Hər il milyonlarla insanın həyatına son qoyan QİÇS bəşəriyyəti ciddi şəkildə narahat edən dəhşətli bir bəlaya çevrilib. Xəstəliyin qarşısının alınması məqsədilə milyonlarla vəsait sərf olunsa da, təəssüflər olsun ki, hər il bu bəladan ölənlərin və ona yoluxanların sayı durmadan artır. Bəs, ölkəmizdə bu xəstəliyə yoluxmanın qarşısının alınması ilə bağlı mübarizə hansı səviyyədədir?
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova "Tibb" qəzetinin 20 may tarixli sayında deyib ki, 1987-ci ildən 2010-cu ilin 1 may tarixinədək 2427 nəfər HİV-ə yoluxmuş şəxs qeydiyyata alınıb, onlardan 305 nəfər dünyasını dəyişib. QİÇS mərhələsində olanların (yəni ölümə namizəd olanların - red.) sayı isə 470 nəfərdir. Direktor bildirib ki, 2007-ci ildən etibarən QİÇS-dən ölənlərin sayı azalmağa başlayıb. Direktor bunu Səhiyyə azirliyinin HİV/QİÇS problemini daim nəzarətdə saxlaması ilə əlaqələndirib. Ölüm göstəricisinin aşağı düşməsinə səbəb kimi isə 2006-cı il noyabrın 8-dən etibarən Azərbaycanda ilk dəfə olaraq Səhiyyə azirliyi tərəfindən, Qlobal Fondun dəstəyi ilə HİV-ə yoluxmuş insanların pulsuz qaydada Respublika QİÇS-lə Mübarizə Mərkəzində antiretrovirus preparatları ilə müalicə olunduğunu qeyd edib: "Müalicə nəticəsində immun sistemi bərpa olunur, xəstələnmə və ölüm hadisələri azalır, xəstələrin həyatı uzanır, onların həyat keyfiyyəti yüksəlir".
Bəli, bu, əslində belə olmalıdır. Yalnız bu müalicənin Azərbaycana aidiyyəti yoxdur. Belə ki, H.Qədirovanın açıqlamasını araşdıranda tamamilə ağılasığmaz və başqa həqiqətlərin üzə çıxdığının şahidi olursan. O, bilərəkdən 2007-ci ilə kimi nə qədər xəstənin dünyasını dəyişməsini açıqlamır. Amma 2007-ci ildə özü yaydığı press-relizlərdən görünür ki, 1987-ci ildən 2007-ci ilədək, yəni 20 il ərzində bu xəstəlikdən 110 nəfər dünyasını dəyişib. Əgər ölənlərin sayı hazırda 305 nəfərdirsə, təkcə son 3 ildə ölənlərin sayı 195 nəfər edir. Yaxşı, onda bunun nəyi azalma oldu? Sadə hesablama apararaq, 1987-2007-ci illər ərzində ölən 110 nəfərin sayını 20-yə bölsək, bir ildə orta hesabla 5-6 nəfərin öldüyü məlum olar. Lakin son 3 ildə ayrılmış on milyonlarla dollarlıq müalicənin nəticəsində 2007-2010-cu illər ərzində ölənlərin sayı 195 nəfər olub. Bu isə ildə 65 nəfərin ölümü deməkdir. Son 23 ildə ölən 305 nəfərin sayının üzərinə xəstəliyin son mərhələsini yaşayan 470 nəfəri əlavə etsək, bu, 775 nəfər edər. Hazırda ölən və ölümlə üz-üzə qalanların sayı ümumi aşkar olunanların 32 faizini təşkil edir ki, belə bir dəhşətli statistika xəstəliyin çox yayıldığı Afrika ölkələrində də qeydə alınmayıb. Bundan belə bir nəticəyə gəlmək olar ki, bizdə QİÇS-lə bağlı problem Afrikadan da pis vəziyyətdədir.
Belə olduqda sual yaranır ki, bəs ARV terapiyanın səmərəliliyi burada nədən ibarət olub? Hələ ARV terapiya olunanlar arasında sağ qalanların nə qədər olması barədə rəsmi açıqlama verilmədiyindən bu barədə məlumatımız yoxdur. Ancaq maraqlı fakt direktorun xəstələr arasında ölümün səviyyəsinin "azaldığını" Səhiyyə azirliyinin və Qlobal Fondun xidmətləri və qayğısı kimi dəyərləndirməsidir. O, özünün qeyri-peşəkarlığı nəticəsində əldə olunan mənfi nəticəni Səhiyyə azirliyinin ayağına uğur kimi yazır. Görəsən, onun "Tibb" qəzetinə verdiyi bu açıqlamaya Səhiyyə azirliyi, şəxsən nazir Oqtay Şirəliyev necə baxır?
Bəlkə də çoxları üçün bu xəstəlikdən ölüm halları adi görünə bilər. Burada obyektiv səbəblər olsa da, Qədirova bunun təhlilini vermir. Əgər 2006-cı ilin sonlarından antiretrovirus preparatları xəstələrə tətbiq olunubsa, onda Mərkəzdə nə baş verir ki, son 3 ildə ölənlərin sayı kəskin dərəcədə artıb. Əksinə, ARV tətbiq olunandan sonra ölənlərin sayında kəskin azalmalar qeydə alınmalı idi. Təsəvvür edin, ARV terapiyaya 381 nəfər cəlb olunub və onun da yarıdan çoxu dünyasını dəyişib. Buna terapiya demək mümkündürmü? Axı, ARV terapiyaya cəlb olunan xəstələrdə immun sistemi artdığından, onlarda virus yükü kəskin şəkildə aşağı düşməyə başlayır. Bu terapiya xəstələrin ömürlərini ən azından 10-15 il artırmış olur.
Əldə etdiyimiz məlumata görə, ölüm halının kəskin şəkildə artmasınına səbəb dərmanların xəstələrə fasilələrlə verilməsi, onlarda göstəriş və əks göstərişlərin düzgün müəyyən edilməməsi, ən əsası isə müalicə taktikasının düzgün seçilməməsi və Qlobal Fondun xətti ilə əldə olunmuş dərman preparatlarının digər məqsədlərlə xəstələrin müalicəsində istifadə edilməsidir.
Direktor Həqiqət xanımın başqa bir açıqlamasında yer alan fakta toxunaq. O, qeyd edib ki, 2006-cı ildə xəstələrin cəmi 19.5 faizi qeydiyyatda idi: "2008-ci ildə bu göstərici 65 faiz, hazırda isə 71.3 faizdir". Belə bir açıqlamanın tibb elmləri doktoruna məxsus olduğuna inana bilmirsən. ecə yəni, 2006-cı ildə xəstələrin 19.5 faizi qeydiyyatda olub, indi isə 71.3 faizdir. Bunu direktor əvvəlcədən haradan bilə bilərdi ki, xəstələrin sayı nə qədər imiş ki, 2006-da 19.5 faiz qeydiyyatda olub, indi isə bu 71.3 faiz təşkil edir. Əgər belədirsə, onda 28.7 faizi niyə qeydiyyata alınmayıb?
Beynəlxalq səhiyyə təşkilatları qeydiyyatdan kənarda qalanların təxmini sayını müəyyən etmək üçün qeydiyyatda olanların sayını 10 əmsalına vururlar. Yəni hazırda Mərkəzdə 2427 nəfər qeydiyyatdadırsa, onun 10 əmsalı 24270 nəfər edir. Bu da aşkar olunmayanların təxmini sayı deməkdir. Bu məntiqlə yanaşsaq, onda mərkəzdə qeydiyyata alınmış 71.3 faiz həqiqətdən uzaqdır.
Bundan əlavə, direktorun müsahibəsində "2006-cı ildən başlayaraq apardığı islahatlar nəticəsində Respublika QİÇS-lə Mübarizə Mərkəzində təhlükəsizlik tədbirlərinin tam təmin olunub. Mərkəzimizdə bir nəfər də peşə fəaliyyəti ilə əlaqədar HİV virusuna, hepatitə yoluxmayıb", - deyə, işlətdiyi sözləri də həqiqətdən uzaqdır. Əgər Mərkəzdə C hepatitinə yoluxan yoxdursa, bəs Mərkəzin özündə tərtib olunan çoxsaylı aktlar nədir? Görəsən, direktor peşə fəaliyyətini yerinə yetirən zaman çoxsaylı işçilərin C hepatitinə yoluxduğunu nə vaxtadək gizlədəcək?! Susdurma, təqib və yalan taktikası onlara başucalığı gətirəcək və hər hansı nəticə verə biləcəkmi?
Bir məqamı da xatırladaq, pres-relizlərdən məlum olur ki, 2007-ci ilədək 1000-ə yaxın yoluxma hadisəsi aşkarlanıb. 2007-2010-cu il mayın 1-dək 2427 nəfər aşkar olunubsa, bu rəqəm 20 illə müqayisədə 2.4 dəfə çox deməkdir. Burada gözdən asılmış 2-ci pərdəni isə görən yoxdur. Demək olar ki, 2006-cı ildən bəri və yaxud 3 il ərzində müayinə olunanların sayı açıqlanmır. Çünki Qlobal Fondun və Səhiyyə azirliyinin qlobal dəstəyi nəticəsində respublikada 2006-cı ilədək təşkil olunmuş cəmi 12 laboratoriyaya bir dənə də olsun əlavə olunmayıb. Ona görə də respublikada mövcud olan 12 laboratoriyadan başqa yerdə donor qanının vaxtında müayinəsini təşkil etmək mümkün deyil. Yoluxucu xəstəliklərin tüğyan etdiyi bir ərəfədə, bu cür laboratoriyaların hər bir rayonda təşkilinə böyük ehtiyac var. Amma ayrılan milyonlarla vəsaitin hara sərf olunduğunu özlərindən başqa yaxşı bilən yoxdur.
Artıq vəziyyət o həddə çatıb ki, milli mərkəz olmuş hazırkı mərkəzdə epidemioloji araşdırmaları aparan yoxdur. Yəni qanında təsadüfən QİÇS aşkar olunmuş şəxsdən soruşan yoxdur ki, səni kim yoluxdurub, sən kimləri yoluxdurmusan? Yoluxma necə və harada baş verib? Vəziyyət bu cür davam edərsə, Elistanın şəhər xəstəxanasında bir nəfər HİV virusu daşıyıcısının 300 insanı yoluxdurduğu hadisə bizdə də təkrarlanacaq.
Onu da qeyd edək ki, əvvəl Mərkəzdə tibb personalı və xəstələrin ibadətlə məşğul olması üçün otaq təşkil edilmişdi. Bu, narkomanların, ölüm ayağında olan xəstələrin psixoloji durumuna təsir edən müsbət bir amil idi. Onlar burada ibadətlə məşğul olmaqla psixoloji rahatlıq tapırdılar. Amma H.Qədirovanın "islahatlar"ı nəticəsində həmin ibadət otaqları yeməkxanaya çevrilib. Hər halda bir məqamı da unutmaq olmaz ki, zülmün və haqsızlığın ərşə dirəndiyi bir ərəfədə Allahın da səbr kasasının daşdığı, qəzəbinin son həddi olur. Ölənlərin sayının azaldığını deyib, qeydiyyata götürülənlərin sayının çoxaldığını və C hepatitinə yoluxanların olmdağını bildirməklə xalqı aldatmaq isə lazım deyil.