Azərbaycanda həqiqəti birbaşa deməməyin yeni və sadə yolu peyda olub: bu, məsələləri mümkün qədər qəlizləşdirməkdir, mürəkkəbləşdirməkdir. Hərə üzünə bir müdriklik maskası taxıb öz aləmində fəlsəfə "kaçatlamaqla" məşğuldur. Qosqoca fəlsəfə elmini bu ölkədə həqiqəti birbaşa söyləməmək elminə çeviriblər. Zibilə düşürsən, məsələn, Vaqif İbrahimoğluna ölkədəki vəziyyətlə bağlı sual verirsən. Adam hər cümləsi bir abzaslıq cavab verir. Cavab da nə cavab? İnsandan girib məkandan, məkandan girib zamandan çıxır. Hər şeydən danışır, amma baxırsan ki, heç nə danışmayıb.
Oysa ölkədə baş verən hər şeyin tərifi çox sadədir. Bəs bunu bu qədər mürəkkəbləşdirmək, qəlizləşdirmək nəyə lazımdır? Ay sağ olun, kiminsə xətrinə dəyməmək, özünü kimlərinsə yanında pis etməmək üçün. Məsələləri mürəkkəbləşdirənlər həm də eyni sürətlə konstruktivləşirlər nədənsə. Gərəksiz mövzularda çox aydın, başadüşülən danışırlar. Elə ki, məsələn, Dubay mülklərindən sual verirsən, bir dənə anlaşılan söz demirlər. Özlərinə müdrik pozası verib, fəlsəfənin əngəlliklərinə baş vururlar. Min dərədən su gətirirlər.
Məsələn, gənc və perspektivli şairimiz Aqşin Yenisey... Yaxşı qoyasan, səhər-axşam oxucularını qorxaqlıqda, avragorluqda, səylikdə ittiham etsin. Amma özündən soruşsan ki, oxucuları başa düşdük, bəs sən niyə yoxsan mübarizə meydanında, cavab verəcək: "Mən sözü qoruyuram". Guya camaat kartof qoruyur. Sən sözü necə qoruyursan ki, ölkədə sözün anasını ağladırlar, danışan dili kəsirlər, qələm tutan əli qapı arasında qoyub sındırırlar, amma səndən "çırt" səsi yoxdur? Sadə bir suala müdrik, mücərrəd cavab insanı heç vaxt xilas edə bilməz. Bunu artıq hər kəsin anlaması lazımdır. O cümlədən Sərdar Cəlaloğlunun da.
Sərdar bəyin son aylardakı yazılarını, müsahibələrini oxuyuram. ADP sədri fəlsəfə cəngəlliklərində əməlli-başlı azıb. Hətta bu yaxınlarda internet saytlarından birində cənab Cəlaloğlunun bir yazısına rastlandım, orada Sərdar bəy "filosof" kimi təqdim edilmişdi. Başa düşürük, son vaxtlar ölkədə fəlsəfə elmi xeyli həssaslaşıb. Fəlsəfəyə qoyulan maya batmır. Bu saat ölkədə Kantı, Hegeli, Şopenhaueri söküb təzədən yığan oğullar yetişməkdədir. Muğamdı, sərbəst güləşdi, fəlsəfədi - Azərbaycanı bu triodan kənarda təsəvvür etmək belə mümkünsüzdür.
Amma sadaladıqlarımın heç biri Sərdar Cəlaloğlunun birbaşa həqiqətdən imtina edib, özünə hamıdan ağıllı və hamıdan müdrik görkəmi verib ölkədə olan-bitənləri mürəkkəbləşdirməsinə, qəlizləşdirməsinə əsas vermir. O aydın şəkildə deməlidir: YAP-ın süpürgəçisi ilə də olsa, hakimiyyətə dialoq təklifində davam edir, ya yox? Konstruktivləşir, ya yox?
Dünən qəzetlərin birində Sərdar Cəlaloğlunun müxalifətçilik barədə uzun-uzadı, "fəlsəfi-səfsəfi" moizəsi vardı. Yenə anlaşılmaz, yenə qəliz bir söhbət idi. Başa düşülmürdü ki, müxalifətçilik missiyasını fəlsəfənin dərinliklərinə dartıb, bu qədər dalana dirəmək onun nəyinə lazımdır? Günümüzün Azərbaycanında müxalifətçiliyin aydın bir tərifi var: mövcud rejimə qarşı mübarizədə ardıcıllıq və prinsipiallıq. Heç bir uğursuzluq, heç bir məğlubiyyət mübarizənin ardıcıllığından və prinsipiallığından imtina etməyə əsas vermir. Yoxsa filan termin ordan gəldi, bəhmən termin burdan getdi - bunlar hamısı nağıldı. Biz belə nağılları indiyədək çox "filosof" və "intellektual" müxalifətçinin timsalında eşitmişik. Özündən "müdrik", "intellektual" obrazı yaradıb, sonra hakimiyyətdən mandat alaraq "yas məclislərində banan verilsin, verilməsin?",- mövzusunda mühazirələr oxuyanları da görmüşük. İndi Sərdar bəy də aydınlıq gətirməlidir ki, son aylar, illər mübtəla olduğu bu saxta akademizm, yalançı fəlsəfəçilik nəyə hesablanıb? Ќə olacaq bu müdrikliyin axırı?
Dünən Sərdar bəyin müsahibəsində bir məqam da vardı, deyirdi ki, hətta Fəzail Ağamalı ilə də bir yerdə olmaq mümkündür. Guya hansısa məsələdə Fəzail Ağamalı müxalifətlə eyni mövqedən çıxış edirsə, onunla bir yerdə olmaq mümkündür. Bu, Sərdar Cəlaloğlunun yaxın perspektivi haqqında məndə tam təsəvvür yaradır. Mən artıq Sərdar bəyi Fəzail Ağamalı ilə parlamentdə yanaşı oturarkən, Az.TV-nin kameralarına gülümsər pozlar verərkən təsəvvür edirəm. Yoxsa belə açıqlama Cəlaloğlunun nəyinə lazımdır ki? O bilmirmi, Fəzail Ağamalının başını da kəssən, müxalifətlə eyni mövqedən çıxış edə bilməz. Müxalifətlə eyni mövqedən çıxış edən adamın hakimiyyətin yanında nə işi var? Sadəcə, ADP sədri o sözləri ilə hamını özünün yaxın perspektivi ilə bağlı hazırlıqlı olmağa çağırıb. Bir də gördün çıxıb dedi: "Biz artıq filan-filan məsələlərdə Fəzail Ağamalı ilə eyni mövqedən çıxış edirik". O zaman artıq kimsə təəccüblənməyəcək. Kimsə asıb-kəsməyəcək Sərdar bəyi. Gözlənilməzliklər insanı sarsıtmır. Cəlaloğlu yeni nəsil filosofu kimi bunu bilir və insanları özünün gözlənilən sonluğuna hazırlayır.
Mən özünü müxalifət lideri hesab edən bir adamın Fəzail Ağamalı ilə bir yerdə ola bilməsinin hətta ehtimal kimi nə qədər çirkin göründüyünü kənara qoyuram. Özünü filosof hesab edən bir adamın Fəzail Ağamalı ilə eyni mövqedən çıxış etməsi, hətta eyni süfrədən çörək yeyib, eyni qənddandan qənd götürməsi də müsibətə bərabərdir. Filosofun Fəzail Ağamalı dostu, bunu düşünmək belə adamı dəli edir.