Müstəqil İnformasiya Agentliyi  


 
Son yenilənmə:  16:10 11.02.2012   WAPPDARSSAXTARIŞ    Başlanğıc səhifə et! Seçilmişlərə əlavə et! Əlaqə   



SƏRBƏST : Günah təbiətdə deyil

  Sayta qoyulub: 12:55 14.06.2010 (407 dəfə oxunub )

Hərf ölçüsü: 12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbii fəlakətin məsuliyyəti mənsəbpərəst məmurların üzərinə düşür


Arif MUSTAFAYEV, professor

Son vaxtlar dünyanı bürümüş və bizim ölkəmizdən də yan keçməyən təbii fəlakətlərin törətdiyi ağır fəsadlar hamını, o cümlədən elmi ictimaiyyəti və onun uzaqgörən, qabaqcıl dəstəsi olan ziyalıları dərindən düşündürür. Xüsusilə də çay daşqınları ilə bağlı yaranmış ağır bəlanın səbəbləri, onun fəsadlarının qarşısının alınma yolları barədə mühakimələr daha düşündürücüdür.
Hər şeydən öncə onu qeyd edək ki, çay daşqınlarının törətdiyi bəlaları torpaq sürüşməsi ilə eyniləşdirib, bunların hər ikisini təbii fəlakət kimi qələmə vermək, qarşısıalınmaz fövqəladə hal kimi qiymətləndirmək yanlış olardı. Torpaq sürüşmələrini irəlicədən proqnozlaşdırmaq mümkün olmadığı halda, çay daşqınlarının hamısını mahiyyət etibarı ilə təbii fəlakət hesab etmək, onların fəsadlarını təkcə təbiətin üzərinə yıxmaq, onun "günahı" saymaq, yaxud tanrının insanlara qarşı amansızlığı, qəzəbi adlandırmaq yolverilməz ədalətsizlik olardı.
İkincisi, sel fəsadlarının qarşısını almaq baxımından dünyada baş verən çay daşqınlarının özləri də bir-birinə bənzəmir - desək, yanılmarıq. Bu və ya digər regiondakı çayların hövzələrində baş verən ekoloji şəraitin dəyişməsi tarix boyu insanları təbiətin "şıltaqlığı" ilə üzbəüz qoymuş, ağır fəlakətlər törətmişdir. Hər hansı bir ərazidə dolu düşməsi, aramsız leysan yağışları, qar uçqunları, qasırğa, tufan, vulkan püskürmələri və s. həqiqətən də qarşısıalınmaz təbii fəlakətlərdəndir. Konkret olaraq, Kür və Araz çaylarında baş vermiş daşqınlara və onların törətdiyi fəsadlara gəlincə, etiraf etməliyik ki, bunların yuxarıda sadaladığımız qarşısıalınmaz təbii fəlakətlərə oxşarı, tipoloji bənzəyişi yoxdur. Zənnimizcə, bu dəfəki daşqınların fəsadları həqiqətən də böyük fəlakətdir. Fəqət təbiətin deyil, insan "əməli"nin, Kür çayının deltasını lil çöküntüsündən təmizləməyə məsul edilmiş məmurların səhlənkarlığının, məsuliyyətsizliyin, mənsəbpərəstliyinin fəlakətdir. Burada bir cəhəti də vurğulamaq istərdik. Keçmişdə Kür nə qədər ki, gəmiçilik məqsədilə istifadə olunurdu, onda Xəzərdən Mingəçevirə qədər onun yatağı mütəmadi qaydada lildən təmizlənib dərinləşdirilirdi. Sonralar bu iş taleyin ümidinə buraxıldığından Kürün deltasında ana yataq tamamilə tutulmuş və suyun dənizə çıxışı zəif tutumlu yan qollar vasitəsilə mümkün olmuşdur. əticədə Kürün mənsəbində su axıtma imkanları məhdudlaşıb, son həddə çatmışdır. Əsas təhlükə də buradan yaranmışdır. Ona görə də vəzifə borcunu layiqincə yerinə yetirmək əvəzinə, yuxarı hakimiyyət orqanlarına yalan məlumatlar çatdıran mənsəb düşkünləri, habelə bu işlərin icrasına nəzarət etməli olan məsul şəxslər həmin fəlakətin birbaşa günahkarları sayılmalıdırlar.
Əgər bu mənsəbpərəst məmurlar yaxınlaşan fəlakətin səbəbləri, onun ağır fəsadları barədə ölkə başçısına, hakimiyyətin yuxarı pillələrinə vaxtında düzgün, səhih məlumat vermiş olsaydılar, ən başlıcası isə, günbəgün artmaqda olan daşqın təhlükəsinin qarşısını almaqda səriştəsizlik göstərməsəydilər, onda Kür və Araz ətrafı kəndlərin sel sularına qərq olmasının qarşısını asanlıqla almaq, yaxud çox cüzi ziyanla ötüşmək mümkün idi. Təəssüflər olsun ki, bu başabəla məmurlar yaxınlaşmış fəlakətdən xətasız ötüşmək üçün yeganə optimal çıxış yolu olan Araz çayını təcili surətdə, may ayının lap əvvəlindən etibarən Kürdən ayırmaq və beləliklə də, mənsəbi lil qatı ilə tıxanmış Kürün suötürmə balansını tənzimləyib azaltmaq əvəzinə, bünövrədən yanlış olan səmərəsiz və gərəksiz bir variantı - hər iki çayın sahil bəndlərini bərkidib hündürlətmək kimi təhlükəli və başaldadıcı bir təklif irəli sürmüşlər. Lüzumsuz vaxt itkisinə və böyük xərc-xəraca gətirib çıxaran bu yanlış təklif çayların yatağını dəryaçaya çevirməyə xidmət etməklə, qıraqbasar kəndlər üçün böyük təhlükə mənbəyi yaratmışdır.
Yeri gəlmişkən qeyd edək ki, bu variantın səmərəsiz olduğunu və vəziyyətdən yeganə çıxış yolunun təcili surətdə, təxirə salınmadan Araz çayının Kürdən ayırmasından ibarət olması və onun sularının paylaşdırılaraq, özünün qədim yataqlarından biri vasitəsi ilə Muğanın mərkəzinə, oradan da Qızılağac körfəzinə axıdılması barədə təklifimizi biz hələ may ayının 9-da, yəni ölkə prezidentinin 7 mayda keçirdiyi səfərbəredici müşavirədəki çıxışından 2 gün sonra prezidentə ünvanlanan "Açıq məktub"umuzda açıqlamışdıq.
Doğrudur, dövlət başçısının sərəncamı ilə mayın 19-da daşqınla bağlı yaradılmış xüsusi Dövlət Komissiyası bir gün sonra keçirdiyi ilk iclasında Araz çayının Kürdən ayrılması barədə nəhayət ki, yekdil qərara gəlmişdir. Lakin daha gec idi, artıq iş-işdən keçmiş, selbasma təhlükəsi qaçılmaz olmuşdur. Yeganə çarə ancaq əhalini təhlükə zonasından köçürüb, sel sularından xilas etmək, onların məişət qayğılarını təmin etməkdən ibarət idi. Hökumətin təhlükə bölgəsinə cəlb etdiyi qüvvələrin (FH, güc nazirlikləri, hərbi qüvvələr, texniki vasitələr və s.) köməyi ilə çox mütəşəkkil təşkil olunmuş köçürmə tədbirləri uğurla həyata keçirilməsinə, hətta sel sularında boğulmaq təhlükəsinə düçar olmuş həmvətənlərimizin vertolyot və qayıqlar vasitəsi ilə xilas edilməsi işlərinin uğurla icra olunmasına baxmayaraq, sel köçkünlərinin bir qisminin tələm-tələsik, daşqın təhlükəsinin sovuşmasını gözləmədən öz kəndlərinə qaytarılması özünü doğrultmayan gərəksiz bir tədbir kimi yadda qaldı.
Dövlət başçısının daşqınla bağlı səfərbəredici səyləri, təxirəsalınmaz tədbirləri, hətta nazirlər başda olmaqla, bütün hökumət qüvvələrini, kifayət qədər texnikanı, maddi və insan resurslarını sel təhlükəsinin qarşısının alınmasına yönəltməsinə baxmayaraq, zahirən ümidverici görünən bütün tədbirlər gözlənilən nəticənin əldə olunmasına (xilasetmədən başqa) imkan verməmiş, mənsəbi tıxanmış "dəli" Kürün günbəgün artmaqda olan sel sularının qarşısında duruş gətirmək mümkün olmamışdır. Əslində yerli sakinlər arasında "məsnə" adlanan belə davamsız, dözümsüz torpaq bəndlərin köməyi ilə kükrəyən suları "tutub saxlamaq" mümkün də deyildi. Şübhə yox idi ki, belə primitiv üsulla, yəni səviyyəsi yuxarı qalxmış sel suyunu canına hopduraraq yumşalıb boşalan davamsız torpaq bəndlər vasitəsi ilə nə Kürü, nə də Arazı "cilovlamaq", onların sel sularını "tutub" saxlamaq mümkün olan iş deyildi. Ona görə də daşqınla bağlı yaradılmış xüsusi Dövlət Komissiyasının Kür və Araz çaylarını ayırmaq barədə çox düzgün, fəqət tam 20 gün gecikmiş qərarına qədərki görülmüş bütün "əməli" tədbirlər, bəndbərkitmə işlərinə sərf olunmuş külli miqdarda insan əməyi və maliyyə məsrəfləri hədər yerə suya axıdılmışdır. Əgər yaxınlaşmaqda olan fəlakət barədə müvafiq orqanlar, aidiyyəti üzrə hökumət strukturları tərəfindən dövlət başçısına vaxtında düzgün, dürüst məlumat verilsəydi, ən başlıcası isə çayların ayrılması əməliyyatına bilavasitə daşqınların miqyasının artmasından əvvəl, yəni aprelin sonu və mayın ilk günlərindən başlanılsaydı, bəlanın qarşısı vaxtında alınar, ölkəyə, əhaliyə bu qədər böyük maddi ziyan dəyməzdi.
Doğrudur, ölkə prezidenti camaatımıza dəyən zərərin dövlət tərəfindən ödəniləcəyini, daşqın suları nəticəsində uçub dağılmış evlərin, təsərrüfat tikililərinin əvəzinə, müasir tələblərə cavab verən abad binaların tikilib, sahiblərinə qaytarılacağını vəd etmişdir. Bütün bu tədbirlər sevindirici və təqdirəlayiq haldır. Bunlar öz yerində. Bir anlığa belə təsəvvür edək ki, kimlərinsə günahı ucbatından ölkəyə dəymiş milyonlarla, bəlkə də milyardlarla ölçülən böyük məbləğdə maliyyə vəsaiti daşqın fəlakətindən zərər çəkənlərə deyil, torpaqlarımızın işğaldan azad edilməsi işinə, xalqımızın maddi rifahının yüksəldilməsinə, əmək haqlarının, təqaüd və müavinətlərin artırılmasına, şəhər və kəndlərimizin abadlaşdırılmasına, sosial obyektlərin tikilib istifadəyə verilməsinə də sərf oluna bilərdi. Odur ki, daşqın fəlakətinin günahkarları hüquqi cəzalarını almasalar, ölkəmizdə cəzasızlıq mühiti yaranmış olar. Bu isə çox qorxulu, hətta daşqın fəlakətindən də müdhiş bir bəladır. Əminik ki, ölkə rəhbəri bu ağır cinayətin təqsirkarlarının cəzalandırılması məsələsini nəzarətində saxlayacaq!
Yuxarıda söylənilən mülahizələr fonunda ziyalı həmkarlarıma müraciət edib, ölkəmizdə baş verən bu olaylara öz münasibətlərini mətbu şəkildə bildirməyi arzu edirəm. Unutmayaq ki, bu məmləkət bizim doğma vətənimizdir. Onun şad gününə də, qəm-qüssəsinə də şərik olmalıyıq.

      
Ana səhifəyə qayıtmaq Yuxarı 

Çap variantı Dosta göndər Facebook Twitter Google Yahoo Delicious Stumbleupon Reddit RSS

Əlavə linklər


#SƏRBƏST bölümünün son 20 xəbəri:



#SƏRBƏST bölümünün ən çox oxunan 20 xəbəri:




Astroloji proqnoz


KÖŞƏLƏR


Üzeyir Hacıbəyov və Üzeyir Mehdizadə Zaur ƏHMƏD
Zaur ƏHMƏD
Bütün yazıları

Bakirə şairələr Seymur BAYCAN
Seymur
BAYCAN
Bütün yazıları

Parisin dərdi nə? Xəqani CƏFƏROV
Xəqani
CƏFƏROV
Bütün yazıları

Yelqanadlı professorlar Seymur VERDİZADƏ
Seymur
VERDİZADƏ
Bütün yazıları

Mübarizəmizdəki boşluq Elnur ASTANBƏYLİ
Elnur
ASTANBƏYLİ
Bütün yazıları

Rafiq Əliyevin ORTAya çıxması Taleh ŞAHSUVARLI
Taleh
ŞAHSUVARLI
Bütün yazıları

Dünyanı gözəllik, gözəlliyi isə ədəbiyyat xilas edəcək Firuz MUSTAFA
Firuz
MUSTAFA
Bütün yazıları

ARXİV

<<<    Fevral 2012
B.e Ç.a Ç C.a C Ş B
0102030405
06070809101112
13141516171819
20212223242526
272829