özəl ali təhsil ocaqları isə 135 qəbul yeri ayırıb. 2009-2010-cu tədris ilində də ali məktıblərdə sözügedən ixtisas üzrə qəbul yeri artaraq 987-ə çatıb.
Amma ölkə üzrə ibtidai sinif müəllimi hazırlayan təhsil ocaqlarının sayı bununla məhdudlaşmır.əAli məktəblərdən başqa ölkənin müxtəlif rayonlarında ibtidai sinif müəllimi hazırlayan texnikum və kolleclər də var.
Beləliklə, 14 ali, 23 texnikum və kollecdə hər il orta hesabla 1500-dən çox ibtidai sinif müəllimi hazırlanır. Onların məzun olandan sonrakı aqibətini isə düşünmək lazımdır.
Ölkədəki müəllim çoxluğu yerlərdə müxtəlif narazılıqlar yaradıb. Yeni dərs ili yaxınlaşdıqca təkcə Təhsil Nazirliyinin deyil, rayon və şəhər Təhsil şöbələrinin də qəbul otaqlarında basabas yaranır.
Milli Məclisin Təhsil məsələləri komitəsinin sədri Şəmsəddin Hacıyev də müəllim çoxluğunu təhsil sektorunun ciddi problemlərindən biri sayır. O da çıxış yollarından biri kimi pedaqoji təhsillə bağlı ixtisaslara qəbulun məhdudlaşdırılmasını təklif edir.
Bölgələrin müəllim problemi
İri şəhərlər və rayon mərkəzlərində müəllim sıxlığı olduğu halda bəzi ucqar kəndlərdə pedaqoqlar çatışmır. Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin məlumatına görə, respublikanın ucqar böləgərindəki müəllim çatışmazlığı probleminin həlli üçün həyata keçirilən "2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı" təsdiq edilənədək 6643 nəfər pedaqoji kadra tələbat duyulurdu. Proqramın tətbiq edildiyi vaxtdan pedaqoji kadrlara tələbat ilbəil azalıb. 2009-2010-cu dərs ilində pedaqoji kadrlara tələbat 6643 nəfərdən 2457 nəfərə enib. Ötən dərs ilində 1308 müəllim ucqar kənd məktəblərinə işə göndərilib.
Yenicə başa çatan tədris ilində pedaqoji kadrlara ən çox ehtiyac olan rayonlar İmişli, Saatlı, Xaçmaz, Qusar, Sabirabad, Şabran, Kürdəmir, Lerik, Yardımlı və Gədəbəy olub. Bu bölgələrdə əsasən xarici dil, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya, kimya, tarix, fiziki tərbiyə, riyaziyyat, biologiya və fizika müəllimlərinə tələbat olub.
Adıçəkilən İnkişaf Proqramına uyğun olaraq rayon mərkəzindən 20 kilometrədək məsafədə yerləşən məktəbdə əmək fəaliyyətinə başlayan pedaqoji kadrlara 3 il müddətində əmək haqqından əlavə hər ay 33 manat, rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən məktəblərdə işləyənlərə isə hər ay 99 manat maliyyə vəsaiti ödənilir.
Bundan başqa, həmin kadrları həvəsləndirmək üçün onlara əmlakın daşınması üçün yol xərci, ilkin yaşayış şəraitinin yaradılması üçün aylıq əmək haqqının 2 (iki) misli məbləğində birdəfəlik yardım, tədris edəcəkləri fənn üzrə pulsuz lazımi dərslik, dərs vəsaiti, tədris plan-proqramları verilir, mənzil-məişət şəraiti yaradılır, torpaq sahələri ayrılır, güzəştli kreditlər də verilir.
Təklif var: oğlanlar müəllimlik ixtisaslarına həvəsləndirilsin
Təhsil Nazirliyinin məlumatına görə, hazırda Azərbaycanın ümumtəhsil məktəblərində çalışan 173 min müəllimdən 126314 nəfəri qadındır ki, bu da ümumi pedaqoji işçilərin 72,96 faizi deməkdir.
Bakıdakı orta məktəblərdən birində müəllim işləmiş Musa Heydərov bəzi səbəblərdən təhsil sahəsindən uzaqlaşaraq özəl sektora keçib. Keçmiş pedaqoqun fikrincə, məktəbdə müəllim təkcə öyrədən yox, həm də hami rolunu oynayır. "Bu halda kişi müəllimlərin təsir gücü daha böyükdür", - deyə həmsöhbətimiz bildirib. O, son illər Azərbaycanda kişilərin müəllimlik peşəsindən uzaqlaşmasını, müəllimliyin əsasən qadın peşəsinə çevrilməsi prosesinin intensivləşməsini yaxşı hal saymır. Baxmayaraq ki özü də bu addımı atıb.
Qeyd edək ki, ABŞ, Yaponiya və digər inkişaf etmiş ölkələrdə ibtidai sinif müəllimlərinin 40 faizə qədəri, yuxarı sinifdə dərs deyən müəllimlərin 85 faizə qədəri kişilərdir. Azərbaycanda ibtidai siniflərdə dərs deyən kişi müəllimlər barmaqla sayılacaq qədərdir. Bu faktorun çox ciddi olması və gələcəkdə müəllim hazırlığı sahəsində islahatlar zamanı nəzərə alınması vacib sayılır.
Təhsil sahəsi üzrə ekspertlər deyirlər ki, Azərbaycanda oğlanların müəllimlik ixtisaslarına həvəsləndirilməsi sahəsində əsaslı dönüş yaradılmalıdır.
İşə qəbulda məhdudiyyət
Təhsil Nazirliyinin məlumatına görə, hazırda ölkəmizin 4569 orta ümumtəhsil məktəbində 170 mindən çox müəllim çalışır. Son illər müəllim işləmək istəyənlərin sayı o qədər artıb ki, onların təhsil müəssisələrində yerləşdirilməsi bir qədər çətinləşib.
Ümumtəhsil məktəblərində vakant yerlərin azlığı Təhsil Nazirliyini işə qəbulla əlaqədar mərkəzləşdirilmiş qayda tətbiq etməyə məcbur edib.
Təhsil naziri Misr Mərdanovun tapşırığı ilə respublikada pedaqoji kadr təminatı vəziyyətinin monitorinqi aparılandan sonra müəllimlərin işə qəbulu yeni qaydalarla həyata keçirilir. Müəllimlərin seçilməsi və yerləşdirilməsi birbaşa Təhsil Nazirliyi tərəfindən nəzarətə götürülüb. Bunun nəticəsində son iki ildə müəllimlərin sayının artma tendensiyasının dayandığı, azalma müşahidə olunduğu bildirlir.
Yeniliklər olacaq
"Təhsil Nazirliyi 2010-cu ildə orta məktəblərin kadr təminatı sahəsində bir sira tədbirlər planlaşdırıb. Belə ki, bu il pedaqoji kadr təminatı vəziyyətinin monitorinqinin aparılması, nəticələrin təhlili və təkliflərin hazırlanması nəzərdə tutulur. Bundan başqa, beynəlxalq təcrübə nəzərə alınmaqla ölkə səviyyəsində müəllimlərin işə qəbulu ilə bağlı elektron vasitələr tətbiq edilməklə yeni mexanizm hazırlanacaq. Eyni zamanda, hazırda işləyən müəllimlər və rəhbər pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üzrə də mexanizmin hazırlanıb tətbiq edilməsi nəzərdə tutulur", - deyə nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin məlumatında bildirlir.
Təhsil Nazirliyində deyirlər ki, yaxın gələcəkdə həyata keçiriləcək yeniliklərdən biri də müəllimlərin ixtisas dərəcələri üzrə təsnifatına dair qaydaların hazırlanmasıdır ki, bu da dünyanın bir çox ölkələrində tətbiq edilir. Yəni müəllim müəyyən təcrübə əldə etdikdən sonra daha yüksək ixtisas dərəcəsi əldə edir ki, bu da müvafiq stimullaşdırıcı tədbirlərlə, yəni əmək haqqının artımı ilə müşayiət olunur.
Əfqan QAFARLI
Seymur VERDİZADƏ
Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının birgə keçirdiyi müsabiqəyə təqdim edilir.